QADINI İBLİSƏ BƏNZƏDƏN ŞAİR
Yazar: cabbarlinergiz @ İyul 3, 2008 12:59
Bu şairin misralarında öz siması görünür. Məncə, bu həqiqəti təkrarlamağa ehtiyac yoxdur. Söhbət Rüstəm Behrudidən gedir. Onun adı çəkiləndə «Salam, dar ağacı», «İblis mələkdən gözəldir» kimi şamançılıqla, Tanrıya etirazla bağlı şerləri yada düşür. Lakin başqalarından fərqli olaraq, bu şairin yaradıcılığı haqqında ümumi fikrə gəlmək çətindir. Məsələn, onun şerlərinin ölüm, Cənnət-Cəhənnəm, İblis-Mələk davasından bəhs etdiyini demək olar. Amma bu fikrin bütün yaradıcılıqdakı sabitliyindən və münasibətin davamlılığından danışmaq mümkün deyil. Çünki onun yaradıcılığı boyu etirazların dalğası dəyişib - gah qalxıb, gah enib... Bir misalla izah edək. Yaradıcılığının ilk dövrlərində Tanrıya etiraz edən, onun yoxluğu iddiasında olan şair bir müddət sonra özünü Tanrı sayır.Amma bu münasibət də davamlı olmur. Çünki Tanrılıq idiasından sonra Tanrıya asi olan şairin peşmanlıq duyğusu gəlir...
Ümumiyyətlə, türkçülüyün, bəzən Tanrı məhəbbətinin, bəzən isə Tanrıya etirazın simvoluna çevrilən bu şairin yaradıcılığından danışanlar bircə məhəbbətin adını çəkməzlər... Eynilə özü kimi...
Amma mən hazırda onun haqqında yazdığım məqalənin bir hissəsini - məhəbbətə olan paradoksal münasibətlə bağlı hissəsini təqdim etmək istəyirəm. Çünki obyektlərə, bəşəri mövzulara olan münasibət dəyişkənliyi və paradoksallıq onun məhəbbətində və məhəbbətə münasibətində də var.
Əvvəlcə xatırladım ki, bu şair də bir çoxları kimi «mən məhəbbət şairi deyiləm» deyir və müsahibələrində bunu israrla təkrar edir.
Mma onun məhəbbət şerləri tamamilə fərqli həqiqətdən danışır (xüsusilə nəzərə alsaq ki, o, bir çoxlarının yaddaşında məhz sevgi şerləri ilə qalıb).
Diqqət yetirin. İlk yaradıcılığında «Tanrımı apardı, özünmü getdin», «Tanrımı gətirdi, özünmü gəldin», «Nə sən mənimkisən, nə mən səninki» kimi şerləri çox tanınır və çox sevilirdi.
Tale ulduzudu o yanıb-sönən,
Yanan səninkidi, sönən mənimki.
Səni taleyimə yazan yazmadı,
Nə sən mənimkisən, nə mən səninki.
Dərdimdən rəng alar hər yaz çiçəklər,
Bu sirdi, heç kimə açmaz mələklər,
Kənardan baxanlar bilməyəcəklər,
Nə sən mənimkisən, nə mən səninki.
Sonsuzluq yaşadar, gülüm, bir an da,
Bu məkan, bu zaman sığışır anda,
Günahkar bir ruhuq biz iki canda,
Nə sən mənimkisən, nə mən səninki.
Özəl ayrılığa qarşı dayanmaq,
Bir bitməz, tükənməz alova yanmaq,
Mən sənə özündən yaxınam, ancaq,
Nə sən mənimkisən, nə mən səninki.
...Qaçdım tövbəsindən daha günahın,
Əriməz odunda ayrılıq ahın,
Çatmaz qovuşdura gücü allahın,
Nə sən mənimkisən, nə mən səninki.
Ruhunu yaşatdım ruhumda, bilsən,
Bilsən, başdaşımı bir gün döyərsən,
Hönkürüb, hönkürüb özün deyərsən,
Nə sən mənimkisən, nə mən səninki...
Əslində, başqa şerlərindən və ümumi yaradıcılığındakı vahid xəttdən kənara çıxan və çox sadə görünən bu cür məhəbbət şerlərində ilk diqqəti çəkən səmimilik və sadəlikdir. Nə fikrin alt qatının təqdimatı var, nə qəlizlik, nə fəlsəfi fikrin ifadəsinə meyl...
Sadəcə, hisslərin, duyğuların etirafı... Və... Və əsas məsələ, hisslərdəki təmizlik, saflıq. Biz yaradıcılıq boyu məhz bu məqamın - sevgiyə və hissə münasibətin dəyişikliyindən danışacağıq... Və eyni zamanda, bu dəyişikliyin enmə zolağından...
İlk bahar rüzgarı əsdi,
Mən dəli, havalar dəli.
Səni görməyəli min ildi,
Min ildi səni görməyəli.
Səndən qaçıb sənə getdim,
Səndən «Sənin», bil, ucadı.
Ruhunda nə var, bilmirəm,
Əllərin, gözlərin necədi?
Necədi 24 yaşın?
Tövbəndə xaliq necədi?
Öldü məndə əsirliyin,
Gördün, azadlıq necədi?
İndi başına küləksən,
Sənə duman, bulud nədi?
Yazıq, bir şairə yazıq,
Buludun ola bilmədi.
Hiss edirsinizmi? Əlçatmazlıqdan, təmizlikdən - reallığa eniş yolu. Bir də reallıqda olduğu kimi, sadəlikdən alt qata keçmə marağı. Yəni münasibətin təsvirindəki təmizlik və ülvilik reallığa, sadəlik isə əksinə, qəlizliklə əvəz edilir... «Yanında oxusam, yetişməz səsim», «Mən səni çağırsam, cavab öz səsim» , «Sözbəsöz yolunda yansam, bəsdimi?»
Bu necə ömürdü, bu necə tale,
Mən səni çağırsam, cavab öz səsim.
Tanrı tək o qədər uzaqdasan ki,
Yanında oxusam, yetişməz səsim...
Mən səni unutsam, bu da taledi,
Günəşi unudar doğan dan belə...
Çiynimdə gül olan mələklər bilir
Sən mənə yaxınsan Tanrıdan belə.
Təkcə sən bilirsən, söylə, bu nəğməm
Qiyamət günündən gələn səsdimi?
Bir şam da tapmadım adına yansın,
Sözbəsöz yolunda yansam bəsdimi?
İndi «Dərdimi, sevdiyim qız, söyləsəm, sona gəlməz» deyən bir şair üçün əvvəllər qadın - qadın Tanrıdan belə yaxın ola bilib. Amma sonra...
Durub günah, günah dedin,
Bu da bir cür bəhanədi.
Sən bəndəsən, nə bilirsən
Tanrı bilir günah nədir.
Bu qış da heç qış olmadı,
Qar yağmadı qar üstünə.
Çıxıb gedirsən, nə deyim,
Ayrılıqların üstünə.
Fikir verin, daha gedişlərin faciəsi, hisslərin itirilmək qorxusu yox - hərəkətlərə, gunahlara haqq qazandırmaq istəyi var. Daha doğrusu, bu da reallıqdır. Gözdən düşən məhəbbətin və ülviliyini itirən insanda foromalaşdırdığı real münasibət...
Bu ayrılıq dərd deyil ki,
Uduzduq, udan ayrıdı.
Dərd odur səndən ayrılan
Ruhum Tanrıdan ayrıdır.
Bu ayrılığı dərd saymamaq təkcə, «Dərd odur səndən ayrılan ruhum tanrıdan ayrıdır» deyil... Əlbəttə, bu həqiqət də var - amma əsl səbəb - reallığa alışma və münasibətin dəyişməsidir...
Ölümə, sevgiyə dair,
Ruhum, nə yazırsansa, yaz.
Ölüm sevgiyə, sevgi də
Ölümə oxşayır bir az.
...Yazacam, heç olmasa
Ölən yarpaqlar sevinsin.
Biz sevinə bilmədik, gedək
Qoy ayrılıqlar sevinsin.
Bu münasibət soyuqluğu və reallığı digər şerlərdə də davam etdirilir. Xüsusilə də «sevgi» adlandırılan münasibətin mənasızlıq çalarında:
Biz bir yerdə yalqızıq,
Yıx təkliyi, yıxıb get.
Təkliyində gözəlsən,
Təkliyinə çıxıb get.
Təkliyinə get, adım
Yalquzaq olsun dedim.
Gördün, getdin, ölmədim,
Ölsəm, yenə çıxıb get.
«Getdin, ölmədim» soyuqluğu sonrakı bəndlərdə daha kəskinləşir. Xüsusilə də «Tənhalıq gələcəkdi» reallığının soyuqqanlı etirafında.
Mən necə təzdən durum
Ya uçurum, ya qurum,
Aramızda uçurum,
Uçurumlara baxıb get.
«Get» çözündə yağış, qar,
Pıçıltılar, dualar,
Göz yaşları, tövbə var,
Tövbələri yıxıb get.
Kim tənhadı, kim təkdi,
Cəhənnəmdə mələkdi,
Tənhalıq - gələcəkdi,
Gələcəyə çıxıb get.
Ümumiyyətlə, reallığın etirafı onun yaradıcılığında hər zaman duyulub. Bu şairin mənim əhəmiyyətli saydığım xüsusiyyəti (hərçənd ki, bunu mənfi qiymətləndirənlər də var) - dərk olunan həqiqətin məqamında etirafıdır. Bir də onun nə zamansa həqiqət saydığının yanlış olduğunu etiraf etməkdən çəkinməməsi. .. Eyni zamanda o da maraqlıdır ki, görəsən, sevgi haqqında, hissləri haqqında yazdığı bu münasibət dəyişikliyini özü duyubmu?
Sən öz taleyinlə barışdın daha,
Nə qədər tövbəni öldürdün onda.
Üzümə qapını çırp, çıxıb gedim,
Sən də qal ilahi tənhalığında.
Sən öz taleyinlə barışdın daha,
Bildin, tənhalıqdı bu ömmrün adı.
Bu gündən çiynində haqq-hesab çəkən
Gözəl mələklərin işi qalmadı.
...Bir ləçək bənövşə deyil ki, tale,
Arayıb tapmayım... Məni bağışla.
Nə vaxtsa mən gəlib sənə sığınsam,
Tövbə qarışmamış bir yalvarışla.
Daha bir maraqlı məqama toxunmaq istərdim. Rüstəm Behrudi İblisdən yazır. Buna görə onu ittiham edənlər, qınayanlar var. Amma toxunmaq istədiyim məsələ bu deyil. .. Demək istədiyim onun qəribə bir məntiqlə Qadını İblislə müqayisə etməsidir. «Qadın ağıllı məxluqdur. Allahdan sonra üz tutulacaq ikinci sığınacaq yeridir» deyən şair həm də «Qadında İblisdən nəsə var» deyir...
Amma İblis (özü demişkən, İblis də bir mələkdir) adlandıran qadıe həm də onun sevgi şerlərinin ünvanı və mənbəyidir... Onu da qeyd edim ki, «Sevgi gələndə özü gəlir. Ona can atmaq lazım deyil. Can atmaqla sevgi yaratmaq mümkün deyil. O gəlməlidir. Canatma əslində, blis istəyidi» düşünən bu şairin bu bənzətməsi də son dövrlərdə gəldiyi nəticədir:
(Limandakı o tənha gəmi kimiyəm,
Səndən qaçıb tənhalığa sığındım.
Getsəm də ayrılıqdır, qalsam da).
Getsəm ayrılıqdır, qalsam qəm, kədər,
Dilim sözə yatmır, əlim qələmə.
Mən dünən özümü öldürdüm daha,
Üstümdə hönkürüb fikir eləmə.
...Bilirəm, yoxluğum ağrıdır səni,
Bəlkə varlığım da ömrünə yükdür?
Getməyə yerim yox, qalmağa yurdum,
Yalandır kim deyir dünya böyükdür?!
Bəlkə elə bu məntiqi nəticənin ucbatından məhəbbətindən bəhs edən şerlərində reallığa bu qədər acılıq qatıb?
Amma bununla belə bu şairin yazdığı məhəbbət şerlərinin çoxunda olan səmimiyyət daha maraqlıdır və mən o şerlərdə məhəbbətin dayandığı əvvəlki mərtəbənin axtarışındayam...
Milyon ildir torpaq göyə boylanır,
Çiçəklər günəşə
Milyon ildir pərvanələr oda yanır,
Aşiqlər atəşə.
Mən ayrılıqlara yandım.
Yaratdığına allah deyib
Endi ucalıqdan insan,
Mən sənə endim.
...Balıqlar dənizsi,
Dənizlər yosunsuz,
Günahkar bəndələr tövbəsiz, dinsiz,
Yaşaya bilməz.
Mən sənsiz...
Günahlı, günahsız
Bu dünya, aləm,
Qiyamət gününü gözləyər,
Bu haqq...
Yer göyə qovuşar,
Qiyamət günü
Mən sənə qovuşa bilmərəm ancaq...
Qadını İblisə bənzədən şair
Bu şairin misralarında öz siması görünür. Məncə, bu həqiqəti təkrarlamağa ehtiyac yoxdur. Söhbət Rüstəm Behrudidən gedir. Onun Adı çəkiləndə «Salam, Dar ağacı», «İblis mələkdən gözəldir» kimi şamançılıqla, Tanrıya etirazla bağlı şeirləri yada düşür. Lakin başqalarından fərqli olaraq,
Unudacaqlar bizi
Dünyanın ən böyük sevgiləri belə sabun köpüyü kimdir. Nə zamansa yaranır, yaşanır, bitir, yoxa çıxır. Bitmiş sevgi ilə insanı bağlayan yalnız xatirələrdir. Amma yaşanmış günah və suçluluq dərəcəsindən asılı olaraq, kimdəsə bu xatirələrə vicdan acısı, kimdəsə xoş duyğular, kimdəsə təəssüf, kədər, ağrı, kimdəsə nifrət və ikrahın dadı əlavə olunur.
Bütün yaşanmış sevgiləri bir-birinə bağlayan daha bir xüsusiyyət var - romantika. O romantika ki, sevginin bitdiyi, yox olduğu gündə öz təmizliyi ilə birlikdə canını Tanrıya - (həm də sahibinə) tapşırır.
Bax, o romantikanın qoynunda olanların çoxunun yolu Onun şeirlərindən keçir - Sevgi şeirlərindən. O şeirlərdən ki, misraları böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün yaşanmış sevgilərə şahidlik edib. Hətta gələcəkdə sabun köpüyünə dönən sevgilərə belə…
***
«Bəziləri pafos xətrinə «onun şerilərində fəlsəfə var» deyir. Amma mən belə deməzdim. Onun şeirlərində hər şeydən əvəl həyat, gerçəklik və «mən» var. Hər bir kəs - hisslərini, duyğularını anlayan, dərk edən hər bir kəs o şeirlərdə öz «mən»ini görə bilər. O «mən» bizim ilk toxunuşdan tanıdığımız, xüsusilə də sadəliyinə, boyasızlığına, boyasız təqdimatına görə tanıdığımız «mən»imizdir. O həm də burulğanlar, qarışıqlıqlar içərisində tanınmaz vəziyyətə düşən «mən»imizdir bizim».
Bu, hələ 1997-ci ildə, mətbuata yeni gəldiyim vaxtlarda müsahibə götürdüyüm ilk şairin yaradıcılığı haqqında yazdıqlarım idi. Üzərindən illər keçsə də, həmin şeirlərlə bağlı təəssüratım qətiyyən dəyişməyib. Çünki başqalarının «sevgi şairi» adlandırdığı bu şairin yaradıcılığı yaşanan sevgilərə şahidlikdən başqa bir şey deyil.
Ən qəribəsi və maraqlısı isə odur ki, keçilmiş yolun hər addımı, hər dəqiqəsi, hər annı dondurulub bu şeirlərdə…
Bəlkə xatırladım…
Əvvəlcə - yolun lap başlanğıcında «Göyülərdə doğulan məhəbbətləri, Yerlərdə öldürmək insafdan deyil» etirafı gəlir… Sonra çiçəklərin nəğməsi… Daha doğrusu, əllərdə donan çiçəklərlə edilən
«O gözələ verəcəkdim səni mən
Əllərində görəcəkdim səni mən,
Saçlarına hörəcəkdim səni mən,
Sən solduqca batmırammı yasa mən,
Bəlkə gəldi, hələ solma, yasəmən» - məhrəmanə bir söhbət…
O söhbət çox çiçəklə edilə bilər… O nərgiz də ola bilər, qərənfil də… Fərqi yoxdur… Əsas məsələ söhbətin məğzində, səmimiyyətindədir…
Daha sonra hər kiçicik incikliyin, hər kiçicik umu-küsünün misralara dönən tarixçəsi gəlir.
«Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini unudacağam,
Sonra səni,
Barmaqlarımın yaddaşından
Siləcəyəm saçlarının yumşaqlığını…
Qovacağam yaddaşımdan
xırmandan sərçə qovan kimi
sarıdimdik xatirələri.
Qərəzli arzulartək
ürəyimdə bş qoyacağam yerini…»
Bu, təkcə sevilənə deyil, həm də dünyaya, taleyə, o cümlədən də özünə yönəltdiyi etirazdır. Amma hər şey bununla bitmir. Çünki etirazın ardınca dünyaya ünvanlanmış «Alın bu kədərin əlindən məni».. müraciəti gəlir…
Bütün ayrılıqlar olmasa da, bütün küsülüklər barışıqla nəticələnir… «Əllərin nə yaman soyuqdur, gülüm, Əllərin elə bil qar çiçəyidir»…
Bilirəm, «bu şairin yaradıcılığını sevgi ilə mühdudlaşdırma» deyənlər də tapılacaq. … Amma segi daha üzdədir… Hətta uşaqlığın dönməyəcək xatirələrinin təsvirində də («Bənövşə bəndə düşdü - Mənimlə var olan qız özgə kəməndə düşdü»). «Bir vardı, biri yox» nağılının yeni formalı hekayətində də…
«Olan olub, keçən keçib bəlkə də,
İndii daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox».
Bu yaşanmış acıya da bir sevgi çilənib… Yazılmış qismətə, qaçılmayacaq taleyə acı qarışıq sevgi… Sonra isə ayrılıq başlayır…
«Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini.
Quzum, hər görüşün son ucu vida,
Görürdüm bu günü
Səninlə görüşün birinci günü» -
Ağrısı başlanır. Şeir yaşantıdır, şeir duyğulardır… İçində acısı da ola bilər, şirin idə, gerçəyi də ola bilər, yalanı da… Amma bütün böyük sevgilərin sonu ayrılıqla bitdiyindən, etiraflarla bərabər, kəskin etirazlar da eşidilir. Bəzən «Getmək istəyirsən, bəhanəsiz get, oyatma mürgülü xatirələri» ittihamı da səslənir, «Saxta məhəbbətin saxta sənədtək Nə vaxtsa üstündə tutulacaqdır» - ittihamı da… Hətta sevgidə olmadığı deyilən «yuxarıdan aşağı bir baxış»ın hənirtisi də gəlir:
«Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə»…
Amma bununla belə, hərdənbir, lap hərdənbir «Silibsənmi görəsən. Adımı dodağından? Heykələ dönürsənmi pəncərə qabağında?» gümanları boy verir bu ittihamların,qınamaların, suçlamaların arasından… İttiham ittihamdır, hətta Ən böyük günah sahiblərinin belə, vicdan acısına düçar olması, peşimanlıq keçirməsi, nədəsə yanıldığını dərk etməsi mümkündür! Necə ki, «hər şey nə zamansa yaxşı olacaq!» gümanından əl çəkə bilmirsən. Hər halda, qaçılmaz bir gümandır…
Bütün günahların ardınca həqiqətlər başlanır..
«Mən sənə bir dəfə aldandım, gülüm, Məktublar ömürlük aldanıbdılar» acısı kimi… Əvvəlcə:
«Sən yolunu dəyişdirdin bir səhər,
Mənim yolum sənin yolun deyil ki.
Bu hicrana dözəcəyəm birtəhər,
Dözəcəyəm, hicran ölüm deyil ki…»
həqiqəti gəlir.
Sonra isə:
«Mənə nə desələr, indii yeri var,
Hər baxış qəlbimə sancılan oxdur.
Hər düşən axşamın bir səhəri var,
Bizim gecəmizin səhəri yoxdur» -
həqiqətinin dərki…. «Bizim gecəmizin səhəri yoxdur»…
Əlbəttə, onun həyatında bu cür sevgilər çox yaşana bilər… Necə ki, yaşandı da… Amma bütün yollar bir-birinə oxşadığı kimi, bütün sevgilər də bir-birinə bənzəyir… və yaşadığın ömrün uzun, ya qısa olmasından asılı olmayaraq, bu şairin duyduğu bütün sevgilər (həm də sevgi şeirləri) bir-birinə bənzəyir. Hər halda, bir qəlbin etirafı olduğundan…
Görüş, səadət, ayrılıq… bu, Onun şeirlərinin formulu idi…
Hə, bir şeyi unutmayaq… Xəyal qırıqlığının yaşatdığı dəhşətli çıxıntıların içində boy verən «sən demə, təzədən sevmək olarmış» inamını.
«Kiməsə etdiyin yaxşılıq kimi Məhəbbət qarşına çıxacaq sənin» - deyə ümid edir, kiməsə edilən yaxşılıqların məhəbbət donu geyinib bir gün səni də çəkdiyin əzablara görə mükafatlandıracağını düşünürsən:
«Sən demə, təzədən sevmək olarmış,
Tale də dəzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş…
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan
Sən demə, hər zaman sevmək olarmış».
Bax, beləcə, sevgilər başlanır, yaşanır, sönür. .. eynilə bu yaradıcılıqda olduğu kimi… Əlbəttə, ünvanı xatirə dəftərləri olan bu misraların arasında başqa etiraflar da var.
«Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payını
Yarısın özgəyə verib gəlirəm» - kimi…
«bəzən eləsinə dəyişmişəm ki,
Bərkə dırnağına dəyməzdi sənin» - kimi…
O, bu etiraflardan - «təmiz» dediyi məhəbbətlərinə kölgə salacaq etiraflardan da xali deyil. Bax, həmin o müsahibədə bəlkə də qadınının acığını (bəlkə də bütün qadınsevərlərə ünvanlanmış acığı) azaltmaq üçün dolayı yolla ona «Don Cuan» da demişdim. Gülmüşdü… Amma etiraflar etiraflığında qalırdı:
«Bilmirəm mələksən, allahsan, nəsən
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm axı»…
Dünyanın bütün sevgilərinin, hətta böyük sevgilərinin keçdiyi yolu cızdıq sizin üçün… daha doğrusu, onun yaradıcılığındakı yolu… O, başqa şeylərdən də yazıb… Hətta qarabağ dərdi haqqında poema da işləyib. Amma heç bir başqa mövzulu şeirlər onun «sevgi şairi» imicini dağıda bilməyəcək. Necə ki bu sevgi şeirlərinin yaşanmış sevgilərə şahidliyini, həmdəmliyini poza bilməz…
İndi onun haqqında keçmişdə danışılır. Bundan sonra da belə olacaq. Çünki bu kitablar da, yaşanmış ömür də artıq yekunlaşıb və bir daha təkrar olunmayacaq Tarixə çevrildi. Mən də keçmişi xatırladım. Həmin müsahibədəki «Mən yazmıram ki, ürəkdən yük atıram» etirafını, «Gənclik dövründə olan səmimiyyətimi, məncə, itirməmişəm. Heç bir zaman oxucuya özümü tərbiyəli adam kimi təqdim etməyə, oxucunun görmək istədiyi kimi görünməyə çalışmamışam» etirafını. Bir də «Əbədi sevgi yoxdur» deyə iddia etdikdə aldığım «Məhəbbətin hər biri əbədidir, o, Ən azı xatirələrdə yaşayırsa, əgər onun bir görüşü, bir sözu sənin yadında qalırsa, bunun özü əbədiyyətdir. Xatirələrdə yaşayan əbədiyyət» cavabını. Bir də öldürdüyü məhəbbətlər haqqında danışığını…
Amma Ən çox xatırladığım «Unudacaqlar bizi. Bal çəkdiyi çiçəyi arı unudan kimi» misrası idi. Daha doğrusu, mənim xatırladım misra: «Mənim üçün ən böyük dərd olardı bu» deməsi…
Bütün şairlər oxunmuş kitablara bənzəyirlər… Nə zamansa bitirəcəksən… Kitab bağlandı, yalnız təəssürat qalır. O təəssüratın da ömür boyu yaşayacağına güman yoxdur.
Amma bir həqiqət də var - bütün şairlərin yaddaqalan misraları olmur. Yazdığı kitablara baxmayaraq, bir misrası belə yaddaşlara köçməyən, bir misrası belə yaşanmış sevgilərə şahidlik etməyən nə qədər şair var Yer üzündə. Şahid durmağı bacarmayan misra müəllifləri…
Amma o yaşadığımız sevgilərə misraları ilə şahidlik etməyi bacarmış - əlkə də özündən xəbərsiz baarmış bir şair idi… Yaşadı və getdi… Bundan sonra da haqqında nə yazırsan, yaz… Onun üçün nə fərqi?!
- Nüsrət Kəsəmənli!!!
Fikrət Qocanın misraları
Düzünü deyim ki, əlamətdar günlərdə (yaşın artdığının nə qədər əlamətdar olduğunu söyləməkdə tərəddüd edirəm) hansısa şair, söz Adamı haqda yazı yazmaq ənənəsindən acığım gəlir. Çünki o dəqiqə (beynimin hansısa bir nöqtəsində ilişib qalmış bu təəssüratı yəqin ki, hələ uzun müddət qoparıb ata bilməyəcəyəm) gözümün önünə vəzifə adamları, şairlər, deputatlar və s.lər haqqında yubiley dönəmlərində yazı yazmağa bəhanə gəzən növbətçi curnalistlər və ədəbiyyatşünaslar gəlir… Bir də tərif - vulqarcasına tərif dolu yazılar, səmimiyyətdən uzaq məqalələr…
Haqqında danışdığım növbətçi curnalist kimi g.rünmək isə məni həmişə qorudub. Çünki içimdə bu istək yoxdur. Və olmaya-olmaya görüntüdə əks təəssüratın yaranmasını heç kəs arzulamaz.
Amma bəzən doğum günləri də insanlar - şairlər, yazıçılar haqqında söz demək üçün bir bəhanə olur. İçində, beynində yaşatdığın təəssüratı, yaşantını, hissi dilə gətirmək, nələrisə söyləmək üçün bəhanə…
…və düzünü desəm, «Fikrət Qocanın ad günüdür, bir şey yaz» təklifi Aqil Abbasdan gəldi. Xoşlamadığım bir təklif. Fikrət Qoca ilə bağlı olduğu üçün yox. Sadəcə, ideya özü içimdə yaranmırsa, və kənardan gəlirsə, ruhumda qəribə bir əks-reaksiya ilə üz-üzə durur. Bu da mənim qəribəliyim.
Amma… «Fikrət Qocanın doğum günü haqqında nəsə yazmaq» təklimfi «Fikrət Qoca haqqında nə düşünürsən və şeirlərini xatırladıqca nə duyursan» suallarına yol Verdi. Bu suallar isə hardsa uyuyan, və ruhuma yaxın olan misraları oyatdı, hansısa fikirləri xatırlatdı… O misraları kt yaşadıqca müəllifini yaşatmaq missiyasını daşıyır…
Ürək dolub bulud kimi,
Bu, bir köhnə bayatıdır.
Ağlamağa Ən xəlvət yer
Leysan yağışın altıdır…
..Buludlar gedir dənizə,
Hər damlası bir sözüdür.
Buludların ağlamağa
Xəlvət yeri dənizidir…
«Leysan yağışın altında ağlamaq» istəyini qüruru göz yaşına imkan verməyən, mərdliyini və sınmazlığını itirməkdən qorxan bütün insanlar kimi içimdə gəzdirdiyimdən xatırlayıram bu şeiri… Ümumiyyətlə, şeir o vaxt oxucu ürəyində özünə yer tapır ki, onun hissləri, düşüncələr ilə üst-üstə düşür. Və bunun üçün əsl şeirin nə olduğunu bilən, müəlliflər arasında ayrıseçkilik etmədən yalnız şeiri dərk və qəbul etməyə bacaran oxucu qəlbi gərəkdir…
Çünki şair qədər hissi və şair qədər duyğusu olan oxucunun bəlkə də ondan daha artıq yaşatdığı tənhalıq var içində…
Adamların içində rəngi qaçıb - \
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil heç kəsin
Özünün sözü-söhbəti yoxdu.
Sifəti yoxdu
Şəffaf şüşə qab kimidi.
…Bu boşluqda qulağım batıb
Yadımdan çıxıb öz adım.
Bir adam üzü tapsaydım,
Gözündə özümə baxardım.
Rəngsizlik, sifətsizlik, simasızlıq içində yaşadılan və simasızlıqdan qorunan tənhalıqdan danışıram. «Cəmiyyətin reallığı» deyib barışdığımız, amma zaman tapan kimi qaçaraq şeirlərdə, misralarda, musiqidə ovutduğumuz tənhalıqdan.
Mən bu şairin misralarında o tənhalığın simasını gördüm. «Adamlar içində boğulan» və mənə həddindən artıq tanış olan simasını…
Adam bolluğunda elə boğuluram hərdən,
Qaçmaq istəyirəm -
evdən, şəhərdən
Qohumdan, dostdan, tanışdan.
Özümün özümlə o qədər
Söhbətim var,
Əgər vaxt tapıb danışsam…
Gördüm ki, insanı özü ilə danışmaq, hətta dəli olmaq həddinə gətirib çıxaran və adına «tənhalıq» deyilən bir şey var… O, insanı hətta özü kimilərdən qaçmağa da məcbur edər… baxmayaraq ki, bu «adam bolluğunda» həmişə gözünə baxıb ürəyinin təmizliyində özünü görmək istədiyin birini gəzirsən…
Bir də… Gördüyüm şair görkəmiydi. Yox, daha dəqiq desəm, şair obrazının şeirlərdən boylanan və bəzən reallıqla üst-üstə düşməyən görkəmi. Kövrək, dindirsən ağlayacaq bir görkəm:
Mən çox dözümlüyəm, kişi ağlamaz,
Mənim göründüyüm görkəm ağlayır.
Bizim həmişə içimizdə yaşayanvə şairlərin özü ilə müqayisəyə qoymağa çalışdığımız görkəm… Onu tanımağımız gərək…
Mən əminəm ki, «Dünyanın işi düzəlməyəcək, Nə qədər ki, yollar qovuşana yollar ayrıcı deyilir» deyən, «Bu ömürdə elə haqsızlıq olur, Adam qışqırıb göyü yumruqlamaq istəyir, Adam zamanı tutub saxlamaq istəyir»… söyləyən şairin görkəmini tanımaq və bizimlə bir dünyada , bir cəmiyyətdə yaşayan insanlar arasında g.rkəmi şair olanlarla mahiyyəti şair olanları seçmək gərək.
***
Amma yaradıcılığında duyulan nikbin ruha, bəzən isə bitib-tükənməyən, sonsuz şikayət və kədərlərə baxmayaraq o şikayət edən insanları xoşlamır. Çünki «Öz dərdini başqalarına yükləmək düzgün deyil»… və mən də yaradıcılığında kədər bol olan şairin söhbətlərindən tutmuşam şair obrazı ilə şair xarakteri arasındakı fərqin mövcudluğunu. Yaradıcılıq prosesi ilə yaşam prosesi arasındakı uçurumu - yazıçının özünün keçdiyi, başqalarının isə bu keçid prosesini yalnız izləyə bildiyi yolu…
O, «Bir günün içində insanın dörd fəsli ola bilər» deyib və dəyişkən şair, dəyişkən yaradıcı xarakterinə aydınlıq gətirib mənim üçün.
Gününü ağ istəyirsən?
Dərdsiz olmaq istəyirsən?
Dərdini çəkən tapılar,
Canını sağ istəyirsən?
Allah ağlını alsın…
qarğışını da oxumuşam şeirlərində… Onu da bilmişəm ki, dərdsizliyə aparan yolu göstərib o. Hətta onunla getməyi sözündə daşıdığı ironiya ilə məsləhət bilməsə də…
***
Mən uşaq vaxtımdan Filippinli qəhrəmanı - güllələnməlim olduğu gecədə xalqının azadlıq mübarizəsi haqqında poema yazan birinə, afrikada Yaşılburun adalarında inqilab edən qəhrəmana, 12 yaşlı Vyetnamlı oğlana poema yazdığını bilmişdim və onu Qəhrəmanlıqları yaşadan yaradıcılıq sahibi kimi tanımışdım.
Azərbaycandan kənar dünyanın dərdlərini bura gətirdiyini görmüşdüm - sovet pionerinin təfəkkürü ilə dərk etmişdim.
Amma sonra Azərbaycan dərdinin burdan uzaqlara çatdırılmasını arzuladım. Və yaradıcılığında bunu axtardım. Bəzən tapdım, bəzən yox. Amma axtardım…
«İnsanın kəşfidi məhəbbət» deyən şairin «insanın göz yaşları torpaqdı» sualına yox deyə-deyə… «Çünki o göz yaşından bir şey göyərməz» - bilirdim…
Balıqların göz yaşıdı dənih,
Duzludu, yaşıldı,
Yaxşıdı dəniz.
Balıqlar öldü getdi
Yaşadı dəniz.
Elə baxırsan yalandı,
Belə baxırsan haqdı,
Yənin insanın göz yaşları torpaqdı?
Fəkrət Qoca «Ədəbiyyat mənim yaşadığım yerdi, mühitdi. Və mən də özümü gül-çiçəklə, gözəlliklə əhatə edirəm. Kimsə öz mənzilinə üfunəti, çirkabı qoyursa, öz işidi» deyib, «Bizim cavanlığımızla qocalığımız bununla fərqlənirsə, mən öz qocalığımla fəxr edirəm» söyləyib. Mənimlə müsahibədə. Nə vaxtsa… Hətta naraılıq da edib - xüsusilə də gənclərdən… O,
Taleyə uzanır narazı əllər,
Dinən «Mənim payım az oldu» deyir.
Yəqin bircə ağlı düz bölübdülər,
Heç kəs öz ağlından gileylənməyir.
İroniyasının təsiri altında «Mənim bir əminliyim var - b ölkədə ağıllı dəlidən, istedadlı istedadsızdan çoxdu. Ona görə də bu məmləkət və bu ədəbiyyat həmişə yaşayacaq» inamını da gizlətməyib. Biz də bu inamdayıq… Ədəbiyyatın və şeirin yaşaması inamında… Bir də ruhlarda, ürəklərdə, hisslərdə yaşayan misraların ölümsüzlüyü inamında…
calisaram. diqqetiniz üçün təşəkkür edirəm
İyul 21, 2008 16:29



maraqli meqaledi, men bunu metbuatda oxumusam. Nerqiz xanim, mumkunse yeni yazilarinizi da yerlesdirin. Hormetle, Nazim
İyul 4, 2008 13:52