AZAD OLAN ENERJİ
Yazar: cabbarlinergiz @ İyun 13, 2008 10:11
(2006-cı ildə çap olunan şeirlər əsasında)
Gözəl söz demək istəyi ilə gözəl söz eşitmək (və ya oxumaq!!!) istəyi arasında elə bir böyük sərhəd yoxdur. İnsanı şairə çevirən də bu istəkdir, professional oxucuya (tənqidçiyə!!!) çevirən də. Elə ona görə də yaxşı tənqidçilər ruhlarında bir az şair, bir az nasir, bir az da (əgər bacarsalar) dramaturq olurlar. Biz oxucuların (və ya tənqidçilərin) oxunan hər misrada, bitirilən hər əsərdə axtardığı isə bu istəyin uğurla reallaşan forması, incə bir dəqiqliklə gerçəkləşən görüntüsüdür\.
Amma düzünü deyim ki, ruhunda şeiriyyət daha çox olan biri kimi, mən şeirdə ifadə olunan ən qəliz ruhları, ən qarışıq düşüncələri belə (əgər istedadla ifadə olunubsa) duymağı, araşdırmağı, anlamağı və anlatmağı sevirəm. Sevmədiyim bir şey varsa, o da yaradılan əsərləri «illər çərçivəsinə» salmaq, qəlibə sığmayan şeir haqqında düşüncələri «qəlib» sərhədləri daxilində ifadə etmək, məhdudlaşdırmaqdı.
Amma «ötən ilin poeziyası haqqında danış» deyilərsə, bütün tənqidi fikirləri, bütün çatışmazlıqları, şeir olmayan və ya «az şeir» olan nümunələri (əksər hallarda onların müəlliflərini belə unuduram) bir kənara tullayıb ötən il ərzində curnallarımızda oxuduğum, yaddaşımda qalan yazılar əsasında bir neçə qənaətimi söyləyə bilərəm. Kitablara toxunmayacağam, çünki bu barədə ayrılıqda yazmışam (yazıram da). Beləliklə...
***
Ötən il çap olunan bir çox şeirlərdə yenə də mövzu baxımından eynilik, oxşarlıq müşahidə olunurdu. Forma baxımından isə sərbəstliyə (oxu: sərbsət şeirə) maraq.
Vətən, dövlət, müharibə ilə bərabər seçkilər haqqında şeirlər də oxuduq. Özü də əksər hallarda etiraz, narazılıq dolu şeirlər. Məsələn, Musa Yaqubun «öz seçicilərini görməsi» istəyi ilə yazılmış şeirlərini deyə bilərəm. O şeiri dəqiq xatılamasam da, bundan fərqli olaraq «Uzun gecələr gəlir» yadımdadır. Hər zamankı şair səmimiyyəti, ifadə oricinallığı, fərqli, özünəməxsus kompazisiyası və təsvir vasitələrinə görə:
Uzun gecələr gəlir
Gözdən yuxu qaçıb dostlar kimi.
Dindirməyə bir könül,
Taylar içrə tayın yox.
Bütün oyunlar bitib
Baş qatmağa oyun yox.
Dünyanın zəhri varsa,
İçmişik qurtarmışıq.
Bütün aldanışları
Keçmişik, qurtarmışıq...
Əslində, siyasətə gəlişini, siyasətdə aldanışını belə şeiriyyətiə səmimiyyətlə gətirə bilən və əsl poeziya nümunəsi yaradan bu şairin seçiciləri ilə bağlı yazdığı şeir də uğursuz deyildi. Amma vacib olanı bütün aldanışlardan keçən və həyatının müəyyən bir mərhələsini (fərq etməz, bu otuz il də ola bilər, 60 il də - kimdə necə) arxada qoymuş birinin ruhi vəziyyəti, ovqatının gerçək təsviridir. Bir də «yuxu dostlar kimi qaçıb», «Uzaq işığın istisi yox, yaxın qaranlığı dayağı» təki dəqiq ifadələr.
Uzun gecələr gəlir
Xatirələr işarır orda-burda
İşıldaquş kimi.
Somsoyuq bir şey
Yarı həsrət, yarı giley
Xoş bir xatirə tutmaq -
Qaranlıqda qara pişik
tutmaq qədər çətin...
Hardasa işıq düşür
Süzülür bu qara sətin.
Kiminsə yanır çırağı
Uzaq işığın istisi yox,
Yaxın qaranlığın dayağı...
Ümumiyyətlə, yaddaşımda qalan şeirlərin, misraların bir çoxu məhz qlobal mövzulara, aktual problemlərə həsr olunub. Məsələn, illər öncə şeirində azadlıq axtarışına çıxan və «azadlıq budursa, istəmirəm belə azadlığı» deyən Fikrət Qocanın «Azadlq şərqisi» poemasını və «Vətən azad olmayanda Ölüm azadlıq sayılır» misrasını xatırlayıram. Nəriman Həsənzadənin «Darıxma» şeirini,
(Gərək Cavid kimi mən də gedəydim
Üzüm o tərəfə gözüm arxada.
Sibir çöllərində qəbrim itəydi
Yerim görünəydi bu xarabada)
və eyni səhifələrdə yer alan digər şeirlərindəki etiraz yadıma gəlir:
Millət mənimkisə belə deyildi
Fəhləsi fəhləydi, kölə deyildi.
Onda da dinimiz əla deyildi
Din deyir bu dinsiz köpək uşağı.
Onu da deyim ki, şairin ruhunun və məmləkətin ruhunun bu günü arasında oxşar ovqat yaşantılarının bir az qəzəbli, bir az incik, bir az da qınayıcı təsviri effektsiz qalmayıb.
Müşahidə etdiyim maraqlı bir nüansı diqqətinzə çatdıra bilərəm. Adil Mirseyidin yeni şeirlərində klassik və ənənəvi şeirlə modern şeir arasında qəribə bir çarpışma (və ya şairin adlamaları da deyə bilərik) marağımı çəkdi. «Gecikmiş məhəbbət» şeirində
Ulduzlar mənimdi mən ulduzların,
Bilməzsən dünyanın harasındayam.
Amma harda olsam bu yer üzündə,
Sənin gözlərinin qarasındayam. -
deyən şair kitablarında tanıdığımız modern şeirlərin müəllifinə bənzəmir. Oxucunu çaşdırır. Amma səhifədə bir qədər aşağıda «Röyalarımın şəhəri»ndə yenə də tanış üslub, özünəməxsus düşüncə və ifadə tərzi boy verir:
iyirmi yaşımda mən
məmləkətin aylı gecələrinə əlvida etmədim.
və başımı götürüb
röyalarımın şəhəri mavi parisə getmədim
aradan illər keçdi
indi çox gecdi
parisin yolları üzümə bağlı
bir ömür yaşadım
bir şair ömrü
bir ömür yaşadım qaralı ağlı...
Və iş orasındadır ki, ötən il çap olunan bu şeirləri yada salanda nadir hallarda belə dəyişikliklərə rast gəlmək olur. Adətən şair misrasından, şeirinin ruhunda tanınır. Məsələn, qürbət havalı şeirlərin müəllifi Məmməd İsmayıl kimi. «Alın yazısı» şeirində
Yüz yol sınayıram bəxtəbəxtliyi
Niyə tuş gəlmişəm cəzana billəm,
Verirsən xoşbəxtlik ver, bədbəxtliyi
Tanrım, mən özüm də qazana billəm -
deyən şairin həqiqəti hər zaman olduğu kimi, yenə də elə misraların üst qatında qalır, amma sadəliyi ilə gözəllik səviyysinə yüksələ bilir.
***
Ötən il oxuduqlarım arasında Sabir Sarvanın «Azərbaycan»da, «Ulduz»da çap olunmuş şeirləri də vardı.
Bilirsinizmi, şeirləri (elə şairləri də) bir-birindən fərqləndirən nədi?! Havası. Axını. Tempi. Ruhu. Şeir daxilində döngələr. Şeir var ki, daxilindəki hava, enerci birinci misrasından sonuncu misrasına qədər heç bir maneəyə toxunmadan, heç bir yerdə qırılmadan, asudəliklə, rahatlıqla sona - pik həddinə çatır və AZAD OLUR. Amma şeir də var ki, eyni forma, eyni qəlib daxilində havanı-enercini (bu şairdən yox, onun istedadından asılı məsələdi) dəfələrlə maneələrə çırpır, qırır, sındırır və o sınmış «hava»nın təsirinə düşdüyündən oxucu sona qədər gedə, yəni şeiri sona qədər oxuya bilmir. Və bu prinsip şeirin hansı vəzndə, hansı formada yazılmasından asılı deyil. Eyni prinsip sərbəst şeirdə də işləkdi, hecada da.
Sabir Sarvanın şeirlərinə gəlincə, (əvvəlkilərdə də bu vardı, amma indi əsasən ötən il həm «Azərbaycan», həm də «Ulduz» curnallarında çap olunanlar əsasında fikir yürüdürəm) bu enerci-axın o qədər sərbət və maneəsiz yol keçir ki, belə bir maneənin ola biləcəyini belə güman etmirsən.
...Gözmün nurunu kağıza verdim
Dizimin gözünü daşlar apardı.
Bir sıxma dən idi ömrüm elə bil,
Töküldü ovcumdan quşlar apardı.
...Arxayın tapşırın məni torpağa
Üzü soyuqsa da daşürək deyil.
Məni göy itirən quşlar ağlasın,
Özgə gözdən çıxan yaş gərək deyil.
Və «bir sıxma dən idi ömrüm elə bil - quşlar apardı», «məni göy itirən quşlar ağlasın» və s. kimi poetik detalların gerçəkliyini əlavə edərsək, bu şeirlərin hamısı olmasa da, böyük qismi maraqlı idi.
***
Son illər kiçik - bir bəndlik, bir neçə misralıq şeir parçaları ilə maraqlı kompazisiya yaratmaq cəhdi bir çox şairlərdə müşahidə olunur. Onlardan Səhər, Səyyarə Məmmədli, Əlizadə Nurinin adlarını qeyd edə bilərəm. Amma ötən il dərc olunan bu əsərlərin hamısının maraqlı nümunələr olduğunu söyləmək çətindir. Daha dəqiq desək, Səyyarə Məmmədli və Əlizadə Nurinin şeirlərinin bir qismində buna - qoyulan məqsədə nail olunur.
Məsələn, Səyyarə Məmmədlinin şeirlərindən misal gətirək:
Uzadıb - çəkir yenə
Dalğa dilin,
Dəniz susayıb elə bil
Yalayır sahilin.
Və ya Əlizadə Nurinin şeirlərindən bir misal:
Bir bayatı hönkürüb
Şərab dolu
Bir qədəhlə öpüşüb,
Bir sevimli xanımın
Bəstəkar gözlərinin
Göz yaşına qulaq asıb
Ölmək istəyirəm...
Məni çiçəklərin yanında basdırın.
\
Amma eyni uğuru bu iki müəlifin bütün əsərlərinə aid etmək olmur. Bəzən poetik detal yerinə düşmür, uğurlu alınmır. Amma ötən il dərc olunan bu səpgili şeirlər sırasında Səhərin təqdim etdiyi şeirlərin çox böyük qismində qarşıya qoyulan məqsədə çatılıb.
Yarpaqlar çöldə ah çəkir
Otağımda sönür şam
Hər şeyçün sağ ol, tənhalıq,
Gözəl idi bu axşam
...Köhnə şəkillər kimi
Solur ötən zamanlar.
İlahi, hanı bir vaxt
Darıxdığım adamlar?
***
Artıq qeyd etdiyim kimi, forma baxımdan ötən il yenə də sərbəst şeirə marağın çoxluğu müşahidə edildi. Bəzən uğurlu, bəzən uğursuz, amma çoxluq sərbəst şeirdə idi.
Uşaqlıqda
Hər səhər
Yatağımın başından
Eşidərdim
Saçımı sığıllayan
Anamın səsini:
- balam lampalarını yandırsın
Evimizi işıqlandırsın.
...İndi də mən anam kimi
Oyadıram səhərlər körpə uşaqlarımı:
- Balalarım lampalarını yandırsın
Evimizi işıqlandırsın
İşıqlıdır evimiz
Gözlər - işıqlar yanır
Qara, yaşıl və qonur...
Və iş orasındadır ki, bu şairlərin sırasında yuxarıdakı şeirin müəllifi Əcdər Ol kimi çoxdan yaradıcılıqla məşğul olanlarla yanaşı, öz yaradıcılığına diqqət çəkən yeni imzalar da vardı. Məsələn, «Mücərrədlik» şeiri ilə Xatirənin (bu şeirdə xırda detallar şəklində olsa da, maraqlı ifadə vasitələri müşahidə olunurdu), «Mən eşq küçəsində yaşayıram» misrası ilə başlayan şeirin müəllifi \Sevinc Çılğının (eyni fikri onun şeiri haqqında da söyləmək olar) adlarını çəkə bilərəm.
Digər tərəfdən Mah Camal və Xatirə Vaqifqızının çox maraqlı qəzəllərinin də diqqətimi çəkdiyini və qəzələ şair marağının (hələ oxucu marağı demirəm) azaldığı bir vaxtda (əruzun çətinliyini də əlavə edək) bu nümunələr həm oricinallığı, həm də səviyyəsi ilə seçilirdi.
***
Ötən il çap olunan şeirlər sırasında Firuzə Məmmədlinin əsərlərini də vurğulaya bilərik.
(Mən də öyrəşmişəm yalan deməyə
Mən də yalanlarla baş girləyirəm.
Tutub arzuların boş damarını
Bir insan ömrünü boş girləyirəm).
Və onun kimi bir çox müəlliflərin, o cümlədən, Sərvaz Hüseynoğlunun
(Bir mənəm, bir də boş küçə
Ayrılıb getməyim ağır
Buludlar çoxdan kiriyib
Ağaclar hələ də yağır.
Yarpağın üstəki şehi
Elə bil yüz əl qoruyur
Buludların xatirəsin
Ağaclar gözəl qoruyur),
Qulu Ağsəsin
(Kimsə ayağını qoymaz içəri
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündü məndən ötəri
Sən məni sevməklə dala çəkirsən.
Cavab məktubumda sözlər baş-ayaq
Bir ucdan yazılır, pozulur elə
Qorxuram öləsən - sevgi yaşaya
Qorxuram qalasan - məhəbbət ölə...)
Vasif Süleymanın
(Hissin dumanında azır, deyirsən,
Həsrətdən, hicrandan yazır, deyirsən
Vallah düz deyirsən, hazır şeirsən.
Hələ yazmamışam səni bir sətir),
Zakir Sadatlının
(Ağacdan yarpaq düşəndə
Budaqdan uzaq düşəndə
Daş divarlar arasında
(Göyün yeddinci qatında)
Yadıma torpaq düşəndə
Darıxıram gecələr)
Musa Ələkbərlinin
(Şuşasız olmaq necədir
Kövrəlib dolmaq necədir
Çarəsiz bir ilan kimi
Özünü çalmaq necədir)
şeirləri olmasa da, misraları qalıb yadımda. Gözəl nümunələr kimi.
Mənbə: Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008



Nergiz xanim, men sizde soze sevgini cox beyenirem. Hemisa bele olun, bi seviyyeni itirmeyin
İyul 11, 2008 14:55