Tehran Əlişanoğlu: Yeni nəsil tənqidi
Yazar: cabbarlinergiz @ Noyabr 10, 2008 13:49
Nərgiz Cabbarlı, Yeni nəsil ədəbiyyatı. «Elm», Bakı, 2006
Nərgiz Cabbarlı, Ədəbiyyatdan intihara. «Vektor» Nəşrlər Evi, Bakı, 2006
Hər bir tənqidçinin ümdə arzusu ədəbi prosesi bacardıqca ehtiva etmək, çağın ədəbiyyatı haqqında sözünü demək, hökmünü verməkdir; bunu etiraf etsə də, etməsə də. Son illərin ən məhsuldar ədəbiyyat yazarlarından olan Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı» kitabı da az və ya çox bu iddianı ortaya qoyur.
«Yeni nəsil» poeziyası - Azərbaycan şeirinin inkişaf meylləri», «2005-ci ilin nəsri», «Yeni nəsrimiz», «Oxşarlar, paralellər», «Qarabağdan gələn var»… - kitabın «Ədəbi tənqid» bölməsini açan bu yazılar son illərin poeziya və nəsrində nə var, tənqidçinin nəzərləri ilə ortaya qoyur. Bölmənin əsas materiallarını N.Cabbarlının özünün vurğuladığı tək, on il ərzində mətbuatda dərc elətdirdiyi ədəbi yazılar təşkil edir; müəllif onları «məqamlar»a düzür: «Tanımaq istədiyim Muğanna», «Qulu Ağsəsin ərki», «Üçüncü günün adamı Orxan Fikrətoğlu», «Vaqif Səmədoğlunun suallar poeziyası», «Aqşin və yeni şeir», «Rəsmiyyə Sabirin «Həbs olunmuş sükutu» və s.
Bir sıra yazılar problem ətrafında ədəbi situasiya yaratmağa çalışır: «Azərbaycan yazıçısının erməni qızına məhəbbəti»; «Müharibə və ədəbiyyat», «Ədəbiyyatda qadın məsələsi», «Ədəbiyyat və siyasət» və s. Bəzi yazılar isə vaxtilə ədəbi həftələrə şərh kimi ərsəyə gəlmiş: «Yoxdur nidasının əvəzlənməsi», «Ədəbiyyatımız - həftələrdə», «Yenə də ədəbiyyat, yenə də bir həftə» və s.
Şəksiz, N.Cabbarlının kitabı gərəyincə ədəbi tənqid stixiyasının içindədir; burda: nə, kim, harda, necə, neçə-neçə… məqamlarına rast gəlmək olar; stixiyadan baş açmaq istəyirsə, oxucu kitaba baş vurmalıdır. Bir zaman ədəbi prosesin ağı-bozu seçilməyən fakt mənzərəsini Vaqif Yusifli tənqidindən almaq olurdusa; hazırda cavan tənqidçinin işi uğurla onu əvəz etmədə.
Kitabın adı çağırır: «Yeni nəsil ədəbiyyatı»; amma yaşın bir fərqi yox, deyək: «Ədəbi portretlər» bölməsi əksərən ədəbiyyatda yaşı olanlara üz tutur: «Yol olanadək yol gedən Nurəngiz», «Şeirləri ruhu kimi gəzən Tofiq Abdin», «Fikrət Qocanın unudulmaz misraları» və s.
«Dünya ədəbiyyatı» bölməsində N.Cabbarlının ədəbi jurnalist fəaliyyəti qabarıqdır: «Misimanın sirli dünyası», «Markes və şəxsiyyətin ikiləşməsi problemi», «Qoruyucu mələk» həsrətli Saqan» və s. yazılar çağdaş dünya ədəbiyyatı tanınmışları barəsində informasiyaları milli oxucuya ünvanlayır.
Bu məqamda Nərgiz Cabbarlının daha bir kitabını oxucuya xatırlatmaq gərəkdir: «Ədəbiyyatdan intihara». Kitab çıxar-çıxmaz buradakı yazıların rus mətbuatından olması barəsində fikir yürüdənlər oldu. Amma unutmamalı: hələ ki, dünya ədəbiyyatı inofrmasionuna aparan başqa bir yolumuz da yox. Oxucu məhz N.Cabbarlıya minnətdar olaraq həmin kitabda yol olaraq intiharı seçmiş: Y.Misima, R.Akutaqava, Y.Kavabata, M.Svetayeva, K.Boye, V.Vulf, S.Plat, V.Mayakovski, S.Sveyq, Ç.Paveze, E.Heminquey, A.Kestler, P.Yavorov, S.Yesenin, C.London «və bizim Sərdar Əsəd»i daha yaxından tanıya bilirlər. Nəyi pisdir?!
Mart 2007


