YADDAŞ LENTİ VƏ SİLİNMƏYƏN KADR
Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:19
Yaşanan ömür nə qədər uzun və dəyərli, nə qədər zəngin və təəssüratlı olursa-olsun, insanın bütün həyatı - xoşbəxt və bədbəxt, kədərli və sevincli anları ilə bərabər - yaddaş lentində qorunub saxlanan ayrı-ayrı dondurulmuş kadrlardan ibarətdir. Vəssalam. Ömrünün hansısa ilində, ayında, günündə, hansısa bir səbəb üzündənsə yaşanan, geridə buraxılan illərə nəzər salmaq istəsən və yaddaşını qurdalasan dəhşətli bir ağrı yaşamalı olacaqsan. Çünki görəcəksən ki, bəzən bir ilin, bəzən beş ilin, bəzən də daha artıq illərin haralara getdiyini, onlardan qalan izlərin haralara yazıldığını bilmirsən... Bu anda, bu məqamda sənin nəyisə xatırlamaq istəyin boşluqla, heçliklə üz-üzə duracaq... Özünü bir az yora da bilərsən... Amma nəticəsiz! Çünki itirildiyinin fərqinə belə varmadığın irili-xırdalı həmin zaman kəsikləri tapılmayacaq. Sanki heç olmayıblar da... Əvəzində isə kəşf edəcəksən ki, yaddaşında yalnız konkret hadisələri və ya konkret bir günü əks etdirən kadrlar donub qalıb. Ən dəhşətlisi də odur ki, onların qorunub saxlanması mütləq hansısa əhəmiyyətli - kədərlimi, sevinclimi və ya elə sadəcə, dəyərlimi bir hadisə ilə əlaqəlidir. Yəni hisslər olmasaydı, onlar da qorunub saxlanmazdı...
Bəlkə elə həyatın gözəlliyi bundadır?!. Amma hətta belə olsaydı da, bu təəssürat insanı vahiməyə gətirir. Sanki yaddaşımız bizimlə - sahibi ilə məsləhətləşmədən mənasız bildiyi, dəyərsiz saydığı və ya özünə yük hesab etdiyi günlərimizi, illərimizi - daha doğrusu, onlar haqqında informasiyanı avtomatik bir qanunauyğunluqla acımadan kənara tullayıb... İstəsək də onları tapa və bərpa edə bilmərik...
Elə düşünməyin ki, filosofluq damarım tutub. Yox... Sadəcə, universitet illərini yada salmaq istəyəndə, birdən-birə bəzi müəllimlərimin adını belə unutduğumun fərqinə vardım. Utandım və bu utanc hissi məni daha nələrisə xatırlamağa vadar etdi... Amma yuxarıdakı nəticəni çıxarandan sonra bir qədər sakitləşdim. Çünki unudulan təkcə onlar deyildi. Altı ilin tarixçəsində konkret olaraq bir neçə müəllim - rəhmətlik Şahməddin Xəlilov - özünün dərs demək və bilik öyrətmək istəyi və enerjisi ilə dərs vaxtı az qala «qabığını dəlib kənara çıxdığı üçün», Bəxtiyar müəllim - Sabirin və Mirzə Cəlilin ironiyasını bütün hərəkətlərində və təbəssümündə gəzdirdiyi üçün, bir də İslam müəllim - tələbələrlə dostyana münasibət qurmağı bacardığı üçün yaddaşımda dipdiri idilər. Daha bir müəllimim haqqında da danışa bilərəm. Daha doğrusu, danışacağam. O, bütün tələbələrinin yaddaş lentində tədris etdiyi Çingiz Aytmatovun yaradıcılığına oyatdığı maraqla ilişib qala bildi. Bəzən hamımız təəccüblənirdik ki, necə olur şıltaq və ipə-sapa yatmayan qızlarımız o vaxt sadəcə adını eşitdiyi qırğız yazıçısının bütün əsərlərini tapır və əldən-ələ ötürərək oxuyur?!. O vadar etmirdi. Heç adət etdiyimiz «qiymət almayacaqsınız!» hədəsi də yox idi... Amma oxuyurduq...
Onu xatırlamağımızın daha bir səbəbi beşinci kursda oxumağımıza baxmayaraq, ilk dəfə bizim - filoloqların arasında şair, nasir, tənqidçi, publisist axtarışına çıxan müəllimlə qarşılaşmağımız idi. Sonralar - ədəbi mühitlə təmas qurduqdan, digər tələbələrini tanıdıqdan sonra gördüm ki, o, bu axtarışı həmişə aparır. Həmçinin başqa müəllimlərin sakit, sözəbaxan görmək istədiyi tələbələrdə o, mübahisə etmək, fikir mübadiləsinə girmək və bu zaman kimlərinsə artıq deyilmiş düşüncəsinə deyil, öz fikrinə və qənaətinə əsaslanmaq xüsusiyyətini formalaşdırır. Yəni onların simasında tələbə yox, filoloq və yetkin şəxsiyyət gördüyünü göstərir... Düzü, ailələrimizdən gələn və hələm-hələm içindən sıyrılıb çıxa bilmədiyimiz bir ənənə - artıq deyilmiş, konturları cızılmış düşüncələrin qəlibində qalmaq məcburiyyəti bu azadlığa marağımıza səbəb olurdu. Onu da nəzərə alsaq ki, müəllimlərimizin əksəriyyəti ənənədən kənara çıxmamağın tərəfdarıydı, o zaman aydın olar: bizim üçün bu, fərqli təəssürat idi. Kiminsə öz fikrini, qənaətini sənə sırımadan, beyninə yeritmədən sənin fikrinlə hesablaşması, ənənəvi dərs soruşmaqdan çox ədəbiyyatla bağlı nə düşündüyünü bilmək istəməsi maraq qarışıq təəccübümüzə səbəb olurdu...
Və bütün bunların sırasında sənin öz qənaətinin, nəticənin formalaşması üçün verdiyi - təklif etdiyi zaman da var... Hətta bu gün də gülə-gülə, bir qədər də utancaqlıqla xatırlayıram: bir qədər çılğınlıq, bir qədər də acıqla «şəxsiyyətsiz və xaraktercə cılız olan insanın gözəl şeri, gözəl əsəri ola bilməz» inadımı o, çox soyuqqanlı bir təbəssümlə qarşılayıb bu çılğınlığın qarşısında «yox» demədi. Mətbuata yenicə gəlmiş və şair-yazıçılara hələ görünməz, əllə tutulmaz bir münasibətlə yanaşan tələbəyə «Gəl mübahisə etməyək, bir ildən sonra bu barədə danışarıq» söylədi... Heç danışmağa da ehtiyac qalmadı... Qənaət dəyişməlidirsə, öz təbii inkişafı ilə dəyişir və əsas olanı da budur - təzyiqsiz, başqalarının təsiri olmadan əldə edilən nəticə.... O, bunu təkcə mənə yox - bütün tələbələrinə göstərir...
İllərdir müşahidələrimdən görürəm ki, onun tələbələri ilə münasibəti institut illərindən sonra da elmi, ədəbi mühitdə davam edir və artıq çox qanunauyğun hesab etdiyim bir nəticəyə dirənir: O, istedadlı insanlar arasında gözlə görünməyən, amma dəhşətli dərəcədə vacib olan bir əlaqə bağının qurulmasına çalışır... Təbii ki, istedadlı və təmiz insanları seçmək, tanımaq bacarığı bu ünsiyyət bağının qurulmasına kömək edir. Onun Yazıçılar Birliyinə cəlb etdiyi gənc qələm adamlarının kimliyini hamı bilir... Düzdür, bəzən yanılmalar da olur - ədəbi mühitə təriflə gətirdiyi, tanınmasına, qəbul edilməsinə çalışdığı insanların, xüsusilə də gənclərin sonrakı əks münaibətini də görə bilir. Amma, nə qədər qəribə də olsa, proses dayanmır...
Onun təqdimatı ilə bağlı hissəni buradaca saxlayım və yaradıcılığa keçim. Amma bir xatırlatmadan sonra: mən həmişə demişəm, tələbənin qiymətini müəllim yanlış da verə bilər... Çünki bu qiymət rəqəmlə ölçülür. Amma müəllimin qiymətini verməkdə tələbələr demək olar ki, heç vaxt yanılmırlar....
***
Haqqında söz açdığım tənqidçi, filologiya elmləri namizədi olan müəllimimin bir neçə kitabı çap olunub. «Epik sözün bədii gücü», «Sözə inam sabahımızdır»dan başqa, hələ dərc edilməyən bir kitabını - məqalələr toplusunu da oxumuşam. Müasirləri də daxil olmaqla fərqli dövlərin qələm adamlarının yaradıcılığı haqqında olan bu kitablar onun bədii zövqünün, elmi düşüncəsinin, gəldiyi nəticələrin göstəricisidir.
Yəni «Epik sözün bədii gücü» kitabında onun «sənətkar və sənətkarlıq» məsələləri haqqında nə düşündüyünü (Mirzə Fətəli gülüşündən söhbət gedir), «Aldanmış kəvakib» əsərinin poetikası, Abdulla Şaiq və Seyid Hüseynin sənətkarlığı barədə qənaətlərini öyrənə bilərsiniz...
Amma elmi məqalələr və elmi qənaətlər əksər hallarda elm adamları üçün maraqlı olduğundan, mən onun cəmiyyətimiz, mədəniyyətimiz, ədəbiyyatımız və millətimizin taleyi ilə bağlı fikirlərinə toxunacağam.
***
O, tənqidçidir. Hər zaman dediyi və indiyə qədər də inandırmağa çalışdığı bir həqiqət var: hər şair, hər yazıçı öz istedadı böyüklüyündə və öz istedadı çərçivəsində yazır. Ona yaza biləcəklərindən artıq səviyyədə yanaşmaq və yaza biləcəklərindən artığını tələb etmək düzgün deyil»...
Əminəm ki, elə buna görə o, haqqında yazdığı hər şairin və yazıçının yaradıcılığında qeyd etməyə və fərqləndirməyə nələrisə tapa bilir. O, bunu bacarır (Mənim üçünsə çətindir).
O hətta içində yazmaq yanğısı olan, bu yanğıya qarşı çıxa bilməyən, amma ortaya istedadlı bir şey qoymağı bacarmayanları da yazmaqda ittiham etmir. «Hər kəs istedadlı olmaz ki» deyimi ilə onları da anlayır.
Onun səmimiyyətinin, yaradıcılıq qayğılarının arxasında duran isə Sözə və söz adamına münasibətin dəyişməsidir. İstər mətbuatda, istərsə də kitablarında yaşadığı narahatlıq sözə inamın ölməsi, yaradıcı insan «mən»inin çirkablar, qarmaqarışıq və hara gedəcəyi hələ ki, o qədər də bəlli olmayan proseslər məngənəsində əzilməsi, boğulması ilə bağlıdır. O, ətrafında olan istedadlı insanları bu boğulmadan qurtulmaq üçün qorunmağa və özündən çox başqalarına dayaq olmağa çağırır...
«İnsan içində özündən böyük «mən» tapanda və görəndə yazmağa, yaratmağa başlayır. Onun içindəki «mən» isə «olmazlar», «qadağalar», qanunlar çərçivəsində düşünə və yaşaya bilmir. Bununla da tale sənətkarı əzəblara məhkum edir: həm yazıb-yaratmaq əzablarına, həm də «olmazlara», «qadağalara» qarşı barışmazlıq əzablarına. İçindəki «mən»i ilə yaşayan sənətkar öncə özünün, Səməd Vurğun demişkən «Hər bir qanunda qanunsuzluq var» həqiqətini bəyan edir» («Dövlət və sənət, yaxud Nəsimi vəzir ola bilərdimi?» məqaləsindən)
Bu çağırışın səbəbi isə bütün yaradıcı insanlar kimi onun da bu məngənənin və çıxılmazlığın, «qadağalar» və «olmazlar»ın sıxıntısının içində yaşamasıdır...
O, dəyişən məmləkətin, cilddən-cildə düşən tarixin qaçılmaz prosesləri içində yaşayan ziyalının bütün narahatlığını sözə çevirməyi bacarır: «Məni qınamayın, insan itirdiklərinin dəhşətini qəflətən görəndə, hiss edəndə onu xof basır, bəlkə də qədərindən artıq yozmağa, hər dərdində yad bir barmaq axtarıb tapmağa çalışır. Məncə, «sənət sənət üçündür» tezisində etiraf olunmayan, amma ümumi bir yekdilliklə qüdrətli bir təbliğat aparatına mənsub olduğu hakim dini və mədəni dəyərlərin kütləviləşdirilməsi məqsədi görünməkdədi. Ağrılı milli dövlət quruculuğu prosesinin başlanğıcında bəlkə də bu tezisi mədəni siyasətə uyğunlaşdırmaqla qəbul etmək olar: «milli sənət milli sənət üçündür» («Həqiqətənmi incəsənət xalqa məxsusdur?»). Hətta bu fikirləri yaza-yaza türkçülük və millətçilik yanğısı ilə yaşayanların hansı qarşıdurma və hansı münasibətlə üzləşəcəyini bilsə də, o, türkçüdür... Və bütün vicdanlı ziyalılar kimi, onu da dərd yazmağa vadar edir...
Onun cəmiyyətimiz və millətimizlə bağlı daşıdığı ağrıların arasında həqiqətin payı daha çoxdur: «Özümüzü aldatmayaq, biz demokratik cəmiyyətdə yaşamırıq, belə bir cəmiyyəti qurmaq arzusundayıq. Təəssüf ki, bizim hamımız, o cümlədən iqtidara müxalifətdə duran mətbuat orqanları, restoranda sifarişlərini xüsusi iddia ilə tələb edən müştəri kimi demokratiyanı tələb edirik, qırmızı xonçada bizə çatdırılmasını gözləyirik.... Unuduruq ki, demokratiya anarxiya deyil... demokratiya cəmiyyətin böyük əksəriyyətinin fərdi-insani başlanğıcı alçaltmayan və milli dövlət mənafeyi ilə ziddiyyət təşkil etməyən hüquqi qanunlarla və mənəvi-əxlaqi, etnik-milli normalarla yaşamaq bacarığıdır». («Biz nə yazırıq, necə yazırıq, kimin üçün yazırıq?» məqaləsindən)
Yazıb və hələ də yazır... Hətta bu gün yazanların oxuyanlardan az olduğunu, ziyalı sözünün eşidilmədiyini bəzən ağrı ilə etiraf etsə də...
***
Millətinin, tarixinin, ədəbiyyatının ağrısını daşıya-daşıya o, alimdir, o, katibdir, o, müəllimdir...
Və ən başlıcası İnsandır... Adətən istər alim, istər müəllim, istərsə də insan sözünün qarşısına müəyyən bir sifət artırmaq ənənəmiz var... Yaxşımı, pismi, babatmı?! Amma bəzən unuduruq ki, bu sözlərin - bu isimlərin özləri özlüklərində öz sifətlərini əks etdirirlər. Müəllim elə Müəllimdir, insan elə İnsandır... Onun yaxşısı-pisi olmamalıdır... Daha doğrusu, içindəki yaxşı-pis istəklərin, xeyir və şərin mübarizəsi ilə bərabər istər Alim, istər Müəllim, istərsə də İnsan birincilərin xeyrinə qalib çıxa-çıxa yaşasa, bəsdir. Bəzən məğlubiyyətlər də qaçılmaz olur. Amma əsas məsələ həmin qələbələrin sayının çoxluğundandır!
***
Bir də... Onun elmi və ictimai fəaliyyəti bir yana... Amma bir çox insanların yaddaşı (hətta öz sahibindən xəbərsiz işləmək xobbisi olsa da) istedadlı adamlar arasında gözəgörünməz bağ yaratmağa çalışan bu İnsanı və bir çox tələbələrinin ziyalı kimi yetişməsində rolu olan bu Müəllimi silinməz kadrların sırasına salacaq...
R.S. Söhbət, tənqidçi, alim, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlundan gedirdi
Arif Emrahoglunu men de taniyiram, mence bir az hisse qapilmisiniz. amma yaziya soz ola bilmez
İyul 11, 2008 14:53



yaxshi yazirsiniz demek isteyirem, ancaq dilim gelmir, daha edebiyyatci da yaxshi yazmayanda kim yazacaq ki....
her nese, ugurlar. BDU-nun filologiya fakultesini az-cox taniyiram. maraqli insanlar olurdu orda...
İyun 13, 2008 0:41