Reklam verin!

«TANRI DƏRGAHINA IMƏKLƏYƏN SUALLAR»

Yazar: cabbarlinergiz @ İyun 25, 2008 16:43

«Şair kimi təqlid edir?
Yalnız öz içini...»

Hərdən tənqidçiləri, publisistləri və ümumiyyətlə, «söz haqqında söz yazmağı və söz üzərində gəzişmələr etməyi» sevənləri (bunu bir dəfə şairlərdən biri mənim yazılarım haqqında söyləmişdi... deməli, həm də özümü) cığallıqda günahlandırıram. Bilirsiniz, niyə? Ona görə ki, kiminsə uğurlu bir fikri, uğurlu bir tapıntısı belə adamların uğurlu bir yazısı üçün səbəb - stimul rolunu oynayır.
Amma bir çoxları buna qibtə də edə bilər... Necə adi bir misra fikir axınının ağzını açır, necə bir misradan yapışan insan öz içində qıvrılan fikir burulğanının dərinliklərinə enməyi bacarır, və ən nəhayət, içindəki hay-küyü, təlatümü sakitləşdirdidikdən sonra o misranı, o ifadəni minnətdarlıqla xatırlaya bilir....
Əslində, bütün söz sənəti (elə sənətin digər sahələri də) bunun üzərində qurulur. Hər axının bir başlanğıcı olur. Deməli, istənilən istedadlı insanın beynində, ürəyində yığılıb qalmış duyğuların, düşüncələrin, qənaətlərin, emosiyaların, məntiqi nəticələrin ortaya atılması - yazıya, bir kitaba, bir əsərə çevrilməsi üçün bir misra, bir əsər, bir kitab və ya bir yaradıcılıq bəhanə ola bilər. Olur da... o enerjinin təsiri altına düşüb yazmaq - içini kağıza boşaltmaq istəyirsən. Söz donunda bir bəhanə kifayət edər ki, nələrdənsə qurtulasan. Sadəcə, bəzi hallarda bu başlanğıc - səbəb özünü gizlədir (məqsədlli və ya məqsədsiz), bəzi hallarda isə əksinə...
Bu kitabda olduğu kimii...
Tənqidçi,filologiya elmləri namizədi Cavanşir Yusiflinin «Azərbycan poeziyasında Əli Kərim mərhələsi» kitabını nəzərdə tuturam...


***
Cavanşir Yusifli «mətn içində mətn» axtarışında olub həmişə... Hər şeyin üzdə, ilk təəssüratda və ilk görüntüdə olduğuna inanmayıb. Deməli, məntiqlə yanaşsaq, sadə həll və üzdə olan nəticə də onluq deyil... Mən bunu tənqidçinin digər kitablarında da görmüşəm, hiss etmişəm. Bir də tənqidçilərimizin əksəriyyətində çatışmayan bir xüsusiyyət - dünya ədəbiyyatını bilmək və paralellər aparmaq bacarığı ürəyimcə olub...
Amma bu kitab belə demək mümkünsə, «mətn içində mətn» konstruksiyasının daha dərinlərinə enmək marağı ilə yazılıb. Və təkcə Əli Kərim yaradıcılığına qayıdış, Əli Kərim yaradıcılığını dəyərləndirmə kimi dərk edilə, anlaşıla bilməz. Çünki bir yaradıcılıqdan başlayan fikir axını müxtəlif məqamlarda, müxtəlif bəhanələrlə fərqli yaradıcılıqlara - Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Füzuli, Dostoyevski, Bulqakov, Patrik Züskind, Stendal, Baxtin, Lotmana - üz tutur... Və bildiyiniz kimi, burada yalnız sonuncu ikisinin yaradıcılığına nəzəri sitatların gətirilməsi üçün üz tutla bilərdi... Digərləri fərqli dövrlərin, fərqli dünyaların insanları və fərqli yaradıcılıq sahibləridir...
Qəribə bir təzad var... Bu üz tutmalar, bu keçidlər hərdən insanı elə təsirə salır ki, Əli Kərim yaradıcılığı haqqında oxuduğunu unuda da bilirsən. Əli Kərimlə «danışdığın» anda hardansa Səməd Vurğun peyda olur, hardansa Rəsul Rza gəlir, hardansa «görünməz bir əl» səni «Ustad və Marqarita» dünyasına itələyir... Ora necə düşdüyünün fərqinə da vara bilmirsən... Amma bu unutqanlıq ani olur - çünki növbəti misralarda O - Əli Kərim səni gözləyir və mən «özünü danışmaq üçün bəhanə» dedikdə məhz bunu nəzərdə tuturdum... Cavanşir Yusifli Əli Kərim «bəhanəsi» ilə bütöv bir mərhələyə baxış edib, dəyər verib...
Bu parçada olduğu kimi: «O zaman Əhməd Cavadın, Səməd Vurğun və Müşfiqin yaza bilmədiyi və yazmağa macal tapmadığı mətləblər çox sonralar Əli Kərimin qələmində, onun üslub qəlibində doğuldu. Bu məqam Əli Kərimin Azərbaycan poeziyasında tutduğu mövqeyi, oynadığı rolu dəyərləndirmək baxımından çox əhəmiyyətə malikdir. Belə bir tezis irəli sürmək olar: şərti mənada Səməd Vurğun, yaxud Mikayıl Müşfiq poetikası harada qurtarırsa, Əli Kərim üslubu orada başlayır...»
Beləliklə, «Gəlişin missiyası», «Borokko çılğınlığı» adlı başlıqlar altında təqdim edilən bu cür fikirlər burulğanında «mətn içində mətn»in kimə aidliyini dərk etmək üçün diqqətli olmaq lazımdır. Amma düzünü deyim ki, poeziyadan, nəsrdən daha ağır oxunmalı olan bu kitabda maraqlı olan da budur: mustəvidən müstəviyə adlama, bir-biri ilə üzdə elə bir əlaqəsi olmayan yaradıcılıqlar arasında görünməz bağlar aşkarlamaq (və ya olmayan bağları yaratmaq)... Bu, həm də sözün yaxşı mənasında bir fikir- məntiq oyununu xatırladır... Fərqli zamanlara, fərqli yaradıcılıqlara adlaya-adlaya yeni bir üslubla tanış olduğunu anlayırsan...
***
Kitabda yadımda qalan bir parça da var ki, həmin fikir kitabın mənim üçün üzdə olan və artıq qeyd etdiyim (hər oxucu bu kitabda öz intellekt səviyyəsində nələrisə kəşf edə bilər) xüsusiyyəti ilə qəribə bir şəkildə eyniyyət təşkil edir: «Əli Kərimin səsi həmişə kadr arxasından gəlir, pıçıltı şəklində, sonradan bu pıçıltılar əriyib gedir, fəzada özbaşına gəzən, göy qübəsinin altında tək tənha qalan səs dil açır, dünyada heç kəsin ağlına gəlməyən şeylər danışır...»
Bəli, bu kitabda da Əli Kərimin səsi sirli-sehrli bir səs kimi kadr arxasından gəlir... Azərbaycan ədəbiyyatında dünya ədəbiyyatının qırılmaz təsirilə yaranan bir mərhələ olduğunu pıçıldayır. Şeirlərində olduğu kimi sakitcə, həşirsiz...
***
Cavanşir Yusifli kitabda Milorad Paviçi də yada salır... Əli Kərimin xətrinə: «Milorad Paviçin əsərlərinin birində elə bir passaj var ki, canlı varlıqların ölümündən sonra onların cisimlərinin ancaq söz adlanan hissəsi çox yaşayır».
Düzü, cəmiyyətin və ədəbi mühitin isdedadlı insanlara qarşı acımasız münasibəti mənim üçün həmişə maraqlı olub. Ruhların mövcudluğuna və real dünya ilə əlaqəsinə inandığımdan bir fikir - xüsusilə də bu kitabı oxuduğum məqamda (eyni zamanda yazdığım vaxt) yaxamdan əl çəkmir... Görəsən, onu öldürəndən sonra yaşatmağa çalışanlara baxa-baxa o RUH (mən də əminəm ki, o SÖZ şəklindədir) nələr düşünür... Onun reaksiyasını yerüstü insani reaksiyalarla eyniləşdirmək mümkün olsaydı, hansı sözü ifadə edə bilərdi?
Təəssüf ki, kimsə bunu bilmir. Amma onun yerüstü həyatına və şairlik missiyasına qiymət verilməsi hələ ki davam edir. Və heç kəs mənə sübut edə bilməz ki, bu yaradıcılığın yaddan çıxmaması, fərqli istedadlı insanların qələmində dönə-dönə xatırlanmasında o Ruhun - Sözün əli yoxdur. Adi yerüstü canlıların edə bilmədiklərini ruhlar edə bilir axı...
Bu fikrin fərqli bir obrazını Cavanşir Yusiflinin düşüncələrində də tapa bilərsiniz: «Obrazlı şəkildə deyilərsə, ağaca baltanın vurulduğu yerdən qalxan pöhrələr uzunömürlü olmasa da, özündə dünyadakı bütün ömrü kəsilən nəsnələrin taleyini bütövləşdirmək  həsrəti yaşadır. Əli Kərimin şairlik missiyasını məhz bu məqamın içində axtarıb-aramaq lazımdır».
Tənqidçi öz axtarışında çox yerlərə gedib çıxır -  bu poeziyada mövcud polifonik düşüncə tərzini aşkarlamağa, göstərməyə çalışır... «Polifoniya - məhz polifonik düşüncə tərzi, hər şeyə, bütün gerçək dünyaya bu pəncərə çərçivəsindən baxmaq Əli Kərimin şeirlərini hətta onunla eyni dövrdə ədəbiyyata gələn şairlərin poetikasından kəskin şəkildə fərqləndirirdi».
Əli Kərim tapıntısı olan «arzu ləpədöyəni», «arzu qızmarı», «sevgi alatoranı» ifadələrini xatırlada-xatırlada «danışan» müəllifin polifonik düşüncə tərzi haqda dedikləri istər-istəməz o musiqini - sözün musiqisini yada salır...
***
Müasir şairin yerüstü obrazı onun gücünün ilahi qüvvələrlə bağlanmasına qarşı duranların sayını artırır... Haqlı şəkildə...
Amma Cavanşir Yusifli şairi bu yerüstülükdən qoparan «şairlik missiyası»nı təhlil etməyə də çalışıb. Bəzən fikirlərinə təsdiq axtara-axtara Bloka da üz tutub: «Blok şairdən harmoniyanın övladı kimi bəhs edir, onun fikrincə, şairin üç əsas missiyası var: birincisi, dünyada başlı-başına gəzən səsləri olduqları nəhrin sonsuz stixiyasından azad etmək... ruhun dərinliyinə sirayət edib bu evsiz-eşiksiz səsləri azad etmək, üçüncüsü - dərinlikdən və ənginlikdən qalxıb gələn və bu gerçəkliyə yad olan səsi sözün qəlibi içinə ideal şəkildə oturtmaqdır!»
Məncə də hədəfə vurulmuş fikirdir. Hər şairə ürək genişliyi ilə aid etmək olmasa da... Amma gerçək şair simasını xatırlasaq... dinməyəcəyik. Dinə bilməyəcəyik.... Çünki şairin gerçəkliyini sübut edən hər ilahi misra həm də öz-özlüyündə bu fikri təsdiqləyir...
«Poeziya yalnız yaddaş kimi bir daha təkrar olunmayacaq, yaddaşdan başqa bir yerdə dirilməyəcək şeylərin dilə gətirilməsi kimi mövcuddur.
Şair bəzən «mən»dən kənarda səslənən, elə bil ki ona aid olmayan intonasiya ilə danışır. Adama elə gəlir ki, şairdən kənarda əllə toxunulması mümkün olmasa da, kölgəsi dalğalanan kimsə var. Və bu kimsə əvvəl-axır hər şeyin, bütün mətləblərin üstünə çıxır, son nöqtəni qoyur. Söz danışan, nəyisə sübut etmək istəyən Adama yox, kənarda «kölgəsi» əyilən, titrəyən şəxsə məxsusdur».
Bax belə... Tanıdığınız gerçək şairləri xatırlayın... Şəxsən mənim tanıdığım gerçək şairlər çox deyil. Amma onların hər birinin «kənarda titrəyən kölgəsi»nin mövcudluğunu bilirəm. O «söhbətin» - kölgə ilə şair arasında gedən söhbəti deyirəm - şahidi də olmuşam..
Ona görə də bir tənqidçinin bir şairin yaradıcılığına verdiyi qiymətdə «Tanrı dərgahına iməkləyən suallar» kimi poetik bir ifadənin olması mənim üçün təəccüblü deyil...
Çünki «Olaydı qəlbimin ağrılarında, Yanaydı qəlbimin intizarında, Çox deyil... Bir az. Görəydi orada yaşamaq olmaz...» deyən bir şairin dünyasını gəzib və ağrılarını duyub gələn tənqidçi (tənqidçi olsa belə!) o şeiriyyətə uyğun və layiq poetik bir fikir deməlidir...

Mənbə:   Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha