YARIMÇIQ QALMIŞ YAZI
Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:33
ZAMANINDA DEYİLƏN HƏQİQƏT
Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:25
QADINI İBLİSƏ BƏNZƏDƏN ŞAİR
Yazar: cabbarlinergiz @ İyul 3, 2008 12:59
Bu şairin misralarında öz siması görünür. Məncə, bu həqiqəti təkrarlamağa ehtiyac yoxdur. Söhbət Rüstəm Behrudidən gedir. Onun adı çəkiləndə «Salam, dar ağacı», «İblis mələkdən gözəldir» kimi şamançılıqla, Tanrıya etirazla bağlı şerləri yada düşür. Lakin başqalarından fərqli olaraq, bu şairin yaradıcılığı haqqında ümumi fikrə gəlmək çətindir. Məsələn, onun şerlərinin ölüm, Cənnət-Cəhənnəm, İblis-Mələk davasından bəhs etdiyini demək olar. Amma bu fikrin bütün yaradıcılıqdakı sabitliyindən və münasibətin davamlılığından danışmaq mümkün deyil. Çünki onun yaradıcılığı boyu etirazların dalğası dəyişib - gah qalxıb, gah enib... Bir misalla izah edək. Yaradıcılığının ilk dövrlərində Tanrıya etiraz edən, onun yoxluğu iddiasında olan şair bir müddət sonra özünü Tanrı sayır.Amma bu münasibət də davamlı olmur. Çünki Tanrılıq idiasından sonra Tanrıya asi olan şairin peşmanlıq duyğusu gəlir...
YADDAŞ LENTİ VƏ SİLİNMƏYƏN KADR
Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:19
Yaşanan ömür nə qədər uzun və dəyərli, nə qədər zəngin və təəssüratlı olursa-olsun, insanın bütün həyatı - xoşbəxt və bədbəxt, kədərli və sevincli anları ilə bərabər - yaddaş lentində qorunub saxlanan ayrı-ayrı dondurulmuş kadrlardan ibarətdir. Vəssalam. Ömrünün hansısa ilində, ayında, günündə, hansısa bir səbəb üzündənsə yaşanan, geridə buraxılan illərə nəzər salmaq istəsən və yaddaşını qurdalasan dəhşətli bir ağrı yaşamalı olacaqsan. Çünki görəcəksən ki, bəzən bir ilin, bəzən beş ilin, bəzən də daha artıq illərin haralara getdiyini, onlardan qalan izlərin haralara yazıldığını bilmirsən... Bu anda, bu məqamda sənin nəyisə xatırlamaq istəyin boşluqla, heçliklə üz-üzə duracaq... Özünü bir az yora da bilərsən... Amma nəticəsiz! Çünki itirildiyinin fərqinə belə varmadığın irili-xırdalı həmin zaman kəsikləri tapılmayacaq. Sanki heç olmayıblar da... Əvəzində isə kəşf edəcəksən ki, yaddaşında yalnız konkret hadisələri və ya konkret bir günü əks etdirən kadrlar donub qalıb. Ən dəhşətlisi də odur ki, onların qorunub saxlanması mütləq hansısa əhəmiyyətli - kədərlimi, sevinclimi və ya elə sadəcə, dəyərlimi bir hadisə ilə əlaqəlidir. Yəni hisslər olmasaydı, onlar da qorunub saxlanmazdı...
Bəlkə elə həyatın gözəlliyi bundadır?!. Amma hətta belə olsaydı da, bu təəssürat insanı vahiməyə gətirir. Sanki yaddaşımız bizimlə - sahibi ilə məsləhətləşmədən mənasız bildiyi, dəyərsiz saydığı və ya özünə yük hesab etdiyi günlərimizi, illərimizi - daha doğrusu, onlar haqqında informasiyanı avtomatik bir qanunauyğunluqla acımadan kənara tullayıb... İstəsək də onları tapa və bərpa edə bilmərik...
Elə düşünməyin ki, filosofluq damarım tutub. Yox... Sadəcə, universitet illərini yada salmaq istəyəndə, birdən-birə bəzi müəllimlərimin adını belə unutduğumun fərqinə vardım. Utandım və bu utanc hissi məni daha nələrisə xatırlamağa vadar etdi... Amma yuxarıdakı nəticəni çıxarandan sonra bir qədər sakitləşdim. Çünki unudulan təkcə onlar deyildi. Altı ilin tarixçəsində konkret olaraq bir neçə müəllim - rəhmətlik Şahməddin Xəlilov - özünün dərs demək və bilik öyrətmək istəyi və enerjisi ilə dərs vaxtı az qala «qabığını dəlib kənara çıxdığı üçün», Bəxtiyar müəllim - Sabirin və Mirzə Cəlilin ironiyasını bütün hərəkətlərində və təbəssümündə gəzdirdiyi üçün, bir də İslam müəllim - tələbələrlə dostyana münasibət qurmağı bacardığı üçün yaddaşımda dipdiri idilər. Daha bir müəllimim haqqında da danışa bilərəm. Daha doğrusu, danışacağam. O, bütün tələbələrinin yaddaş lentində tədris etdiyi Çingiz Aytmatovun yaradıcılığına oyatdığı maraqla ilişib qala bildi. Bəzən hamımız təəccüblənirdik ki, necə olur şıltaq və ipə-sapa yatmayan qızlarımız o vaxt sadəcə adını eşitdiyi qırğız yazıçısının bütün əsərlərini tapır və əldən-ələ ötürərək oxuyur?!. O vadar etmirdi. Heç adət etdiyimiz «qiymət almayacaqsınız!» hədəsi də yox idi... Amma oxuyurduq...
ŞEİRLƏRİ RUHU KİMİ GƏZƏN TOFİQ ABDİN
Yazar: cabbarlinergiz @ İyun 9, 2008 13:29
İfadə etmək istədiyinlə ifadə etdiyin arasında fərqin mövcudluğu yaradıcı insanı həmişə sarsıdır. Hətta bu sarsıntı yazıçının dazilində dəhşətli bir kinin , qəzəbin yaranmasına da səbəb ola bilər.. Bu, insanın öz ilhamına, həmin anda, həmin məqamda tuta bilmədiyi kosmik enerciyə və ya Tanrının bəndəsinə müvəqqəti olaraq borc verdiyi yaradıcılıq qüdrətinə (adlandırmalar fərqli olsa da, məğz eynidir), deməli, həm də Tanrıya ünvanladığı etiraza, üsyan çevrilir. Çünki demək istədiyinlə dediyinin arasında fərqin verdiyi acı insanın özünə xəyanətinin verdiyi acı qədər ağır, dəhşətlidi. Bir sözlə, demək istədiyini deyə bilməmək yaradıcı insanın faciəsidi…
Amma bundan daha artıq olan bir faciə var - demək və anlatmaq istədiklərinin dərk olunmaması və ya yetərincə anlaşılmaması… Bunun yaratdığı gərginlik daha böyük… məncə, bu ağrını. Bu acını hər bir yaradıcı şəxs həyatında heç olmasa, bir neçə dəfə hiss edir.
«Məni niyə anlamırlar?» sualı «vacib deyil anlasınlar, özüm üçün yazıram» cavabının qarşısında belə, öz məyusluğunu və acizliyini gizlədə bilməz… Dərk edilməmək (istər yaradıcılıq mənasında, istərsə də gerçəklikdə) böyük Dərddir… Demək istədiyini doğru ifadə edə bilməməkdən daha böyük dərd… Çünki demək istədiyinlə dediyin arasındakı uçurumu, lağımı, boşluğu (bunun böyüklüyü və dərinliyi artıq istedad və zəhmət məsələsidir) nə zamansa keçə bilərsən… Nə zamansa dediklərini demək istədiyin mərtəbəyə çatdıra bilərsən… Bu, mümkündür. Digər uçurumu keçmək isə… Bəlkə də mümkün olacaq… Amma bu, müəyyən vaxt, müəyyən zamandan sonra səni anlasalar da, İtirlmiş dərk məqamını heç nə qaytarmayacaq… Dərka olunduğunun sevincini yaşamaq həsrətiylə gözləyən bir ürək üçün bu, artıq mənasız və əhəmiyyətsiz reallığa çevriləcək. Halbuki bir vaxtlar «olum məsələsi» qədər əhəmiyyətli idi…


