Reklam verin!

ƏBÜLFƏT MƏDƏTOĞLU:«ƏDƏBİYYATDAN İNTİHARA»

Yazar: cabbarlinergiz @ İyun 10, 2008 11:24


Öncə onu deyim ki, istənilən qələm adamının özündən öncəki  və öz dövrünün söz-sənət  dünyasının istər sıra nəfəri, istər önəmli nümayəndələri  haqqında nəsə yazması və bunu bəzən də cilid-cilid kitablara  çevirməsi o qədər də asan iş deyil. Çünki bu qəbildən olan yazılarda  təkcə ədəbiyyat adamı haqqında söz yazan özü deyil, həm də haqqında yazdığı insanın, yəni tədqiqat ünvanının özü belə oxucu ilə  üz-üzə qalır. Bir az da fikrimi açıqlasam, oxucu eyni anda  iki müəlliflə - bir yazan, bir də barəsində yazılanla təmasda olur. Bu isə çox böyük məsuliyyətdi.

Ümumiyyətlə, ədəbiyyatın özü insanın iç dünyasını, mənəviyyatını ortaya qoyduğundan belə bir ağır yükün altına çiyin verərkən öz dünyası olan, öz-özünə hesabat verməyi bacaran qələm qələm sahibləri çox götür-qoy edirlər və yalınz sonda, yəni bu yükə onun çiyni davam gətirəcəyini birmənalı olaraq qəbul edəndən sonra qələmə sarılır. Və beləcə bir ədəbiyyat adamı başqa bir ədəbiyyat adamını vərəqləyir. O vərəqlər isə oxucunun gözləri önündən, yaddaş süzgəcindən ötüb gedir…


Nərgiz Cabbarlının ədəbi ictimaiyyət yaxşı. Bu imza daha çox ədəbiyatla, jurnalistika ilə, bir sözlə, böyük mənada ömrünü-gününü Sözə bükən adamlara daha doğmadır. Özü də bu imzanın təkcə özündə yox, həm də onun arxasında duran şəxsiyyətdən son dərəcə böyük bir kübarlıq, yüksək mədəniyyət və bir də Sözlə yaşamaq, Söz adamına onun qəbul edə biləcəyi səviyyədə  yanaşmaq qabliyyəti var. Və bu sətirləri yazarkən Nərgiz xanımla birlikdə çalışdığımız günləri xatırlayıb onu məmnunluqla ömrümün yaddaqalan anlarından hesab edirəm. Həm də inanıram ki, «Ədalət»in kollektivi üçün də Nərgiz Cabbarlı ilə birlikdə işləmək çox xoş olub.
İndi isə keçək mətləbə. Nərgiz xanımın öz imzası ilə mənə bağışladığı «Ədəbiyyatdan intihara»  kitabında müxtəlif ölkələrin, müxtəlif insanların ədəbiyyat və ədəbiyyat adamları  barəsində elmi-publisistik araşdırma toalanıbdır. Özü də müəllif kitab üzərində işləyərkən  qarşısına  sırf elmi məqalə  yazmağı deyil, həm də geniş oxucu kütləsini  cəlb etmək, onların maraq dairəsinə  müdaxilə etmək üçün bədii priyomlardan, ədəbiyyatın söz düzümündəki hekayə üslubuna  üstünlük veribdir. Hər bir yazı istər yapon ədəbiyyatının nümaynədəsi olsun, istər rus, istər ingilis, istər bizim Sərdar Əsəd… fərqi yoxdur. Bunların hər birinə qarşı daxili bir yanğı var. Hiss edirsən ki, özü-öz ölümünə  hökm vermiş  ədəbiyyat adamları  haqqında Nərgiz xanım  yazdıqlarını az qala  özü də yaşayıb. Və bir az təmtəraqlı çıxış da, sanki onları öz «şinel»indən  keçiribdir. Məncə bu qəbildən olan yazılar istər-istəməz uğur qazanır. Çünki əvvəldə dediyim kimi, müəllif oxucunun  tanıdığını  həm də ona özünün tanıdığı kimi təqdim edir. Və beləcə yeni bir dünya yaranır. Həmin o tanıdılan adamın həyatının görünməyən bir  tərəfi ortaya çıxır.
İntiharın təkcə dəlilik və yaxud çarəsizlik olmasını düşünmək doğru olmazdı. Mənə elə gəlir ki, intihar qərarını verməyin özü ən böyük cəsarətdi, ən böyük qəhrəmanlıq məqamıdı. Çünki könüllü olaraq hər şeydən imtina etməyi  bacarmaq elə, belə  asan iş deyil. Loru dildə desək, bəzən hər birimiz ayrı-ayrılıqda barmağımızın ucuna iynə sancılmasına razı olmuruq. Nədi-nədi, elə o iynənin ucu boyda qan çıxacaq, o boyda qan itirəcəyik. Deməli, təkcə bütün qanından yox, həm də canından və ruhundan imtina etmək, qopub ayrılmaq, başqa bir dünyaya qovuşmaq üçün addım atmaq şəxsən mənim üçün başa düşülən qədər də başadüşülməzdir. Bax elə ona görə də Nərgiz xanımın «Vektor» beynəlxalq elm mərkəzində  Elçin İsgəndərzadənin rektorluğu ilə işıq üzü görmüş kitabını, yəni «Ədəbiyyatdan intihara» əsərini maraqla, sevgi ilə oxudum. Doğrudur, bu kitabdakı yazıların bir qismini qəzet variantını əvəl də mütaliə etmişdim, amma indi toplum halında, həm də  yüksək tərtibatla yenidən mütaliə etmək daha xoşdur.
Mən ədəbi tənqidin nə olduğunu yaxşı bilirəm və bu mənada  da Nərgiz xanımın kitabı barəsində yazdıqlarımı heç də «Ədəbiyyatdan intihara» kitabı barəsində tənqidi qeydlər hesab etmirəm. Sadəcə bu mənim qələminə və şəxsiyyətinə böyük hörmət bəslədiyim həmkarım barəsində, daha doğrusu, onun kitabı barəsində, dost sözüdür, oxucu sözüdür. Və bu sözləri yazarkən əlimi ürəyimin üstünə qoyaraq tam səmimiyyətimlə inanıram ki, ədəbiyyat adamlarının taleyi ilə maraqlanan, onların intihar məqamlarını yenidən çözmək istəyən oxucular mütləq «Ədəbiyyatdan intihara» kitabını arayıb-axtaracaqlar. Və sonda bu kitaba görə, bu uğura görə Nərgiz xanıma yeni-yeni kitablar, yeni-yeni ədəbiyyat və həyat naliyyətləri arzulayıram.
«Ədalət» qəzeti 18 iyul 2006-cı il.




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha