YARIMÇIQ QALMIŞ YAZI
Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:33
Səbrim kəsildi haqdan,
Bezdim,
bezdim daha
Özümü qorumaqdan,
İçimi qorumaqdan.
Mən həmişə oxumaq acı olmuşam. Zaman-zaman özümü həmişə oxumağa vadar edib bəzən bundan çəkinçəm də, bezsəm də, əlimdən qoyuduğum bir şeirin, bir əsərin ardınca gözüm başqa birini axtarıb. Daha dəyərlisini, daha gözəlini. Hər dəfə də (müəllifin azərbaycanlı və ya xarici olmasından asılı olmayaraq) hansınınsa yaradıcılıq üslubuna aludə olmuşam, hansınınsa özünüifadə oricinallığına, hansınınsa əksinə, adi və sadə dillə qəliz mətləbləri anladan fəlsəfəsinə…
Amma elə şairlər də olub ki, sözündə sözümü, şeirində özümü, ifadəsində əksimi görmüşəm. Çünki içimdən gələni, içimdə yaşayanı qələmə alıb. Səmimiyyətlə, uğurla, sadəliklə…
Eyni acını yaşadığımızdan, eyni ağrını daşıdığımızdan, eyni çıxılmazlığı hiss etdiyimizdən həmən şairi bir köynək yaxın bilmirəm özümə. Əkizim bilmişəm. Elə bilmişəm həyatın eybəcərliyindən nəfəsi tıncıxan an nəfəsim tutulub, ürəyi sıxıldığını oxuduqda ürəyinin döyüntüsünün azadlığını hiss etmişəm. Çünki duyduqlarımın, yaşadıqlarımın və yazmaq istədiklərimin əksini. Surətini görmüşəm bu yaradıcılıqda. Əksər halda… birər-birər… Güzgüdəki kimi…
Dincə qoymaq istəyirəm
canımı hərdən.
Dincə qoymaq istəyirəm
abrımı,
insafımı,
vicdanımı hərdən.
nə var unudum yaxşı-yaxşı
nə pis olum, nə yaxşı.
Bəzən çaşmışam da. Hətta bəzən (bu məqamda bir-birimizi üzbəsurət görməsək də) elə bilmişəm məni yazıb, mənim haqqımda yazıb. Özümü özümə göstərmək və özümü özümə daha yaxşı tanıtmaq üçün qələmə alıb bu fikirləri. Çaşmışam, çevinmişəm, kədərlənmişəm.Çaşmışam ona görə ki, nadir hallarda - həttta gözəl şeirlər çox oxusam da, -ruh yaxınlığı tapa bildiyin şairlər olur. Xüsusilə də abırlı (Sözün ağırlığına görə məndən inciməsinlər). Sevinmişəm ona görə ki, həyatda belələri var. Kədərlənmişəm ona görə ki, azdılar, az… saflığı qorumaq, içində nə isə saf bir guşə saxlamaq, oranı çirkləndirməmək üçün çaba göstərmək, nəyəsə nail olmaq istəyində və bacarığında olanlar azdılar… Az…
Gör necə didibdir buy az gülünü,
Canında salamat bir yeri yoxmuş.
Tanımır, İlahi, içim çölümü,
İçimin çölümdən xəbəri yoxmuş.
Hətta bu dəhşəti duyub dilə gətirənlərdən daha artıq az. Hər halda, «içinin çölündən xəbəri olmadığını», zətta xəbəri olsa bəlkə də… nə bilim utanacağını, xəcalət çəkəcəyini, ya da əksinə, təsəlli tapacağını (bu məqamda fikir sonna yetrməyib) etiraf etmək gücünə sahib olanların azlığını mən bilirəm…
ZAMANINDA DEYİLƏN HƏQİQƏT
Yazar: cabbarlinergiz @ Oktyabr 9, 2008 13:25
Tarixin axarını ədəbiyyat doğru da əks etdirə bilər, yanlış da. Bu, yanaşmadan, ədəbiyyatı yaradanların həqiqətə münasibətindən və gerçək tarixi görmək, dərk etmək, yaratmaq bacarığından asılıdır. Yəni hər bir xalqın, millətin ədəbiyyatı onun gerçək və yanlış tarixinin güzgüsü rolunu oynayır. Tarix və ədəbiyyatı yaradan şəxsiyyət arasındakı münasibət isə o qədər ziddiyyətli, çoxşaxəlidir ki, onun araşdırılmasına illər və zəhmət tələb olunur. Təbii ki, burada ayrı-ayrı ədəbi şəxsiyyətlərin fərdi taleyi fonunda yanaşmanın da əhəmiyyəti böyükdür.
Çox ziddiyyətli mərhələlər keçmiş, təzadlı hadisələr yaşamış Azərbaycan ədəbiyyatı tarixində ədəbi şəxsiyyətlərlə tarix arasında qarşılıqlı təsir və əks təsir məsələsi ilə bağlı bir çox maraqlı faktlar mövcuddur. Onları araşdırıb nəzərdən keçirərkən hər dəfə bəlli olur ki, ədəbi şəxsiyyətlər tarixi yazmaqdan və qələmə almaqdan başqa, həm də onun yaradılmasında əhəmiyyətli rol oynayıblar. Gizli və aşkar mübarizələr, inqilablar, üsyanlar, çevrilişlər, repressiyalar, müharibələr, qanlı döyüşlər... Hər bir millətin tarixində təkrar-təkrar baş vermiş bu hadisələrin içində - həm də ön cərgədə duranlar sırasında şairlər, yazıçılar, qələm sahibləri olub. Milləti oyadan, dərk etməyə vadar edən və əksər hallarda mücadilənin qurbanına çevrilən fikir adamlarıdır onlar... Bizim tariximizin yaradılmasında, ayrı-ayrı dönəmlərdə millətin yatmış beyninin oyadılmasında Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid, Almas İldırım, Xəlil Rza Ulutürk... və daha nə qədər adlarını sadalaya biləcəyimiz şairlərin əməyi olub... Bəzən tarixi çəkişmələrdə onların oynadığı rol və apardığı mübarizə zaman-zaman məqsədli şəkildə tarixdən silinib də. Amma əvəzində yaddaşlarda yaşayıb. Qorxu ilə, gizlədilə-gizlədilə olsa da qorunub və nəhayət, Tarix Kitabında öz layiqli yerini tutub.
Zaman göstərir ki, sözlə mübarizə - fikirdə, düşüncədə inqilaba çağırış həmişə iki yolla aparılıb. Kimi aşkar çağırışı, kimi gizli və sətiraltı oyanışı üstün tutub. Amma hər iki halda risq və təhlükənin reallığı aydın idi.
Son dövr tariximizin dil, azadlıq, düşüncə müstəqilliyi kimi dərdlərini mübarizə şerinin bəzən gizli qatlarına, bəzən isə daha üzdə olan mənalarına hopduran Bəxtiyar Vahabzadə yaradıcılığı da bir vaxtlar eyni təhlükə ilə üz-üzə durub.
Azadlıq çağırışları “Azadlıq” meydanında eşidildiyi dövrdən çox-çox əvvəllər başlamışdı bu fəaliyyət və bu təhlükə... Həqiqətlərin deyilişi, torpaq və ikiyə bölünən xalq dərdinin üsyanı, özü əsir olub sərvəti talanan millətin etiraz səsi... və daha nələr... Əslində, həqiqətlərin yalan, yalanların isə həqiqət donu geyindiyi o dövrdə işlədilən hər cəsarətli ifadə, deyilən hər risqli fikir gözlənilməz və dəhşətli səslənirdi. Çünki o dövr sovet ideologiyasının inam və sədaqət izlərinin beyinlərdə yaşadığı, asanlıqla silinməsi mümkün olmadığı bir zaman idi...
«Gülüstan», «Yollar - oğullar», «Ağlar güləyən». «Mərziyyə», «Ana dili», «Dan yeri», «Anamın kitabı», «Riyakar» əsərləri anlaşılmaz bir qorxu ilə bərabər yeni tapılmış həqiqətin, illərlə hardasa basdırılmış, indi isə təsadüfən üzə çıxan reallığın sevincini, təəssüfünü və qeyri-müəyyən anlaşılmazlığını gətirirdi.
Nifrət də, sevgi də, qara da, ağ da
İşıq da, zülmət də göz içindədir...
Yaxşı da, yaman da, dost da, düşmən də
Sənin öz içində, öz içindədir...


