«SINIQ GÜZGÜ»DƏN GÖRÜNƏN GERÇƏK PORTRET
Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:16
Mən gerçək portertləri çox sevirəm. İstər yağlı boya ilə işlənsin, istər sözlə. Bəlkə də «gerçək» sözü burada o qədər də yerinə düşmür... Amma vallah, billah, portretdən portretə də fərq var. Hansındasa təbəssüm gerçək alınmır, hansındasa siması cızılmış insanın donuq və buz kimi - mənasız baxışları işləri korlayır, hansındasa dondurulmuş məqam real sahibinin gerçək xarakterini yox, artistizmini əks etdirir.
Portreti xoşlamağımın səbəbi isə onu yaradanın öz işinə münasibətindəki maraqlı çalarlarla bağlıdır. Bu münasibətdə hər şey var - portret sahibinin şəxsiyyətindən tutmuş, onu çəkənə - yazana təsirindən tutmuş, necə insan olmasına qədər... Çox şey. Təbii ki, əgər oxumaq və anlamaq bacarığın varsa...
O ki qala portret cızan şair ola... Hətta tənqidində, publisistikasında belə şeiriyyət duyulan, şeiriyyət yaşadan şair...
Elə Vaqif Bəhmənlinin «Sınıq güzgü» adlı kitabındakı publisistikada da, aldığı və verdiyi müsahibələrdə də (yeri gəlmişkən bütün uğurlu müsahibələrdə olduğu kimi, onlarda da portret cizgiləri var. Və bəlkə müsahibə verənlər özləri öz sözləri ilə bu portreti necə yaratdıqlarının fərqinə də varmayıblar) şeirə, sözə sevgi ilə (üstəgəl söz müəllifinə sevgi!!!) bərabər şairliyi hər misrada duyulurdu. Sanki yer üzünün özü belə Sözün üzərində qərar tutub. Sanki söz və şeir olmasaydı, dünyanın gedişatı pozula bilərdi. Sanki haqqında yazdığı müəlliflərin portretlərinə naxış və can verən də məhz şeir imiş, söz imiş...
Əslində, sözə və şeirə belə ilahi münasibət müəyyən məqamlarda (o məqamlarda ki, şeirə az qala nifrət də edə bilərsən - konkret şəxslərin yaradıcılığına münasibətdə) insanı qıcıqlandırsa da, əksər hallarda bu bacarığa qibtə edirsən. Niyə? Kiminsə (bu məqamda Vaqif Bəhmənlinin) Sözə (eyni zamanda da insana) təmiz münasibəti qoruyub saxlaya bildiyinə görə... Bu, həqiqətən də insandan böyük bacarıq və qeyri-adi bir dirəniş tələb edir. Xüsusilə də şairdən...
Məsələn, o inam olmasaydı, çox çətin ki, müəllif hətta özünə ithaf etdiyi kitaba belə bir epiqraf yaza biləydi.
«Bəri başdan deyirəm ki, dünyaya pis adam gəlməyib, dünyada pis adam yaşamır və dünyada heç zaman pis adam doğulmayacaq. Bu kitabı dünyanın ən yaxşı adamına - özümə həsr edirəm»...
Bu, kitab müəllifi Vaqif Bəhmənlinin özünün oxucusuna - deməli, həm də mənə ünvanladığı bir mesaj olduğundan, kitabın yaratdığı ilk təəssürat da onunla bağlıdır. Düzdür, nəzərə almaq lazımdır ki, bu mesaj onu tanımayana Vaqif Bəhmənlini eqoist insan kimi təqdim edə bilər... Amma tanıyanlara yüz faizlik geniş bir təbəssüm bəxş edəcək.
Elə bu təbəssümlə də keçək daha ciddi mətləbə...
«Sınıq güzgü» adlandırılan kitabda öz qələmdaşlarına - zamandaşlarına həsr etdiyi bir çox məqalələr var. Eldar Baxışdan, Yusif Səmədoğludan, Anardan, Vaqif Səmədoğludan tutmuş Ramiz Rövşənə qədər... Bu sıraya müsahibələri də əlavə edək... Və onu da deyək ki, bəzi məqalələrdə yaradıcılıqların qiymətləndirilməsi, təhlillərin edilməsi üçün cəhdlər də hiss edilir. Təbii ki, şair yumşaqlığı, şair həssaslığı və incəliyi ilə verilən qiymətdən söhbət gedir...
Amma bu cür məqalələr bir xüsusiyyətinə görə daha çox diqqət çəkir. Onlar təkcə bir yazıçının başqa birinə verdiyi qiymət baxımından yox, həm də ümumilikdə yaradıcılıq, şeir, poeziya haqqında düşüncələrinin təqdimatı baxımından maraqlıdır. Məsələn, «Tanrının dilində bir bənd bayatı» adlandırdığı və Eldar Baxışa həsr etdiyi yarımçıq yazıda (mənim bu yazını yarımçıq adlandırmağımdan yəqin ki, müəllif inciməz) şeir haqqında yazılmış fikirləri xatırlada bilərəm. Bu yazı mənə şövqlə başlanan, amma sona çatdırılması üçün hansısa bir maneənin (çox güman ki, bu, mənəvi-psixoloji bir maneə olub) qarşısında, onunla üzbəüz durma məqamında qırılan bir nəfəsi xatırlatdı... Və orda deyilir:
«Əslində şeir evdi!
Şairin şeiri varsa, evi var! O ev həm də bizimdi...
Şeir ona görə evdi ki, onu görür və içinə girə bilirsən... Yaxşı şeir həm də bir bənzərsiz səsdi... O səsdə qəm var, sevgi var, doğmalıq var, qaibanəlik var, bir də istilik! Doğma ev istiliyi...»
Eldar Baxış haqqında danışan şair bir bəhanə tapıb (digər məqalələrində olduğu kimi) şeir haqqında düşüncələrini bölüşür. Şair kimi... Məhz şair kimi. Elə başqa bir şair yaradıcılığına verdiyi qiymət də şairanə alınır: «Eldar Baxışın şeirlərində davadan sonrakı illərin ağrısı döyüşçü bədənindəki qəlpə kimi daşınır... Onun şeirindəki sanki sözdən öncəki vaxtın da sözü var, bu, bir su səsidir, söyüd iniltisidir, qayadan uçan daşların şaqqıltısıdır, bülbül oxusudur, sevgi havasıdır»...
Yuxarıda artıq haqqında qeyd etdiyim maneə bəzi məqalələrdə də özünü göstərir - boy verir. Məsələn, Elçin haqqında yazdığı «Bu həmin Elçindi - işıqlı, təmiz» məqaləsində «Mən nəsə başqa bir şey yazmalıydım» nidasının ardınca «Yazıçı niyyətini, yazıçı möcüzəsini açmaq iddiasında olan bütün ədəbi düşüncələrdə bir uğursuzluq qisməti var. Hər hansı bir əsərin sirrini o əsərin özündən savayı heç bir yazı mükəmməl anlada bilməz. Elə buna görə də oxuduğunuz bu bələdçi cümlələrə elə buradaca nöqtə qoyuram» yazması... Bu da bir insanın qarşısına məqsəd qoyub yolu çox uğurla getdiyi halda, nədənsə birdən birə onu yarımçıq saxlamasına bənzəyir. Baxmayaraq ki, o yolda deyilə bilənlər artıq deyilmiş, yazılmalı olanlar isə yazılmışdı...
Bilirsiniz, əslində, bütün yaradıcılığı boyu ən böyük silahı səmimiyyət olan bir şairi bəzi məqamlarda elə səmimiyyəti satıb. Necə? Məsələn, başqalarını bilmirəm, mənim duyduğum bəzi məqamlar var... Bu şairin ən gözəl, ən səmimi məqalələrinin sırasında bəzən səmimiyyətə qalib gələ bilmədiyi üçün gizlətməyi bacarmadığı münasibət - qələmi hansısa istiqamətə yönəltmək istəyi də duydum... Və bu, bəzən hansısa şairin, yazıçının istedadından, gözəl qələmindən danışmalı olduğun halda, onun gözəl insan, gözəl şəxsiyyət və ya vətən üçün çalışan biri olduğunu demək məcburiyyətində qalmağına bənzəyir... Eyni ilə...
Amma... Dərindən və sinə dolusu nəfəs alırmış kimi yazdığı «Ən cavan qoca» adlı səmimiyyətilə seçilən bir yazıdan danışa bilərəm.
«60-cı illərdən bu yana o bizim çağdaş ədəbiyyatımızın ən qoca şairidir. Bir şair kimi Vaqif Səmədoğlu qoca doğuldu, qoca da qaldı. Məncə, Vaqif Səmədoğlu ilk qələm təcrübələri olmayan şairdi... Vaqif Səmədoğlu bizim şeirimizin cavan şairidi. O cavan doğuldu, cavan da qaldı. Vaqif Səmədoğlu hər il, hər ay, hər gün ədəbiyyata yenidən gəlir» ...
Mən əminəm ki, bu cür məqalələr, hiss və münasibət axını ilə yazılmış yazılar bu nəslin nümayəndələri olan yazıçıların xarakterindən tutmuş, nəsillər arasındakı münasibətlərin ən incə nüanslarına qədər çox şeydən xəbər verə, ədəbi mühitin konkret bir dövrünün real mənzərəsini cıza bilir...
Və o mənzərədə Vaqif Bəhmənlinin də sevgisi, məsələn, elə konkret olaraq Vaqif Səmədoğlu yaradıcılığına və şəxsiyyətinə sevgisi, isti münasibəti görünəcək: «Vaqif Səmədoğlu mənim real və mənalı yuxumdur. O, bu qərib Bakı şəhərini ehmal bir yuxu kimi gəzib dolaşır. Vaqif Səmədoğludan Hamlet qoxusu gəlir... Vaqif sözü qatbaqat... yuxu, dua, sevgi, siqaret tüstüsü, can ağrısı, quş səsi, daş soyuğu, çiskin, konyak qoxusu, taksi, zil qaranlıq, saysız-hesabsız qapılar, itmiş açar, söz közərtisi, ürək göynərtisi...
Mən hələ yuxudayam. Bu yuxudan ayılmasam eybi yox, ayılmamaq daha zor!»
O bu şairə detallı bir münasibət qoyur ortaya... Əhəmiyyətli olan isə budur ki, sadaladığı detallar həm haqqında danışdığı şairin xarakterini, dünyasını, həm də yaradıcılığını eyni zamanda və bir müstəvidə xarakterizə edə bilir.
Və ya Yusif Səmədoğlu haqqında «Təzə qan» məqaləsi... Onu da deyim ki, bu məqalə kimi bir sıra yazılar da var ki, onlarda tutulan incə nüanslara görə istənilən professional tənqidçi şairə qibtə edə bilər. Məsələn, Yusif Səmədoğlunun bütün yaradıcılığı boyu zamana münasibətinin təhlil olunması, Zaman obrazına fəal mudaxilə, «Zaman dar kamerada, dəmir barmaqlıqlar arasında, başqa bir əsərdə zaman ahıl yaşına çatmış kişinin nəfəsinə hopmuş şəkildə....» göstərilməsi və bu inkişafın - bu dəyişmənin səbəbinin axtarılması...
Və ya «Qətl günü»nə görə darlıqdan çıxmanın bir yolu var: ÖLÜM!
«Qətl günü»nə görə, balaca qəbir nəhəng Yer kürəsindən ən azı Yer kürəsi qədər genişdir, dar gün kosmik fövqəl bir göndəriş deyil, onu insan yaradır» düşüncələrinin ardınca rəmzlər barədə yürütdüyü fikirlərə diqqət edək: «Qətl günü»ndəki rəmzlər açılmalıdır, Baba kaha - məkansızlıq, canavar - təbiətin özü, İkiayaqlı - şeytanın özü, Baba Kaha- əbədi mizan, məhək daşı, Xəstə - ziyalı, Kirlikir - kütlə, Qorxunc külək - Allahın qəzəbi!»....
Bir sözlə, bu kitabı xüsusilə dövrümüzün şair və yazıçılarının maraqlı portretlərilə tanışlıq, yeni cizgilərinin aşkarlanması üçün oxuya bilərsiniz. Düzdür, şairin bir çox problemlərə - müharibədən tutmuş ekologiyaya qədər - həsr olunmuş məqalələrinə də rast gələcəksiniz... Amma hər kəs öz marağından danışır... Mən də eləcə... Və əvvəlcədən deyim ki, görə biləcəklərinizin sırasında çox gerçək poertretlər də var, bir neçə gerçək cizgiləri çatışmayan portretlər də... Amma ən əsası bilirsiniz nədir? Müəllifin öz portreti... O bəlkə də fərqinə varmadan zamanına, şeirə, öz dövrünün şair və yazıçılarına münasibətini əks etdirən məqalələri ilə həm də öz portretini yaradıb...



baxish aciniz cox maraglidir) bunun ucun sizin yazilarinizi herzaman izlemeye calishiram.... size maragli layihelere imza atmaniz arzu edirem... ugurlar
İyun 18, 2008 16:32