Reklam verin!

YENİ ƏSRİMİZİN NƏSRİNDƏ YENİ OLAN NƏDİR?!-3

Yazar: cabbarlinergiz @ İyun 9, 2008 13:17

***
İndi isə keçək üçüncü bölgüyə. Xatırladığınız kimi, bu bölgüdə Məkan məfhumunun çərçivələrini aşmaq, böyük anlamda Dünya, böyük anlamda Qloballaşma istəyi ilə yazılan əsərlər qruplaşdırılıb. İlk baxışdan onların bəzilərində müasir tarix, müasir proseslər, müasir dünya və konkret şəxsiyyətlər haqqında informasiya da tapmaq olar. Amma sadaladıqlarım yalnız bəzi  əsərlərdə və bəzi məqamlarda duyulur.
Bu əsərlər haqqında ayrı-ayrılıqda söz açacağıq. Lakin əvvəlcə onu qeyd etmək vacibdir ki, məqsədin bir olmasına baxmayaraq, ona aparan yollar və vasitələr fərqlidir. Məsələn, bu əsərlərin bəzilərində ümumiyyətlə Məkan (məsələn, Azərbaycan və burada olan gerçəkliklər, Milli kolorit, Milli psixoloji amillər, Milli düşüncə tərzi və s.) kənar saxlanılır, duyulmur, bəzilərində isə Dünya, İnsan, Zaman nə dərəcədə qlobal, geniş təfəkkürlü yanaşma ilə araşdırılsa da, Milli düşüncədən, Milli psixologiyadan, Milli söz koloritindən gəlmə detalları görmək, müşahidə etmək çətin olmur.

Gəlin bir qədər fikirlərimizi konkretləşdirək.


***
Bu bölgüdə Elçin Hüseynbəylinin əsərlərinə müraciət etməyimizin səbəbi bir tərəfdən müəllifin məsələlərə fərqli yanaşması və nəsrin son illərdə qazandığı bir çox xüsusiyyətləri  (fraqmentarlıq, özünəironiya, publisistik çalar, açıqlıq, pornoqrafik təsvirlər və s.) özündə cəmləşdirməsidirsə, digər səbəb (xüsusilə də bir əsərinin) dünya ədəbiyyatı nümunələrindən (daha dəqiq desək, konkret bir əsərdən) yararlanması ilə bağlıdır.
Ümumiyyətlə, bu müəllifin yaradıcılığı bütövlükdə götürülərsə, onlarda (hətta əsər gen yaddaşı ilə bağlı olduqda belə) milli düşüncə tərzi, milli təfəkkür, söz və fikir koloriti çox az duyulur.  
Amma bu haqda bir qədər sonra. Hələliksə qeyd edək ki, «Tut ağacı boyunca», «Qurdun şərqisi», «Balıq adam», «Dahi», «Qırmızı bantlı»... əsərlərin müəllifi olan bu yazıçının yaradıcılığında diqqəti çəkən ilk xüsusiyyət publisistik üslub ilə bağlıdır (məsələn, yarımbaşlıqlar, jurnalistikadan gələn detallar, jurnalist-yazıçı münasibətinin tez-tez ortaya qoyulması və s. ) Hətta bu əsərlərdə müəllifin həddindən artıq qabarıq şəkildə görünməsi diqqət çəkir. Çox adi bir misal: «Çətin vəziyyətdə də yumor hissini itirmirəm. Yolda duran qadınlardan birinə «Siz Sofi Lorenə oxşayırsınız» deyirəm. O isə nazlanır. «Heç də nazlanmayın» - deyirəm. Mən də Alen Delona oxşayıram» - deyirəm» («Tut ağacı»). «Alen delon məsələsi» müəllifin özündən gələn və jurnalist yaradıcılığında dəfələrlə təkrarlanan faktdır.
Üzərində dayanmaq istədiyimiz əsərlərdən biri «Balıq adam» romanıdır. Əvvəlcə onu xatırladaq ki, əsər yapon yazıçısı Xaruki Murakaminin «Qurulmuş quş» romanının modeli üzərində yazılıb. Təbii ki, onun başqa əsərlərinə yol açan və və hər zaman istifadə edilən «balığa məhəbbət», özünəməxsus yanaşma və eqo ilə bağlı düşüncələr və s. yazıçının üslubunu və dəst-xəttini biruzə verir. (Bu əlaqəni məsələn, «Tut ağacı»ndan gətirdiyimiz bir misalla sübuta yetirək: «Sən nəyə dönmək istəyirsən?» -Aişə dedi Balığa. Çünki ən çox sevdiyim balıqdır, yuxularımda da balıq görürəm»). Yəni həqiqətən də bu «balıq marağı» müəllifin yaradıcılığında təsadüf bir şey deyil. Amma buna baxmayaraq, əsərdə simvolik olaraq istifadə edilən Balıq özünü reallaşdıra, təsdiqləyə bilmir.
Yuxarıda qeyd etdiyimiz kimi, müasir və postmodern nəsrin xüsusiyyətlərindən biri də mövcud modellər üzərində gəzişmələr və improvizələr etmək sayılır. Amma burada istifadə edilən model və elementlər arasında bu qədər oxşarlıq olması (Xaruki Murakaminin əsəri nəzərdə tutulur) əsərin başlıcı qüsurudur.
Və ən əsası, bu əsər də daxil olmaqla, müəllifin bir çox əsərlərində olduğu kimi burada da, Məkan, Milli təfəkkür tərzi demək olar ki, hiss olunmur. Sanki hadisələrin baş verdiyi, cərəyan etdiyi konkret bir məkan yoxdur. Eyni zamanda, əsər qurulduğu üçün (yazıldığı üçün yox!!!) effektli alınmayıb.
***
Nərimiz haqqında ümumi halda danışarkən diqqəti çəkən bir xüsusiyyət - simvollara, simvolik detallara aludəçilik, meyl bu bölgüdə qruplaşdırdığımız əsərlərdən də yan keçməyib. Bu, onları birləşdirən xüsusiyyətdir.
Bu məqamda Elçin Hüseynbəylinin «Yovşan qağayılar»ının da adını çəkə bilərik. Yuxaıda söylədik ki, bəzən bu müəllifin əsərlərində gen yaddaşı haqqında danışılsa da, elə vasitələrdən isifadə edilir ki, ideya və qarşıya qoyulan məqsəd reallaşmamış qalır. Məsələn, «Yovşan qağayılar»ın  qəhrəmanı öz babasının yaddaşına daxil olmaq üçün bir ipucu axtaran, nə vaxtsa çəkmə olmuş, indi isə pul qabına çevrilmiş pulkisəsinin qoxusu və yovşan iyi ilə başqa bir dövrə keçməyə çalışan biridir (simvollara üz tutma).  Əlbəttə, bu pul kisəsi iki fərqli zamanlar arasında vasitə rolunu oynayır. Qəhrəman o yaddaşı oyadıb nə zamanlarsa olan hadisələrin axınına düşməyə çalışır. Mahmud bəyin həyatında baş verənlərlə qəhrəmanın bugünkü taleyində baş verənlərin bir-birinə keçid edilərək nəql edilməsi zamandan-zamana adlayış xarakteri daşıyır, amma o hadisələrin yanında bugünkü hadisələr və sevgi macərası adi görünür. Baxmayaraq ki, yazıçı o qadının - Milanın taleyini də babasının düşməni olan kisəçilərin bugünkü davamçıları ilə bağlayır. Mübarizə pul kisəsi üstündədir. «Çox düşünmə, kisəni qaytar. O sənin düşündüyün kimi yalnız yaddaşın yox, həm də var-dövlətin rəmzidir, o da səndə yoxdur və heç vaxt da olmayacaq».
Amma yazıçının pul kisəsini simvola çevirmək istəyi öz uğurlu həllini tapmır. Çünki pul kisəsinin yaddaşı xarakterizə etmək xüsusiyyəti real deyil. Həmçinin zamanlar arasında keçidlər bəzi məqamlarda uğurlu alınsa da, kisəçilərin xeyrinə redakisyanın ərazisinin müsadirə olunması, meydan hərəkatının və baş yarılmasının əsərin sonuna gətirilməsi göydəndüşmə təsiri bağışlayır. Yazıçı «demokratiyanın bataqlıq iyi verməsindən» danışa-danışa qəhrəmanını əli kisənin düyününün üstündə -  əvvəl kürəyindən, sonra da başından vurulmağa vadar edir. Babanın apardığı mübarizə ilə nəvənin mübarizəsi arasında bağlılıq olduğunu söyləmək olar - fərziyyə kimi, yazıçının reallaşdırmaq istədiyi məqsəd kimi. Amma qəhrəmanın nə arzusunun, nə qarşısına qoyduğu ali məqsədinin (babasının yaddaşına girməkdən başqa) real təsviri və inandırıcı həlli yoxdur.
Bu, əsərlə bağlı qısa məlumatdır. İndi isə keçən əsas məsələyə. Müəllifin bir çox əsərlərində olduğu kimi, bu əsərdə də Milli, genetik yaddaşla bağlı xüsusiyyətlər gətirilsə də, onların real qaynağı, təbiiliyi duyulmur. Nədənsə qurama təsiri bağışlayır.  Halbuki əsərin ideyası genetik yaddaşla bağlıdır və fərqli zamanlar arasında bir gen bağının olmasını sübut etməyə çalışır. Amma bu detal əsərin ümumi ahəngində artıq görünür. Ümumiyyətlə, bunu təkcə poetik deatal haqqında yox, süjet haqqında da söyləyə bilərik. Bizim fikrimizcə, bunun əsas səbəbi qarşıya qoyulan ideya ilə onun reallaşdırılması metodunun, vasitəsinin üst-üstə düşməməsi, bir-birinə uyğun gəlməməsidir.  Hər halda, bu müəllifdə uğurlu nəticə əldə edilməyib.
***
Roman janrının uğradığı dəyişikliklər arasında onun essee-roman, hekayə-roman, təəssürat-roman, hadisə-roman kimi fərqli növlərinin ortaya çıxması da var. Təbii ki, bu növləri müəyyənləşdirənlərin əksəriyyəti əsər müəlliflərinin özləridir. Eyni proses bizim ədəbiyyatda da müşahidə olunur. Ötən illər ərzində yaranan roman arasında Afaq Məsudun «İkinci İohan» hekayə-romanının və «Yasaq yuxular» romanının adlarını çəkib qeyd etmək istərdik ki, birinci əsəri yazıçının nə üçün hekayə-roman adlardırdığı maraq doğurur. Çünki hekayə tarixi bir faktdan - ikinci İohanın Bakıya gəlişindən və bu hadisəyə qəhrəmanın (həm də yazıçının) verdiyi sirli səbəb çalarından, qəhrəmanın dostunun bu gəlişə adi bir soyuqqanlılıqla qarşılamasından danışır. Hekayədə hisslər, emosiyalar, düşüncələr, insan duyğuları və bu duyğuların Afaq Məsudun dili ilə həmişə olduğu kimi dəqiq ifadəsi var. Əsas məsələ isə budur ki, əsərdə nə din, nə təxəyyül, nə dünyagörüşü fərqinə kiçik bir işarə belə yoxdur. Sanki (halbuki konkret məkana, hadisələrin cərəyan etdiyi yerə işarə var) sadəcə böyük anlamda Düynyadan, sadəcə İnsandan, sadəcə Tanrıya bağlılıqdan, İnsanla İlahi Güc arasındakı əlaqədən və Tanrıya bağlı olan Müqəddəs Şəxsiyyətdən söhbət gedir. Təbii ki, bir də bunun dərkindən, yaşanan emosional təsirdən.
Yeri gəlmişkən, yazıçının digər əsərlərindən fərqli olaraq, hadisənin bu dəfə  çoxqatlı və qəliz cümlələrlə ifadəsi müşahidə olunur. Və bir qədər tələskən yazılmış əsər təsiri bağışlayır. O ki qaldı, adlandırmaya, bu, müəllif istəyi olsa da, özünü doğrultmur. Çünki əsər daha çox hekayə janrına aid xüsusiyyətləri əks etdirir.
Digər roman isə yazıçının bir çox əsərlərində olan tanış yuxu probleminə həsr olunub. Dərin psixologizm duyulan bu əsərdə yazıçı artıq ikinci dəfədir ki, özü özünü təkrarlayır. Sözün hər iki mənasında.
***
Ötən illərin maraqlı romanlarından biri də Seyran Səxavətin simvolik obrazlara, ümumiləşdirilmiş personajlarla, kəlamlarla dolu «Nekroloq» romanıdır.
Üçüncü bölümə aid etdiyimiz bu roman yazıçının yaratdığı Həqiqət də, Xalq da, Fərd də, Qadın da, Kişi də, Həkim də, Xəstə də bir mücərrədlik içində azıb qalıb... Əsər sanki kiçik bir məkandan böyük məkana çıxış istəyi ilə yazılsa da, bu kiçik məkanda olan insanların nə dərəcədə içinə qapılı qaldıqları, düşdükləri situasiyanın içində labirintlər içində azmış kimi tıxanıb yaşamaları təsvir edilir.
«Yazaram ki, bu xalq ona görə öldü ki, nə torpağının, nə özünün, nə də sözünün sahibi ola bilmədi. Yazaram ki, başı tarix boyu bəlalar çəkən, onun bunun qapazaltısı olan bu xalq haqlı olaraq tarixi boyu ilk dəfə ağıllı hərəkət etdi: belə yaşamaqdansa ölməyi üstün tutdu... Bu xalqın cənazəsi Cıdır düzündə qoyulacaq - mərhumla hər gecə düşmənlər yatandan sonra, gecə saat on ikidən səhərə yaxın saat dördə qədər vidalaşmaq olar, kimin kişiliyi çatır, getsin vidalaşsın»...
Müasir nəsrdə meyl edilən simvollardan qaçış və daha çox reallığa üstünlük, postmodern reallığa üstün verilmək istəyindən fərqli olaraq bu nəsrdə sivmollar, simvolik obrazlar bolluq təşkil edir. Bu yazıçı əsəri bütünlüklə simvola çevrilmiş obrazların taleyi üzərində qurub. Hətta onun əsərində qəbrin də anası olur. İnsan beyni də hava kimi açılıb-tutula bilir. Əsərdə qəbir daşları da hərəkətə gəlib həkim qəbuluna gedə, hətta şikayət də edə bilirlər: «Əsas narahatlığımız odur ki, biz yatan yerlərin üstündə yadellilər gəzir»...
«Allah dağına baxıb qar verdiyi kimi, xalqın da üzünə baxıb rəng verir, görünür, sənin üzünə qara rəng daha çox yaraşır», «Xalq o qədər zəifləmişdi ki, qalmışdı o dünya ilə bu dünya arasında» kimi ifadələrlə zəngin roman ötən əsrin son illərində baş verən real hadisələri mifik və simvolik işarələrlə açmağa çalışır. «Əyiləndə millət bu cür əyilməlidir - bir allahın, bir də sözün qarşısında» yazan yazıçı «Qorxuram gözümün işığı tükənə, yuxarı baxanda Allahı da başımın üstündə görə bilməyəm» deyə-deyə bütün əsər boyu xalqın genetik yaddaşının kodunu, yanlışlığının və səhvlərinin səbəbini açmağa çalışıb.
Və burada da bir dəfə də olsun Məkanın açılışı təqdim edilməyib, halbuki söhbətin konkret olaraq hansı Məkandan getməsi bəllidir. Yəni daha dəqiq ifadə etsək, bunu ifadələrdə, fikirlərdə qorunan kolorit, düşüncə axını, düşüncə tərzi təmin edir.
Amma o fikirləri dünyanın istənilən bir əzilən xalqı, dövləti, vətəndaşı haqqında təkrar etmək olar.
***
\Yuxarıda da qeyd etdiyimiz kimi, əsrin əvvəllərindən yaranan nəsr nümunələri arasında romanlar daha çox üstünlük təşkil edir. Baxtin «Epos və roman» əsərində yazırdı ki, «Roman inkişaf edən və hələ ki, tam hazır olmayan yeganə janrdır. Romanın janr sümüyü hələ möhkəmlənməyib və biz onun bütün plastik imkanlarının nədən ibarət olduğunu dəqiq söyləyə bilmərik... Ən əsası isə roman başqa janrlar kimi qanunlara malik deyil».
Bu fikirlər müasir nəsrimizdə yaranan romanlar haqqında da söylənilər bilər. Çünki bu janr hələ də dəyişikliyə uğradılmaqdadır.
Romanın inkişafı və müasir romanın tələbləri haqqında bu gün fərqli fikirlər var. Hətta müasir dünya ədəbiyyatının janr sərhədlərini uçurmağa çalışan və bir səhifəlik mətni belə roman adlandıran nümayəndələri belə romanın inkişafda və dəyişilməkdə olduğunu sübut etməyə çalışırlar.
Müasir roman yaradıcılarından biri olan Mişel Uelbek isə «Nəzəri mülahizələr mənə elə gəlir ki, roman üçün kifayət qədər layiqli materialdır, hətta başqalarından daha çox layiqli materialdır. Eyni şeyi disskusiyalar, müsahibələr və disputlar haqqında da deyə bilərəm» yazır. O, bunu «Dünya supermarket kimi» əsərində söyləyib.
Bu gün bizim ədəbiyyatda da bir çox mövzular romanın materialına çevrilir.
Və burada əsas məqsəd dünya ədəbi prosesinə qoşulmaq, dünyada romanın uğradığı dəyişiklikləri müasir ədəbiyyatımıza gətirmək, tətbiq etməkdir. Bir sözlə, qlobal prosesin bir parçasına çevrilmək cəhdidir.
Lakin bəzən ideya əsas götürüldüyü halda, bu, nəticənin uğurunu təmin etmir. Məsələn, Quşdilli Xanəmirin «Ağğğbaaaağğğğ» bayatı-romanında olduğu kimi. Bu adlandırma da müəllifə aiddir (yuxarıda fərqli adlandırmaların olduğunu artıq söyləmişdik). Bayatı adlandırmaqda bəlkə də haqlıdır, ən azı musiqi səsləri ilə sintez və daxili ritm yaratmaq istəyinə görə. Amma roman məsələsi mübahisəlidir. Hətta romanı nə qədər sərhədsiz janr adlandırsaq belə.
Forma üzərində diqqət cəmləşdirilib və əsər musiqi notlarının kompazisiyası əsasında yazılıb. Artıq qeyd etdiyimiz kimi, son illərin romanı polifonik xüsusiyyət əldə edib və bəzi əsərlərdə bu öz sübutunu tapıb (xatırla, Səfər Alışarlının «Maestro» romanını). Amma eyni şeyi Xanəmirin romanı haqqında söyləyə bilməyəcəyik. Hər bir notun və ya notların səslənməsinə uyğun olaraq mətnin daxilində cümlələr bir, iki, üç, dörd… sözdən ibarət verilir. Göründüyü kimi, ideya maraqlıdır. O ki qaldı nəticəyə, onun alındığını söyləmək olmur....
Fraqmentarlıq bir yana, qırıqlıq, anilik hətta cümlələrin quruluşunda və ritmində özünü göstərir. «Meşəlikdir. İslanıb. Onbeşində. Qız. Saçlarıda. Tutqundur.Ayaqyalındır»... Söz daxilində A. Ə saitlərinin böyük hərflə yazılışı, şəkilçilərin ayrı yazılması lazım gəldiyi yerlərdə bitişik yazılması kimi cəhdlərin də səbəbi məlum deyil: «Deyirlər almanlara əsir dədüşüb». Yazıçı ilə oxucu arasında mətndən başqa əlavə yardımçıya ehtiyac var. Bu isə heç də haqq qazandırılası xüsusiyyət deyil.
Vadim Yemelin, «Postmodernizm: müəyyənlik axtarışlarında» əsərində yazırdı ki, «...60-cı illərdə Vladimir Nabokov, Alen Rob-Qriye, Con Bart, Xulio Kortasar, Tomas Pinçon, Uilyam Berrouz, Kurt Vennequt bir-birindən xəbərsiz bir-birinə yaxın olan əsərlər yaratdılar. Onların əsərlərini spesefik yazı üslubu birləşdirir. Xüsusilə də janrın qarışdırılması, strkturun tələblərinin olmaması və ironiya...»
Çox maraqlıdır ki, zaman keçsə də, müasir dövrün bir çox nasirləri - təbii ki, həm də dünya nasirləri haqqında eyni fikri söyləmək olar. Xüsusilə də yeni nəslin üslub və eksperiment axtarışında olan nümayəndələri haqqında.
Dünya nəsrində tətbiq edilən hər bir yeni üslubun, mövzunun, yanaşmanın Azərbaycan nəsrində əks-sədası duyulur. Bəzən yaradılmış və dəfələrlə istifadə edilmiş model xırda korrektələrlə yenidən təkrarlanır, bəzən üslub bənzərliyi hiss olunur, bəzən də mətn daxilində məntiqi oyunların oxşarını hiss edirsən...
Əlbəttə, bu proses təbii qarşılanmalıdır. Çünki yaradıcı insanın eksperiment cəhdi kimi normal nə ola bilər ki. Amma yalnız ideya və yalnız forma, model əsas götürüldükdə, əsər onlar üzərində qurulduqda uğurun təmin olunması mümkün deyil. Bu, canlı insanın skilet kimi təqdim edilməsinə bənzəyir. Halbuki əzələlərdən, toxumalardan başqa insanı İnsan edən Ruhdur. Bizim fikirimizcə, ədəbiyyatımızda və nəsrimizdə çatışmayan cəhətlərdən biri elə Ruhla bağlıdır. Model üzərində düşünənlər bir çox hallarda ruhu - əsərin ruhunu yaddan çıxarırlar. Onsuz isə uğur əldə olunmur.
***
Ötən illərin romanları sırasında  Həmid Herisçinin leksikonu, yazı üslubu, köhnə Bakı məhlələrinin cikini-bikini dərindən bilmək və yazmaq bacarığı ilə seçilən, yeni qafiyələr tapmaq istəyini (və ya marağını) əks etdirən «Nekroloq» romanı haqqında da danışaq. «Davamlı roman» adlandırıla biləcək əsər gerçək və bir-biri ilə o qədər də əlaqəsi olmayan hadisələrin təsvrindən ibarətdir. Məsələn, «Sandıq»dakı Anaxanımın hekayətini xatırlayaq. O mühitin və o həyatın təbii təsvirinə, bir də yazıçının məhvedici ironiyasına söz ola bilməz. Hər ikisində inandırıcıdı. Küçə işıqlarından danışaraq «Sarılıq xəstəliyi keçirən bu qorxaq işıqlar adamların ancaq kədərini, qədərini işıqlandırır, arzularını yox» deyən, pişik balalarını sığallamaqla dünyanın yaralarını sığallamaq arasında oxşarlıq tapan, «Bakının pozulmaz qanunu - əclafları tanımaqdı» söyləyən, köhnə şairlərimizə (və ya kimlərinsə şair hesab etmədiklərinə) münasibətdə kinayə və ironiya, əsəb dolu (həm də lağlağı) ifadələr işlədən (bu yazıçının öz içindən gələn bir xüsusiyyətdir), sözlərə yeni məna çaları (məqsədlimi, məqsədsizmi - özünüz fikirləşin) tapmaq istəyən (Xətai  - kitaylı, çinli, Tatlısəs - tatlı ....),  «Barmaqlarımın ucuna (beynimə) tüpürərək yaddaş kitabımı varaqlayıram» deyib «Haqq-həqiqət heç vaxt susmur, rəmzlərlə danışır» qənaətinə gələn bu yazıçının təhkiyəsi, dili diqqət çəkir. Əsərində hadisələrə münasibət əldə etmək üçün tarixi şəxsiyyətlərin şəkillərini belə danışdırır. Baxmayaraq ki, «Sözlə yox, sükutla danışmaq zamanı çatıb» deyir... Və bu sükutun, həm də hadisələrin içində şəxsi həyat, şəxsi yaşantılar, həmşərinin düşüncələri də özünə yer tapır: «Atamın sifətində canlanan nəcib bir təbəssüm onun daxili aləminin bu dünyadakı yeganə elçisidi» ...
Amma... Ölü azərbaycan dili haqqında düşüncələri, qəribə müqayisələri (əgər azərbaycanlılar sinxron düşünsəydilər, 1917-ci il Rusiyada baş vermiş Kornilov qiyamı ilə 1993-cü ildə Gəncədə baş vermiş Sürət Hüseynov qiyamı arasında əlaqəni gözdən qaçırmazdılar), azərbaycan musiqisinə və muğama münasibət... qəbul etmədiyimiz  münasibətdir və özünəironiya (dilinə, musiqisinə ironiya) özünüməhvə (dili və musiqini məhvə) aparmaq məqsədi güdür… Yeri gəlmişkən, bu da özünə və sahib olduqlarına ironik- postmodern yanaşmanın bir nümunəsidir. Bu əsərdə qloballaşan dünyanın tələbi olan bir yanaşma - özünə, mənəviyyatına, dəyərlərinə ironik və inkaredici yanaşma öz əksini tapıb.
***
Artıq yuxarıda qeyd etdiyimiz kimi, ədəbi prosesi ilk baxışdan o qədər də diqqət çəkməyən əsərlərsiz təsəvvür etmək mümkün deyil. Çünki onların da prosesdə özlərinəməxsus yeri, rolu var.
Biz proses haqda ümumi halda danışarkən diqqəti çəkən xüsusiyyətlərdən və onlar əsasında apardığımız ümumiləşdirmələrdən - bölgüdən danışdıq. Amma prosesdə iştirak edən, haqqında danışdığımız bölgü ilə xarakterizə edilə bilməyən əsərlər də var.
Məsələn, biz son beş ildə çap olunan povestlər və hekayələr haqqında da danışmaq istərdik. Bu, mövzusu fərqli olan əsərlərdir. Onlarda diqqəti daha çox çəkən mövzularda olan rəngarənglik, fərqli həyat problemlərinə müraciətdir. Məsələn, Aslan Quliyevin «Əyalət yazıçısı» povesti. Povestin üst qatında əyalət yazıçısının həyat problemini əks etdirmək kimi bir məram olsa da, uğurlu həllini tapmayıb. Nəqlçilik burada da öndədir.
Və ya Zəka Vilayətoğlunun «Bəxtsiz adam» povesti.
«İtin bu acınacaqlı görünüşündən belə bir qənaətə gəlmək olurdu ki, qarabəxt Bədəl kişi bütün dərd-qəmini yalla birgə Palaq itə yedirib, yoxsa Palaq it hara, Bədəl kişinin ağır dərdi hara?... Axı Bədəl kişinin dərdinin Palaqın gözlərində nə işi ola bilərdi?... Bədəl kişinin bəxti heç əzəldən olmamışdı, yəni Bədəl kişinin ömrünə bəxt doğulmamış, doğmamışdı» kimi maraqlı yazıçı müşahidələri olsa da, mənən  tənha bir insanın həyatından bəhs edən əsərdə süjetin qurulmasında qeyri-dəqiqlik var. Əvvəlcə hadisələr bu insanın yalnız lotoreya udmaq arzusu üzərində cərəyan etsə də, hadisələrin inkişafı bu faktın təsadüfi ştrix olduğunu üzə çıxarır. Yəni bəxtsizliklə latoreya oyunu arasında olan bağ möhkəmlənmir və latoreya bir də əsərin sonlarında xatırlanır. Onu da qeyd edək ki, aldadıcı təəssürat təkcə bununla bağlı deyil. Məsələn, əsərin əvvəlində Bədəl kişi haqqında yaradılan mənfi təəssürat, onun xaraktercə mənfi insan olması faktı aldadıcı detaldır. Ailəsini döyən, qardaşının oğluna pislik edən biri sonra birdən-birə dəyişir, yola getmədiyi, başını yardığı arvadının ölümündən sonra özünə ölüm arzulayır. Eyni fakt əvvəlcə müsbət xarakter kimi görünən arvadına da aiddir. Məişət mövzusunda yazılan «Bəxtsiz adam» daha çox hadisə üzərində qurulub və bu əsərdə xarakter kasadlığı var (nəsrimizin əsas problemlərindən biri).
Onu da qeyd edək ki, əsəri məhz hadisələr üzərində qurma xüsusiyyəti müasir nəsrin başlıca nöqsanlarından biri hesab oluna bilər.
Bir çox romanlarda özünü göstərən mistikaya maraq Mübariz Cəfərlinin «Şahid qatar» povestində də var.  Hər dəfə olduğu kimi labirintl bir süjet quran yazıçı (müasir yazıçıların əksəriyəti oxucuun çaşdırmağa çalışır) hadisələrin qarışıqlığı ilə diqqət çəkməyə çalışır və buna nail də olur. Əsərin qəhrəmanı təsadüfən düşdüyü bir vağzalda hara gedəcəyini bilmir, burda niyə olduğunu anlamır. Bircə Bakıya qayıtmalı olduğuna əmindir. Amma qatara minə bilməz, çünki geri qayıdan qatarlar nəyə görəsə bu stansiyada yox, bir neçə kilometr aralıdakı stansiyada dayanır. Ona görə də zamanı öldürmək üçün restorana girən qəhrəman müəmmalı, qeyri-adi musiqinin, işıq selinin altında nahar edərkən bir qətlin şahidinə çevrilir. Qətl olunan insan isə onun atası imiş. Halbuki atasının neçə illər əvvəl öldüyünü bilir. Bu qarışıqlığın  - yəni hadisələrin sonunda məlum olur ki, baş verənlər əslində, içki məclisindən sonra kupedə yuxuya getmiş birinin yuxusu imiş.
Əslində, süjetin özündə bir qurama təəssüratı var və son illərin nəsrində bu cür qurma və mistik detallarla yüklənən süjetlərə maraq nədənsə daha çoxdur. Sanki bununla müəlliflər itmiş oxucu marağını yenidən bərpa etməyə, diqqət çəkməyə çalışırlar. Amma qazanılması vacib olan oxucu diqqəti üçün seçilmiş bu yol hələ ki o qədər də uğurlu təsir bağışlamır.
***
Ötən illərdə dərc olunan hekayələr sırasında yuxarıda qeyd etdiyimiz kimi, ideya cəhətdən zəif, heç bir problemin həllinə həsr olunmayan, sadəcə, təsvirçiliklə kifayətlənən hekayələrin sayı çoxdur. Pərviz Yusifin «Alo, siz kimsiniz?» («Ulduz» jurnalı) - Sərxan Əliyevin «Lüt adam» («Ulduz») və s bu kimi hekayələri xatırlaya bilərik. Sadəcə, bircə dəfə oxunduqdan sonra unudulan bu əsərlərdə yazıçının qarşısına qoyduğu məqsəd də bəlli olmur. Məsələn, bəsit bir telefon söhbətinin təsviri və öz reallığına belə inandıra bilməyən  «Alo, siz kimsiniz?» hekayəsi «Mən, o və telefon»u xatırlada bilər. Amma heç bir psixoloji dərinlik, xarakterin açılışı, insan mənəviyyatının və tənhalığının təsvirinə - söhbət real təsvirdən gedir - rast gəlinmir. Mən hələ dilin, xüsusilə də qəhrəmanların dilinin quruluğunu, cansızlığını və yalançı bədiiyatını demirəm.
Amma ötən illərdə təqdim olunan hekayələr sırasında hər cümləsi, hər sözü cilalanaraq yerinə oturdulmuş, dilin bütün gözəlliyi ilə yadda qalan İsa Hüseynovun «Dan ulduzu və mən», «Şinel», «Unus», «Rzaqulu», «Küp», «Yekədiz Məcid», «Portsiqar», «Getdi», «Şapalaq», «Küllük» hekayələrinin adlarını qeyd etməliyik. Bunlar hekayə janrının bütün tələblərinə riayət olunması və üslubu, təbiiliyi, reallığı ilə yadda qalan əsərlərdir.
Mövlud Süleymanlının mənasız bir iş - qurbağa tutmaq üçün başını əzən və ölümlə reallıq arasında çabalayan, özünə kənardan - yuxarıdan baxan rəssamın həyatının bir dövrünü əks etdirən «Ölümdən qıraqda» hekayəsi, Natiq Rəsulzadənin öz məsləkinə, öz arzusuna əks getdiyi üçün özünü itirən - ruhi xəstəliyə tutulan insandan danışan «Xor adamı» hekayəsi, Rəbiyyə Səyyadinin fərqli və özünəməxsus üslubunu göstərən və psixologizmi ilə fərqlənən «Müsahibə» hekayəsinin adlarını çəkmək olar.
Hekayələr haqqında danışarkən də mistik çaların mövcudluğunu qeyd edə bilərik. Bunu Mübariz Cəfərlinin «Üzbəüz», Füruzə Məmmədlinin «Köhnə məscid həyəti» əsərləri haqqında da söyləmək olar. Birində bundan qəhrəmanı öz arzularına çatdırmaq, digərində isə insanın insana yadlaşdığı bir zamanda heyvanların bunu edə biləcəyinə, əsl insan kimi davrana biləcəyinə inam məqsədilə istifadə edilib.
Ötən illərin nəsrində bir imza da yadda qaldı. Xüsusilə də son vaxtlar nəsrdə yumorostik çaların azaldığı üçün bu əsərlər diqqəti çəkli. Amma  «Xəstəxana» hekayəsində qoyduğu problemin uğurlu həllini maraqlı gülüşlə, yumorla təqdim edən Tural Anaroğlu digər hekayəsində - «Sinifkom seçkiləri»ndə eyni nəticəni ala bilməyib. Daha dəqiq desək, bu həll o qədər də uğurlu alınmayıb - xüsusilə də yumor cəhətcə.
Qarabağ problemi hekayələrin də mövzusuna çevrildi.  Elçin Meyrəliyevin  «Sınıq araba»sında, Sevinc Nuruqızının  «Sos..sos..sos...», Elbrus Ərudun «Qurbanlıq qoç» hekayəsində bu problem öz maraqlı həllini tapdı və ən əsası isə budur ki, bu hekayələrdə fərqli zümrələrin bir problemə fərqli yanaşmaları və inamları əks olunub.
Lətif Vəlizadənin «Matəm gülləri» hekayəsində də bu mövzu var. Daha doğrusu, ermənilərin əsarətindən qurtarıb öz torpağına gəlmiş və ac qalmamaq üçün matəm güllərini oğurlayan birindən danışan müəllif müharibənin fərqli tərəfini təqdim etməyə çalışıb. Müəyyən mənada buna nail  olub da.
Öz fərqli üslubu, dili, mövzusu ilə diqqəti çəkən hekayələr sırasında Hədiyyə Şəfagülün bir qadın taleyindən və illüziyasından, özü bilə-bilə reallıqla xəyalı qarışdırmasından danışan «Xoşbəxtlik», Mehriban Kənanın yenə də qadın psixologiyasını açıb göstərən «Qatil», Etimad Başkeçidin «Yuxusuzluq» hekayəsinin adını çəkə bilərik. Yeri gəlmişkən, «Yuxusuzluq» hekayəsi mövzu baxımından diqqəti çəkir. Əsərdə yazıçıların yaratdığı məşhur obrazların bir yerə yığışıb müəllifin gözünə görünməsindən söhbət gedir. Ölüm, ölümsüzlük, intihar haqqında olan fikirlər və yazıçının öz yaratdığından qorxması və s. hekayədə maraqlı səslənir. Amma eyni uğurlu nəticə Etimad Başkeçidin publisistik dillə başladığı, tən ortasında dəyişməyə çalışdığı və dəyişməyə nail ola bilmədiyi «Veyil dərəsi» hekayəsində alınmır.
Kamil Əfsəroğlunun «Sürməli qız», Kamran Nəzərlinin «Üç milyon dollarlıq ürək», «Qoca uşaq», Əyyub Qiyasın «Moskva oxuyurdu», «Qırmızı qıpqırmızı» hekayələrinin adlarını çəkmək istərdik. Məqsədc Nurun «www.sevgi var.net» əsərinin - bunun janrını da müəyyən etmək çətindir  - haqqında da bir neçə söz demək fikrindəyik.
Əsər öz hisslərini, sevgisini, ingilislərin verdiyi qrantları, Qəbələ RLS ilə bağlı baş verən hadisələri və bir sözlə, çox şeyi fraqmentlərlə əks etdirir. Əsəri oxuduqca bir şeyin şahidi olursan - sadə dil, amma vulqarizmlərlə dolu dil.  Bir də gözlənilməz nəticə. Əslində bu yazıçının fraqmentarlığa meyli, vulqar ifadələrə və haqqında danışdığımız gözlənilməz nəticəyə marağı digər əsərlərində də var və təsadüf deyil.
Bir neçə nəsr kitabı da var ki, onlar ötən illərin hekayə və povestlərini əhatə edirlər: Mənzər Niyarlının sadə dili ilə fərqlənən «Qızıl qaval»ı, Rafiq Tağının eksperimentlərlə və rəngarəng mövzularla zəngin «Şahzadə Dipendranın məhəbbəti» adlı ikicildliyi, Füruzə Məmmədlinin «Ömrün axarı» və s. Mənzər Niyarlının kitabda toplanan hekayələri haqında bəzi qeydlər edə bilərik. Hekayələrdə dövr və zaman üçün çox aktual olan problemlər əhatə olunur. Məsələn, «Alim» hekayəsi, «Ölümlə üz-üzə» hekayəsi. Birində keçid dövrünü yaşayan real bir obrazdan - alim həyat yoldaşından, digərində isə rəssam bir qadının ölümlə üz-üzə qaldığından danışılır. Birində insanın sosial problemlə üz-üzə durması və öz prinsiplərinə xəyanəti, digərində isə ölümlə üz-üzə duran birinin öz prinsiplərindən dönə bilməməsi əks edilib. Realist üslubda və çox sadə dillə yazılmış bu əsərlərdə qurulan süjetlər bir xüsusiyyəti ilə diqqət çəkir: hadisələr yekunlaşmamış, bitməmiş qalır, daha doğrusu, kulminasiya nöqtəsində də bitir. Belə ki, hekayələri bitirdikdən sonra belə bitkinsizlik təssüratı itmir.
***
Ötən illərdə çap olunan hekayələr sırasında Yelizaveta Qasımovanın «Bataqlıq çiçəkləri» hekayəsi də diqqətimizi çəkdi. Stalin, Xruşşov dövrünün və insanlarının yaşadığı yaltaqlıq sindromunun bir uşaq dilindən açılışı bu hekayədə öz əksini tapıb. Bataqlıq çiçəkləri isə simvolik obrazdır - o dövrün real bataqlığı üzərində belə çiçəklərin - təmiz arzuların mövcudluğunu əks etdirir.
Zəka Vilayətoğlunun «Dəlixana», Eyvazın «Susatan Şiraslanın oğlu» kimi nisbətən mövzusu ilə diqqəti çəkən hekayələrin də adlarını çəkə bilərik.
Mövzusu ilə maraq doğuran hekyələrdən biri də Aslan Quliyevin «Həbsxanadan qaçmış cani» hekayəsidir. Əsər məzmun üzərində qurulub. «- Başımı döndər. - Hara, qibləyə? - Günəşə tərəf.» ifadəsi ilə bitən bu əsər paradoksu ilə diqqəti çəkir - oğruluqla məşğul olan və həbsdən qaçmış bir caninin - qəddar insanın öz otaq yoldaşını müdafiə edərək bıçaqlanması faktı konflikt yaradılması baxımından maraqlıdır.
Və ya Şükufənin məişət mövzulu, darıxdırıcı təsir bağışlayan və qoyduğu problemdən (problem özü də artıq nəsr üçün çox işlənmiş problemdir) bəhs edən «Yetim segah» hekayəsi...
Təəssüf ki, ötən illərin nəsr əsərləri sırasında belə hekayələrin sayı daha çoxdur.

***
Biz qismən də olsa, 2001-2005-ci ildə dərc olunan nəsr əsərləri əsasında ədəbi prosesə - nəsr yaradıcılığına qiymət verməyə çalışdıq.
Haqqında danışdığımız ümumi xüususiyyətlərə sonda bir detalı da əlavə etmək istərdik.
Ötən illərin ədəbi prosesini bir neçə nəsr əsəri - xüsusilə də bir neçə roman xarakterizə edir və prosesin tamlığını əks etdirmək üçün yaranan nəsr nümunələrinin sayından çox keyfiyyəti əhəmiyyətli rol oynayır. Keyfiyyət isə təəssüf ki, roman -  povest - hekayə ardıcıllığı ilə aşağı enməkdədir. Hələ ki, mənzərə dəyişməz qalır. Amma onun dəyişiləcəyinə gümanımız var. Çünki proses davam etməkdədir. Hərəkətdə olan bir şey isə istər-istəməz dəyişikliyə gətirib çıxaracaq.

Mənbə:   Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha