Reklam verin!

ƏDƏBİYYATDAN İNTİHARA

Yazar: cabbarlinergiz @ İyul 25, 2008 18:06

«İNTİHAR» ADLI SUAL


1A
Suallar və cavab variantları... Yanaşmadan asılı olaraq, onlar doğru da ola bilər, yanlış da... Məgər qoyuluşu səhv suallar və ya yanlış cavablar rastınıza gəlməyib?! Yoxsa özünüz onları heç zaman verməmisiniz?!
Təbii ki vermisiniz... Hamımız kimi. Çünki bu həyatın özü sual-cavab oyunu üzərində qurulub. Doğuluşumuzdan -dünyaya gəlişimizdən ölümümüzə qədər... Amma... fərqli şəkildə qoyulan suallara verilmiş fərqli cavablar üzərində... Hamı eyni cür düşünmür axı. Əgər belə olmasaydı, dünyanın yaranışndan, insan övladının yer üzərində mövcud-luğundan başlayaraq bütün həyati suallara bu qədər fərqli cavablar meydana çıxmazdı - dini, fəlsəfi...
Lakin variantlar nə qədər çox olsa da, elə suallar var ki, onların cavabı sonsuzluğa qədər açılmamış qalacaq. Dünyanın hansı elmi-texniki tərəqqi nöqtəsində dayanmasından asılı olmayaraq, baş sındıran və həqiqəti tapdığını güman edənlərin cavabları yenə də fərqli alınacaq və yenə də mübahisə doğuracaq...
Mənim araşdırmaq istədiyim və artıq kitab halına saldığım bu sual kimi... İntihar sualından danışıram. Təkcə onu edənlərin özlərini, yaxınlarını, zamandaşlarını deyil, sonrakı nəsilləri də düşündürən bir sualdan.
Bu kitaba maraq göstərib oxumaq fikrində olanlara əvvəlcədən xəbərdarlıq etmək istəyirəm: araşdırdığım faktla bağlı sual-cavab oyunu sizin üçün də sonsuza qədər uzana bilər. Hətta kitabı oxuyub sona çatdırdıqdan sonra da o uzanışı hiss edəcəksiniə. O da mümkündür ki, mənim kimi uzun müddət bu faktların təsiri altından çıxa bilməyəsiniz. Bəlkə kitabı əlinizə aldığınıza görə özünüzü qınayacaqsınız da... Amma bu dəfə məndən fərqli olaraq. Çünki mən bu kitabı böyük maraqla yazdım. On ildən artıq apardığım araşdırmaların nəticələrini bir yerə toplayıb onların üzərində yenidən işləmək və tapdığım faktların, talelərin bəzi nöqtələrdə bu qədər üst-üstə düşdüyünü (bu həm də o deməkdir ki, mən də müəyyən fərziyyələrimdə yanılmamışam) yenidən müşahidə etmək məni peşiman edə bilməzdi. Baxmayaraq ki, müəyyən məqamlarda intihar faktının təsir gücü və buna aludəliyim qorxuma səbəb olub...
Demək istədiyim isə odur ki, özünüzü cavabsız suallar qarşısında yormayasınız deyə, kitabı indidən kənara qoymaq şansınız var. Əlbəttə ki, bacarsanız. Və bu fikir mənim yekəxanalığımın deyil, araşdırdığım faktın maraq doğurmaq səviyyəsinə inamımın nəticəsidir - qələmimdən çıxdı. İndi isə keçək əsas məsələyə.
Yaradıcı insanların intiharlarını araşdırmaq və nələrisə dərk etmək istəyim cavabını tapmağa çalışdığım sualların açılmasına yalnız bir cəhddir. İntihar etmişlər içərisində yazıçıları hədəf seçməyim isə onları başqalarından bir az yaxşı başa düşəcəyimə inamımdan irəli gəlir. İnamım doğruldumu? Bunu sonra biləcəksiniz. Hələliksə bir şeyi deyə bilərəm: intihar etmiş şair və yazıçıların hər birinin öz tarixi, həyat hekayəti mövcuddur... İntihara gedən yolda isə yaşanmış ömürlə yaradıcılıq çox zaman bir-birini izləyib və hətta gözlənilməz dərəcədə tamamlayıb da...
Düzdür, istənilən intihara (istər yaradıcı, istər adi insan) göstərilən səbəb ovqatımızdan asılı olaraq bizə cılız, mənasız, hətta gülünc görünə bilər. Elə buna görə əksər yazıçıların intiharlarının səbəbini yalnız sadalamaqla kifayətlənmişəm. Çünki istənilən halda o səbəblərin müzakirəsi subyektiv nəticə və kənardan müşahidə kimi görünəcək. Hətta mənə elə gəlir ki, intihar edən insanın özündən belə həmin effekt halında bunu nə üçün etdiyini soruşmaq imkanımız olsaydı, o, səbəbi izah edə bilməzdi.
Mən intiharın təsadüfən, maraq xatirinə, yoxsa düşünülərək yaradıcılığa gətirilməsi haqda daha çox fikirləşdim.
Mənim üçün maraqlı olan bu idi. Bir də intihar faktının yaradıcılıqda və həyatda üst-üstə düşməsi, bəzən yazıçıların öz əsərlərində qəhrəmanları üçün seçdikləri intihar yolunu sonradan olduğu kimi təkrarlaması, hətta intihar prosesini anlamaq, dolğun təsvir etmək üçün dəfələrlə onu təcrübədən keçirməyə çalışması diqqətimi çəkdi... Yəni araşdırmanı əsasən bu istiqamətdə apardım.
Kitabın əvvəlindəcə bir əminliyimi də yazım: həyatdakı intiharla yaradıcılıqdakı intihar arasındakı oxşarlıqlar bu faktın bədii yaradıcılığa gətirilməsinin və araşdırılmasının təsadüf olmadığını deyir. Deməli, ilk növbədə, hər şey maraqdan başlayır. Sonra isə... Sonra isə insanların maraq xatirinə seçdiyi yol onları məhvə doğru da apara bilər. Xüsusilə də bu prosesə və bu fakta maraqlarını yenə bilməyənləri... Yəni... Allah qorusun!

Davamı...

«TANRI DƏRGAHINA IMƏKLƏYƏN SUALLAR»

Yazar: cabbarlinergiz @ İyun 25, 2008 16:43

«Şair kimi təqlid edir?
Yalnız öz içini...»

Hərdən tənqidçiləri, publisistləri və ümumiyyətlə, «söz haqqında söz yazmağı və söz üzərində gəzişmələr etməyi» sevənləri (bunu bir dəfə şairlərdən biri mənim yazılarım haqqında söyləmişdi... deməli, həm də özümü) cığallıqda günahlandırıram. Bilirsiniz, niyə? Ona görə ki, kiminsə uğurlu bir fikri, uğurlu bir tapıntısı belə adamların uğurlu bir yazısı üçün səbəb - stimul rolunu oynayır.
Amma bir çoxları buna qibtə də edə bilər... Necə adi bir misra fikir axınının ağzını açır, necə bir misradan yapışan insan öz içində qıvrılan fikir burulğanının dərinliklərinə enməyi bacarır, və ən nəhayət, içindəki hay-küyü, təlatümü sakitləşdirdidikdən sonra o misranı, o ifadəni minnətdarlıqla xatırlaya bilir....
Əslində, bütün söz sənəti (elə sənətin digər sahələri də) bunun üzərində qurulur. Hər axının bir başlanğıcı olur. Deməli, istənilən istedadlı insanın beynində, ürəyində yığılıb qalmış duyğuların, düşüncələrin, qənaətlərin, emosiyaların, məntiqi nəticələrin ortaya atılması - yazıya, bir kitaba, bir əsərə çevrilməsi üçün bir misra, bir əsər, bir kitab və ya bir yaradıcılıq bəhanə ola bilər. Olur da... o enerjinin təsiri altına düşüb yazmaq - içini kağıza boşaltmaq istəyirsən. Söz donunda bir bəhanə kifayət edər ki, nələrdənsə qurtulasan. Sadəcə, bəzi hallarda bu başlanğıc - səbəb özünü gizlədir (məqsədlli və ya məqsədsiz), bəzi hallarda isə əksinə...
Bu kitabda olduğu kimii...
Tənqidçi,filologiya elmləri namizədi Cavanşir Yusiflinin «Azərbycan poeziyasında Əli Kərim mərhələsi» kitabını nəzərdə tuturam...

Davamı...

«SINIQ GÜZGÜ»DƏN GÖRÜNƏN GERÇƏK PORTRET

Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:16

Mən gerçək portertləri çox sevirəm. İstər yağlı boya ilə işlənsin, istər sözlə. Bəlkə də «gerçək» sözü burada o qədər də yerinə düşmür... Amma vallah, billah, portretdən portretə də fərq var. Hansındasa təbəssüm gerçək alınmır, hansındasa siması cızılmış insanın donuq və buz kimi - mənasız baxışları işləri korlayır, hansındasa dondurulmuş məqam real sahibinin gerçək xarakterini yox, artistizmini əks etdirir.
Portreti xoşlamağımın səbəbi isə onu yaradanın öz işinə münasibətindəki maraqlı çalarlarla bağlıdır. Bu münasibətdə hər şey var - portret sahibinin şəxsiyyətindən tutmuş, onu çəkənə - yazana təsirindən tutmuş,  necə insan olmasına qədər... Çox şey. Təbii ki, əgər oxumaq və anlamaq bacarığın varsa...
O ki qala portret cızan şair ola... Hətta tənqidində, publisistikasında belə şeiriyyət duyulan, şeiriyyət yaşadan şair...
Elə Vaqif Bəhmənlinin «Sınıq güzgü» adlı kitabındakı publisistikada da, aldığı və verdiyi müsahibələrdə də (yeri gəlmişkən bütün uğurlu müsahibələrdə olduğu kimi, onlarda da portret cizgiləri var. Və bəlkə müsahibə verənlər özləri öz sözləri ilə bu portreti necə yaratdıqlarının fərqinə də varmayıblar) şeirə, sözə sevgi ilə (üstəgəl söz müəllifinə sevgi!!!) bərabər şairliyi hər misrada duyulurdu. Sanki yer üzünün özü belə Sözün üzərində qərar tutub. Sanki söz və şeir olmasaydı, dünyanın gedişatı pozula bilərdi. Sanki haqqında yazdığı müəlliflərin portretlərinə naxış və can verən də məhz şeir imiş, söz imiş...
Əslində, sözə və şeirə belə ilahi münasibət müəyyən məqamlarda (o məqamlarda ki, şeirə az qala nifrət də edə bilərsən - konkret şəxslərin yaradıcılığına münasibətdə) insanı qıcıqlandırsa da, əksər hallarda bu bacarığa qibtə edirsən. Niyə? Kiminsə (bu məqamda Vaqif Bəhmənlinin) Sözə (eyni zamanda da insana) təmiz münasibəti qoruyub saxlaya bildiyinə görə... Bu, həqiqətən də insandan böyük bacarıq və qeyri-adi bir dirəniş tələb edir. Xüsusilə də şairdən...

Davamı...

ƏDƏBİYYATDA «SƏHNƏARXASI»

Yazar: cabbarlinergiz @ İyun 4, 2008 10:15

Şou bazarında onun yeri varmı?!

 

Hər İncə Sənətin mütləq və mütləq «səhnəarxası» yaşamı var (təkcə sənətinmi?!). Və orada nələr baş verdiyi, hansı qarşıdurmalar, hansı intriqalar, hansı umu-küsülər, hətta illərlə sürən düşmənçiliklər yaşandığı insanlar üçün maraqlıdır. Hər zaman belə olub, indi də belədir. Bu maraqdan isə sözün yaxşı və pis mənasında yararlanmaq mümkündür. Təbii ki, yararlanmanın əleyhinə deyilik, çünki o bir çox hallarda müsbət nəticə verə bilər. Məsələn, bir məşhurun, bir sənət adamının, yazıçının, rəssamın (və daha kimlərin…) həyatının, şəxsiyyətinin, xarakterinin açılması üçün şərait yaradan «səhnəarxası» xırdaca detal bəs edir ki, onun bütün yaradıcılığını, daha geniş mənada isə Sənətini oxucuya, tamaşaçıya, dinləyiciyə təqdim edəsən. Daha dəqiq desək, oxucunun, tamaşaçının diqqətini, marağını bu istiqamətə çəkə və beləliklə də, bir çox mənada (istər maarifləndirmə, istər maraqlandırma, dünyagörüşü artırma və s.) qazanc əldə edəsən.  Yəni bir güllə ilə iki, bəlkə də daha artıq dovşan vurmaq olar. Amma bir şərtlə. Bu cür detallardan professonallıqla istifadə etməlisən. Çünki belə «səhnəarxası» detallar ziyan da gətirə bilir. Məsələn, onların vasitəsilə milyonların çözə bilmədiyi sirr olan bir Yazıçını (Rəssamı, Aktyoru…) çözmək, xarakterini aydınlatmaqla yanaşı, onun yaranmış obrazını, şəxsiyyətini (müəyyən hallarda hətta yaradıcılığını da) yerlərdən-yerlərə vurmaq da mümkündür. Yəni bu o qədər incəlik və professionallıq tələb edən məqamdır ki, hansı məqsədlər üçün istifadə edilməsi, hansı istiqamətə yönəldilməsi istifadə edənin vicdanına qalır və an\caq ondan asılıdır.

Söhbəti dağa-arana «sürmədən» mətləbə keçək və ondan başlayaq ki, bu gün sənətin də, mədəniyyətin də (qeyri-sənətlərin də) «səhnəarxası» yaşamı bütün çılpaqlığı ilə SƏHNƏDƏDİR. Bu çılpaqlığın hansı həddə qədər enə biləcəyini düşünmək belə insanı qorxudur. Amma daha qorxulu olan budur ki, o «səhnəarxası» dünya nəinki efirə - kütləyə çılpaqlıqla təqdim olunur, hətta təzə ştrixlərlə «zəngin» yeni «səhnəarxaları» yaradılır. Özü də süni şəkildə (Bu fikrin birbaşa mədəniyyətimiz və şou-biznesimizə aidiyyatı olduğu üzərində dayanmayacağıq, artıq söhbətdir).

Davamı...


  Yazılar cəmi: 4