Reklam verin!

ELÇİN MİRZƏBƏYLİ:Saxtalaşdırılmamış səmimiyyət,Yaxud üç kitab - tək Söz

Yazar: cabbarlinergiz @ Avqust 2, 2008 9:27

...Hərdən, bəzən yorucu təsir bağışlayan gündəlik qəzetçilik, səni əhatə edən, daha doğrusu girovuna çevirən informasiya axınının içərisindən sıyrılıb bir anlığa özün olmaq, Tanrının bəxş etdiyi və təəssüf ki, müasir dünyamızda ilk baxışda bəsit görünən insani dəyərlərə, yaşantılara qayıtmaq istəyirsən. Ancaq nə edəsən, günümüzün reallıqları fərqli yaşam tərzi diqtə edir və sən bu total özgələşmənin axarında özünüqoruma instintinin təsiri altında müqavimət göstərmək və mövcud olmaq məcburiyyətində qalırsan. Bəlkə də bütün bunlar sadəcə, bəhanədir. Ola bilsin, elə bu an yaşadığım duyğuların başqa izahını tapa bilmirəm.

Elçin Mirzəbəyli



...Son günlər gündəlik qayğılardan, hər an yönünü və mahiyyətini dəyişən iqtisadi, siyasi, sosial və sadalamadığım saysız-hesabsız informasiya "yağmuru"ndan, dünyanın təbii harmoniyasını itirmiş temroritminin süni və ayrı-ayrı qütblərdən stimullaşdırılan hərəkət mexanizmindən qopub, fundamental yaradıcılıqla məşğul olan həmkarlarıma həsəd aparıram.
Masamın üzərində ənənəvi bir səliqə ilə gözümün içinə boylanan üç kitab var. Hər üç kitabın müəlliflərini xeyli müddətdir ki, tanıyıram. Hər birinin ayrı-ayrılıqda yaradıcılıq potensialına, düşüncə tərzinə yaxşı bələdəm. Lakin üç kitabı bu yazıda bir araya gətirən olduqca önəmli bir məqam var: Saxtalaşdırılmamış səmimiyyət. Mənə elə gəlir ki, müəlliflər bu kitablarda yer alan əsərləri birnəfəsə yazıblar. Bu və ya digər hadisəyə siyasi aspektdən, yaxud hansısa maraqlar çərçivəsindən yanaşmağa vaxt və istək olmayıb.
Söhbət Aqil Abbasın "Dolu", Yunus Oğuzun "Atilla" və Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı - 2" kitablarından gedir.
Bu kitabların arasında son zamanlar ən çox müzakirə olunanı Aqil Abbasın "Dolu" romanıdır. Bu barədə "Xalq Cəbhəsi" qəzetinin ötən saylarında Nərgiz Cabbarlının da olduqca dəyərli bir yazısı dərc olunmuşdu.
Bu yazıda məqsədim heç də həmkarlarımın kitablarını təhlil etmək deyil. Bu barədə düşünmürəm də. Sadəcə, hər üç kitabla elə ilk təmasdan doğmalaşdığım üçün laqeyid qala bilmədim.
Aqil Abbasın "Dolu" romanında mənim üçün önəmli olan ən vacib məqam bu günə kimi Qarabağ müharibəsilə bağlı Azərbaycan cəmiyyətinə təqdim olunan bütün streotiplərin darmadağın edilməsidir. Ancaq bu streotiplərin "qətlində" xüsusi məqsəd, hansısa özəl, yaxud himayə olunan maraq nəzərə çarpmır. Bütün rəmzi təqdimatlara, yazıçı istedadının sərgilənməsinə xidmət edən manevrlərə rəğmən "Dolu" əsərindəki obrazlar və ən önəmlisi hadisələr canlıdır, gerçəkdir, səmimidir. Bu romanda son illər qələmə alınan bir çox əsərlərdə açıq-aşkar görünən riyakarlığa rasğ gəlinmir, hadisələrin və faktların korrektə olunmasına, yaxud bağlamdan (kontekstdən-E.M) çıxarılmasına cəhd yoxdur. Aqil Abbas, sadəcə gördüklərini, düşüncəsinin, istedadının süzgəcindən keçirdiklərini, məhz özünün həqiqət hesab etdiyini yazıb. Mənim üçün ədəbi dəyərləndirmə amillərindən biri və bəlkə də birincisi yazıçı subyektivizmidir. Bu baxımdan, "Dolu" olduqca dəyərli və Azərbaycan ədəbiyyatında son dövrlərdə ənənə halını almış saxta təqdimatlara meydan oxuyan, gerçəkçi əsərdir.

...Romana doğru

Yunus Oğuzun "Atilla" pyesi tarixi dram janrında və klassik üslubda yazılıb. Dramaturiji baxımdan mürəkkəb əsərdir. Personajların sayının çoxluğu, hadisələrin bir-birini olduqca sərt keçidlərlə əvəz etməsinə baxmayaraq, müəllif Atilla obrazı barədə oxucuda yetkin fikir yarada bilir.
Pyesin gələcək səhnə həlli barədə öncədən hər hansı bir mülahizə yürütmək çox çətindir (Vaxtilə "Nadir şah" kimi monumental bir əsərə quruluş versəm də, heç bir halda belə bir yükün altına girmək istəməzdim). "Atilla"nın məhz səhnə üçün nəzərdə tutulan dramaturiji materiala çevrilməsi üçün bir neçə mərhələdən keçməsinə, əməli təhlil, yaxud praktik həll müstəvisində cilalanmasına ehtiyac var. Təbii ki, mənim nə qədər haqlı olub-olmadığımı zaman və əsərin səhnə təcəssümü göstərəcək.
Uzun illər boyu Azərbaycan teatrının keçirdiyi dərin böhran heç şübhəsiz ki, dramaturgiya janrında yazılan əsərlərin yaranmasına da neqativ təsir göstərib. Söhbət şou xarakterli, ucuz və bayağı cızmaqaralardan, öz yaradıcı varlığını digər janrlarda təsdiqləməyi bacarmayan və məhz buna görə də teatr vasitəsilə uğur və şöhrət qazanmağa can atanlardan getmir. Mən ciddi və samballı dramaturgiyanı nəzərdə tuturam. Bu baxımdan, Yunus Oğuzun məhz dramaturgiya janrına müraciət etməsi, həm də kütlə psixologiyasına ünvanlanmayan, ortaq türk tarixinin, milli dəyərlərimizin təbliğinə, qan yaddaşımızın, milli kimliymizin qorunub saxlanılmasına xidmət edən bir əsərlə çıxış etməsi yalnız və yalnız təqdir olunmalıdır.
Atilla obrazına müraciət istər ədəbiyyat, istərsə də kino tarixində yeni hadisə deyil. Ancaq bu günə qədər tanış olduğumuz ekran əsərlərində və ədəbiyyat nümunələrində rast gəldiyimiz Atilla ilə Yunus Oğuzun qəhrəmanı arasında kifayət qədər böyük fərq var. Yunus Oğuzun Atillası sadəcə Roma və Bizans imperiyalarını diz çökdürən, romantik-sentemental boyalarla bəzədilmiş simvolik qəhrəman deyil, gerçək və tarixi mövcudluğunu hər sətirdə sübuta yetirən türk sərkərdəsidir.
Əsərin gələcək taleyini müəyyənləşdirmək şübhəsiz ki, müəllifin müstəsna və toxunulmaz hüququdur. Yalnız bir məqamı qeyd etmək istəyirəm: "Atilla" hətta dramaturgiyadan peşəkar səviyyədə anlayışı olmayan sıravi oxucunu da romana doğru çəkir...

"Könül tənqidçisi"

Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı-2" kitabında təqdim olunan yazıların müəyyən bir hissəsilə mətbuatdan tanışam. Nərgiz, mənim qənaətimə görə, hər hansı bir əsər haqqında yeni əsər yazan tənqidçidir. Onun yazılarına, sadəcə tənqidi məqalələr toplusu kimi yanaşmaq ən azı insafsızlıqdır. Nərgiz Cabbarlı əsərinə müraciət etdiyi istənilən yazarın sözlərini, fikirlərini, tapıntılarını sadəcə təhlil etmir, onun konkret misra, yaxud sətirdə əks olunmuş duyğularını, yaşantılarını mükkəmməl bir ustalıqla oxucuya yenidən təqdim etməyi bacarır:
"Mən - təşnəsiyəm ayrılıqların" yazan bu şairin dərdlərdən və sevgidən yoğrulmuş poeziyasında uğurlu hər misra (məsələn, elə "tənha olacaqsan son ümid kimi") dərdin və əzabın böyüklüyünə aparan yol da ola bilər, insanın özü ilə təkbətək qaldığı və yalnız özünə etiraf edə bildiyi hisslərin ifadəçisi də. Hətta son ümidini həyatla, reallıqla bağlaya-bağlaya bilən son telə - tənhalığa qədər gedib çıxan insan faciəsinin şahidi də... Maraqlıdır ki, bu şair öz ruhunu yaza-yaza, ağ vərəqlərə köçürə-köçürə nə qədər romantik olduğunun, öz xəyal dünyasında reallıqdan nə qədər qaçmaq istədiyinin fərqində deyil".
Başqa bir nümunə:
"Hardasa lap uzaqlardan - uşaqlıqdan, özü də hələ də "budaqdan asılıb qəhqəhələrlə yellənən uşaqlıqdan" yol alan arzular yaşadır bu adam. İçində yaşadır... dilində yaşadır... Özü də bəzilərinin gerçəkləşməyəcəyi şübhəsi ilə qonşuluqda yaşadır - bilə-bilə... "Türkçülük", "millətçilik" deyə-deyə türk və millət olmağa çağıra-çağıra yaşadır... Yada sala-sala yaşadır... Amma xatırlanmaqla millət olmaz ki... Yada salmaqla türk olunmadığı kimi... Bilirmi? Əlbət ki, bilir. Elə bu da portretin bir cizgisi... Əqlin dediyi ilə ürəyin istəyi arasındakı uçurumu görsə belə, üstündən adlamaq istəyən şair ürəyi... mən belə duydum. Siz necə?".
...Mükəmməldir! Statik və pafoslu cümlələrlə, kimisə dalamaq naminə, yaxud ədəbi mövcudluğunu başqalarının ağrısı üzərində sübuta yetirmək naminə bütün aqressiyanı onsuz da zamanın qayğılarının basqısı altında diz çökmüş yazarın üzərinə yükləməyə nə var ki? Bu baxımdan, Nərgiz Cabbarlınının ədəbi tənqidini, daha dəqiq desək, yaradıcılığını müqayisə predmetinə çevirmək mümkün deyil. Mənə görə, başqalarının duyğularını, yaşantılarını Nərgiz kimi zərgər dəqiqliyi ilə ifadə etmək üçün daha böyük ürək və istedad sahibi olmaq lazımdır.
P.S. Hər üç həmkarımı təbrik edirəm. Ürəkdən... və zənnimcə buna dəyər!          Cümhuriyyət günü
Sabah Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 90 ili tamam olur. Tarixçi-professor Fəzail İbrahimli deyir ki, 28 may Azərbaycan xalqının istiqlala, azadlığa qovuşduğu bir gündür. Onun sözlərinə görə, tariximizin çoxlu şanlı səhifələri olub, 28 may bunların içərisində özünəməxus yer tutur. Millətin özünə qayıdışı, öz haqqını tanıması, millətin digər millətlər içərisində azad yaşamaq haqqının bərpası günüdür. Bunun qısa adı isə Azərbaycan xalqının işğaldan, boyunduruqdan azad olduğu gündür. Professor bildirdi ki, bu, böyük bir tarixi yol olub. İstiqlal tamam başqa bir dövlətin ərazisində, Gürcüstanın paytaxtı Tiflisdə elan edilib. Bu, heç bir xalqa, dövlətə xas olmayan bir olaydır. Dünyanın başqa xalqları öz istiqlallarına qovuşan gün ayağa qalxır, mübarizə aparır, paytaxtı alır. Ancaq bizim xalqımıza kənarda istiqlalı elan etmək qisməti düşüb.
Bu, onunla bağlı idi ki, milli istiqlaliyyətimizi elan etdiyimiz şəhərdə-Bakıda Azərbaycan xalqına zidd qüvvələr, xalqımızın ideologiyasına, mənəviyyatına zidd mənəviyyat, əxlaq hökm sürüb. Ona görə istiqlala gedən yol ağrılı olub.




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha