Təbiət hadisəsindən İnsan faciəsinə…
Yazar: cabbarlinergiz @ Sentyabr 4, 2008 10:32
Təbiət hadisəsindən İnsan faciəsinə…
Yazar: cabbarlinergiz @ İyul 14, 2008 9:54
Yazıçının özünü sığortalamasına baxmayaraq, həqiqəti bu əsərdə tam əminliklə axtara bilərsiniz
Müharibə ona kənardan baxanlar üçün maraqlı, içində olanlar üçün faciədir. Və bu, (kənardan baxmaq, yoxsa içində olmaq!!!) sənin müharibəyə məruz qalan ölkənin Vətəndaşı olub-olmamağından asılı deyil. Məsələn, nə qədər Azərbaycan vətəndaşı var ki, müharibə onun üçün ən yaxşı halda ekranda gördüyü, efirdə eşitdiyi «… nəfər şəhid verildi» xəbərindən, ən pis halda isə qonşu qapısına gələn Şəhid tabutundan ibarət olub. Vəssalam! Amma o faciəni yaşamaq, onun ağrısını hiss etmək və əsl müharibənin nə olduğunu bilmək bu ölkənin hər vətəndaşına nəsib olmayıb (müəyyən mənada - nə yaxşı da ki…).
Eyni məsələ ədəbiyyatımıza da aiddir. İllərdir müharibə yaşayan bir ölkənin ədəbiyyatına Müharibənin İzi düşmür. Düşürsə də, məqsədli salınırsa da, ağrısı «qonşu qapısına gələn tabut»un yaşatdığı ağrıdan o yana işləyə bilmir ki, bilmir. Verdiyi təəssürat bir az üzüntü, kədər, bir az anlaşılmazlıq, bir az da «şükür, mənim başıma gəlməyib» sevinci (!!!) qədər olan bu əsərlərdə ya hər şey olduğundan sadə, olduğundan üzdə, ya da verilən qurbanların, itkilərin milyondan biri qədər az görünür…
Səbəbləri haqqında düşündükdə isə ya yazıçının haqqında yazdığı predmetə (bu məqamda müharibəyə) bələdlilik səviyyəsinin az olması, ya bələdliliyi olsa da istedad gücünün mövzunun ağırlığına tən gələ bilməməsi, ya da öz şəxsi faciəsi (məsələn, şəhid verməsi) fonundan çıxa bilməməsi (bununla da gerçəkdə baş verənlərin bu fonda itib-batması, arxa planda qalması) üzərində dayanmalı olurduq. Yəni reallıq bu idi.
Halbuki bu qədər dinamik və görünməz sürətlə dəyişən hadisələri, qarışıqlığı, bu qarışıqlıq içində yaşanmış çaşqınlığı, dəhşətləri böyük mənada Ədəbiyyatın mövzusuna çevirmək vacib idi. Bu zərurət təkcə tarix və gələcək baxımından deyil, Ədəbi materiala çevrilə biləcək gerçək problemin mövcud olduğu üçün də aktual idi.
Amma yaranan nümunələrdə nə yaşanmış gerkçək müharibənin izlərini, nə o hadisələrin gerçək təəssüratını, nə də bu sarsıntıdan keçmiş İnsanın gerçək psixoloji durumunu görmək olmurdu.
Bu dəfə haqqında danışmaq istədiyimiz nümunə - roman (bunu roman adlandırmaqda tərəddüd edirik - hər halda, roman şəklinə düşməsi üçün müəyyən dərəcədə olsa da, işlənməyə ehtiyac duyulur) müharibədən bəhs edən nəsr nümunəsindən umduğumuz bir çox xüsusiyyətləri özündə birləşdirir. Aşağıda bu barədə ətraflı danışacağıq. Hələliksə qeyd edək ki, əsəri oxuduqdan sonra nəfəs dərib bir sözü deyə bildik: Nəhayət ki…
PSİXOLOGİZMƏ MEYLİN NƏTİCƏLƏRİ
Yazar: cabbarlinergiz @ İyun 19, 2008 0:43
(2006-cı ildə dərc olunan nəsr əsərləri əsasında)
Konkret bir zaman ərzində yaranan əsərlər haqqında fikir yürütməli olan ədəbiyyatşünasın, tənqidçinin qarşısında həmişə müəyyən tələblər qoyulur və əldə olunan nəticə mütləq bu tələbləri əhatə etməlidir. Yəni fikir yürüdənin öz zövqü, baxışı və düşüncəsini əks etdirən istənilən nəticənin ümumi planında bir sıra vacib suallar var ki, mütləq cavablandırılmalıdır. O suallar isə bunlardır - bir il ərzində nəsr əsərlərinin uğradığı keyfiyyət dəyişikliyi, ədəbi posesin ümumi mənzərəsi fonunda bu dəyişikliyin məntiqi səbəbi və nəticələri, nəsr əsərlərinin əldə etdiyi yeni mövzu və problematika ilə yanaşı yeni poetik xüsusiyyətlər, forma, struktur dəyişiklikləri nədən ibarətdir. Həmçinin nəsrin əldə etdiyi yeniliklərdə ümumi prosesin daxilindən qaynaqlanan və ya xaricdən – dünyadan gələn təsirlərin rolu araşdırılmalı, fərqin, uğurun, yaxud uğursuzluğun nədən ibarət olduğu göstərilməlidir.
Amma bir ilin nəsri haqqında danışarkən bütün bu suallara birmənalı şəkildə cavab vermək çətindir.
Çünki bu il yazılan hər bir əsər bütöv və hələ də davam edən prosesin növbəti mərhələsi, bəlkə də o prosesi tamamlaya, haqqında təsəvvür yarada biləcək çalarıdır. Biz bu haqda artıq ötən illərin nəsri ilə bağlı danışarkən qeyd etmişdik.
Ötən əsrin son illəri və yeni əsrin əvvəllərində ədəbi prosesi yaxından izləyənlər bilirlər ki, xüsusilə nəsr əsərlərini bir il kontekstində yox, ümumilikdə böyük bir mərhələnin daxilində araşdırdıqda baş verən dəyişiklikləri görmək daha asan olur və çıxarılan nəticələr daha düzgün alınır.
AZAD OLAN ENERJİ
Yazar: cabbarlinergiz @ İyun 13, 2008 10:11
(2006-cı ildə çap olunan şeirlər əsasında)
Gözəl söz demək istəyi ilə gözəl söz eşitmək (və ya oxumaq!!!) istəyi arasında elə bir böyük sərhəd yoxdur. İnsanı şairə çevirən də bu istəkdir, professional oxucuya (tənqidçiyə!!!) çevirən də. Elə ona görə də yaxşı tənqidçilər ruhlarında bir az şair, bir az nasir, bir az da (əgər bacarsalar) dramaturq olurlar. Biz oxucuların (və ya tənqidçilərin) oxunan hər misrada, bitirilən hər əsərdə axtardığı isə bu istəyin uğurla reallaşan forması, incə bir dəqiqliklə gerçəkləşən görüntüsüdür\.
Amma düzünü deyim ki, ruhunda şeiriyyət daha çox olan biri kimi, mən şeirdə ifadə olunan ən qəliz ruhları, ən qarışıq düşüncələri belə (əgər istedadla ifadə olunubsa) duymağı, araşdırmağı, anlamağı və anlatmağı sevirəm. Sevmədiyim bir şey varsa, o da yaradılan əsərləri «illər çərçivəsinə» salmaq, qəlibə sığmayan şeir haqqında düşüncələri «qəlib» sərhədləri daxilində ifadə etmək, məhdudlaşdırmaqdı.
Amma «ötən ilin poeziyası haqqında danış» deyilərsə, bütün tənqidi fikirləri, bütün çatışmazlıqları, şeir olmayan və ya «az şeir» olan nümunələri (əksər hallarda onların müəlliflərini belə unuduram) bir kənara tullayıb ötən il ərzində curnallarımızda oxuduğum, yaddaşımda qalan yazılar əsasında bir neçə qənaətimi söyləyə bilərəm. Kitablara toxunmayacağam, çünki bu barədə ayrılıqda yazmışam (yazıram da). Beləliklə...
YENİ ƏSRİMİZİN NƏSRİNDƏ YENİ OLAN NƏDİR?!-3
Yazar: cabbarlinergiz @ İyun 9, 2008 13:17
***
İndi isə keçək üçüncü bölgüyə. Xatırladığınız kimi, bu bölgüdə Məkan məfhumunun çərçivələrini aşmaq, böyük anlamda Dünya, böyük anlamda Qloballaşma istəyi ilə yazılan əsərlər qruplaşdırılıb. İlk baxışdan onların bəzilərində müasir tarix, müasir proseslər, müasir dünya və konkret şəxsiyyətlər haqqında informasiya da tapmaq olar. Amma sadaladıqlarım yalnız bəzi əsərlərdə və bəzi məqamlarda duyulur.
Bu əsərlər haqqında ayrı-ayrılıqda söz açacağıq. Lakin əvvəlcə onu qeyd etmək vacibdir ki, məqsədin bir olmasına baxmayaraq, ona aparan yollar və vasitələr fərqlidir. Məsələn, bu əsərlərin bəzilərində ümumiyyətlə Məkan (məsələn, Azərbaycan və burada olan gerçəkliklər, Milli kolorit, Milli psixoloji amillər, Milli düşüncə tərzi və s.) kənar saxlanılır, duyulmur, bəzilərində isə Dünya, İnsan, Zaman nə dərəcədə qlobal, geniş təfəkkürlü yanaşma ilə araşdırılsa da, Milli düşüncədən, Milli psixologiyadan, Milli söz koloritindən gəlmə detalları görmək, müşahidə etmək çətin olmur.


