YENİ ƏSRİMİZİN NƏSRİNDƏ YENİ OLAN NƏDİR?!-2
Yazar: cabbarlinergiz @ İyun 9, 2008 13:11
***
Birinci bölmədə ümumiləşdirdiyimiz əsərlər haqqında danışarkən, onu da qeyd edə bilərik ki, Azərbaycanda baş verən siyasi-ideoloji prorseslər, çevrilişlər, hakimiyyət dəyişiklikləri tez-tez bir sıra roman və povestlərin mövzusuna çevrildiyi halda, Qarabağ və müharibə problemi daha çox bir yaradıcılıqda - Sabir Əhmədlinin yaradıcılığında qaldırılıb. «Axirət sevdası» və «Ömür urası» romanları real həyati faktlarla - oğlunu şəhid vermiş, torpağını itirmiş atanın yaşantıları ilə zəngindir. Amma ötən illərdə bu problem bəzi əsərlərin də mövzusuna çevrildi.
Əlibala Hacızadənin «Möcüzə», Hüseynbala Mirələmovun «Dağlarda atılan güllə» romanlarının, Yusif Kərimovun «Xəyanətin ad günü», «Qarabağ şikəstəsi» əsərlərinin, Elçin Mehrəliyevin «Sınıq araba» hekayəsinin, Sevinc Nuruqızının «Sos, sos, sos», Elbrus Ərudun «Qurbanlıq qoçun ölümü» hekayələrinin adlarını çəkə bilərik. Amma povest və hekayələr haqqında aşağıda danışacağıq.
Hələliksə iri həcmli nəsr əsərləri - romanlar haqqında söhbətimizi davam etdirək.
Yuxarıda mistik çalarların nəsrə gətirilməsi ilə bağlı bir fikri qeyd etmişdik. Ümumiyyətlə, yaxın tariximizlə bağlı yaranmış əsərlərdə bu da bir müəllif priyomu, üslubu kimi meydana çıxıb. Daha dəqiq desək, mövzu müəllif yozumunda bu cür həllini tapır - mistika vasitəsi ilə. Məsələn, bu sözü Əlibala Hacızadənin «Möcüzə» romanı haqqında söyləyə bilərik.
Əslində, mistikanın əsərlərə gətirilməsini oxucu marağını çəkmək üçün istifadə edilən ədəbi priyom kimi dəyərləndirmək düzgün deyil. Bir sıra əsərlərdə - İlqar Fəhminin «Qarğa yuvası», Kamal Abdullanın «Sehrbazlar dərəsi», Sadıq Elcanlının «Zülmət» romanlarında bu priyomdan fərqli məqsədlər üçün istifadə edilib. «Qarğa yuvası»nda bunun səbəbi mistikanın mövcudluğunu sübut edib sonda ona real görüntü verməkdirsə, Əlibala Hacızadənin «Möcüzə» romanında bundan problemlərin həllində vasitə kimi, çıxılmazlıqdan qurtuluş üçün istifadə edilib. Kamal Abdullanın «Sehrbazlar dərəsi»ndə isə ruhların görüşdürülməsi üçün, daha doğrusu, cəllad Məmmədqulunun ruhu ilə görüş məqsədi ilə.
«Möcüzə» romanı, əslində, real dünya, real proseslər, real əməllər və real qəhrəmanlar haqqındadır. Onun müəllifi həmişə real prosesləri əks etdirib. Amma bununla belə, bu dəfə mistik dünyanın gizlinlərinə, qeyri-adi görünən bacarıqların mövcudluğuna inam ifadə etməklə öz yaradıcılıq işinə yeni çalar verib. Belə ki, real bir problemin həllində qeyri-adi qüvvəni daşıyan bir qızın - Leylanın iştirakı yardımçı olur. Bu bacarıq yazıçıya müharibə dövründə daha böyük səlahiyyətlərə malik olan, 20 Yanvar faciəsinin qarşısını almaq imkanı olsa da, almayan, günahlar burulğanında boğulan bir insanın ifşası üçün gərək olub. Düzdür, burada təkcə müharibə, 20 Yanvar hadisəsi, rus ordusunun şəhərə soxulması, döyüşən insanların davamlı olaraq həlak olmasından deyil, sosial problemlərdən də danışılır. Amma problemlərin sadalanması üçün seçilən yol mistik bacarıqla bağlıdır. Leylanın insanın keçmişi haqqında həqiqətləri bilməsi əsas qəhrəmanı - səlahiyyət sahibini çox şeylərdə suçlamağa yardımçı olur. Vəzifə sahibinin arvadının erməni olmasından tutmuş pul üçün istənilən qurbanlara getməsinə qədər, şəxsi xəyanətlərdən tutmuş milli xəyanətlərə qədər hər şey məhz Leylanın vasitəsilə roman qəhrəmanının üzünə oxunur.
Düzdür, bəzi məqamlarda yazıçı Leylanın monoloqunu populist çıxışlar səviyyəsinə endirir. Amma bu, bəzi məqamlarda olur. Öz üslubuna sadiq qalan Əlibala Hacızadənin bu romanı yaradılan çətin situasiyaların bu şəkildə açılışı ilə maraq doğurur. Amma onu da qeyd etmək yerinə düşər ki, müəllif öz qarşısına qoyduğu məqsədə tam çata bilməyib və roman yarımçıq təsir bağışlayır. Xüsusilə də ona görə ki, əsər nə hansısa konflikt, situasiya dərinliyi, nə hansısa mürəkkəb, psixoloji xarakteri, nə də dramatik gərginliyi ilə yadda qala bilmir. Halbuki mistikaya müraciət bu gərginliyi təmin etməli idi.
***
Hələ ki, birinci bölgü haqqında sözə davam edirik. Qarabağ savaşı ilə bağlı bir sıra əsərlər yarandı - istər ötən əsrin sonlarında, istərsə də bu əsrin əvvəllərində. Amma təəssüflə qeyd edək ki, bu əsərlərin əksəriyyətində problemdən söz açmaq istəyi yazıçı-vətəndaş borcu ilə bağlı olduğundan, onun bədii həllinə çox az qismində nail olundu. Hər halda, əksər əsərlər haqqında bunu söyləmək olmur. Fikrimizi daha dəqiq ifadə edək: Qarabağ savaşı ilə bağlı yazılmış əsərlər əsasən hadisələrin nəqli üzərində quruldu, xaraktersizlik və kompazisiya-süjet naqisliyi ilə müşahidə edildi. Bu əsərlərə «yazıçı məqsədi»nin nə olduğunu araşdırmaq istəyi ilə yanaşdıqda, əksərən qəribə və eyni nəticələr alınır: sanki müəlliflərin hamısı mövzuya məsuliyyət hissi üzündən müraciət ediblər və qarşıya qoyulan məqsəd yalnız baş verənlərin nəql olunması ilə yekunlaşır.
Xüsusilə də təəccüb doğuran cəhət budur ki, müharibədən, savaşdan bəhs edən əsərlərdə müharibə yaşamış insanların psixologiyası, yaşantıları dərinliyinə qədər araşdırılmır, sanki bu, yazıçı üçün maraq da kəsb etmir.
Məsələn, Qarabağ problemini əks etdirən və əsirlikdən qaçıb gizlənən insanların taleyindən, Bəy Kamrandan (həm də real şəxsiyyətdən) danışan «Dağlarda atılan güllə» əsəri. Təəssüflə deyə bilərik ki, bədii dili zəif olan əsərdə diqqəti daha çox çəkən hadisələrin uzun-uzadı nəqli, sözçülük və dinamikanın zəifliyi oldu. Yalnız belə bir problemin seçilməsini təqdirəlayiq saymaq olar. Amma hadisələrin uzun-uzadı təsviri, nağılçılıq problemi arxa planda qoyur. «İfadəlilik, sadəlik və emosionallıq nəsr dilini xarakterizə edən bədii-estetik keyfiyyətlər” (Eçlin Əfəndiyev) olsa da, bunu bu əsərin dili haqqında söyləyə bilmirik. Xüsusilə də ifadəliliyi...
Həmçinin obrazların psixoloji vəziyyətinin təsviri üçün bəzi cəhdlər edilsə də, onlar təəssüf ki, bu uzunçuluğun içində itib-batır. Xüsusilə də onu söyləyə bilərik ki, təsvir edilməsinə cəhd olunan xarakterlər belə (məsələn, Bəy Kamran) öz natamamlığı, yarımçıqlığı ilə yadda qalır.
Və bu, yalnız bir əsər haqqında söylənilən qənaət deyil. Qarabağ müharibəsi ilə bağlı yaranan nəsr nümunələrinin bir çoxunda qarşıya çıxan çatışmazlıq, qüsur elə bununla bağlıdır.
***
Birinci bölgüdə ümumiləşdirdiyimiz əsərlər sırasında Əliabbasın «Qiyamçı» romanı da var. Özünəməxsus təhkiyəsi ilə seçilən yazıçının bu romanı ötən əsrin sonlarında baş verən hadisələri alt qatda təsvir edir. İlk baxışdan əsərin əvvəlində Bəbirin kəndə gətirdiyi qaçqınların hansı qaçqınlar olduğu, haradan qovulduğu, nə üçün qovulduğu aydın olmur. Burada da hər şey bir xarakter fonunda baş verir (yeri gəlmişkən, baş tutmuş, yaradılmış xarakterdən danışırıq. Son illərin nəsrində yadda qalan və baş tutmuş çox az xarakterlərdən biri də Bəbirdir). Hətta bir kəndin əhalisinin çıxarılmasının səbəbinin də nə ola bləcəyi məlum deyil. Əsərdə yaradılan Konflikt də bununla bağlıdır. Əsər boyu səbəblər yavaş-yavaş, addım-addım, bir-birinin ardınca, tələsilmədən açılır. Tarixi həqiqətlərdən tutmuş kənddən əhalinin çıxarılma səbəblərinə, qaçqınların haradan qovulmalarına qədər hər şey yavaş-yavaş aydınlaşır. Bu da müəllifin qarşıya qoyduğu məqsədə çatmaq üçün istifadə etdiyi priyom və təbii ki, seçimində qazandığı uğurdur.
Xarakter demişkən, onu da qeyd edək ki, Bəbirin kənddən çıxmaması, qarşısına qoyuduğu məqsəd və içində daşıdığı inam naminə hətta ailəsindən belə keçməsi, az qala bayquşların uladığı bir kənddə tək-tənha yaşaması, özünü hər cür məhrumiyyət qarşısında güclü göstərməsi və güclü hiss etməsi… Bütün bunlar xarakterin əsas cizgiləridir. Əlbəttə, «ideya, məqsəd buna dəyərmi» sualının fərqli cavabları var. Elə əsərin özündə bu cavablar fərqli personajların dilindən səsləndirilir. Çünki bu cür qurbanlara - ailə, övlad qurbanına gedən və torpağı ailəsindən üstün tutan insanı anlamaq, ona haqq qazandırmaq çətindir. Bunu anlamaq üçün ən azı onun kimi düşünməlisən. Amma bununla belə, bu qəribəliyə, bu inada, bu sərtliyə yalnız qibtə edirsən. Həm də ona görə qibtə edirsən ki, bir çox yazıçıların ideya kimi qaldırdıqları və birbaşa ifadə etməyə çalışdıqları «torpaq qorunmalıdır» nidası burada çox sadə, təbii axarı ilə, situasiyanın, xarakterin köməkliyi ilə yaradılır, birbaşa deyilmir… İdeya kimi pafosla səsləndirilmir… Bu səbəbdən də bəlağətli görünmür. Situasiyanın özü bu fikri dolayısı ilə ifadə edir. Bu inandırıcılıq və təbiilik qarşıya qoyulan məqsədə çatmaq deməkdir.
Əsərdə problem, konflikt, hadisələrin dinamikası - hər şey öz yerində olduğu halda, final - arxeoloq qızla Bəbirin birlikdə kəndə qayıtması nəticə olaraq uğurlu alınmayıb. Halubki Bəbirin tənhalıqdan, təklikdən qurtulmasında qeyri-adi heç bir şey yoxdur. Daha dəqiq desək, bu, adi bir sonluqdur. Amma əsərin başlanğıcından adilik səviyyəsini aşmış, adilikdən yuxarı qaldırılmış bir xarakter üçün bu addım və bu sonluq real görünmür. Yəni final əsərin ümumi ahəngini, qeyri-adiliyini, ənənədən uzaqlılıq aurasını pozur, dağıdır. Halbuki istər Bəbirin seçdiyi yol, istər xarakteri, tipajı, istərsə də məqsədi uğrunda etdikləri bu qeyri-adi yüksəkliyi layiqincə qoruyub saxlayırdı. Yəni məqsəd qiyamçının kəndi qoruması idisə, o arxeoloq qızsız da buna nail olmuşdu və əslində, bu addımı onun özünün özünə məğlubiyyəti, özünün özü qarşısında (başqaları qarşısında yox!!!) sınması kimi qəbul edilməlidir. Amma buna baxmayaraq, «Qiyamçı» müəllif təhkiyəsi və Milli şüur, genetik şüur kimi vacib dəyərlərin qorunmasına inamı ilə oxucunun yaddaşında qala biləcək. Və bir daha qeyd edək ki, bu, yazıçının məqsədli şəkildə əsərində ifadə etməyə çalışdığı ideya yox, hadisənin, situasiyanın diktə etdiyi, yaratdığı ideyadır. \
***
Qarabağ problemi müasir nəsrimizdə təkcə romanların deyil, bir sıra povest və hekayələrin də mövzusuna çevrildi. Belə povestlərdən biri də Yusif Kərimovun «Xəyanətin ad günü» bədii-sənədli povestidir. Əslində, əsərdə problemdən çox onun meydana çıxdığı başlanğıc mərhələ araşdırılıb. Konkret bir hadisədən - «Oqonyok» jurnalının işçisinin Qarabağ hadisələri zamanı baş verənləri qələmə almaq üçün bölgəyə ezamiyyətə gəlməsindən və müəllifin onu müşaiyət etməsindən danışılır. Amma süjet xəttinə kənar hadisələr, kənar düşüncələr də əlavə edilir. Tanınmış insanların ermənilər haqqında fikirlərindən ibarət olan bu əlavələr sənədli material olduğu üçün maraqlıdır. Lakin əsərin bədii məziyyətlərinə gəlincə, eyni sözü deməkdə çətinlik çəkəcəyik. Əvvəla, yazıçının dilində bədiilik azdır (yenə də publisistikanın qələbəsi!!!), digər tərəfdən müəllifin təhkiyəçi kimi hadisələrə kənardan baxmaq bacarığı qüsurludur. Məsələn, yazıçının qonağın fikirlərinə münasibətdə onun əsl dost olduğunu sübut etməyə çalışması faktı, tez-tez «o bərk əsəbiləşdi, əməlli başlı əsəbiləşdi, lap hirsləndi» kimi ifadələr işlətməsi reallıq səviyyəsini aşağı salır. Yəni müəllif haqqında danışdığı hadisələrdən, baş verən proseslərdən kənarda durmağı və onları kənar müşahidəçi kimi təsvir etməyi bacarmır. Digər tərəfdən isə onun bir əsər qəhrəmanı, bir personaj kimi bu hadisələrin iştirakçısına çevrilmək istəyi də tam şəkildə baş tutmur. Bir sözlə, bu iştirak həllini tapmır. Yəqin ki, əsərdə olan xarakter kasadlığı, süjetdə olan qırılmalar, yalnız hadisələrin nəqli ilə kifayətlənmə və s. də əsərin daha çox publisistik qeydlər kimi qəbul edilməsinə şərait yaradan amillərdəndir.
Bu məqamda onu da qeyd etməliyik ki, povestdə avtobioqrafik elementlər çoxdur. Və bu da müasir nəsrimizin son illər qazandığı xüsusiyyətlərdən biridir.
***
Qarabağ problemini əks etdirən povestlərdən biri də Nüşabə Məmmədlinin «Zəngulə» povestidir. Xaricdə səfər zamanı qarabağlı bir qızla - müğənni ilə tanışlıqdan, onun əsir düşdükdən sonra satılmasından, müğənniliklə dolanmasından, keçirdiyi sarsıntılardan danışan əsərdə erməni vəhşilikləri, qaçqınlıq, əsirlik və s. -lə bağlı hisslər emosional təsvir edilir. Əsərin fərqli tərəfi də edə bununla bağlıdır - onun qəhrəmanı müharibənin gerçək simasını görmüş, onun zərbəsini, sarsıntısını ruhunda duymuş bir insandır. Yəni müharibədən keçmiş birinin emosional durumu, psixoloji-ruhi sarsıntıları əsərdə gerçək təsvirini tapıb.
Yuxarıda qeyd etdiyimiz bir sıra çatışmazlıqlar (konflikt, xarakter kasadlığı, bədiilik və s.) bu əsərdə olsa da, əsərin ilkin uğurunu təmin edən yeganə xüsusiyyət reallıqla bağlılığı, daha dəqiq desək, reallıq həddidir. Sadə yazıçı təhkiyəsi ilə seçilən povestin müəllifi ilk növbədə canlı şahid qismində çıxış etdiyindən, oxucunu da iştirakçıya çevirə bilir. Yaşananların səmimiyyətlə ifadəsi, ağrının, sarsıntının canlılığı, olduğu kimi çatdırıla bilməsi uğuru təmin edir.
Digər povest isə Yusif Kərimovun «Qarabağ şikəstəsi»dir ki, onun haqqında da bir neçə detalı qeyd etmək istərdik.
Bu müəllifin bir əsəri barədə yuxarıda danışmışdıq və qeyd etmişdik ki, Azadlıq hərəkatından, 20 Yanvar faciəsindən sonra ölkədə baş verən bir sıra hadisələr (daha dəqiq desək, hadisələrlə bağlı fərqli nüanslar) onun əsərlərinin mövzusuna çevrilib.
Şandor Petevinin «Məhəbbətim üçün hər şeydən keçərəm, Azadlığım üçün məhəbbətimdən də keçərəm» ifadəsi ilə başlayan bu povest isə nazir qızının adi bir tələbəyə vurulmasından, 20 yanvar hadisələrindən və bu tələbənin həmin hadisələr zamanı məhəbbətini azadlığına qurban verməsindən danışır. Bir sözlə, əsərin ideyası əslində, mükəmməldir, təqdirəlayiqdir. Amma ideyanın bədii həlli bir o qədər də inandırıcı alınmayıb (digər qüsurlar ümumiləşdirmə apararkən sadalananlardan bir o qədər də fərqlənmir - bədii dilin zəifliyi, yaradılan xarakterlərin natamamlığı və s.). Məqsədin aliliyinə baxmayaraq, hadisələrin gedişi bu əsərdə təbii həllini tapa bilməyib. Yəni yenə də nə problemin dərinliyə enmə, nə hadisələrin dinamikasının təbii kulminasiyası, nə də final inandırıcı və təsirli alınmayıb.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, sadalanan qüsurlar bir çox əsərlərin sıradan təsir bağışlamasına, yaddaşlarda iz sala bilməməsinə, meydana çıxan nümunələr bolluğunda itməsinə səbəb olur. Yəni haqqında danışdığımız beş ilin nəsr nümunələri arasında çox az əsərin adını çəkə bilərik ki, onlar bu çoxluqda yadda qalmağı, fərqlənməyi, iz salmağı bacardı. Əslində, bütün dövrlərdə eyni proses təkrar olunur. Çoxsaylı nümunələr yaranır, tarixə düşmək isə onlardan cəmi bir neçəsinə nəsib olur.
***
Qarabağ müharibəsi haqqında danışan əsərlər sırasında Aygün Həsənoğlunun «Yeddi qapı» kitabı da var (daha dəqiq desək, kitaba salınmış hekayələr). «Qarabağı axtaran oğlan və ya Fərhad əfsanəsi» ilə başlanan toplu tələsik yazılmış kitab təəssüratı bağışlayr. Bu, hər addımda hiss olunur. Vətən və torpaq təəssübkeşliyi isə istər pritçalarda, istər hekayələrdə, istərsə də mənsur şeirlərdə var. Hekayələrin üstündə dayanaq. Hər misrasında ağrının güc gəldiyi və yazıçının onu yenə bilmədiyi üzdədir. Yazıçı məqsədi də həmçinin.
Ağrı bəllidir, məqsəd isə real tarixi faktları ədəbiyyatın yaddaşına yazmaqdır. Məqsədə çatılıb. Amma hekayələrin bir çoxunda götürülmüş və yazılmış mövzunun bədii həlli lazımi şəkildə tapılmayıb. «Qarabağı qaytaran oğlan və yaxud Fərhad əfsanəsi», «Məhvərindən qopan dünya», «İblis», «Sərhəd», «Səhv», «Yanğı», «Tabutda dirilənlər» hekayələrində müəllifin diqqəti faciəyə yönəltmək istəyi (söhbət erməni əsirliyində olan, bu dəhşəti yaşayan insanlardan gedir) bəzən bir faktı (məsələn, düşmənin verdiyi işgəncələrə baxmayaraq, «Qarabağ mənimdir!» deyən əsirin əhvalatını, dırnağı ətdən qoparılan əsgərin ağrısını) dəfələrlə fərqli hekayələrin mövzusuna çevirir. Və ya əsirlikdə olanların hamısına bir prizmadan, bir istiqamətdən yanaşılır: onların hamısı iradəsi yenilməyən, qorxu duymayan və axıra kimi dözən qəhrəmanlar kimi təsvir edilir. Yalnız bir hekayədə real insani qorxunun izi görünür. Əslində, ayrı-ayrı hekayələr olsa da, bir-birinin davamı təsiri bağışlayan bu yazılarda müəllifin öz patriotluğunu, öz hisslərini qəhramana ötürməsini duymaq olur. Hətta bəzi hallarda bu qəhrəmanlarda şişirdilmiş kimi görünən qorxusuzluq da var. Nəzərə alsaq ki, bütün insanlar - nə dərəcədə vətənpərvər olmalarından asılı olmayaraq, ağrıya, işgəncəyə, əzaba qarşı eyni dərəcədə dözümlü ola bilməzlər, hekayələrdə belə bir təəssüratın yaradılması bir tərəfdən həqiqətəuyğun deyil, hadisələrin inandırıcılıq səviyyəsini aşağı salır, digər tərəfdən də yaradılan xarakterləri eyniləşdirir. Daha dəqiq desək, bunu müəllifin arzusu da adlandırmaq olar: «Haylar işgəncələrlə onların qürurunu sındırmaq istəyirdilər, amma özləri sınırdılar!». Bu fikir demək olar ki, bütün hekayələrin ana xəttinə, əsas ideyasına çevrilib. Bəzən isə əksinə, «Qorxacaq bir şey yox idi, o artıq ölümünü yaşamışdı, ölümünü yaşaya-yaşaya da öz içində öldürmüşdü» kimi real yanaşmaya rast gəlinir...
Hekayələrin bir qismində tələskənlik də duyulur. Məsələn, «Tabutda dirilənlər»də təsvir edilən situasiyalar arasında əlaqəsizlik, rabitəsizlik bunun sübutudur. Amma son illərdə yaranan bir çox nəsr nümunələrindən fərqli olaraq, bu hekayələr sənədliliyi, real tarixi faktlara əsaslanması ilə diqqəti çəkir. Bu hekayələri haqqında danışdığımız bir çox nəsr nümunələrinə yaxınlaşdıran isə onlarda publisistik üslubun mövcudluğudur.
***
Azərbaycanın müasir tarixində baş verən hadisələrə münasibətlə ortaya çıxmış nəsr əsərləri haqqında danışdıq. İndi isə ikinci bölgü haqqında danışaq. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu bölgüdə tariximizə, mifoloji yaddaşımıza və daşlaşmış mifik-tarixi obrazlara yenidən qayıdış istəyi ilə yaradılan əsərlər qruplaşdırılıb. İlk yerdə Anarın «Ağ qoç, qara qoç» utopik və antiutopik nağılları gəlir. Yuxarıda artıq haqqında söz açdığımız bir xüsusiyyət - mifik obraz və süjeti dekonstruksiyaya uğratmaq meyli Anarın «Ağ qoç, qara qoç» utopik və antiutopik nağıllarında özünü göstərdi. Bir tərəfdən cəmiyyətin problemlərini reallıqla əks etdirən əsər digər tərəfdən utopiya və antiutopiya pərdəsi altında reallıqla illüziya arasındakı sərhddi itirir, zamanla zamansızlıq arasında oxucunu çaşbaş qoyur. Yeni nəsrin bu xüsusiyyəti «Ağ qoç, qara qoç»da da var.
«Açar mətnin özündədir» (Jak Derrida) fikrinə əsaslansaq, Anarın «Ağ qoç, qara qoç» utopik və antiutopik nağıllarının açarı elə əsərdən götürdüyümüz «nağıl həyatdan daha gerçəkdir» ifadəsindədir. Mətndə təqdim edilmiş bu cümlə kifayət edir ki, blütünlüklə onun məğzini, yazılma məqsədini, strukturunu və ümumilikdə mənasını dərk edəsən. Əsərdə utopik nağıldan daha artıq antiutopik nağıl gerçək təsir bağışlayr. Əsərin əsas canı və qayəsi da elə ikinci hissədədir. Söhbət reallıq qatından gedir. Nağıl kimi təqdim edilən əsər elə nağıl süjetinin üzərində qurulub və bu iki hissə çılpaq həqiqətlərin, bir çox siyasi proseslər, cəmiyyət, dövlət və hakimiyyətlə bağlı düşüncələrin, həmçinin mədəniyyətimiz haqda fikrirlərin söylənilməsi üçün vasitə rolunu oynayır.
Təkcə Azərbaycan yox, dünyəvi proseslərin istiqamət xətti də bu hissənin reallığına oxucunu daha çox inandırır. Çünki əsər nə vaxtsa ola biləcəklərin yox, artıq olanların təsvirindən ibarətdir.
Azərbaycan gerçəkliyi və keçid dövrü adlandırdığımız mərhələ, siyasi dəyişikliklər, cəmiyyətdəki çırpınma və silkələnmə prosesi əsərlərin bəzilərində reallığa birbaşa və açıq münasibət halında (nisbətən Afaq Məsudun «Azadlıq» romanında olduğu kimi) bəzilərində yarıaçıq, yarıgizli - işarəli yanaşma şəklində (Ə.Əylislinin «Ətirşah masan»ında olduğu kimi) təqdim edilsə də, bu əsərdəki struktur müəllif yanaşmasını gizlətmək məqsədi güdür.
Bir qədər qəliz səslənsə də belədir. Yəni formulu bu cür təqdim edə bilərik: «Antiutopik nağıl» pərdəsi təqdim olunan reallığı pərdələsə də (deməli, müəllifin reallığa münasibətini ört-basdır etmək məqsədi daşıyır), əslində, həm də həmin münasibəti açıqlayır. Amma ikinci qatda - arxa planda. Bir sözlə, nağıl pərdəsi müəlllifin baxışını, yanaşmasını, münasibətini itirmir, yoxa çıxartmır. Sadəcə, gizlədir, ilk baxışda nəzərdən yayındırır.
Əminik ki, əsərin ikinci hissəsinin təsiri altına düşənlər və bu ab-havada «Anamın kitabı»nı xatırlayanlar çoxdu (postmodernizmin kollaj effekti!). Üç hissəyə parçalanmış məmləkət ağrısının tanış dadını hər kəs burda duya bilər (Bartın «deyilənlər artıq deyilmişləri təkrarlamaqdan başqa bir şey deyil» fikrini xatırla). İkinci hissədə üç millətin, üç siyasətin təsirindən danışılır. Bir məmləkəti, bir milləti üç hissəyə dağıtmış həmişəyaşar formuldan.
Kənardan - mətnin yaratdığı ilk təsirdən sonra belə görünə bilər ki, Anar bu əsərlə gələcəyə boylanmağı və gələcəyin açarını təqdim etməyi xoşlayan mütəfəkkir kimi qarşımızda duran iki yolu göstərir. Amma belə düşünmək və əsərdən bu nəticəni çıxarmaq sadəlöhvlük olardı. Çünki bu, artıq mövcud həqiqətin düsturudur. Gəlin onun açılışına baxaq: «Zona! Məlik ürəyində nəfəskəsici bir sancı duydu - onun doğulduğu, boya-başa çatdığı, oxuduğu, işlədiyi, sevib-sevildiyi, ailə qurduğu, oğul-uşaq atası olduğu şəhər indi zona idi. ...Üç zonaya bölünmüşdü onun Bakısı. Dünya bu üç siyasi quruluşa malik olan hissələr məhz elə belə - Zona adlandırsa da, xarici Kütləvi İnformasiya Vasitələri imkan tapanda və xəsis məlumatlar alanda Birinci Zona, İkinci Zona, Üçüncü Zona istilahlarını işlətsələr də, bu bölgələrin rəsmi Adı vardı - Birinci Zona Behişti-badi-Kubə, İkinci Zona - Bakı Komunası, Üçüncü Zona - Bakı Siti adlanırdı».
Əminik ki, oxucularda da qeyri-müəyyən, nə vaxtsa ola biləcək bir gələcək təəssüratı yaranmadı. Çünki üç siyasi quruluşun təsiri nəticəsində dəyişmiş, parçalanmış psixologiyaların mövcudluğu hər kəsə aydındır.
Strukturu etibarilə iki qatdan - iki hissədən ibərat olan əsər reallığı nağıl adı altda pərdələməyə çalışır: «İndii dururmu Atəşgah?» - «Yox, söküldü. Müsəlman kişvərində kafər bütxanəsinə nə hacət?» «Əlyazmalar İnstitutu yandırılıb. Filarmoniyada məscid fəaliyyət göstərir»… «Gör nə günə qalıb ki, bu Azərbaycan balası iki cümləni təmiz ana dilində deyə bilmir». «Qız qalası taxta-şalban anbarıdır - kafirlər tərəfində qalıb».
Bu, Məlik Məmmədlinin üç zonaya səfəri zamanı gördüklərinin, hiss etdiklərinin bir parçasıdır. Həmin faktların fərqli təzahürü müasir cəmiyyətimizdə var. Bu faktlar müəyyən mənada və müəyyən dərəcədə artıq gerçəkləşib. Milli dəyərlər dağıdılıb (və ya dağıldılmasına doğru ilk addım atılıb), psixologiya, təfəkkür zədələnib, tamamlə parçalanmaq ehtimalı böyükdür. Bir millətin, bir xalqın balaları fərqli təfəkkürlərin, fərqli dünyagörüşlərin təsiri altındadır. Və bu təsir insanı genetik yaddaşdan, kökdən uzaqlaşdırmağa xidmət edir.
«Mən çox dedim, lap çox, eşitmədilər, danışdıq, qulaq asmadılar, yazdıq, oxumadılar, oxuyan olmadı. Gözlərini qan tutmuşdu, heç nə görmürdülər. Çığır-bağırdan qulaqları batmışdı, heç nə eşitmirdilər. Eşitmək istəmirdilər. Öz səslərindən başqa heç nə eşitmək istəmirdilər». Bu da bir ziyalının, bir söz deyə biləcək, amma sözü eşidilməyəcək qələm insanının etirafıdır.
Onu da qeyd edək ki, son illərin bir çox nəsr əsərlərində olduğu kimi, bu əsərdə də hiss olunacaq dərəcədə üzdə olan publisistik qat mövcuddur. Yazıçının vətəndaş mövqeyini nümayiş etdirən bu qat əsərin bədiiliyini azaltmaqla bərabər reallığını artıqmağa xidmət edir: «BMT qərar çıxardı. Bukıda tam bir anarxiyanın qarşısını almaq üçün üç dövlətə mandat verildi. Axı burda neft var. Böyük dövlətlər onu əldən verərdilər heç? İndi bu üç zolaqda guya ki, üç müstəqil hakimiyyət yaradıblar».
Bu əsər təkcə siyasi məsələlərə münasibətdən və proseslərin alt qatında əslində, nələrin durduğundan danışmır. Mədəniyyətimizlə bağlı həqiqətlər də əsərdə öz əksini tapır. Məsələn, Məlik Məmmədlinin doğma qızı ilə göbək rəqsi oynayan biri mer seçilmək istəyir. Antiutopik nağılın bu hissəsi oxucuya çox şeyi xatırladır - publisistik üslubda olsa belə.
Əsərin hətta publisistik qatında da postmodern ironiya, strukturunda isə dekonstruksiya elementləri var. Süjetdə dekonstruksiyaya uğradılmayan yeganə bir şey varsa, o da nağılın sonunda xeyirin qələbəsi ilə bağlıdır: «Hər şey bitmişdi. Nə yeri-yurdu qalmışdı, nə xalqı, nə vətəni, nə ailəsi. Keçmiş yoxdu. Darmadığın edilmiş, yandırılmış, tar-mar edilmişdi. İndi - bax beləydi. Gələcək? Gələcək də yoxdu. Hər halda onunçün. Ölüm hər şeyin sonudur. Yaşadıqca insanın hələ həyatın dəyişələcəyinə ümidi var. Bu, bir az da insanın özündən asılıdır. Öləndən sonra daha ondan heç nə asılı olmur. Bir ölümə çarə yoxdur, deyiblər. Amma görünür, ölüm çarəsizliyin çarəsiymiş. Çıxılmazlıqdan yeganə çıxış. Bax, indi ağ qoça çatacaqdı. Az qala... az qala...»
***
Əsər haqqında danışarkən bir daha vurğulayaq ki, son illərin nəsrində publisistik dilin və üslubun hakim mövqeyə keçməsi «Ağ qoç, qara qoç»da da açıq-aydın duyulur.
Əsər tək 2001-2005-ci illərdə yox, ümumilikdə ötən əsrin sonlarından yaradılan nəsr nümunələrinin bir çoxunda olan xüsusiyyəti - mifik süjetlərin dekonstruksiya cəhdini, nağıl süjetləri əsasında əsər yaratmaq cəhdini də özündə əks etdirir (eyni zamanda kollaj effektini!!!- xatırla, «Məlikməmmədin nağılı», «Anamın kitabı»).
Bu məqamda bu meylin Azərbaycan ədəbiyyatında meydana çıxmasının və ona marağın artmasının səbəblərini araşdırmaq yerinə düşərdi. Əslində, bu, Azərbaycan nəsrində nağıl süjetlərinin dekonstruksiyasının ilk təzahürü deyil. 60-cılar nəsrində bu təzahürü özündə əks etdirən fərqli nümunələr var. Amma müasir nəsrimizdə bu proses daha geniş vüsət aldı.
Yeri gəlmişkən, burada da fərqli yanaşmalar ortaya çıxdı. Məsələn, haqqında artıq danışdığımız «Ağ qoç, qara qoç» utopik və antiutopik nağıllarda əslində, sujet dekonstruksiyaya uğradılmayıb. Yəni nağılın məğzi, ideyası, modeli olduğu kimi qalır. Sadəcə, model üzərində yazıçı ideyası öz təcəssümünü tapıb. Ağ qoç - işıqlı dünya, gözəl gələcək, qara qoç - qaranlıq dünya, şər qüvvələr… Niyə bu nağıl və niyə bu model? Hazır model üzərində işləmək asandır - onun üçünmü? Yoxsa, bu model yazıçı düşüncəsini və haqqında danışmaq istədiyi faktları ifadə və təsvir etməyə daha real imkan verir, daha real şərait yaradır?! Yəqin ki, ikincisidir. Əlbəttə, hazırda dünya ədəbiyyatında da eyni prosesin getdiyini nəzərə alsaq, aktuallığını heç zaman itirməyəcək nağıl süjetlərinə qayıdışın bizim ədəbiyyatımız üçün də bir mərhələ olduğunu söyləmək olar.
*/**
İkinci bölgü haqqında danışarkən bir əsərin də adını çəkməliyik. Qeyd etdiyimiz kimi, nəsrimizin xüsusiyyətlərindən biri də, nağıllarımızın, tarixi və mifik qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin dövrləri və həyatlarının nəsrə gətirilməsidir. Bu tarixi, yarımtarixi və nağıl qəhrəmanlarının arasında Məlikməmməddən tutmuş Dədə Qorquda, Koroğluya, Oğuz xandan tutmuş Şah İsmayıl Xətaiyə, Qarabağ xanı İbrahimxəlil xana kimi fərqli şəxsiyyətlərin adlarına rast gəlmək olar. Və təhlil edərkən bəlli olur ki, bu meyl millətin, xalqın tarixi keçmişinə qayıdışdan daha çox millətə, xalqa və dinə aid olan dəyərlərə postmodern yanaşmanın nəticəsidir. Təbii ki, bəzi istisnalar da var.
Belə əsərlərdən biri də Kamal Abdullanın «Yarımçıq əlyazma» romanıdır. «Ağ qoç, qara qoç»la bu əsəri (İ.Fəhminin «Qarğa yuvası» əsərini də həmçinin - onun haqqında ayrıca danışılacaq) birləşdirən xarakterik xüsusiyyət var. Tarixi və mifik süjetlərin, qəhrəmanların yenidən və yazıçı əlavəsi ilə işlənməsi. Fərqləndirən xüsusiyyət isə birində nağıl süjeti əsasında müasir həqiqətlərin çatdırılması, digərində isə tarixi həqiqətlərin müəllif yozumunda təqdim olunmasıdır.
Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri iki fərqli zamanı - Xətai dövrü ilə Dədə Qorqud dövrünü bir araya gətirən iki hissədən (xatırla: Anarın iki hissəli əsərində ikili konstruksiya) ibarətdir.
Əsər özlüyündə müasir nəsrin bir çox xüsusiyyətlərini - fərqli zamanları bir araya gətirmək, müəllifin real həqiqətlərdən fərqli ola biləcək öz həqiqətini yaratmaq cəhdini, tarixi personajları müəllif istəyinə uyğun olaraq təqdim etmək cəhdini əks etdirir.
Xətai və Dədə Qorqud dövrü, həmçinin də şəxsiyyətləri tamamilə fərqli prizmadan təhlil edilir, yazıçı tərəfindən edilən əlavələr tarixdəkinə oxşar, eyni zamanda da tarixdən fərqli nəticələrə gətirib çıxarır. Həmin əsərdə istər Dədə Qorqud, istərsə də Xətai obrazlarına indiyə kimi olmayan cizgilər - mənfi xarakterlər əlavə edilir. Bunun özü də postmodernizmin xüsusiyyətlərindən biridir və bizim yeni əsr nəsrinin bir çox nümunələrində özünü göstərib.
Səbəb nədir? Nə üçün bu «yarımçıq əlyazma» ideyası ortaya atılır, nə üçün məhz bu iki tarixi şəxsiyyət bir araya gətirilir, nə üçün onların xarakterinə, portretinə yeni əlavələr edilir?!.
Ümumiyyətlə, əvvəlcə onu qeyd edək ki, əsər təmiz dili, təhkiyəsi ilə seçilməklə yanaşı ilk baxışdan həqiqətən də belə bir əlyazmanın olduğuna inam hissi oyadır. Təbii ki, bu, yazıçının uğuru deməkdir. Oxucunu ilk cümlədən öz ardınca getməyə vadar etmək, öz ardınca apara bilmək… Bu, müasir yazıçılarımızın və müasir nəsr nümunələrimizin əksəriyyətində çatışmayan xüsusiyyətdir. Amma yazıçı bu məqsədinə nail olsa da, iki ayrı-ayrı hissədən ibarət olan əsərdə hər şeydən daha çox əsərdə hərəkət dinamikası, baş verənlərin nəzərəçarpacaq sürətlə dəyişməsi ilə yadda qalır. Bir də Azərbaycan tarixində və mənəviyyatında daşlaşmış obrazlara daha real, daha gerçək ştrixlər əlavə etməklə. Bir sözlə, bu obrazlar yuxarıdan - toxunulmazlıq mərtəbəsindən aşağı - adi insanların arasına endirilir. Onların da yanlışları var, onlar da səhv edir, onlar da adilər kimi «fani və öləridir». Toxunulmazlığa sahib deyillər…
Bu əsər müasir nəsrdə aparılan eksperimentlərdən biridir. Postmodernizmin xüsusiyyətlərini, tələblərini (rus postmodernizminin deyil!!!), prinsiplərini nəsrimizdə işə salmaq, hərəkətə gətirmək istəyi ilə aparılmış eksperiment (hər halda, bizim qənaətimiz belədir!!!) Sadəcə, son zamanlar nəsrimizdə bu məqsədlə aparılan eksperimentlərin əksəriyyəti uğursuzluğa uğradığı halda, «Yarımçıq əlyazma»nın uğurunun bir səbəbi var - müəllifin inandırmaq bacarığı, dili və qəhrəmanlarına etdiyi əlavələrin reallığa daha yaxın olması, həmçininə gözlənilməz xarakterlər ortaya çıxarması. Yəni «yüksəklikdən endirmə» müasirlərimizin bir çoxunun yaradıcılığında olduğu kimi, qaba və təhqiramiz təsir bağışlamır. Yeri gəlmişkən, İlqar Fəhminin «Qarğa yuvası» əsərində də bu «endirmə» prosesinin davamını müşahidə edə biləcəyik.
***
Amma onun haqqında danışmazdan əvvəl tarixin nəsrə gətirilməsi haqqında daha bir qeyd edək. Əgər söhbət uzaq keçmişdən gedərsə Sabir Rüstəmxanlının qədim türklərin mənşəyi və Oğuz xan haqqında yazdığı «Göy Tanrı» romanının, İlqar Fəhminin Koroğlu və cəlalilər hərəkatı haqqında yazdığı «Qarğa yuvası» yarımtarixi romanının adlarını çəkə bilərik. Birincisində yazıçının türk soyunun qədimliyini, Oğuz xanın apardığı döyüşlərlə əldə etdiyi torpaqların çoxşaxəli coğrafiyasını təsdiq etmək məqsədi öz bədii həllini müəyyən qədər tapırsa, ikinci əsərin ideyasının nə olduğunu söyləməkdə çətinlik çəkirik. Düzdür, «Göy Tanrı» əsərini müəyyən mənada gecikmiş saymaq olar (xatırladaq ki, bu əsər ikinci bölgünün a) bəndində qruplaşdırılıb). Həmçinin əsərin ideyası nə qədər böyük və lazımlı olsa da, süjet xətti hadisələrin, daha dəqiq desək, döyüş coğrafiyasının inkişafı istiqamətində qurulduğundan bu, əsərin tarixi xronologiya təsiri bağışlamasına gətirib çıxarır. Xüsusilə də əsərin sonlarına doğru təsvir edilən hadisələrin bir-birinə bənzərliyi, yalnız düşmən və döyüşlərin aparıldığı coğrafi məkan adlarının dəyişməsi faktı bir qədər yeknəsəklik yaradır. Halbuki süjetdə hadisələrin Oğuz xan obrazının və şəxsiyyətinin meydana çıxmasına qədər olan inkişaf xətti maraqlı idi. Bir çox həqiqətlərin, xüsusilə də düşmən çin tayfalarından olan qızla evliliyin türklərə vurduğu zərbə, türklərin tarixini qoruyub saxlayan qədim kitabələrin və göy daşın oğurlanması kimi faktların təsviri bu inkişafı daha dinamik və daha maraqlı edirdi. Həmçinin bu faktlar müasir reallıqla səsləşərək türklərin bu gün qarşılaşdıqları xəyanətin də, faciələrin və itkilərin də əslində, qədim bir tarixi keçmişi olduğunu sübut edir.
Lakin sonrakı hadisələr bir-birini müəyyən mənada təkrarladığından əsərin mənasız yerə uzadıldığını söyləmək qalır. Xüsusilə də aparılan döyüşlər və keçilən coğrafi istiqamətin fərqli olmasına baxmayaraq, baş verən proseslərin eyniliyi buna səbəb olur və əsərin ümumi tempini aşağı salır.
Bir sözlə, bunun romanın uğuruna mane olan bir uzanma olduğu şəksizdir.
Yeri gəlmişkən, Elçin Əfəndiyevin «Nəsr və tənqid» monoqrafiyasında da «romanın inkişaf yolunda» sadalanan əsas maneələrin sırasında bu da vardı: «uzunçuluq, təsvirdə ölçü hissini itirmək, oxucunu söz burulğanının içərisində boğmaq»...
***
İkinci əsərin - «Qarğa yuvası»nın ideyasından söhbət gedərsə, bunun Koroğlu şəxsiyyətinə və dövrünə yeni baxışla yanaşmaq, tarixi həqiqətlərin üzə çıxarılmasına cəhd etmək olduğunu desək, tam həqiqət olmayacaq (bu əsər isə ikinci bölgünün b) bəndinə daxildir). Çünki müəllifin məqsədi Koroğlu xarakterinin yaradılması, o dövrün hadisələrinin real təsviri yox, sadəcə, o xarakterə və o dövrə yeni ştrixlərin, həm də müəllifin öz təxəyyülündən gələn ştrixlərin əlavə edilməsidir. Və yenə də yuxarıda qeyd etdiyimiz ümumi xüsusiyyət haqqında danışmalı olacağıq.
Bu gün istər dünya ədəbiyyatında, istərsə də təsirini daha çox hiss etdiyimiz rus ədəbiyyatında gedən proseslərin dalğası bizdə də duyulur. Üslubların, janrların sintezi, hadisə və faktlara (həmçinin şəxsiyyətlərə) postmodern yanaşma haqqında artıq qeyd etdik. Əgər bir neçə illər əvvəl qərb postmodernizmindən kifayət qədər fərqlənən rus postmodernizminin təsiri ədəbiyyatımızda çox idisə, yaranan ilk nümunələrdə ironiya, qabalıq, xaos, pornoqrafik təsvirlər və s. üstünlük təşkil edirdisə, bu gün o görüntü bir qədər arxa plana keçib. Hətta baxmayaraq ki, bəzi əsərlərdə sadaladığımız bu xüsusiyyətlərin müəyyən qalıqlarına hələ də rast gəlmək olur. «Qarğa yuvası» haqqında isə bunları söyləmək olar: Koroğlunun dastandan təqdim edilmiş qəhrəman obrazına yazıçı qorxaqlıq ştrixləri, o dövrün məkanına və şəraitinə, həmçinin də adət-ənənə və dini inanclarına isə fərqli əlavələr edib (Xatırlayın: «Yarımçıq əlyazma»da Dədə Qorqud və Xətai obrazlarını). Hansı əlavələrdən söhbət getdiyini aydınlaşdıraq.
Bu əsərdə Koroğlu İslama tapınan biridir, yanında molla saxlayır, məscidi var, Ramazanı qeyd edir, dəliləri namaz qılır, cin-şəyatindən qorunmaq üçün üzərlərində dua gəzdirirlər, Koroğlunun hərəmxanası var, dastanda yarımmənfi obraz kimi təqdim edilən Həmzə onun yaxın silahdaşıdır, Koroğlu qələbələr üçün məhz onun çoxbilmişliyindən, hiylələrindən yararlanır və s.
Postmodernizm fərqli tarixi və yarımtarixi şəxsiyyətlərin təqdimatında bu cür əlavələrə, fərqli dövrlərin insanlarının bir zaman daxilində görüşdürülməsinə icazə verir. Bu məsələdə yazıçı təxəyyülü sərbəstdir. Hətta onun müqəddəs olan şeylərə əl uzatmaq qadağası da yoxdur.
Beləliklə, İlqar Fəhmi postmodernizmin təklif etdiyi sərbəstlikdən istər qəhrəmanının xarakterinin yaradılmasında (daha dəqiq ifadə etsək, hazır xarakterə əlavələr edilməsində), istərsə də məkan və hadisələrin təsvirində geninə-boluna yararlanıb.
Qeyd etdiyimiz kimi, bu prinsiplər əsasında yaranan bir çox dünya ədəbiyyatı nümunələri var. Məsələn, dünyanı, xüsusilə də xristianları son illər lərzəyə gətirən Den Braunun «Da Vinçi kodu» əsərini qeyd edə bilərik... İsa Peyğəmbərin həyatına, yaşamına, Marina Maqdalina ilə ünsiyyətinə, hətta övladının olmasına qədər bir sıra yeni faktların - təbii ki, yazıçı təxəyyülünün yaratdığı faktların - ortaya atılması əslində, postmodernizmin toxunulmaz sayılan qəhrəmanları və şəxsiyyətələri ilahilikdən, müqəddəslikdən çıxarma prinsipinə əsaslanır.
İlqar Fəhmi də Koroğlunun qorxmazlıq zirvəsindən endirir, «atan kor edilənə qədər niyə xalq üçün döyüşmürdün» sualını verməklə sözün müəyyən mənasında alçaldır, onu öz gücünə yox, Həmzənin hiyləsinə möhtac qoyur (bunun özü də real gücün, qəhrəmanlığın, mərdliyin hiylədən asılı vəziyyətə salınmaqla yüksəklikdən endirilməsi deməkdir).
Eyni zamanda, oxucunu sirrin-sehrin mövcudluğuna inandıra-inandıra müəllif romanda bir sıra janr xüsusiyyətlərini bir-birinə qarışdırır. Əsər bəzi məqamlarda tarixi, bəzi məqamlarda mistik, bəzi məqamlarda isə detektiv roman təsiri bağışlayır... Keçəl Həmzə müasir detektiv romanlarının xəfiyyələri rolunda da çıxış edir...
Əsərin kompazisiyası elə qurulub ki, dərvişlər, səfəvi sarayı və Çənlibel arasında baş verənlər əlavə sirli hadisələrlə, ilk baxışdan kənar görünən əhvalatlarla yüklənir. Eyni zamanda, bəzi simvollardan yararlanma ilə yazıçı oxucunu maraqda saxlamağa çalışır. Yeri gəlmişkən, Xaruki Murakaminin «Qurulmuş quş», Elçin Hüseynbəylinin «Balıq adam» və s. əsərlərdə olduğu kimi, bu cür simvollar əsərin süjet xəttinin dinamik inkişafı, hadisələrin daha maraqlı cərəyanı və fərqli məkanlarda, fərqli zamanlarda baş verən hadisələr arasında əlaqənin yaradılmasına xidmət edən vasitələrdir. Bu əsərdə həmin simvolik obraz rolunda mistik təsiri bir qədər də artırmağa xidmət edən və hadisə yerlərində aşkar olunan təsbeh dənələri, həmçinin ölü qarğalar durur. Yeri gəlmişkən, bu yerdə Elçin Hüseynbəylidə siqaret qutusu, Murakamidə güldandan istifadə edilib.
Və ya başqa bir detaldan - Dünyanın bütün sirlərinin yazıldığı və gizli yerlərdə saxlanılan kitablardan danışa bilərik... Onlar isə bir simvol kimi əsl həqiqətin - gen yaddaşının qoruduğu sirlərin açılması üçün vacib olan informasiyanın yoxa çıxmasını xarakterizə edir. Eyni şeyə «Qarğa yuvası»nda da, Sabir Rüstəmxanlının «Göy Tanrı» əsərində də rast gələ bilərik. Və ən maraqlısı odur ki, bu əsərlərin hər ikisində kitabların sonu eynidir - birində yanğın, digərində oğurlanma. Bir sözlə, yoxa çıxma, insanların həqiqətə gedən yolunun itməsi... Yəni, müasir nasirləri düşündürən problem - müqəddəs, təmiz, pak sayılan dəyərlərdən uzaqlaşma nəsr əsərlərində simvolik obrazlardan uzaqlaşma kimi aydın şəkildə təsvir olunur (İstər «Ətirşah Masan»da ətirşah, istər haqqında danışdığımız bu iki əsərdə olan kitab - simvolik obrazlar kimi bu uzaqlaşmanı, bu itirilməni ifadə edir).
Sadəcə, Sabir Rüstəmxanlının «Göy Tanrı»sında sirr gəzdirən kitab türklərin tarixi və gələcəyi haqqında məlumatı daşıyırsa, «Qarğa yuvası»nda sehr və cadu sirlərini qoruyur...
«Qarğa yuvası» ilə bağlı onu da qeyd edə bilərik ki, əsər bu gün dünya ədəbiyyatında, eyni zamanda da bizim ədəbiyyatda çox istifadə edilən çoxqatlı model üzərində qurulub (zamandan zamana adlama, zamanlar və məkanlar arasında əlaqənin itməsi, hadisələrin inkişafında labirint effekti və s.) və romanın dilindəki bəzi anlaşılmazlıqlar diqqəti çəkir. Dəlilərin hər kəlməbaşı saray əyanları kimi «xub» deyərək danışması, «özlərini naqolay hiss etməsi», bəzən isə müasir Bakı şivəsi ilə söyüş söyməsi ağlabatan deyil. Bu cür xırda detallar əsərin ümumi ahənginə və təsirnə xələl yetirir. Ümumilikdə isə onu söyləmək olar ki, əsər eksperiment kimi maraqlı təsir bağışlayır - tam alınmasa belə…
***
Yeri gəlmişkən, tariximizin artıq yaşanmış qatlarına, bu gün üz-üzə durduğumuz Qarabağ probleminin tariximzə iz salmış köklərinə qayıdış məqsədilə yazılan əsərlərdən biri də (Sabir Rüstəmxanlının «Göy Tanrı» romanında bu məqsədin dolayısı yolla olsa da, müəyyən izləri duyulur) Elçin Əfəndiyevin «Hökmdarın taleyi» əsəridir. Xatırladaq ki, mövzu və problematika baxımından romanlar kimi povestlərdə də Qarabağ problemi ötən beş ildə daha çox qabardılıb. Məsələn, Qarabağ probleminin keçmişinə, erməni hiyləsinin kökünə nəzər salan Elçin Əfəndiyev «Hökmdarın taleyi» kinopovestində Azərbaycan xanlıqları, əsasən da Qarabağ xanlığı haqda danışır. Yəni problemin tarixi, keçmişi araşdırılır. Ümumiyyətlə, tarixlə bağlı əsərlərin öz dəqiqliyi və bədiiliyi ilə bərabər sənədlərdən daha yüksək təsir gücünə malik olduğunu unutmaq olmaz. Əsərdə Qarabağ xanlığının Rusiya və İranın arasında gedən siyasi oyunların qurbanına çevrilməsi çox canlı və fraqmentar - tarixi faktlarla təsdiqlənən fraqmentar parçalarda öz əksini tapıb. İstər Ağabəyim ağanın taleyi, istər İbrahimxəlil xanın ailəsinin aqibəti, istər Sisianovla bağlı faktlar tarix təhrif olunmadan və sonda qəhrəmanların son taleyi göstərilməklə, həmçinin Elçinin öz üslubuna sadiqliyi ilə öz uğurlu həllini tapıb. Ən əsası isə budur ki, framentarlıq və lakoniklik əsərin dəyərini artırır, ona fərqli və yeni çalar verir.
***
Yuxarıda apardığımız bölgüdə (ikinci bölgünün v) bəndində) ötən illər ərzində avtobioqrafik əsərlərin sayının artması haqqında da qeyd etmişdik. Tarixə münasibətlə yaranmış belə əsərlərdən biri də Əzizə Cəfərzadənin «Rübabə Sutanım» romanıdır. Abbas Mirzənin qoşununda qabaqda gedən sərkərdələrdən birinin - Mustafa Xanın qızının - Zibənnisə Sultanın, onun qızı Rübabə Sultanın və onun nəvəsi Əzimənin haqqında olan bu roman bir ailənin - bir nəslin keçdiyi yoldan, Şamaxıdan Bakıya, Bakıdan İrana köç etməsindən, Şamaxıda baş verən zəlzələdən, ailənin xəzinəsi ilə bağlı əhvalatdan bəhs edir. Bir qızla - Rübabə Sultanla dayəsinin tez-tez ermənilərin hücumlarına məruz qalması, hətta sovet hakimiyyəti dövründə ermənilərin bu xəzinənin harada yerləşməsini öyrənmək istəyindən əl çəkməməsi təsvir edilir. Əlbəttə, əsərdə hadisələr fonunda tez-tez erməni-müsəlman konflikti, bu konfliktin tarixinin çox-çox uzaqlara getməsi kimi faktlar da öz yerini tapır. Amma əsər boyunca bu yazıçı məqsədi yalnız hadisələrin fonunda qalır - əsas hadisələr ailənin, nəslin həyat tərzi, yaşamı, faciələri və aradabir olsa da, yaşadığı sevinclərlə bağlıdır. Qeyd etdiyimiz kimi, romanda avtobioqrafik elementlər çoxdur.
Əsərin təhkiyəsi və strukturu ilə bağlı bir xüsusiyyəti xüsusi qeyd etmək istərdik.
İlk cümlədən başlayaraq, romanda müəlliflə əsərin qəhrəmanı fərqli insanlar kimi təsvir edilir. Daha dəqiq desək, əsərin qəhrəmanının müəllif olduğu romanın sonuna kimi (bəzi xırda istisnalar olmaqla) bilinmir. Lakin sona yaxın müəllif çox guman ki, fərqinə varmadan Əzimənin başqa biri yox, məhz özü olduğunu açır və bu, xüsusi bir vasitə ilə yox, hazırlıqsız-filansız baş verir.
Əsərin diqqətə dəyən əsas qüsurlarından biri budur. Digər qüsur isə nəql olunan hadisələr arasında bağlılığın itməsidir. Bəzən bir məkan və zamanda söhbət getdiyi halda gözlənilmədən növbəti cümlə tamamilə fərqli zamanı və hadisəni nəql edir ki, bu da oxucuda çaşqınlıq yaradır və fikir axarını izləməyə mane olur.
Və yaxud, bəzən roman təhkiyəsinə uyğun gəlməyən və yalnız bəzi məqamlarda özünü göstərən, lapdan bədii nəsrin ortasında boy verən publisistik müdaxilə haqqında da qeyd edə bilərik. Məsələn, Bülbülün «Əcəb ağ gündədir mənim vətənim, günlər keçir bayram kimi, el gülür» mahnısı haqqında yazılan düşüncələr.... Mətnin əvvəlindən hadisələrin iştirakçısının müəllif yox, hansısa üçüncü bir şəxs olduğu güman edildiyi halda, birdən-birə müəllif ortaya çıxır və öz düşüncələrini - həm də romanın ümumi mətninin ahənginə və təhkiyə üslubuna uyğun gəlməyən publisistik şəkildə söyləyir: «Bülblü belə idi. O da proqramla oxuduğu, ona oxutdurulan mahnını kim bilir, ürəyində hansı əzablarla oxuyurdu. Dodaqları gülürdü, ürəyi yox. Əminəm buna». Bu, artıq bütün mətn boyu görünməyən müəllifin birdən-birə dözmədən ortaya atılan müdaxiləsidir və bu müdaxilə ümumilikdə nəql olunan hadisənin, təhkiyənin içinə göydəndüşmə kimi görünür.
Eyni fikri Qulam Məmmədli və Vaqif Sultanlı haqda söylənilən fikirlərlə bağlı da deyə bilərik.
Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, publisistik üslub və publisistik dil müasir nəsrdə öz hökmranlığını yürütməkdədir və konkret olaraq bu nümunədə onun aradabir olsa da, müdaxiləsini müşahidə etmək olur. Ən pisi də odur ki, bu təkcə müşahidə edilən üslub müdaxiləsi kimi yox, mətnin qüsuru kimi diqqəti çəkir.
***
Süjetdə uzun tarixi dövrdə - bir şəcərənin tarixində baş verən hadisələrin təsviri zamanı əsas məqamın üzərindən tələsik keçilir. Həmin məqam isə Əzimənin həyatı ilə (və ya Rübabə Sultanın, və ya Zibənnisə Sultanın) bağlıdır. Yəni bu talelərin hansının daha çox yazıçı diqqətində saxlanıldığı, oxucu diqqətinə çatdırılan hadisə olduğu, mərkəzi süjet xətinin nədən ibarət olduğu aydın deyil. Bu da oxucunun diqqətinin lazım olan hadisə üzərində köklənməsinə mane olur.
Əksəriyyəti azəri türkləri olan İranda az miqdarda ermənilərin məktəbinin olması haqqında qeydlər, Bağdadda ermənilərin orta məktəblərinin o zaman baş nazirin müavini olan Səddam Hüseyn tərəfindən bağlatdırılması haqda informasiyalar da əlavə (hətta artıq da söyləyə bilərik) məlumat, əlavə ştrix təsiri bağışlayır. Onu da qeyd edək ki, bu, ilk cümləsindən qurulan konfliktlə oxucunu maraqda saxlayan və öz ardınca aparan əsərin məhz sonlarında baş verir. Sanki əsərin süjeti öz axarından ayrılaraq tamamilə fərqli bir istiqamətə yol alır.
Xatırladaq ki, bu, son beş ildə yazılan yeganə avtobioqrafik əsər deyil. Bu sırada Sabir Azərinin «Mən DTK-nın təcridxanasında yatmışam» əsəri haqqında da danışacağıq.
***
Amma əvvəlcə eyni janrda qələmə alınmış Vidadi Babanlının «Gizlinlər» adlı gerçək romanını xatırlayaq. Bir xüsusi qeydlə. Bu əsər daha çox memuar təsiri bağışlayır və əsasən tarixi faktlar baxımından maraqlıdır. Yazıçının öz yaradıcılığına verdiyi qiymət baxımından da həmçinin. Vidadi Babanlının son vaxtlar bir çoxlarının ləkə yaxmağa çalışdığı ədəbi şəxsiyyətləri təmizə çıxarmaq, özünün bildiyi həqiqəti elə bildiyi formada təqdim etməklə inandırmaq istəyi bütün roman boyu duyulur. Tarix onların tarixidir. Həqiqəti də onu yaşayanlar daha yaxşı bilər... Təbii ki, bu belədir.
Amma müəllifin tələbəliyindən tutmuş yaradıcılıq uğurlarına qədər bütün hadisələri özündə əks etdirən avtobioqrafik əsəri məhz roman adlandırması mübuhisəlidir. Bir şeyi nəzərə almasaq - hər zaman inkişafda və dəyişikliyə uğramada olan roman janrı fərqli mövzuları və fərqli xüsusiyyətləri özündə birləşdirə bilər. Bu gün bu, qəbul edilən faktdır.
Amma o da bəllidir ki, roman janrı nə qədər dəyişikliyə uğrasa da, onun dəyişməyən tələbləri və xüsusiyyətləri var. Bu xüsusiyyətlər sırasına bir şəxsiyyətin yaşadığı, üzləşdiy hadisələrin sadəcə, ardıcıllıqla nəql edilməsini aid etmək və yalnız bunun üzərində roman qurulmasını qanunauyğun saymaq mümkün deyil.
O ki qaldı Sabir Azərinin «Mən DTK-nın təcridxanasında yatmışam» romanına, eyni fikri bu əsər haqqında da söyləmək olar. Sadə dili, təhkiyəsi ilə diqqəti çəkən bu romanda da yazıçının tələbəlik illəri, prinsipiallığı üzündən həbsə düşməsi və həbsə alındığı zaman yaşadığı hadisələr öz əksini tapır. Yəni «Rübabə Sultanım»dan fərqli olaraq haqqında söz açdığımız bu son iki əsərdə roman janrının tələblərinə daha az əməl edilib, əvəzində isə memuar elementlərinə daha çox rast gəlinir. Amma bunu sintez cəhdi adlandırmaq mümkün olsa da, iki janrın arasında qeyri-müəyyən bir mərhələdə ilişib qalmış əsərlərin uğuru haqqında konkret fikir söyləmək çətindir.
(DAVAMI VAR)


