Reklam verin!

PSİXOLOGİZMƏ MEYLİN NƏTİCƏLƏRİ

Yazar: cabbarlinergiz @ İyun 19, 2008 0:43

(2006-cı ildə dərc olunan nəsr əsərləri əsasında)

Konkret bir zaman ərzində yaranan əsərlər haqqında fikir yürütməli olan ədəbiyyatşünasın, tənqidçinin qarşısında həmişə müəyyən tələblər qoyulur və əldə olunan nəticə mütləq bu tələbləri əhatə etməlidir. Yəni fikir yürüdənin öz zövqü, baxışı və düşüncəsini əks etdirən istənilən nəticənin ümumi planında bir sıra vacib suallar var ki, mütləq cavablandırılmalıdır. O suallar isə bunlardır - bir il ərzində nəsr əsərlərinin uğradığı keyfiyyət dəyişikliyi, ədəbi posesin ümumi mənzərəsi fonunda bu dəyişikliyin məntiqi səbəbi və nəticələri, nəsr əsərlərinin əldə etdiyi yeni mövzu və problematika ilə yanaşı yeni poetik xüsusiyyətlər, forma, struktur dəyişiklikləri nədən ibarətdir. Həmçinin nəsrin əldə etdiyi yeniliklərdə  ümumi prosesin daxilindən qaynaqlanan və ya  xaricdən – dünyadan gələn təsirlərin rolu araşdırılmalı, fərqin, uğurun, yaxud uğursuzluğun nədən ibarət olduğu göstərilməlidir.
Amma bir ilin nəsri haqqında danışarkən bütün bu suallara birmənalı şəkildə cavab vermək çətindir.
Çünki bu il yazılan hər bir əsər bütöv və hələ də davam edən prosesin növbəti mərhələsi, bəlkə də o prosesi tamamlaya, haqqında təsəvvür yarada biləcək çalarıdır. Biz bu haqda artıq ötən illərin nəsri ilə bağlı danışarkən qeyd etmişdik.
Ötən əsrin son illəri və yeni əsrin əvvəllərində ədəbi prosesi yaxından izləyənlər bilirlər ki, xüsusilə nəsr əsərlərini bir il kontekstində yox, ümumilikdə böyük bir mərhələnin daxilində araşdırdıqda baş verən dəyişiklikləri görmək daha asan olur və çıxarılan nəticələr daha düzgün alınır.



Bu səbəbdən də biz 2006-cı ilin nəsri haqqında qənaətlərimizi əvvəlki məqalədə göstərilən xüsusiyyətləri sadalamaqla göstərmək olardı və bu, əsrin əvvəllərindən başlayan prosesin davam etdiyinin və keyfiyyət dəyişikliyinin demək olar ki, eyni istiqamətdə davam etdiyini sübut edir.  
Amma bununla bərabər ötən il yazılmış əsərlərin təsnifatını bu cür aparmaq mümkündür:

1. psixoloji konlikt, psixoloji situasiya üzərində qurulan, psixologizmə meyl və mifik düşüncə tərzindən yararlanma ilə yaradılan çoxqatlı əsərlər.
2. ənənəvi realist üslubda yazılan və hadisələrin sadəcə təsviri ilə məhdudlaşan birqatlı nəsr nümunələri
3. yazıçının postmodern ədəbiyyata meylinin nəticəsi olaraq meydana çıxan  və məzmundan daha artıq forma üzərində qurulan əsərlər

Bəlkə də çoxqatlı və birqatlı ifadələri bu təsnifatda müəyyən qüsurluluq yaradacaq, amma bu anlayışı açmaq və sübut etmək üçün kifayət qədər misallar gətirmək mümkündür.
Əvvəlcədən xatırladaq ki, birinci qrupda qruplaşdırılan əsərlərdə psixologizm daha qabarıq hiss olunur, yazıçı istər yaratdığı konfliktlərdə, situasiyalarda, istərsə də qəhrəmanlarının mənəviyyatında, təfəkküründə, dünyaya baxışında və yaşantılarında alt qatlara enməyə, daha çox insanların daxilinə varmağa çalışır, hətta ən real prosesin, hadisənin belə mifik düşüncə tərzi, mistik anlayışlarla bağlılığını göstərməyə cəhd edir. Bununla da  konflikt daha da dərinləşdirilir və hadisələr irreal düşüncə və irreal dünya ilə bağlılıq üzərində qurulur.
İkinci bölgüdə sırf realist nəsr nümunələri cəmləşiblər ki, yazıçının istər üslubunda, istər təhkiyəsində, dilində, istərsə də əsər üçün mövzu seçimində realistlik, hadisələrin, xarakterlərin və situasiyaların üst qatında dolanma, üst qatda hərəkət etmə var.
Üçüncü bölgüdə isə daha çox forma üzərində qurulan əsərlərdən danışılacaq.  
Və artıq qeyd etdiyimiz kimi, ötən il yaranan roman, povest və hekayələrdə bu təsnifat yerinə düşür.
***
Ötən il dərc edilən nəsr əsərləri sırasında birinci qrup üzrə yerləşdirilənlərdən biri Sadıq Elcanlının «Zülmət» romanıdır. Bir insanın psixologiyasında, mənəviyyatında, ruhunda baş verən ikiləşmə, gərginlik və mübarizəni əks etdirən əsər ilk cümlələrindən başlayaraq oxucuda vahimə, qorxu yaradır, onu mistik bir auranın təsiri altına salır. Özünü gah metronun içində insanların arasında, gah da qədim bir sərdabənin içində ölü kimi hiss edən bu qəhrəman (Butay) özü ilə bərabər oxucunu da çaşqınlıqda saxlayır və hansı dünyanın real, hansının irreal olması sualı bir müddət cavabsız qalır (xatırlayırsınızsa, bu xüsusiyyət haqqında artıq yuxarıda ümumi də olsa, məlumat vermişdik). Yeri gəlmişkən, ötən əsrin sonlarından başlayaraq metro bir detal kimi – vahimə, çaşqınlıq yaradan və yeraltı dünyanın simvolu kimi nəsrimizə çox daxil olub – Pərvizin «Öləngi», Elçin Hüseynbəylinin «Metro vadisi» əsərlərini xatırlada bilərik. Ümumiyyətlə, son illər yaranan bir sıra əsərlərdə məhz bu detal vasitəsilə situasiya, ruh, düşüncə labirintlərinin, ovqat çaşqınlığının yaranmasına meyl artıb. Sanki yazıçılar ədəbiyyata və nəsrə marağını itirmiş oxucunu cəlb etmək, onu maraqlandırmaq üçün bilərəkdən (!!!) belə labirintlərin qurulması üzərində işləyirlər, amma təəssüf ki, bəzi məqamlarda bu uğurlu nəticə vermir.
Beləliklə, əsərə qayıdaq, bir qədər sonra sərdabədəki ölü ilə metrodakı insan arasında əlaqə və eynilik ortaya çıxır. Bu qəhrəman həmin keçidlərdə – zamandan-zamana, məkandan-məkana adlayışda real dünyanın yaşantılarını, sarsıntılarını, nakam eşq qəhrəmanı ilə yenidən görüşünü, yeni vəzifənin gətirdiyi şöhrət, pul və narahatlığı, ana itkisinin ağırlığını (?!) oxucuya çatdıra bilir. Öz oğurluğunu və yalanını ört-basdır etmək üçün adını dəyişən qəhrəmana gah nifrət edir,  gah da acıyırsan. Amma ən əsası onun daxilində gedən ikiləşməni anlamağa başlayırsan. Elə yazıçı da hərdən bu ikiləşmənin mövcudluğuna işarə edir: «Dəyişiklik, ikiləşmə onun bütün qəlbində, ruhunda, psixologiyasında dərin izlər buraxmışdı. İkiləşmənin kənd qütbünə, qəlbinin cəngəlliklərinə daha çox meylli idi».  
Qeyd edə bilərik ki, bu əsər son illər dəfələrlə yaradılmasına cəhd edilən psixoloji nəsrin uğurlu nümunələrindən biridir. Belə nümunələr sırasında Afaq Məsudun, Elçin Hüseynbəylinin, Mübariz Cəfərlinin bir sıra əsərlərinin də adlarını çəkmək olar.
Çoxqatlılıq bu əsərdə daha qabarıq şəkildə özünü göstərir – situasiyalarda, zamanlarda, şəxsiyyətin təsvrində, xarakterində, qəlizliyində, süjetdə, kompazisiya üçün seçilən məkan və zamanda, paralel dünyaların varlığında... Bir sözlə, hər şeydə. Hətta birinci hissədə bizim dünya ilə paralel başqa bir dünyanın – ruhi, mənəvi və o dünya anlamında «zaqrobnıy mir» kimi bir dünyanın varlığını düşünürsən. Fikirləşirsən ki, ruhlar qovuşa bilir, ruhun keçidi mümkündü – məsələn, elə Butay timsalında. Amma sonrakı mərhədə dini və ruhi anlamda qavranılan o biri dünya anlayışı tamamilə fərqli planda təqdim edilir, başa düşülür. Dünyamızla paralel mövcud olan və inkişaf etmiş dünyanın varlığından  söhbət getdiyi anlaşılır – başqaplanetlilər haqqında təsəvvür formalaşdırılır və bu dəfə professorun timsalında öz təsdiqini tapır.
Əlbəttə, bu, təkcə mistika deyil. Burada real hadisələrin fonunda qalan çoxqatlılıqdan, dərinlikdən və müəllifin bu dərinliyə enmə istəyindən söhbət gedir. Bir insan taleyi fonunda içərilərə varmadan danışılır.
Bədii mətn maraqlı süjet xətti ilə oxucunu öz arxasınca apara bilir – xüsusilə də ilkin mərhələdə. Müəllif bu məqsədinə nail olur.  Butayla sərdabə arasında əlaqənin varlığı bu marağı təmin edir. Amm təəssüf ki, bu bağlılıq davamlı olmur və gözlənilmədən tamamilə başqa bir istiqamətə və başqa bir qəhrəmana doğru yol alır. Yazıçının bu əlaqəni başqa qəhrəmana – professora aparıb çıxarmasının məntiq izahı əsərdə verilsə də, bu, adi bir bəhanə təsiri bağışlayır və inandırıcı səslənmir. Paralel dünyanın sakininin «Biz əvvəl Butaydan istifadə etmək istədik, sonra qərara gəldik ki, sizin beyninizin imkanlarından yararlanaq» söyləməsi fakt kimi, səbəb kimi havadan asılı qalır və inandırıcı görünmür. Və ilk hissələrdə bir insanın – Butayın daxili probemləri, psixologiyası, mənəviyyatı üzərində diqqət cəmlənsə də, bu istiqamət sonra real qata – köhnə məhəbbətə doğru yol alır və tamamilə fərqli – gözlənilməz finalla yekunlaşır. İnsanların – həmkəndlilərinin haqsız yolla vara sahib olmağın mümkünlüyünə inamını sarsıtmaq üçün Butay dəyişir, əvvəl yalançıya, sonra qatilə, daha sonra isə tamamilə fərqli, adını dəyişmiş bir insana çevrir. Müəllifin nail olduğu əsas məsələ situasiyalardan, proseslərdən tam kənarda qalmasıdır. O yoxdur. Hadisə var, məkan var, proses var, qəhrəman və taleyi var – müəllif isə yox.
Cəlbedici süjet xəttinə malik olan əsərin əsas qüsuru bir sıra sualların açıq qalmasındadır – professorun yenidən və gənc oğlan timsalında qayıtması əsas qəhrəmanın – Butayın taleyinə necə təsir edəcək, ümumiyyətlə, Butay-qatil, Butay-sevgili. Butay-vəzifə sahibi, Qəribə-sevgisini tapmış qadın – bu talelərin professorun qayıdışı ilə məntiqi bağlılığı görünmür. Bu iki tale arasında bağlılıq – Qəribə və sərdabə var. Amma yekun – nəticə qarşıya qoyulan böyük məqsədi heçə endirir. Əsərin finalının gənc cildində geri qayıdan yaşlı professorun guya özü anladığı, doğru bildiyi şəkildə xəyanətkar arvadını və Butayı cəzalandırması ilə bitməsi buna səbəb səbəb olur.
Müasir nəsrin dili dağıtmaq üzərində qurulmasına baxmayaraq, bu əsərin elə diqqəti çəkməsinin əsas səbəblərindən biri  dilidir. Belə ki, S.Elcanlını və nəsildaşlarını yeni nəsl nümayəndələrindən fərqləndirən əsas xüsusiyyət məhz ifadə vasitələri, yeni ifadə və təsvir strukturları qurmasıdır (bu daha çox Mövlud Süleymanlı, Səfər Alışarlının yaradıcılığında gbrünür və onların nəsrində tamamilə fərqli kolorit yaradır). Həmçinin bu müəlliflərin ifadə və təsvir vasitələri onların yaradıcılığının hardasa eyni qaynaqdan yararlanmasına işarə edir.
Məsələn, «Qaranlığın buzu ərimədi, beşiyi boşalmadı» ifadəsi, və ya «ikisi də bilirdi ki, yalandan gülürlər, bu gülmək o gülməkdən deyil. Bu, gülüşün müqəvvasıdır... sükutdan qorxa-qorxa əsl həqiqəti qapı dalında saxlayırdılar, üzə vurmurdular» təəssüratı, və yaxud «Pəncərəlin işıqları yavaş-yavaş sönür, şəhər yatmağa hazırlaşırdı. Adamları maşınları, işıqları, səsləri, baxışları soyunur, soyunduqca tənha otaqda yuxu gözləyən qara hörüklü dul gəlinə oxşayırdı şəhər», «Onun ölüm qədər boş, çəkisiz duyğularında uzaq bir hönkürtü saç yolurdu» kimi ifadələr bunun sübutudur.
Dillə bağlı qeyd etdiyimiz fərqlilik və orijinallıq olsa da, bu əsərdə ən çox diqqəti çəkən zəif cəhət bütün qəhrəmanların eyni patetik dillə danışmasıdır: «sən könül sarayımı uçurdun, qəlb evimi xarabalığa dönərdin!» Bu cür ifadəni bu dünyanın  - real dünyanın sakini – professor da deyə bilər, bizim dünya ilə paralel dünyanın sakini də: «Bilirik, sizə düşünmək, həm də Qəribəli duyğuların ağırlığından, çətin yükündən xilas olub yüngülləşmək üçün vaxt vermək istəyirik». İnandırıcı səslənmir. Eyni çalar mümkün deyil ki, fərqli dünyaların sakinlərinin dilində olsun. Hətta onlar yer sakinlərinin dillərində danışmağı bacarsalar belə...
***
Birinci bölgüyə aid olan, məhz struktur üzərində qurulan (yazılan yox, qurulan!!!) əsərlərindən biri də «Metro vadisi» adlanır. Bu əsər də yeraltı dünyaya, kömülmüş sirrlərə və İçərişəhərin altında olan aləmə (eyni zamanda da metronun qaranlıq tunellərinə) maraqla yazılıb. Öz həyatlarını bu aləmdə keçirməyə can atan və hansısa naməlum sirrin ardınca düşən iki nəfər – qadın və kişi öz ağılsız hərəkətləri, sərkərdan həyat tərzləri və yarasalarınkına bənzər yaşayışları ilə diqqət çəkirlər. Amma sadəcə diqqət çəkirlər! Tuneldə yerləşən bir kiçik otaqda yazdıqları kitab və əldə etdikləri məlumatlar əslində, yazıçının tarixlə bağlı faktlara öz yanaşmasını və onları istədiyi şəkildə dəyişmək istəyini göstərir. Yeri gəlmişkən deyək ki, kitab da son illər ədəbiyyatında sirr qoruyan, müqəddəs əhvalatları, tarixi və qatı açılmamış faktları saxlayan ümumi bir detal kimi çox işlənir – İ.Fəhmi, «Qarğa yuvası», K.Abdulla, «Yarımçıq əlyazma», S.rüstəmxanlı, «Göy Tanrı» və s. əsərlərdə.
Əsərdə tarixə müraciət xüsusilə də Səfəvilər dövrü və Səfəvilərin Şirvanşahları tutması, Zərrintac xanımın ölkəni qorumaq üçün etdiyi cəhdlər, qaçışı və s. kimi hadisələr fonundadır. Bütün bunları əks etdirmək yazıçı məqsədidirsə, qəhrəmanın Seva ilə birlikdə metroya gəlməsi onun itmiş qardaşını axtarmaq istəyi ilə müşaiyət olunur. Amma yazıçı Şirvanşah tarixini istədiyi kimi yazmaq üçün çox qurama yollardan keçir – xüsusilə də qardaşın itməsi süjetə lazımsız edilmiş əlavə təsiri bağışlayır. Halbuki bəlkə də bu itmə olmasa idi, axtarış onları metroya gətirməyəcək, müəllif də tarixə ekskursiyaya yol tapa bilməyəcəkdi.
Ümumiyyətlə, yazıçının istər tarixə meyli, istərsə də mistika yaratmaq istəyi bədii materiala çevrilə bilməyib. Hər ikisinin bir araya gətirilməsi detektiv janrın bəzi xüsusiyyətlərinin əlavə edilməsi ilə maraq doğursa da, uğurlu «calanma» alınmayıb.
***
Ötən ilin maraqlı əsərlərinin sırasında Nəriman Əbdülrəhmanlının «Yalqız» romanı da var.
Qeyd etdiyimiz kimi, ötən əsrin sonlarında və yeni əsrin əvvəllərində tarixi mövzuları və xüsusilə də Qarabağ savaşını, hakimiyyət dəyişikliklərini nəsrə gətirənlərin sayı artmışdı. Amma 2006-cı ildə diqqəti çəkən tendensiya daha çox şəxsiyyətin mənəviyyatına və psixologiyasına, təfəkküründə baş verən dəyişikliklərə və ruhi problemlərə diqqət yetirilməsidir.
Ötən ilin psixoloji nəsr nümunələrindən biri kimi «Yalqız» əsərini dəyərləndirmək olar.
İstər qəhrəmanın öz tənhalığı ilə tək qalmaq istəyi, istərsə də oxuduğu hər əsərdə, atdığı hər addımda rastlaşdığı detallar əsərin və qəhrəmanın sonluğunun nə ilə bitəcəyindən xəbər verir. Məsələn, kitab evində «Yalquzaq»dan ayaqüstü bir parça oxuması, evdə olarkən içindəki qorxuya qalib gələ bilmədiyi üçün oxumadığı əsəri dəfələrlə açıb-bağlaması, ananın göndərdiyi sovqata vurulmuş və atmağa əli gəlmədiyi kəndir, havanın soyuq və şaxtasında tənha otaqda yaşanan vahimə, təklik, tənhalıq və s.. Bütün bunlar tənha insanın darıxdırıcı həyatının tam təsvirinin yaradılması üçün istifadə edilən detallardır. Bəzi xırda və üst-üstə düşməyən faktları çıxsaq, yazıçı qəhrəmanın bu günü – dünəni, gəncliyi və uşaqlığı arasında gəzişmələr edir. Hər dəfə də həmin yardımçı detallardan hansısa qəhrəmanın gözünə dürtülmək, varlığını xatırlatmaq və şüuraltında yaşatdığı istəyi reallaşdırmaq üçün dəstək olmaq imkanını gözləyir. Və yazıçının nail olduğu əsas nailiyyət qəhrəmanın özünün dərk etmədən, şüuraltı düşüncəsi ilə bütün bunları hiss etməsi, duymasıdır. Yəni hadisələr qurulduğu üçün yox, belə bir yekunla bitəcəyi labüd olduğu üçün diqqət çəkir, təbii görünür. Yazıçı qonşusunun onu güdməsi haqqında qəhrəmanın hiss etdiklərini, yaşantılarını təsvir edərək artıq onun şəxsiyyətində, ruhunda baş verənləri göstərir, hallüsinasiyaya daxili bir meylin yarandığını təsvir edir.
Və bu zaman anasının göndərdiyi sovqatın bağlandığı kəndiri atmayan personajla birlikdə hərəkət edərək bu kəndirin nədənsə pis bir şeydən xəbər verdiyini anlayırsan.
Öz yazıçı təhkiyəsi ilə həmişə maraq doğuran Nəriman Əbdülrəhmanlının bu əsəri həm də reallıqla – konkret faktlar və prototiplərlə bağlılığı ilə diqqəti çəkir. Və bu da yeni nəsrin əldə etdiyi xüsusiyyətlərdən biridir – real prototiplər. Əsər bütövlükdə avtobioqrafik olmasa da, avtobioqrafik elementlər var. Yəni müəllif nə hadisələrdən, nə də təsvir etdiyi personajlardan uzaq durmağı, münasibətsiz qalmağı bacarıb. Həm onları hər kəs tanıya bilər, həm də yazıçının onlara münasibətini duymaq mümkündür.
Əsərin əsas uğuru inandırıcılığında və bir insanın tənhalığını dolğun təsvir etməsindədir. Bəzən darıxdırıcı, uzun, cansıxıcı görünsə belə, tənhalığın özündə bu cansıxıcılıq olduğundan, bu da əsərin uğuru hesab edilə bilər.
***
İlqar Fəhminin «Akvarium» romanı da psixoloji nəsrin bir nümunəsidir və bu əsər də çoxqatlı struktura malikdir.
Əsər haqqında xüsusi danışmamışdan əvvəl bir detalı vurğulamaq istərdik ki, son illər bir sıra poetik detallar – simvollar nəsrimizə ayaq açıb ki, yazıçılar məhz onların vasitəsilə həqiqəti anlatmağa və simvolizə etməyə çalışırlar. Artıq metro, sərdabə, balıq kimi yeni simvollardan danışmışıq. Balıq və akvarium isə bu əsərin başlıca simvoludur – susan, dənizdən fərqli olaraq səssiz akariumun içində səssiz balıqların əhatəsində yaşayan insanın taleyinə bu səssizliyin gətirdiyi sarsıntıları təsvir etmək yazıçının məqsədidir.
Əsərdə akvarium həm restoran, həm də mədəniyyət ocağı – teatrdı. Onun rəhbəri Sahib öz əsərlərini bu teatrda tamaşaya qoydurur. Elə onun son əsəri də «Akvarium» adlanır.
Müəllif əsərə sonla – finalda baş verənlərlə başlamaqla oxucunun diqqətini çəkməyi bacarır. Yəni «Yalqız»da kəndir bir atribut kimi əsərin əvvəlindəcə qəhrəmanın intihar etdiyini bəlirləyirdisə, «Akvarium»da da bu, ilk andan – ilk hissədən bəlli olur.
Bu əsərdə də bir insanın daxili yaşantıları, köhnə, ilahiləşdirdiyi sevgisini qaytarmaq istəyi, hətta bunun üçün əsər yazması, amma cəhdlərin mənasız olduğu təsvir edilib. İstər Aybənizlə yaxınlıq, istər ona oxşayan aktrisanın pyesdə baş rol alması və dramaturqla ünsiyyət qurması keçmişi və yaşanmış  sevgini yenidən yaşada bilmir. Ə\slində, Sahibin problemi sevginin qayıtmamasında da deyil. Üst-üstə gələn səbəblər – mənasızlıq, ailədən ayrılma, qızının «tüpürüm sənin kimi ataya» deməsi, övladının belə gözündən düşməsi onun taleyini həll edir. Bütün bunlar bir insanın həyatında hər şeyin mənasını itirdiyi o məqama gətirib çıxarır. O məqamda isə intihar labüddür və onun qarşısını heç nə ala bilmir.  Sadəcə, yaradıcı insan olan Sahib öz intiharına da yaradıcı yanaşır. O, öz ölümündən sənət əsəri üçün yararlanır. İntiharı tamaşanın finalına çevirir.
İlqar Fəhmi bu əsərində götürdüyü simvolik adı «Akvarium»u təsdiqləyə bilir. O qəhrəmanının həqiqi mənada akvarumda yaşadığını sübut etməyi  bacarır.
Əsər maraqlı mühakimələr və dialoqlarla, situasyalarla, psixoloji konfliktlərlə də diqqəti çəkir.
Məsələn, gəncliyində həddindən artıq düzgün olmağa çalışan və onun məhəbbətini ilahiləşdirən Sahiblə söhbətində rejissor Aybənizin söylədiyi fikirlərə diqqət yetirin: «Bilirsən Allah niyə təkdi? – Allah ona görə təkdi ki,  heç bir başqa xaliq, yaxud məxluq öz yanında bu qədər saf, təmiz, işıqlı varlığın olmağına tab gətirməz, bezər, darıxar eyni şeydən, əgər Allah evlənsəydi, iki aydan sonra onun arvadı Şeytana qoşulub qaçardı». Bu sözlər intihar etməyə hazırlaşan biri üçün ilahi, müqəddəs, təmiz saydığı hisslərinin sevdiyi tərəfindən gecikmiş də olsa aldığı ağrıverici qiymətdi. Mənasızlıq anında vurulan həlledici zərbələrdən biridi. Məsələn, o sükan arxasında «İnsanın həyat yolu da belədir, düz, hamar yolla çox gedəndə adamı elə bil sükan arxasında yuxu aparır və qəfildən qəmbərliyə düşüb ayılanda görürsən ki, nə qədər lazımi görüntüləri nəzərdən qaçırmısan, hər şeyi başa düşəndə də artıq gec olur» düşünür. Bu isə Cek Londonun «Martin İden»ində olduğu kimi, artıq hər şeyə nail olmuş, arzusu tükənmiş bir insanın intihar istəyindən xəbər verir. Eyni şeyi Aybənizin sözlərində də duymaq olur, amma bu dəfə bu fikirlər Aybənizin də bu istəkdə olmasına deyil, bu istəyə düşən birinə əsas verməsinə dəlalət edir: «Mən bu pilləkənə ayaq qoyanda lap uşaq idim, elə bilirdim ki, yuxarı qalxdıqca ətrafımı daha yaxşı görəcəyəm, ona görə də heç vaxt ayağımın altına baxmırdım, yalnız yuxarı qalxmaq barədə düşünürdüm, amma indi demək olar ki, həç nə görə bilmirəm, ən yaxındakıları da. Hətta səni də».
Bütün insanlar belədir – yalnız yuxarı canatma ilə yaşayırlar - Sahib kimi «hər pillədə bir parçamı salıb itirirəm, axtarıb tapmağa da həvəsim olmur» qənaətinə hamı gəlməsə də...
Əsərdə  Sahibin intiharına izah verilmir, onun bəzi səbəbləri sadəcə göstərilir. Bizcə, bu həm də yazıçının intihar faktına səbəb axtarmağın mənasız iş olduğunu bilməsindən irəli gəlir. Çünki təhlil etməli olsaq, ayrı-ayrılıqda göstərilə biləcək səbəblərin heç biri əsas rolu oynamayıb, hamısı birlikdə oynayıb.
Əsərdə belə bir ifadə işlədilir: «Pyes həyat deyil, orda hər şeyi dəyişmək olar», amma Sahib hərdənbir, xüsusilə də Axundla söhbətində, qızı üçün tamaşa salonunda ayırdığı yerə boylananda finalın dəyişəcəyinə azca ümid verir. Amma sadəcə ümidlə kifayətlənir.  Onun tamaşanın finalı üçün etdiyi intihar əvvəlcədən əsərin finalının zəif qurulduğunu deyən rejissorun «bravo»sunu da qazanır.
Bir sözlə, əsər bədii material kimi müəllifin qoyduğu məqsədə çatığını sübut edir. Müəllif istər qəhrəmanının yaşadığı sarsıntıları, istərsə də düşüncələri dolğun təsvir edib. «Mənim ömrüm elə əvvəldən teatr tamaşası kimi bir şey olub. Həm də elə belə adi teatr yox, akvarium teatr, dövrəmdəkilər də adamdan çox balığa oxşayıblar həmişə. Əslində balıqların içində yaşamaq o qədər də çətin deyil, heç kim danışmır, hamı ağzına su alıb sakitcə başını tərpədir, bir sözlə, ilahi sükut məqamı. Amma hərdən bu sakitlik adamı elə bezdirir ki, dildə deməsən də, istəyirsən k, ətrafında süzən müdrik balıqların hamısı birdən dilə gəlsin, təki danışsınlar, susmasınlar, səsləri çıxsın. Çünki səssiz balıqların içində yaşayanda adam istər-istəməz danışıq qabiliyyətini itirir. Sonra başına bir iş gələndə qışqırıb köməyə çağırmaq istəyəndə görürsən ki səsin çıxmır».
Bu səsi çıxmamaq məqamı Sahibin dostu, ona kömək etmək üçün hətta məscidin qarovulçusu olmağı təklif edən Axundla söhbətdə də aydın görünür.

(DAVAMI VAR) 




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha