Reklam verin!

Tehran Əlişanoğlu: Yeni nəsil tənqidi

Yazar: cabbarlinergiz @ Noyabr 10, 2008 13:49

Nərgiz Cabbarlı, Yeni nəsil ədəbiyyatı. «Elm», Bakı, 2006 
Nərgiz Cabbarlı, Ədəbiyyatdan intihara. «Vektor» Nəşrlər Evi, Bakı, 2006

Hər bir tənqidçinin ümdə arzusu ədəbi prosesi bacardıqca ehtiva etmək, çağın ədəbiyyatı haqqında sözünü demək, hökmünü verməkdir; bunu etiraf etsə də, etməsə də. Son illərin ən məhsuldar ədəbiyyat yazarlarından olan Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı» kitabı da az və ya çox bu iddianı ortaya qoyur. 

«Yeni nəsil» poeziyası - Azərbaycan şeirinin inkişaf meylləri», «2005-ci ilin nəsri», «Yeni nəsrimiz», «Oxşarlar, paralellər», «Qarabağdan gələn var»… - kitabın «Ədəbi tənqid» bölməsini açan bu yazılar son illərin poeziya və nəsrində nə var, tənqidçinin nəzərləri ilə ortaya qoyur. Bölmənin əsas materiallarını N.Cabbarlının özünün vurğuladığı tək, on il ərzində mətbuatda dərc elətdirdiyi ədəbi yazılar təşkil edir; müəllif onları «məqamlar»a düzür: «Tanımaq istədiyim Muğanna», «Qulu Ağsəsin ərki», «Üçüncü günün adamı Orxan Fikrətoğlu», «Vaqif Səmədoğlunun suallar poeziyası», «Aqşin və yeni şeir», «Rəsmiyyə Sabirin «Həbs olunmuş sükutu» və s. 

Bir sıra yazılar problem ətrafında ədəbi situasiya yaratmağa çalışır: «Azərbaycan yazıçısının erməni qızına məhəbbəti»; «Müharibə və ədəbiyyat», «Ədəbiyyatda qadın məsələsi», «Ədəbiyyat və siyasət» və s. Bəzi yazılar isə vaxtilə ədəbi həftələrə şərh kimi ərsəyə gəlmiş: «Yoxdur nidasının əvəzlənməsi», «Ədəbiyyatımız - həftələrdə», «Yenə də ədəbiyyat, yenə də bir həftə» və s. 

Şəksiz, N.Cabbarlının kitabı gərəyincə ədəbi tənqid stixiyasının içindədir; burda: nə, kim, harda, necə, neçə-neçə… məqamlarına rast gəlmək olar; stixiyadan baş açmaq istəyirsə, oxucu kitaba baş vurmalıdır. Bir zaman ədəbi prosesin ağı-bozu seçilməyən fakt mənzərəsini Vaqif Yusifli tənqidindən almaq olurdusa; hazırda cavan tənqidçinin işi uğurla onu əvəz etmədə.

Kitabın adı çağırır: «Yeni nəsil ədəbiyyatı»; amma yaşın bir fərqi yox, deyək: «Ədəbi portretlər» bölməsi əksərən ədəbiyyatda yaşı olanlara üz tutur: «Yol olanadək yol gedən Nurəngiz», «Şeirləri ruhu kimi gəzən Tofiq Abdin», «Fikrət Qocanın unudulmaz misraları» və s.

«Dünya ədəbiyyatı» bölməsində N.Cabbarlının ədəbi jurnalist fəaliyyəti qabarıqdır: «Misimanın sirli dünyası», «Markes və şəxsiyyətin ikiləşməsi problemi», «Qoruyucu mələk» həsrətli Saqan» və s. yazılar çağdaş dünya ədəbiyyatı tanınmışları barəsində informasiyaları milli oxucuya ünvanlayır. 

Bu məqamda Nərgiz Cabbarlının daha bir kitabını oxucuya xatırlatmaq gərəkdir: «Ədəbiyyatdan intihara». Kitab çıxar-çıxmaz buradakı yazıların rus mətbuatından olması barəsində fikir yürüdənlər oldu. Amma unutmamalı: hələ ki, dünya ədəbiyyatı inofrmasionuna aparan başqa bir yolumuz da yox. Oxucu məhz N.Cabbarlıya minnətdar olaraq həmin kitabda yol olaraq intiharı seçmiş: Y.Misima, R.Akutaqava, Y.Kavabata, M.Svetayeva, K.Boye, V.Vulf, S.Plat, V.Mayakovski, S.Sveyq, Ç.Paveze, E.Heminquey, A.Kestler, P.Yavorov, S.Yesenin, C.London «və bizim Sərdar Əsəd»i daha yaxından tanıya bilirlər. Nəyi pisdir?!

 Mart 2007

YARIMÇIQ QALMIŞ YAZI

Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:33

Səbrim kəsildi haqdan,
Bezdim,
bezdim daha
Özümü qorumaqdan,
İçimi qorumaqdan.
Mən həmişə oxumaq acı olmuşam. Zaman-zaman özümü həmişə oxumağa vadar edib bəzən bundan çəkinçəm də, bezsəm də, əlimdən qoyuduğum bir şeirin, bir əsərin ardınca gözüm başqa birini axtarıb. Daha dəyərlisini, daha gözəlini. Hər dəfə də (müəllifin azərbaycanlı və ya xarici olmasından asılı olmayaraq) hansınınsa yaradıcılıq üslubuna aludə olmuşam, hansınınsa özünüifadə oricinallığına, hansınınsa əksinə, adi və sadə dillə qəliz mətləbləri anladan fəlsəfəsinə…
Amma elə şairlər də olub ki, sözündə sözümü, şeirində özümü, ifadəsində əksimi görmüşəm. Çünki içimdən gələni, içimdə yaşayanı qələmə alıb. Səmimiyyətlə, uğurla, sadəliklə…
Eyni acını yaşadığımızdan, eyni ağrını daşıdığımızdan, eyni çıxılmazlığı hiss etdiyimizdən həmən şairi bir köynək yaxın bilmirəm özümə. Əkizim bilmişəm. Elə bilmişəm həyatın eybəcərliyindən nəfəsi tıncıxan an nəfəsim tutulub, ürəyi sıxıldığını oxuduqda ürəyinin döyüntüsünün azadlığını hiss etmişəm. Çünki duyduqlarımın, yaşadıqlarımın və yazmaq istədiklərimin əksini. Surətini görmüşəm bu yaradıcılıqda. Əksər halda… birər-birər… Güzgüdəki kimi…
Dincə qoymaq istəyirəm
canımı hərdən.
Dincə qoymaq istəyirəm
abrımı,
insafımı,
vicdanımı hərdən.
nə var unudum yaxşı-yaxşı
nə pis olum, nə yaxşı.
Bəzən çaşmışam da. Hətta bəzən (bu məqamda bir-birimizi üzbəsurət görməsək də) elə bilmişəm məni yazıb, mənim haqqımda yazıb. Özümü özümə göstərmək və özümü özümə daha yaxşı tanıtmaq üçün qələmə alıb bu fikirləri. Çaşmışam, çevinmişəm, kədərlənmişəm.Çaşmışam ona görə ki, nadir hallarda - həttta gözəl şeirlər çox oxusam da, -ruh yaxınlığı tapa bildiyin şairlər olur. Xüsusilə də abırlı (Sözün ağırlığına görə məndən inciməsinlər). Sevinmişəm ona görə ki, həyatda belələri var. Kədərlənmişəm ona görə ki, azdılar, az… saflığı qorumaq, içində nə isə saf bir guşə saxlamaq, oranı çirkləndirməmək üçün çaba göstərmək, nəyəsə nail olmaq istəyində və bacarığında olanlar azdılar… Az…
Gör necə didibdir buy az gülünü,
Canında salamat bir yeri  yoxmuş.
Tanımır, İlahi, içim çölümü,
İçimin çölümdən xəbəri yoxmuş.
Hətta bu dəhşəti duyub dilə gətirənlərdən daha artıq az. Hər halda, «içinin çölündən xəbəri olmadığını», zətta xəbəri olsa bəlkə də… nə bilim utanacağını, xəcalət çəkəcəyini, ya da əksinə, təsəlli tapacağını (bu məqamda fikir sonna yetrməyib) etiraf etmək gücünə sahib olanların azlığını mən bilirəm…

Davamı...

ZAMANINDA DEYİLƏN HƏQİQƏT

Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:25

Tarixin axarını ədəbiyyat doğru da əks etdirə bilər, yanlış da. Bu, yanaşmadan, ədəbiyyatı yaradanların həqiqətə münasibətindən və gerçək tarixi görmək, dərk etmək, yaratmaq bacarığından asılıdır. Yəni hər bir xalqın, millətin ədəbiyyatı onun gerçək və yanlış tarixinin güzgüsü rolunu oynayır. Tarix və ədəbiyyatı yaradan şəxsiyyət arasındakı münasibət isə o qədər ziddiyyətli, çoxşaxəlidir ki, onun araşdırılmasına illər və zəhmət tələb olunur.  Təbii ki, burada ayrı-ayrı ədəbi şəxsiyyətlərin fərdi taleyi fonunda yanaşmanın da əhəmiyyəti böyükdür.  
Çox ziddiyyətli mərhələlər keçmiş, təzadlı hadisələr yaşamış Azərbaycan ədəbiyyatı tarixində ədəbi şəxsiyyətlərlə tarix arasında qarşılıqlı təsir və əks təsir məsələsi ilə bağlı bir çox maraqlı faktlar mövcuddur. Onları araşdırıb nəzərdən keçirərkən hər dəfə bəlli olur ki, ədəbi şəxsiyyətlər tarixi yazmaqdan və qələmə almaqdan başqa, həm də onun yaradılmasında əhəmiyyətli rol oynayıblar. Gizli və aşkar mübarizələr, inqilablar, üsyanlar, çevrilişlər, repressiyalar, müharibələr, qanlı döyüşlər... Hər bir millətin tarixində təkrar-təkrar baş vermiş bu hadisələrin içində - həm də ön cərgədə duranlar sırasında şairlər, yazıçılar, qələm sahibləri olub. Milləti oyadan, dərk etməyə vadar edən və əksər hallarda mücadilənin qurbanına çevrilən fikir adamlarıdır onlar... Bizim tariximizin yaradılmasında, ayrı-ayrı dönəmlərdə millətin yatmış beyninin oyadılmasında Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Almas İldırım, Xəlil Rza Ulutürk... və daha nə qədər adlarını sadalaya biləcəyimiz şairlərin əməyi olub... Bəzən tarixi çəkişmələrdə onların oynadığı rol və apardığı mübarizə zaman-zaman məqsədli şəkildə tarixdən silinib də. Amma əvəzində yaddaşlarda yaşayıb. Qorxu ilə, gizlədilə-gizlədilə olsa da qorunub və nəhayət, Tarix Kitabında öz layiqli yerini tutub.
Zaman göstərir ki, sözlə mübarizə - fikirdə, düşüncədə inqilaba çağırış həmişə iki yolla aparılıb. Kimi aşkar çağırışı, kimi gizli və sətiraltı oyanışı üstün tutub. Amma hər iki halda risq və təhlükənin reallığı aydın idi. 
Son dövr tariximizin dil, azadlıq, düşüncə müstəqilliyi kimi dərdlərini mübarizə şerinin bəzən gizli qatlarına, bəzən isə daha üzdə olan mənalarına hopduran Bəxtiyar Vahabzadə yaradıcılığı da bir vaxtlar eyni təhlükə ilə üz-üzə durub.  
Azadlıq çağırışları “Azadlıq” meydanında eşidildiyi dövrdən çox-çox əvvəllər başlamışdı bu fəaliyyət və bu təhlükə... Həqiqətlərin deyilişi, torpaq və ikiyə bölünən xalq dərdinin üsyanı, özü əsir olub sərvəti talanan millətin etiraz səsi... və daha nələr... Əslində, həqiqətlərin yalan, yalanların isə həqiqət donu geyindiyi o dövrdə işlədilən hər cəsarətli ifadə, deyilən hər risqli fikir gözlənilməz və dəhşətli səslənirdi. Çünki o dövr sovet ideologiyasının inam və sədaqət izlərinin beyinlərdə yaşadığı, asanlıqla silinməsi mümkün olmadığı bir zaman idi... 
«Gülüstan», «Yollar - oğullar», «Ağlar güləyən». «Mərziyyə», «Ana dili», «Dan yeri», «Anamın kitabı», «Riyakar» əsərləri anlaşılmaz bir qorxu ilə bərabər  yeni tapılmış həqiqətin, illərlə hardasa basdırılmış, indi isə təsadüfən üzə çıxan reallığın sevincini, təəssüfünü və qeyri-müəyyən anlaşılmazlığını gətirirdi.  

Nifrət də, sevgi də, qara da, ağ da
İşıq da, zülmət də göz içindədir...
Yaxşı da, yaman da, dost  da, düşmən də
Sənin öz içində, öz içindədir...

Davamı...

Təbiət hadisəsindən İnsan faciəsinə…

Yazar: cabbarlinergiz @ Sentyabr 4, 2008 10:32

Yazıçının özünü sığortalamasına baxmayaraq, həqiqəti bu əsərdə tam əminliklə axtara bilərsiniz

Müharibə ona kənardan baxanlar üçün maraqlı, içində olanlar üçün faciədir. Və bu, (kənardan baxmaq, yoxsa içində olmaq!!!) sənin müharibəyə məruz qalan ölkənin Vətəndaşı olub-olmamağından asılı deyil. Məsələn, nə qədər Azərbaycan vətəndaşı var ki, müharibə onun üçün ən yaxşı halda ekranda gördüyü, efirdə eşitdiyi «… nəfər şəhid verildi» xəbərindən, ən pis halda isə qonşu qapısına gələn Şəhid tabutundan ibarət olub. Vəssalam! Amma o faciəni yaşamaq, onun ağrısını hiss etmək və əsl müharibənin nə olduğunu bilmək bu ölkənin hər vətəndaşına nəsib olmayıb (müəyyən mənada - nə yaxşı da ki…).
Eyni məsələ ədəbiyyatımıza da aiddir. İllərdir müharibə yaşayan bir ölkənin ədəbiyyatına Müharibənin İzi düşmür. Düşürsə də, məqsədli salınırsa da, ağrısı «qonşu qapısına gələn tabut»un yaşatdığı ağrıdan o yana işləyə bilmir ki, bilmir. Verdiyi təəssürat bir az üzüntü, kədər, bir az anlaşılmazlıq, bir az da «şükür, mənim başıma gəlməyib» sevinci (!!!)  qədər olan bu əsərlərdə ya hər şey olduğundan sadə, olduğundan üzdə, ya da verilən qurbanların, itkilərin milyondan biri qədər az görünür…
Səbəbləri haqqında düşündükdə isə ya yazıçının haqqında yazdığı predmetə (bu məqamda müharibəyə) bələdlilik səviyyəsinin az olması, ya bələdliliyi olsa da istedad gücünün mövzunun ağırlığına tən gələ bilməməsi, ya da öz şəxsi faciəsi (məsələn, şəhid verməsi) fonundan çıxa bilməməsi (bununla da gerçəkdə baş verənlərin bu fonda itib-batması, arxa planda qalması) üzərində dayanmalı olurduq. Yəni reallıq bu idi.
Halbuki bu qədər dinamik və görünməz sürətlə dəyişən hadisələri, qarışıqlığı, bu qarışıqlıq içində yaşanmış çaşqınlığı, dəhşətləri böyük mənada Ədəbiyyatın mövzusuna çevirmək vacib idi. Bu zərurət təkcə tarix və gələcək baxımından deyil, Ədəbi materiala çevrilə biləcək gerçək problemin mövcud olduğu üçün də aktual idi. 
Amma yaranan nümunələrdə nə yaşanmış gerkçək müharibənin izlərini, nə o hadisələrin gerçək təəssüratını, nə də bu sarsıntıdan keçmiş İnsanın gerçək psixoloji durumunu görmək olmurdu.
Bu dəfə haqqında danışmaq istədiyimiz nümunə - roman (bunu roman adlandırmaqda tərəddüd edirik - hər halda, roman şəklinə düşməsi üçün müəyyən dərəcədə olsa da, işlənməyə ehtiyac duyulur) müharibədən bəhs edən nəsr nümunəsindən umduğumuz bir çox xüsusiyyətləri özündə birləşdirir. Aşağıda bu barədə ətraflı danışacağıq. Hələliksə qeyd edək ki, əsəri oxuduqdan sonra nəfəs dərib bir sözü deyə bildik: Nəhayət ki… 

Davamı...

ELÇİN MİRZƏBƏYLİ:Saxtalaşdırılmamış səmimiyyət,Yaxud üç kitab - tək Söz

Yazar: cabbarlinergiz @ Avqust 2, 2008 9:27

...Hərdən, bəzən yorucu təsir bağışlayan gündəlik qəzetçilik, səni əhatə edən, daha doğrusu girovuna çevirən informasiya axınının içərisindən sıyrılıb bir anlığa özün olmaq, Tanrının bəxş etdiyi və təəssüf ki, müasir dünyamızda ilk baxışda bəsit görünən insani dəyərlərə, yaşantılara qayıtmaq istəyirsən. Ancaq nə edəsən, günümüzün reallıqları fərqli yaşam tərzi diqtə edir və sən bu total özgələşmənin axarında özünüqoruma instintinin təsiri altında müqavimət göstərmək və mövcud olmaq məcburiyyətində qalırsan. Bəlkə də bütün bunlar sadəcə, bəhanədir. Ola bilsin, elə bu an yaşadığım duyğuların başqa izahını tapa bilmirəm.

Elçin Mirzəbəyli


Davamı...


  Yazılar cəmi: 25    Sonrakı səhifə »