ƏDƏBİYYATDAN İNTİHARA
Yazar: cabbarlinergiz @ İyul 25, 2008 18:06
«İNTİHAR» ADLI SUAL

Suallar və cavab variantları... Yanaşmadan asılı olaraq, onlar doğru da ola bilər, yanlış da... Məgər qoyuluşu səhv suallar və ya yanlış cavablar rastınıza gəlməyib?! Yoxsa özünüz onları heç zaman verməmisiniz?!
Təbii ki vermisiniz... Hamımız kimi. Çünki bu həyatın özü sual-cavab oyunu üzərində qurulub. Doğuluşumuzdan -dünyaya gəlişimizdən ölümümüzə qədər... Amma... fərqli şəkildə qoyulan suallara verilmiş fərqli cavablar üzərində... Hamı eyni cür düşünmür axı. Əgər belə olmasaydı, dünyanın yaranışndan, insan övladının yer üzərində mövcud-luğundan başlayaraq bütün həyati suallara bu qədər fərqli cavablar meydana çıxmazdı - dini, fəlsəfi...
Lakin variantlar nə qədər çox olsa da, elə suallar var ki, onların cavabı sonsuzluğa qədər açılmamış qalacaq. Dünyanın hansı elmi-texniki tərəqqi nöqtəsində dayanmasından asılı olmayaraq, baş sındıran və həqiqəti tapdığını güman edənlərin cavabları yenə də fərqli alınacaq və yenə də mübahisə doğuracaq...
Mənim araşdırmaq istədiyim və artıq kitab halına saldığım bu sual kimi... İntihar sualından danışıram. Təkcə onu edənlərin özlərini, yaxınlarını, zamandaşlarını deyil, sonrakı nəsilləri də düşündürən bir sualdan.
Bu kitaba maraq göstərib oxumaq fikrində olanlara əvvəlcədən xəbərdarlıq etmək istəyirəm: araşdırdığım faktla bağlı sual-cavab oyunu sizin üçün də sonsuza qədər uzana bilər. Hətta kitabı oxuyub sona çatdırdıqdan sonra da o uzanışı hiss edəcəksiniə. O da mümkündür ki, mənim kimi uzun müddət bu faktların təsiri altından çıxa bilməyəsiniz. Bəlkə kitabı əlinizə aldığınıza görə özünüzü qınayacaqsınız da... Amma bu dəfə məndən fərqli olaraq. Çünki mən bu kitabı böyük maraqla yazdım. On ildən artıq apardığım araşdırmaların nəticələrini bir yerə toplayıb onların üzərində yenidən işləmək və tapdığım faktların, talelərin bəzi nöqtələrdə bu qədər üst-üstə düşdüyünü (bu həm də o deməkdir ki, mən də müəyyən fərziyyələrimdə yanılmamışam) yenidən müşahidə etmək məni peşiman edə bilməzdi. Baxmayaraq ki, müəyyən məqamlarda intihar faktının təsir gücü və buna aludəliyim qorxuma səbəb olub...
Demək istədiyim isə odur ki, özünüzü cavabsız suallar qarşısında yormayasınız deyə, kitabı indidən kənara qoymaq şansınız var. Əlbəttə ki, bacarsanız. Və bu fikir mənim yekəxanalığımın deyil, araşdırdığım faktın maraq doğurmaq səviyyəsinə inamımın nəticəsidir - qələmimdən çıxdı. İndi isə keçək əsas məsələyə.
Yaradıcı insanların intiharlarını araşdırmaq və nələrisə dərk etmək istəyim cavabını tapmağa çalışdığım sualların açılmasına yalnız bir cəhddir. İntihar etmişlər içərisində yazıçıları hədəf seçməyim isə onları başqalarından bir az yaxşı başa düşəcəyimə inamımdan irəli gəlir. İnamım doğruldumu? Bunu sonra biləcəksiniz. Hələliksə bir şeyi deyə bilərəm: intihar etmiş şair və yazıçıların hər birinin öz tarixi, həyat hekayəti mövcuddur... İntihara gedən yolda isə yaşanmış ömürlə yaradıcılıq çox zaman bir-birini izləyib və hətta gözlənilməz dərəcədə tamamlayıb da...
Düzdür, istənilən intihara (istər yaradıcı, istər adi insan) göstərilən səbəb ovqatımızdan asılı olaraq bizə cılız, mənasız, hətta gülünc görünə bilər. Elə buna görə əksər yazıçıların intiharlarının səbəbini yalnız sadalamaqla kifayətlənmişəm. Çünki istənilən halda o səbəblərin müzakirəsi subyektiv nəticə və kənardan müşahidə kimi görünəcək. Hətta mənə elə gəlir ki, intihar edən insanın özündən belə həmin effekt halında bunu nə üçün etdiyini soruşmaq imkanımız olsaydı, o, səbəbi izah edə bilməzdi.
Mən intiharın təsadüfən, maraq xatirinə, yoxsa düşünülərək yaradıcılığa gətirilməsi haqda daha çox fikirləşdim.
Mənim üçün maraqlı olan bu idi. Bir də intihar faktının yaradıcılıqda və həyatda üst-üstə düşməsi, bəzən yazıçıların öz əsərlərində qəhrəmanları üçün seçdikləri intihar yolunu sonradan olduğu kimi təkrarlaması, hətta intihar prosesini anlamaq, dolğun təsvir etmək üçün dəfələrlə onu təcrübədən keçirməyə çalışması diqqətimi çəkdi... Yəni araşdırmanı əsasən bu istiqamətdə apardım.
Kitabın əvvəlindəcə bir əminliyimi də yazım: həyatdakı intiharla yaradıcılıqdakı intihar arasındakı oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırılmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə, hər şey maraqdan başlayır. Sonra isə... Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər. Xüsusilə də bu prosesə və bu fakta maraqlarını yenə bilməyənləri... Yəni... Allah qorusun!
Təbiət hadisəsindən İnsan faciəsinə…
Yazar: cabbarlinergiz @ İyul 14, 2008 9:54
Yazıçının özünü sığortalamasına baxmayaraq, həqiqəti bu əsərdə tam əminliklə axtara bilərsiniz
Müharibə ona kənardan baxanlar üçün maraqlı, içində olanlar üçün faciədir. Və bu, (kənardan baxmaq, yoxsa içində olmaq!!!) sənin müharibəyə məruz qalan ölkənin Vətəndaşı olub-olmamağından asılı deyil. Məsələn, nə qədər Azərbaycan vətəndaşı var ki, müharibə onun üçün ən yaxşı halda ekranda gördüyü, efirdə eşitdiyi «… nəfər şəhid verildi» xəbərindən, ən pis halda isə qonşu qapısına gələn Şəhid tabutundan ibarət olub. Vəssalam! Amma o faciəni yaşamaq, onun ağrısını hiss etmək və əsl müharibənin nə olduğunu bilmək bu ölkənin hər vətəndaşına nəsib olmayıb (müəyyən mənada - nə yaxşı da ki…).
Eyni məsələ ədəbiyyatımıza da aiddir. İllərdir müharibə yaşayan bir ölkənin ədəbiyyatına Müharibənin İzi düşmür. Düşürsə də, məqsədli salınırsa da, ağrısı «qonşu qapısına gələn tabut»un yaşatdığı ağrıdan o yana işləyə bilmir ki, bilmir. Verdiyi təəssürat bir az üzüntü, kədər, bir az anlaşılmazlıq, bir az da «şükür, mənim başıma gəlməyib» sevinci (!!!) qədər olan bu əsərlərdə ya hər şey olduğundan sadə, olduğundan üzdə, ya da verilən qurbanların, itkilərin milyondan biri qədər az görünür…
Səbəbləri haqqında düşündükdə isə ya yazıçının haqqında yazdığı predmetə (bu məqamda müharibəyə) bələdlilik səviyyəsinin az olması, ya bələdliliyi olsa da istedad gücünün mövzunun ağırlığına tən gələ bilməməsi, ya da öz şəxsi faciəsi (məsələn, şəhid verməsi) fonundan çıxa bilməməsi (bununla da gerçəkdə baş verənlərin bu fonda itib-batması, arxa planda qalması) üzərində dayanmalı olurduq. Yəni reallıq bu idi.
Halbuki bu qədər dinamik və görünməz sürətlə dəyişən hadisələri, qarışıqlığı, bu qarışıqlıq içində yaşanmış çaşqınlığı, dəhşətləri böyük mənada Ədəbiyyatın mövzusuna çevirmək vacib idi. Bu zərurət təkcə tarix və gələcək baxımından deyil, Ədəbi materiala çevrilə biləcək gerçək problemin mövcud olduğu üçün də aktual idi.
Amma yaranan nümunələrdə nə yaşanmış gerkçək müharibənin izlərini, nə o hadisələrin gerçək təəssüratını, nə də bu sarsıntıdan keçmiş İnsanın gerçək psixoloji durumunu görmək olmurdu.
Bu dəfə haqqında danışmaq istədiyimiz nümunə - roman (bunu roman adlandırmaqda tərəddüd edirik - hər halda, roman şəklinə düşməsi üçün müəyyən dərəcədə olsa da, işlənməyə ehtiyac duyulur) müharibədən bəhs edən nəsr nümunəsindən umduğumuz bir çox xüsusiyyətləri özündə birləşdirir. Aşağıda bu barədə ətraflı danışacağıq. Hələliksə qeyd edək ki, əsəri oxuduqdan sonra nəfəs dərib bir sözü deyə bildik: Nəhayət ki…
QADINI İBLİSƏ BƏNZƏDƏN ŞAİR
Yazar: cabbarlinergiz @ İyul 3, 2008 12:59
Bu şairin misralarında öz siması görünür. Məncə, bu həqiqəti təkrarlamağa ehtiyac yoxdur. Söhbət Rüstəm Behrudidən gedir. Onun adı çəkiləndə «Salam, dar ağacı», «İblis mələkdən gözəldir» kimi şamançılıqla, Tanrıya etirazla bağlı şerləri yada düşür. Lakin başqalarından fərqli olaraq, bu şairin yaradıcılığı haqqında ümumi fikrə gəlmək çətindir. Məsələn, onun şerlərinin ölüm, Cənnət-Cəhənnəm, İblis-Mələk davasından bəhs etdiyini demək olar. Amma bu fikrin bütün yaradıcılıqdakı sabitliyindən və münasibətin davamlılığından danışmaq mümkün deyil. Çünki onun yaradıcılığı boyu etirazların dalğası dəyişib - gah qalxıb, gah enib... Bir misalla izah edək. Yaradıcılığının ilk dövrlərində Tanrıya etiraz edən, onun yoxluğu iddiasında olan şair bir müddət sonra özünü Tanrı sayır.Amma bu münasibət də davamlı olmur. Çünki Tanrılıq idiasından sonra Tanrıya asi olan şairin peşmanlıq duyğusu gəlir...
«TANRI DƏRGAHINA IMƏKLƏYƏN SUALLAR»
Yazar: cabbarlinergiz @ İyun 25, 2008 16:43
Hərdən tənqidçiləri, publisistləri və ümumiyyətlə, «söz haqqında söz yazmağı və söz üzərində gəzişmələr etməyi» sevənləri (bunu bir dəfə şairlərdən biri mənim yazılarım haqqında söyləmişdi... deməli, həm də özümü) cığallıqda günahlandırıram. Bilirsiniz, niyə? Ona görə ki, kiminsə uğurlu bir fikri, uğurlu bir tapıntısı belə adamların uğurlu bir yazısı üçün səbəb - stimul rolunu oynayır.
Amma bir çoxları buna qibtə də edə bilər... Necə adi bir misra fikir axınının ağzını açır, necə bir misradan yapışan insan öz içində qıvrılan fikir burulğanının dərinliklərinə enməyi bacarır, və ən nəhayət, içindəki hay-küyü, təlatümü sakitləşdirdidikdən sonra o misranı, o ifadəni minnətdarlıqla xatırlaya bilir....
Əslində, bütün söz sənəti (elə sənətin digər sahələri də) bunun üzərində qurulur. Hər axının bir başlanğıcı olur. Deməli, istənilən istedadlı insanın beynində, ürəyində yığılıb qalmış duyğuların, düşüncələrin, qənaətlərin, emosiyaların, məntiqi nəticələrin ortaya atılması - yazıya, bir kitaba, bir əsərə çevrilməsi üçün bir misra, bir əsər, bir kitab və ya bir yaradıcılıq bəhanə ola bilər. Olur da... o enerjinin təsiri altına düşüb yazmaq - içini kağıza boşaltmaq istəyirsən. Söz donunda bir bəhanə kifayət edər ki, nələrdənsə qurtulasan. Sadəcə, bəzi hallarda bu başlanğıc - səbəb özünü gizlədir (məqsədlli və ya məqsədsiz), bəzi hallarda isə əksinə...
Bu kitabda olduğu kimii...
Tənqidçi,filologiya elmləri namizədi Cavanşir Yusiflinin «Azərbycan poeziyasında Əli Kərim mərhələsi» kitabını nəzərdə tuturam...
NƏRİMAN ƏBDÜRƏHMANLI:«Yazmaqdan başqa yol yoxdu» Ədəbiyyatda intiharın anatomiyası
Yazar: cabbarlinergiz @ İyun 19, 2008 1:05
«…Həyatdakı intiharla ədəbiyyatdakı intihar arasında oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə hər şey maraqdan başlayır. Sonra isə… Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər…»
Bu sitat artıq imzası ictimaiyyətə yetərincə tanış olan publisits, tənqidçi, tərcüməçi Nərgiz Cabbarlının «Ədəbiyatdan intihara» kitabındandı. Kitab haqqında yazmaya bilmədim., bunun da iki, daha doğrusu üç səbəbi var.
Əvvəla, Nərgic Cabbarlı mənim bəlkə də on il qabaq görmək istədiyim, amma vaxt tapıb görə bilmədiyim işi gördü, yaxşı mənada məni qabaqladı. Vaxtilə «Rezonans», sonra «Azadlıq», «Hürriyyət», «Avropa» qəzetlərində bu mövzuda bir silsiləli yazılar yazmışam, Ernest Heminquey, Vladimir Mafakovski, Yükoi Misma, Aleksandır Fadayevin… əbədi, həm də fiziki intiharını çsmağa çalışmışam, sonra həmin yazıları bir kitabada birləşdirməyi arzulamışam.
İkincisi, Nərgiz Cabbarlının demək olar, əksərin mətbuatdan oxuduğum bu yazılarını ədəbi kuluarlarda «tərcümə» adlandıranların insafsızlığını etirazımı bildirirəm. Rus ədəbiyyatında «pereskaz» adlanan bir janr var, bu janır oxuduqlarını, eşitdiklərini öz duyğularının süzgəcindən keçirib oxucuya yeni biçimdə təqdim eləməkdir. Təəssüflər olsun ki, bu janr bizdə hələ yetərincə formalaşmayıb, hələ heç adı da məlum deyil. Amma artıq xeyli örnəklər yaranıb: Əlisa Nicatın filosoflar, Şakir Yaqubovun dünya futbol ulduzları, Məmməd Süleymanovun müstəbid hökmdarlar, Yaşarın dünyanın ən məşhur zindanları və məhbusları… barədə portretləri həmin janrın get-gedə özünə yer tapdığını sübut eləyir. Nərgiz Cabbarlının yazıları da tərcümə yox, yetərincə istedadla qələmə alınmış yazılardı.


