PSİXOLOGİZMƏ MEYLİN NƏTİCƏLƏRİ-2
Yazar: cabbarlinergiz @ İyun 19, 2008 0:49
İkinci bölgüdən danışarkən realist üslubda yazılmış əsərlərin adlarını çəkməliyik ki, bunlar arasında tarixi romanlar – bir hissəsi ötən il çap edilmiş Sabir Rüstəmxanlının «Ölüm zirvəsi» romanı, İsa Muğannanın ötən əsrin sonlarında ölkəmizdə baş verən hadisələrdən, siyasi çevrilişlərdən, müharibədən və bu müharibənin bir nəslin, bir tayfanın – muğannalıların taleyi fonunda təsvirindən söhbət gedir.
Xatırladaq ki. Qarabağ mövzusu yenə də aktual olaraq qaldı və Rafiq Səməndərin «On dörd il sonra» sənədli povesti də bu mövzuda yazılmış əsərlərdən idi.
Onu da qeyd edək ki, Qarabağ savaşı ilə bağlı son illər yaranan əsərlər sırasında sənədlər və faktlar üzərində qurulanlar üstünlük təşkil edib. Onların sırasında bu əsər də məhz sənədliliyi, daha doğrusu, ermənilərin əsir aldığı, bir müddət sonra erməni əsirləri ilə dəyişdilirən bir prokurorla söhbət üzərində qurulması ilə seçilir və bədiiyatdan daha çox faktlar baxımından diqqəti çəkir.
Ötən il realist üslubda yazılmış nümunələr sırasında müharibə problemindən, tarixdən bəhs edən əsərlərlə bərabər məişət mövzulu, sosial problemlərdən, onların insan həyatına təsirindən bəhs edən əsərlər də çox idi.
Hüseynbala Mirələmovun «Cəza», Rövşən Yerfinin «Sel», Mehman Musabəylinin «Niftəlinin kəşfləri», Kamil Əfsəroğlunun «İt Qanı» povestləri, Ələsgər Davudoğlunun «Qumru», Mübariz Cəfərlinin «Div və cırtdan», Aydın Tağıyevin «100 ABŞ dolları», «Özünə oxşamayan adam» hekayələrində cəmiyyətdə yaranmış sosial-iqtisadi çətinliklər, məişət problemləri və bu problemlərin fərqli insan talelərində oynadığı faciəli rol araşdırılır. Ümumiyyətlə, ötən əsrin sonlarından başlayaraq, bu problem də nəsrin maraq dairəsindədir.
Qəhrəmanların gündəlik həyatı, yaşamaq uğrunda apardıqları və hər kəsə tanış mübarizələri, həmçinin süjetin məhz bu mübarizə üzərində qurulması o əsərləri sıradan əsərə çevirir. Hətta müəllifin professionallığı belə bu sıradanlığı aradan götürə bilmir.
Vidadi Babanlının «Qəriğə məhəbbət» romanı haqqında da oxşar fikirlər söyləmək olar. Yaşının ahıl çağında Şəfəq xanım adlı bir məktəb direktoruna vurulan Şərəf kişinin qəribə məhəbbətindən bəhs edən əsər realist ədəbiyyatın nümunələrindən biridir. Əsər Şərəf kişinin öz sevgisinə çatmaq istəyi (60 yaşında!!!) və bu sevgiyə mane olan xəbis insanların varlığı üzərində qurulub. Heç bir alt qat, heç bir fəlsəfə yoxdur. Əsl fəlsəfə bu yaşda həyatında guya ki heç bir sevgi yaşamayan insanın bu sinndə olsa da, sevgisini duymasındadı.
Və ya Kamil Əfsəroğlunun «İt Qanı» povestinin adını çəkə bilərik ki, quduzlaşmaqda olan bir it və onun sahibi haqqında danışılır. Bütünüklə yeyib-içmək məclislərinin təsvirinə çox yer verilmiş bu əsərdə nə hərəkət dinamikası, nə kəskin konflikt, nə də çoxqatlı süjet xətti var. Xarakterdən danışmağa belə dəyməz. Hər şey o qədər adi, o qədər sadə və üzdədir ki, bu sadəliyi özü oxucunu yorur və usandırır. Daha dəqiq desək, bu, itini boğuşdurmaq üçün aparan, İtin qalib çıxa bilməməsinə görə ondan yaxa qurtarmaq istəyən bir insanın əhvalatıdır.
Və ya Şiringül Musayevanın «Yalıncıqilər» povesti haqqında da oxşar sözləri söyləmək olar. Burada fərqli olan bir cəhət var o da əsərin «Kitabi Dədə Qorqud» dastanının motivləri əsasında eyni hadisələrin təsvirinə həsr edilməsidir. Və bu dəfə heç olmasa postmodern yanaşma xatirinə dekonstruksiyaya uğradılan məntdən, qəhrəmandan da söhbət getmir. Hər şey dastlanda olduğu kimidir.
Tanış süjet, tanış qəhrəmanlar, tanış situasiyalar, sadəcə fərqli müəllifin təhkiyəsində təqdim edilib.
Amma roman və povestlərdən fərqli olaraq realist üslubda yazılmış hekayələr sırasında diqqəti çəkənlər, maraqlılar daha çox idi. Aydın Tağıyevin yol qırağında ofisiantlıq etməyə məcbur qalan, kişilərin baxışları və oxşar münasibəti altında sıxılan qaçqın qadının qarşılaşdığı situasiyadan bəhs edən «100 ABŞ dolları» hekayəsi, Kəbutərin qadın dünyasından və xarakterinin qəribəliyindən bəhs edən «Simli kvartet üçün konsert» hekayəsinin adlarını çəkə bilərik. Yeri gəlmişkən, ikinci hekayə qadın dünyasının maraqlı tərəfləri, duyumu, həssaslığı ilə bağlıdır. Burada ailəsi dağılmış və hazırda başqa birini sevən, amma sevdiyinin xəyanətini bilən, içindəki hissə görə bu xəyanəti bağışlamağa qadir olan həssas bir qadının yaşantılarından danışılır. Bir neçə günlük iztirabına baxmayaraq, könüllü olaraq öz hisslərinin əsirinə çevrilən bu qadın nə qədər təzadlı olsa da, aldadıldıqda belə özünü xoşbəxt hiss edə bilir. Hekayənin maraqlı cəhəti də, hadisəyə – mövzuya fərqli rakursdan yanaşılması ilə bağlıdır. Oxşar yanaşmanı Narıngülün «Cazibə» hekaysində də görə bilərik. Amma bu dəfə bu yanaşma fərqli nəticə ilə müşahidə olunur.
Hekayədə həyatını güzgü qabağında keçirməklə özünü xoşbəxt sayan, amma günlərin bir günü artıq ona baxan olmadığının fərqinə varan qadından söhbət gedir. «Qadın neçə dəfə həyatın dibinə qədər baş vurmuşdusa da, orada maraqlı heç nə tapa bilməmişdi və sonda qərara gəlmişdi k, bu həyat çoxüzlüdür və onun heç birində yaşamağa qadının meyli yoxdur, bəlkə də gücü çatmır. Təkcə həyatın bir üzü qadını özünə çəkirdi, bu üzdə qadın qaranlıqda parlayan işıldaquşu kimi parlayır, kişiləri özünə cəlb edə bilirdi...».
Dar çərçivədə, zəngin olmayan bir dillə olsa da, xarakter yaradılır. Və çox keçmir ki, kişilərin artıq onun yanından laqeyd ötüb keçməsinin fərqinə varan qadın öz evindəcə vəfat edir. Dəfnində iştirak edən sevgilisi - tələbə: «O bu güzgüdən həyata baxırdı» söyləyir. Qadının dünyagörüşünü, əxlaqını, düşüncəsini xarakterizə etmək üçün simvollaşdırılan güzgü təəssüf ki, müəllifin qınayıcı yanaşmasını, müdaxiləsini və münasibətini gizlədə bilmir.
***
Maraqlı süjet xətləri ilə diqqəti çəkən hekayələr sırasında Aləmzər Sadıqqızının situasiya üzərində qurulan və ənənəvi hadisədən - ölümlə ayrılan sevgililərdən danışan «İki tonqal» hekayəsinin, Gülxani Pənahın ermənilər tərəfindən işğal edilmiş kənddə qalan itdən danışan «Nunuş» hekayəsinin, Kamil Əfsəroğlunun represiyaya uğrayan və bu uğradılmada şübhəli bilinənlərə verilən bəraətdən danışan «Bəraət» hekayəsinin, Nüşabə Məmmədlinin yenə də itirilmiş torpaqlardan bəhs edən «Bayraq, papaq və həqiqət» hekayəsinin adlarını çəkə bilərik. Bir daha qeyd edirik ki, realist üslubda yazılan bu əsərlər nisbətən məzmunu, problematikası ilə diqqəti çəkir. Xüsusi və fərqli sənətkarlıq xüsusiyyətləri isə görünmür. Sadalanmanı davam etdirmək və siyahını artırmaqla yeni nəsə deyə bilməyəcəyik.
***
Üçüncü bölgüdə Aslan Quliyevin «Köpək balıqları» povestindən danışacağıq. Ümumiyyətlə, qeyd edək ki, bu bölgüdə qruplaşdırdığımız nəsr əsərlərində formaya daha çox diqqət yetirilir, fraqmentarlıq, lakoniklik əsas prinsip kimi götürülür, əsər bütövlükdə tam bir süjet xəttinə malik olsa belə, parçalanır, hissə-hissə təqdim edilir və bu parçalanmada yenə də məzmun yox, əsasən qəlib-forma öndə gedir.
Bu əsərdə də forma diqqəti çəkr. Ayrı-ayrılıqda parçalara bölünmüş əsərdə hər hissəyə bir şeir parçası epiloq kimi verilir və bu parçalar təsadüfi olaraq təqdim edilmir. Onlarla həmin hissə daxilində baş verən hadisələr arasında əlaqə var. Və hər parça da ümumi süjetin tərkibi olmaqdan başqa, həm də ayrılıqda öz süjet xəttinə malikdir. Beləliklə, uşaqlıqdan fantaziya və reallıq, arzu və gerçəklik arasında çabalayan və bu təsirdən sonralar belə qurtula bilməyən, ətrafın isə «ağılla bağlı proğblemi olan biri» kimi qəbul etdiyi institut müəllimindən danışan əsərdə bu insan tərbiyəsinə uyğun olaraq gerçək həyata uyğunlaşa bilmir. Bütün ömrü boyu onu hansısa bir ağqanadlı mələk həsrəti, yaşıl talada dəfn olunmaq istəyində olan dosta verilmiş söz, ona ağılsız kimi yanaşanların və əksinə «balıqlar şahı» kimi adi yanaşanların münasibəti izləyir. Ailədə bəxti gətirməyib. Uşaqkən vurulub arxasınca Bakıya qədər gəldiyi sevgi belə xəyalidir. Ailə qurduğu insan isə sadəcə, görünüşcə həmin xəyala bənzəyir – xoşbəxtliksə yoxdur.
Ruhi sarsıntılarının başlanğıcı və tarixi olan bu adam getdikcə insanları canavar, meymun cildində görməyə başlayır və həyatdan qisası məhz gözünə köpək bağılı kimi görünən insanları öldürməklə alır.
Əsər maraqlı təəssürat oyatsa və yazıçının əvvəlki əsərlərinə nisbətən uğurlu alınsa da, «köpək balıqları» istər ad, istərsə də simvol kimi əsərdə təsdiqini tapmır və əsərə təsadüfi düşmüş detal kimi görünür. Halbuki müəllifin onu əsərə gətirməkdə məqsədi olub.
***
Oxşar fikirləri Quşdilli Xanəmirin «Ağğğbaaaağğğğ» bayatı-romanı haqqında da qeyd edə bilərik. Bu adlandırma müəllifə aiddir. Bayatı adlandırmaqda bəlkə də haqlıdır, ən azı musiqi səsləri ilə sintez və daxili ritm yaratmaq istəyinə görə. Amma roman məsələsi mübahisəlidir. Hətta romanı nə qədər sərhədsiz canr adlandırsaq belə.
Əsər haqqında yuxarıdakı məqalədə danışdığımızdan fikirləri təkrar etmək istəməzdik.
***
Forma üzərində qurulan əsərlərdən biri də Məqsəd Nurun «www.sevgi var.net» əsəridi. Aslan Quliyevin yararlandığı struktur bu əsərdə eynilə olmasa da, oxşar bir formada reallaşıb. Bu əsərin də janrını müəyyən etmək çətin olsa da, haqqında da bir neçə söz demək fikrindəyik. Əsər öz hisslərini, sevgisini, ingilislərin verdiyi qrantları, Qəbələ RLS ilə bağlı baş verən hadisələri, qəhrəmanın yatdığı həbsxana həyatını, bir sözlə, çox şeyi fraqmentlərlə əks etdirir. Müəllifin sadə, amma vulqarizmlərlə dolu dili var. Əslində bu yazıçının fraqmentarlığa meyli, vulqar ifadələrə marağı digər əsərlərində də var və təsadüf deyil.
Romanda qırıq-qırıq fraqmentar fikirlər var ki, onların bəzən mətnin içinə havadan düşdüyü, təsadüfən işlənildiyini düşünməli olursan. «Qalxımmı, qalımmı?», «Ağsaqqal da işverən olarmış», «Qaçmaqlığın (?!) tutursa qaçmalısan», «Talanın içində nə desən gizlətmək olarmış», «Mənə burdan qaçmaq yaraşardı» və s. Xatırladaq ki, Aslan Quliyevin povestində ilk baxışda təsadüfi görünən, amma mətn daxilində müəyyən informasiya daşıyıcısı rolunu oynayan və süjetlə birbaşa əlaqəsi olan ifadələr şeir parçası kimi, epiloq şəklində təqdim edilirdisə, Məqsəd Nurun bu əsərində eyni tipli ifadələr mətn daxilində, sadəcə «seçmə» ilə verilir.
ABŞ səfirinin köməkçisi ilə «46149» rəqəmi arasındakı əlaqə, azadlıq yürüşü və bayrağı qaldırmaqla yenidən həbsxanaya salınma – bir qədər müəmmalı, bir qələr çaşqın, bir qədər də fərqli bir mövzu daxilində aparılan gəzişmələrdi.
Və üçüncü bölgü daxilində Pərviz Yusifin «Qum kəndir» əsəri haqqında da danışmalıyıq. Janrı bilinməyən əsər – ayrı-ayrı ovqatların, əksər hallarda bir-biri ilə hansısa mistik bir bağılılığı olan ovqatların təsvirindən ibarət parçalardır. Fraqmentlərdir. Məsələn, «Namaz qılan qocalar seyrəldikcə sovetlər birliyi də dağıldı», ardınca «Onunla hər yerdə rastlaşıram, o həmişə alma yeyir», ardınca «Onun qəribə peşəsi var idi, hərbi döyüş topları ilə bulud qovurdu», əvvəlində isə «təsəvvür elə ki bağlı qapı arxasında qalmısan». Və bu ifadə bir neçə yerdə təkrarlanır. «Təsəvvür elə ki, bağlı qapı arxasında qalmısan. Bəlkə də çox poetik səslənəcək, amma bu əsərdə də oxucu həmin bağlı qapının arxasında qalır və müəllifin nə istədiyini, nə demək istəyini bütünlükdə anlaya bilmir. Ayrı-ayrılıqda o cümlələrin öz mənası olsa da...
***
Nəticə çıxaraq. Rolan Bart hesab edirdi ki, müasir ədəbiyyata əsərdən daha çox mətn gərəkdir. Və yalnız bu zaman ədəbiyyat ideoloji və digər təsirlərdən yaxa qurtara bilər. Bəlkə də üçüncü bölgüdə haqqında danışdığımız yazıçılar bu ideyaya əsaslanaraq əsasən mətn üzərində diqqət cəmləməyə çalışırlar. Ola bilər.
Və ya ola bilər ki, F.Şillerin «İnsanın estetik tərbiyəsi haqqında məktublar» əsərində yazdığı kimi «əsl sənət əsərində hər şey formadan asılı olmalıdır, məzmundan isə heç nə asılı deyil. Əsl estetik azadlığı yalnız formadan gözləmək olar, məzmun isə nə qədər gözəl olursa, olsun ruha məhdud şəkildə təsir göstərir» deyə düşünürlər. Bu da ola bilər.
Amma bütün bu axtarışların bir nəticəsi olacaq – ənənəvi səslənsə də, deməliyik - forma və məzmun vəhdəti. Bu vəhdətsiz əsl sənət əsəri yaratmaq mümkün deyil.
Mənbə: Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008


