YENİ ƏSRİMİZİN NƏSRİNDƏ YENİ OLAN NƏDİR?!-1
Yazar: cabbarlinergiz @ İyun 9, 2008 12:58
(2001-2005-ci illərdə çap
olunan nəsr əsərləri əsasında)
Ədəbi prosesi izləmək konkret götürülmüş dövr - zaman daxilində yaranan əsərlərin sırasını, keyfiyyətini, xarakterik və ümumiləşdirilmiş xüsusiyyətlərini, həmçinin konkret zaman kontekstində yaranma səbəblərini araşdırmaq deməkdir. Amma hər dəfə ədəbi proses haqqında tədqiqatlar ortaya çıxanda daha çox üzdə olan və fundamental görünən nümunələrlə bağlı fikir yürüdülür. Çünki ədəbi prosesi istiqamətləndirən və ümumi mənzərəni qlobal şəkildə təqdim edən, aydınlaşdırmaq üçün şərait yaradan məhz bu nümunələrdir. Amma unutmaq lazım deyil ki, kiçik, bəzən dövrün tələbləri və zövqlər baxımından əhəmiyyətsiz görünən əsərlər belə, ədəbi prosesin ayrılmaz hissəsini təşkil edir. Yəni yarandığı dövrdə diqqət cəlb etməyən nümunə nə vaxtsa şedevr kimi qəbul edilməyə bilər, lakin konkret bir zamanın ədəbiyyatını öyrənmək baxımından əhəmiyyət daşıyacaq. Ədəbiyyat tədqiqatçıları bu cür faktların çox olduğunu dəqiq bilirlər.
Yeri gəlmişkən, deyək ki, 2001-2005-ci illərdə yaranan nəsr əsərləri haqqında danışarkən Yuri Tınyanovun “Ədəbi təkamül» adlı məqaləsində toxunduğu və ədəbi prosesə şamil etdiyi, bizim də fikrimizlə üst-üstə düşən bir prinsipə əsaslanacağıq. Məqalədə deyilir: «Öyrənilən dövrdə ortaya qoyulan əsas hadisələrin araşdırılması təhlükəlidir. Prosesə o dövrdə çap olunan - adi və gözə dəyməyən əsərlərdən başlıca əsərlərə qədər hər şey daxildir».
***
Hər bir əsər ayrılıqda mətn kimi araşdırılmaqla yanaşı, həm də konkret bir dövrün sosial, mədəni, siyasi, mənəvi faktorları zəminində öyrənilməlidir. Azərbaycan tarixində, cəmiyyətində və insanların mənəvi-psixoloji dünyasında baş verənləri nəzərə almadan birbaşa İnsan və Cəmiyyətlə işləyən Ədəbiyyat və Nəsr haqqında fikir yürütmək düzgün deyil. Aşağıda apardığımız bölgü isə təkcə son illərin nümunələri haqqında yox, ümumilikdə ədəbiyyat haqqında danışarkən, ortaya çıxır. Fikrimizcə, ədəbiyyatın (xüsusilə də nəsrin) cəmiyyətlə, tarixlə, insan yaşamı ilə münasibəti həmişə üç formada təzahürünü tapır.
a) ya ədəbiyyat cəmiyyətdə baş verənləri paralel olaraq əks etdirir;
b) ya ədəbiyyat cəmiyyətdən, tarixin gedişatından geri qalaraq zaman gözləməyə üstünlük verir;
v) və ya əksinə, ədəbiyyat cəmiyyəti də, tarixi də, prosesləri də qabaqlamağı bacarır.
Hərçənd ki, üçüncü hala daha az rast gəlinir, amma belə ədəbi faktların olduğu danılmazdır.
Ötən əsrin sonlarında Azərbaycan tarixində baş verənlərə münasibətdə isə ədəbiyyat, xüsusilə də nəsr daha çox ikinci mövqedə durdu. On iki-on üç ildən artıq zaman ərzində Azəraycan nəsri tarixi proseslərə müdaxilə və təsvir anlamında demək olar ki, susdu. Daha çox məişətlə, cəmiyyətin sosial problemləri ilə, mənəvi-psixoloji anlamda yaranan çətinliklərlə bağlı mövzulara üstünlük verildi. İnsan faktoru və onun sosial problemləri diqqətdə saxlanıldı. Halbuki ölkənin siyasi durumu, baş verən hadisələrin dinamikası, bir-birini əvəzləmə tempi və rəngarəngliyi xüsusilə də nəsr üçün real material təqdim edirdi.
Ümumiyyətlə, ötən əsrin sonları ilə bağlı ədəbi mənzərə haqqında danışanda deyə bilərik ki, cəmiyyətin və dövlətin daxilində gedən proseslər yaradıcı insanın düşüncəsində, təfəkküründə, mövqeyində (həm siyasi, həm vətəndaş mövqeyində) bir çaşqınlıq yaratmışdı və bu, paralel olaraq nəsrin də problematikası və mövzu seçimində duyulurdu. Digər tərəfdən ədəbiyyata münasibətdə əvvəlki tələblər köhnəldiyindən, yenilər isə hələ müəyyənləşmədiyindən bir xaos yaranmışdı ki, bu özünü təkcə mövzu və problematikada deyil, sənətkarlıq məsələlərində də göstərirdi.
Ötən əsrin son onilliyinin nəsri ilə bağlı tənqidçi Vaqif Yusifinin də məqaləsində bu fikrin təsdiqi ilə qarşılaşırıq: «Son illər ədəbi tənqiddə belə bir fikir formalaşmaqdadır ki, nəsrimiz ədəbi prosesin ümumi axınından geri qalır. Konkret olaraq söylənilir ki, 90-cı illərin həqiqi romanı yaranmadı, publisistikası nəsri üstələdi, hekayə janrında da, bəzi nümunələr istisna olmaqla, irəliləyiş yoxdur … Nəsrimizdə keçid dövrünün bütün məhrumiyyətlərinin nəsr qəhrəmanlarının həyatına keçməsinin şahidi oluruq» (Vaqif Yusifli, «On il: sözümüzün keçdiyi yol», «Azərbaycan jurnalı», №2, 2002)
Ümumiyyətlə, təkcə Vaqif Yusifli deyil, bu dövrün nəsri haqqında danışan tənqidçilərin əksəriyyəti söz demək üçün əsas verəcək nəsr nümunələrinin az yarandığını və bu nümunələrlə Zaman arasında böyük anlamda əlaqənin zəif olduğunu qeyd edirlər. Bizim fikirimizcə də bu düşüncələrdə həqiqət var.
Amma yeni əsrin ilk illərindən başlayaraq nəsrdə canlanma müşahidə edilir. Bunun ilkin səbəbi ötən əsrin sonlarında başlayan siyasi proseslərin (çevriliş, müharibə, yenə çevriliş, hakimiyyət dəyişikliyi və s.) yaşatdığı psixoloji gərginliyin - dumanın azalması, ilk təəssüratdan yaranan çaşqınlığın getdikcə aradan qalxmasıdır (ədəbiyyatda prosesin bu mərhələsi cəmiyyətdəki hadisələrin dinamik inkişafının nəticəsi idi və cəmiyyətdəki qarışıqlığın ağuşundaykən nüvəsi, ideyası yaranan bədii nümunələrin meydana çıxması üçün müəyyən zaman tələb edilirdi - bu faktı da diqqətdən kənarda saxlamaq olmaz). Bir-birinin ardınca ortaya çıxan nümunələr nəsrin və ya nəsr əsrinin yeni bir mərhələsinin başlanmasından xəbər verirdi. Hərçənd ki, kəmiyyət-keyfiyyət bərabərliyindən yenə də danışa bilməyəcəyik, amma bu iki şkala arasındakı fərqin azaldığını tam əminliklə söyləmək olar.
Ən vacib məsələ isə ondan ibarətdir ki, ədəbi prosesi hərəkətə gətirən, müzakirələrə, mübahisələrə səbəb olan nümunələr yarandı - istər problematikası, mövzusu, istər də üslubu və sənətkarlıq xüsusiyyətlərinə görə bu əsərlər tənqidə də söz demək imkanı verirdi. Yeni əsrin əvvəllərindən yaranan nümunələrin yalnız bəziləri ətrafında ajiotaj hiss olunsa da (burada da da müəyyən səbəblər var - müəllifin kimliyi, şəxsiyyətinin maraq dairəsində olub-olmaması, əsərlərin diqqətə çatdırılmasında maraqlı tərəflərin varlığı və s.), ümumilikdə nəsr bolluğu yarandı. Bu dəfə artıq sosial problemlərə həsr olunmuş əsərlərin sayında azalma, tarixə münasibətdə yaranan nümunələrin sayında isə artım duyuldu. Maüsir insanın (bu məqamda tarixi şəxsiyyətlərin və siyasi liderlərin də!!!) psixologiyasına, mənəviyyatına, düşüncəsinə boylanmaq istəyi, baş verənləri saf-çürük etmək məqsədi nəsr daxilində sənətkarlıq baxımından yeniliklərə nail olmaq arzusu ilə tam üst-üstə düşməsə də, hiss edildi. Bəzən isə əksinə, nəsrdə yenilik istəyi forma üzərində daha çox diqqət saxlanılması ilə nəticələndi və bu mənada məzmunu, üslubu, təhkiyəni formaya qurban verənlərin sayı çoxaldı.
Digər tərəfdən müasir nəsr nümunələri yaradanların əksəriyyəti dünyada gedən ədəbi prosesə qoşulmaq istəyi ilə bir mətn daxilində fərqli yazı üslublarını, fərqli janr xüsusiyyətlərini cəmləşdirməyə - sintezə çalışdılar.
Bu istək tək Azərbaycan ədəbiyyatında yox, ümumilikdə dünya nəsrində başlanan prosesin davamı idi. Və bu davamın sübutu kimi, janr sintezinə cəhd edən müəlliflər «müasir nəsr necə olmalıdır» sualı üzərində baş sındırarkən bu yolun mütləq «sintez»dən keçdiyini bildirir və müxtəlif nəzəriyyəçilərin fikirlərinə əsaslanaraq bəzən bu fikirlər üzərində əsər də qururdular. Fikrinə istinad edilən müəlliflərdən biri də Rolan Bartdır. Yeri gəlmişkən, yazıçıların «janrların sintezi» məqsədilə onun məşhur «Müəllifin ölümü» məqaləsindən əsas kimi gətirdikləri fikir belədir: «Mətn …elə bir çoxölçülü məkandır ki, burada fərqli yazı üslubları bir-birilə mübarizə aparır, mübahisə edir və əsas odur ki, bu üslubların heç biri başlanğıc rolunu oynamır. ...Yazıçının gücü fərqli yazı üslublarını qarışdırmağa, onları qarşı-qarşıya qoymağa və onlardan heç birinin üzərində əsas kimi dayanmamağa imkan verir».
Bu barədə aşağıda ayrılıqda danışacağıq, amma əvvəlcədən qeyd edək ki, Azərbaycan nəsrində bu prinsip əsasında yaranan nümunələr meydana çıxdı (lakin bəzən prinsipə o qədər diqqət edildi ki, mətn və əsərin ümumi məzmunu, nəsrdən tələb olunan digər dəyərlər unuduldu). Yəni mətn əvvəlcədən düşünülmüş prinsip üzərində quruldu - yazılmadı.
Müasir nəsrdə Bartın daha bir fikrinə də istinad edilir: o hesab edirdi ki, «ədəbiyyata əsərdən daha çox mətn gərəkdir və yalnız bu zaman ədəbiyyat ideoloji və digər təsirlərdən yaxa qurtara bilər». Beləliklə, bu ideyanın bizim nəsrdə də fərqli təzahürləri var və bu haqda da aşağıda danışılacaq. Müasir nasirlərin bir çoxunun düşüncəsinə görə «ideyalardan yaxa qurtarmaq» yeni nəsrin əsas prinsiplərindən biri olmalıdır. Onu da qeyd etmək vacibdir ki, bu cür düşünən nasirlər fərqli nəsillərin nümayəndələridir. Yəni söhbət təkcə yeni nəslin nümayəndələrindən getmir.
***
2001-2005-ci illər ərzində yaranan nəsr haqqında danışarkən bir sıra xarakterik xüsusiyyətləri qeyd etməliyik (əslində, irəli sürdüyümüz fikirlər və sadaladığımız xüsusiyyətlər ötən əsrin son onilliyində yaranan nəsr nümunələri üçün də işləkdir, çünki haqqında danışacağımız proses öz başlanğıcını o dövrdən götürüb). Əvvəla, ötən əsrin sonlarından başlayan bir proses - müxtəlif ədəbi məktəblərin və cərəyanların Azərbaycan nəsrinə təsiri, fərqli məktəblərin manifestlərindən bəhrələnmək istəyi bu əsrin ilk illərində pik həddinə çatdı və elə bu istəyin nəticəsi olan nümunələrin sayı çoxaldı. Nəsrdə sintezə meyl artdı. Bəzi nümunələrdə süjetsizlik, bəziərində isə əksinə, çoxqatlı süjetlilik prinsipi əsas götürüldü. Xarakter, qəhrəman yaratmaq istəyi situasiya üzərində əsər qurmaq istəyi ilə əvəzləndi. Xarakterlər yeni və zamanla bağlı xüsusiyyətlər - simasızlıq, ümumilik, bir-birinə bənzərlilik və s. əldə etdi. Bir çox əsər qəhrəmanları əksinə - xaraktersizləşdirildi…
Bir çox əsərlərdə mifik arxetiplərə üz tutuldu. Paralel olaraq nəsrdə tarixi qəhrəman stereotipi dağıdıldı.
Yazıçıların əksəriyyəti reallığı əks etdirməyə yox, özlərinin yaratdığı və öz təfəkkürlərində qurulmuş «reallığı» canlandırmağa çalışdılar (Kamal Abdulla, «Yarımçıq əlyazma», Anar, «Ağ qoç, qara qoç», «İlqar Fəhmi, «Qarğa yuvası», Elçin Hüsynbəyli, «Metro vadisi»), bir çox nümunələrdə neomifologizm - arxaik, klassik və məişət mifologiyası üzərində diqqət cəmləndi ki, bu zaman əsər digər əsərlərdən gətirilən sitatlar, mifik obrazlar, mifik mətnlərin kollajı və dekonstruksiyası üzərində quruldu (yenə də Anar, «Ağ qoç, qara qoç», Kamal Abdulla, «Yarımçıq əlyazma», İlqar Fəhmi, «Qarğa yuvası» və s.). Eyni zamanda, bu əsərlərdə reallıq və illüziya arasında sərhəd itirildi. Onu da qeyd edək ki, bu, XX əsr Avropa modernizmi üçün xarakterik olan xüsusiyyət idi.
Yeni nəsrin daha bir xüsusiyyəti kimi, zamansızlıq və zamanlar arasında əlaqənin pozulmasını qeyd edə bilərik. Burada söhbət ənənəvi zaman ardıcıllığının pozulmasından və «hadisələrin hansı zaman kəsiyini əhatə etdiyi» sualının oxucu ixtiyarına buraxılmasından gedir.
Yeni əsrin əvvəllərindən yaranmağa başlayan əsərlərdə dilin sintaktik quruluşunun, tərkibinin dəyişməsi (məsələn, Məqsəd Nur, E.Hüseynbəyli, H.Herisçi, Xanəmir… yaradıcılığında), əksər hallarda isə korlanması prosesi getdi. Və dillə bağlı diqqəti cəlb edən əsas cəhətlərdən biri də, nəsrdə bədii dilin zəifləməsi, publisistik dilin daha hökmran mövqeyə keçməsi, hətta «publisistik» səviyyədən də aşağı enməsi idi.
Bundan başqa, memuar janrına maraq çoxaldı, amma bu avtobioqrafik nümunələr roman adı altında və roman janrının xüsusiyyətləri ilə yüklənərək təqdim edildi. Həmçinin sənədlilikdən bir qədər uzaqlaşdırıldı. Onu da xatırladaq ki, eyni proses rus ədəbiyyatında da - bizim ədəbiyyatı bir qədər qabaqlasa da - müşahidə edilir. (Bu barədə, İ.Şaytanov «Memuarlar fərqli zamanların dağıntısında» məqaləsində yazır: «Bədii ədəbiyyat sərhəddi ilə yaxınlaşma zamanı memuar janrı özünün sənədlilik səviyyəsini itirməyə başladı və sözə münasibətdə ədəbiyyata məsuliyyət dərsi verdi»). Və daha dəqiq ifadə etsək, bu əsərlərdə romanla memuar janrının sintezi baş verdi ki, bu prinsip əsasında yaranan nümunələrdə birinciyə aid xüsusiyyətlər qorunub saxlansa da, ikinciyə aid xüsusiyyətlər bir qədər zəifləmiş və pərakəndə, dağıdılmış şəkildə müşahidə edildi. Bununla bağlı da ayrı-ayrı nümunələr əsasında danışacağıq.
Amma o əsərlərdən bəzilərinin adını çəkməklə fikrimizi davam etdirə bilərik. S.Azəri, «Mən DTK təcridxanasında yatmışam», Ə.Cəfərzadə, «Rübabə sultanım», V.Babanlı, «Mənim gizlinlərim», Y.Kərimov, «Xəyanətin ad günü» və s. kimi əsərlərdə müəlliflər öz tarixlərini, öz yaşantılarını (bəzən öz nəsillərinin əhvalatlarını) bədiiləşdirərək nəsrə gətirdillər və bu əsərlər memuardan daha çox roman janrının xüsusiyyətlərini əks etdirdi.
Ümumi halda əsrin əvvəllərindən yaranmağa başlayan nəsr nümunələri haqqında danışarkən onu da qeyd etməliyik ki, onlar yetişmiş real ictimai-siyasi şəraitin məhsulu idi. Söhbət söz dedirtmək imkanında olan və söz demək imkanı verən ictimai-siyasi şəraitdən gedir. Bu faktı diqqətdən kənarda saxlamaq olmaz.
Ötən illərdə yaranan əsərlərin bəzilərində tarix yazıçı məqsəinə çevrildi, bəzilərində isə əksinə, tarix özü yzaıçıya diktə edərək ondan məqsəd kimi yararlandı. Nəticədə ədəbi fakt meydana çıxdı. Ən əsası da bu idi.
Bu illərin nəsrinin əsas xüsusiyyətləri haqqında qeydlərimizə bir əlavə də edə bilərik. Məsələn, Yunqun 1920-ci illər ədəbiyyatına və o dövrdə meydana çıxan cərəyanlara münasibətlə yazdığı, bu gün aktuallığını itirməyən və bizim müasir nəsrimizə aid edilə biləcək (yəqin elə bütün dövrlərə aid edilə bilər) fikrini: «Bu, dövrümüzün mənəvi-ruhi atmosferinin ehtiyacı idi»... Bizə görə, müasir nəsrimizdə (bütün digər zamanların qovşağında meydana çıxan ədəbiyyatlarda olduğu kimi) aparılan bütün eksperiment cəhdləri, janrların sintezi ilə müəyyən yeniliklər əldə etmək istəyi, «müasir nəsr necə olmalıdır» sualına bəzən forma, bəzən məzmun, bəzən mətnin bədii strukturu, bəzən də hər üçü üzərində düşünməklə cavab verilməsi məhz bu ehtiyacla bağlıdır. Zaman, cəmiyyətin ümumi ahəngi və həyatında baş verən tarixi dəyişikl\iklər, yeni tarixi mərhələ - yaradılan və yaradılacaq ədəbi nümunələrə yenidən nəzər yetirmək, yeni estetik prinsiplər əsasında əsərlər yaratmaq kimi tələblər meydana çıxarmışdı. Yeni tələblər əsasında yeni əsərlər yaradılmasına cəhd edildi. Təbii ki, hər əsərdə uğur əldə edilməyib, bu, mümkün də deyil. Amma uğura doğru addım atılıb - bu, şəksizdir.
***
Yeni əsrin ilk beş ilində yaradılan əsərlər yuxarıda qeyd etdiyimiz kimi, tarixə münasibəti ilə də diqqəti çəkir. Təbii ki, hər bir əsər öz zamanını (istər açıq, istərsə də kodlaşdırılmış şəkildə) bətnində və yaddaşında gəzdirir. Hətta bu bədii mətn tarixi əsər olmasa belə, onun hər misrasında, hər ifadəsində yarandığı (təkcə təsvir etdiyi yox!!!) dövrün, məkanın, situasiyanın fərqli xüsusiyyətlərini görmək olar. Mətn hər cümləsində, hər ifadəsində, hər konfliktində, situasiyasında tarix yaşadır. Amma cəmiyyətimizə və tariximizə münasibətin nəticəsi kimi yaranan əsərlərdə bir şey fərqlidir - tarixə yanaşmada seçilən yollar.
Belə ki son illər yaranan əsərləri mövzusuna görə bu cür təsnif etmək olar:
1. Tarixin müasir dövrünü əks etdirən, araşdıran və həqiqətin söylənilməsi üçün məqsəd kimi meydana çıxmış əsərlər.
2. Tarixin keçmiş mərhələlərini (xüsusilə də milli köklə, dövlətçilik tarixi ilə bağlı olan dönəmləri) əks etdirən əsərlər: a) bəzilərində tarix ənənəvi formada, dəyişikliyə uğradılmadan təsvir edilir b) o dövrün təsviri üçün postmodernist yanaşmaya, dekonstruksiyaya üstünlük verilir, yəni yazıçı götürdüyü dövrün tarixi faktlarına bilərəkdən, istəyərəkdən dəyişikliklər edir və burada janrları sintez istəyi də özünü göstərir: v) tarix avtobioqrafik zəmində araşdırılır və şəxsi tale fonunda təqdim edilir.
3. Tarixi və zamanı danaraq müəyyən mənada zamansızlıq əks etdirən və qlobal dünyaya çıxış istəyi ilə yaranan əsərlər. Bu nümunələrin də əksəriyyətində struktur cəhətcə yeniliklərə, lakonik ifadəliliyə və fraqmentarlığa, sintez istəyinə rast gəlinir.
Konkret nümunələrə keçməmişdən əvvəl ümumi təsəvvür yaransın deyə, bölgünü bir qədər də dəqiqləşdirmək istərdik.
Birinci bölgüdə tariximizin son dövrləri, Qarabağ savaşı, dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri, siyasi oyunların yazıçı münasibəti ilə qiymətləndirilməsi nəzərdə tutulur. Və bu əsərlərin əksəriyyətində yazıçının öz dövrünü qiymətləndirmək, anlaşılmaz hadisələrə anladığı, dərk etdiyi şəkildə izahat vermək, özü üçün maraqlı olan və cəmiyyətin müəmma kimi dəyərləndirdiyi tarixi şəxsiyyətləri «olduğuna yaxın formada» (təbii ki, yazıçı gümanında) təqdim etmək istəyi durur. Bu əsərlərin sırasında Əkrəm Əylislinin «Ətirşah Masan»ı, Afaq Məsudun «Azadlıq»ı (ötən əsrin sonlarına aiddir), Pərvizin «Öləngi»si (ötən əsrin sonlarına aiddi), Sabir Əhmədovun «Axirət sevdası», «Ömür urası» əsərləri, Səfər Alışarlının «Maestro»su, Firuzə Məmmədlinin «Ruhun qisası», Aygün Həsənoğlunun «Yeddi qapı» silsiləsi, Nüşabə Məmmədlinin «Zəngulə», Seyran Səxavətin «Nekroloq», Elçin Mehrəliyevin «90-cı illər» romanları, Elçin Hüseynbəylinin «Əsirlər», Yusif Kərimovun «Qarabağ şikəstəsi», «Xəyanətin ad günü», Əliabbasın «Qiyamçı» əsərləri və s. var.
Bu bədii mətnlərdə maraqlı olan cəhət təkcə zamana, tarixin müəyyən bir mərhələsinə, konkret şəxsiyyətlərə verilən qiymətlə bağlı deyil. Qəribədir ki, bu nümunələrdə yazıçıların bəzən məqsədləri, bəzən siyasi gedişləri, bəzən siyasi münasibətləri, bəzən də proseslərin daxilində onları anlamaq istəkləri ilə bərabər çaşqınlıqları da özünü göstərir. Amma məqsədli, ya məqsədsiz - fərq etməz, istənilən halda tariximizin müəyyən bir dövrü haqqında bir-birindən maraqlı, bir-birindən fərqli yazıçı baxışlarını əks etdirən əsərlər əsasında «ədəbi informasiya bazası» yaradılıb. Təəssüf ki, oxşar fikri həmin əsərlərin bədii dəyəri, bədii məziyyətləri haqqında tam əminliklə söyləmək olmur. Amma bununla belə, hər şeydən əvvəl bu əsərlər konkret zaman və konkret hadisə ilə bağlı informasiya daşıyıcısıdır.
İkinci bölgüdə yazıçıların yaşanmış, keçilmiş tarixə marağı əsasında yazılmış əsərlər durur ki, qeyd etdiyimiz kimi, burada da üç meyl özünü göstərir. Amma postmdernist yanaşma meyli, tarixi öz bildikləri, öz düşündükləri şəkildə əks etdirmək istəyi ilə yazılan əsərlər çoxluq təşkil edir (burada da müəyyən mənada tarixi həqiqətlərin mövcudluq faizi istisna deyil) və onlarda konkret tarixi şəxsiyyətlər, personajlar, situasiyalar fərqli formada təqdim edilir, bəzi redaktələrə məruz qalır, əksər hallarda isə yazıçı yozumundan, yazıçı təqdimatından qurtula bilmir. Təbii ki, mətnə postmodern yanaşmanın tələbi ilə bu əsərlərin bir qismində nağıl, mif məntləri dekonstruksiyaya uğradılır, bəzilərində ideya qorunsa da, xarakter, qəhrəman dəyişikliyə məruz qalır, bəzilərində isə həm ideya, həm xarakter (qəhrəman adları qorunsa da) tanınmaz hala düşür.
Bu sırada Kamal Abdullanın «Yarımçıq əlyazma», Anarın «Ağ qoç, qara qoç», Sabir Rüstəmxanlının «Göy Tanrı», Həmid Herisçinin «Nekroloq», İlqar Fəhminin «Qarğa yuvası» və s. əsərləri sıralana bilər.
Yaşanmış tarixə münasibətdə yaradılan, üslub və sənətkarlıq baxımından v) bəndində ümumiləşdirdiyimiz əsərlər sırasında isə daha çox avtobioqrafik məzmunlu və ənənəvi üslubda yazılmış əsərlər haqqında danışılacaq ki, bunların sırasında Sabir Azərinin «Mən DTK-nın təcridxanasında yatmışam», Əzizə Cəfərzadənin «Rübəba Sultanım», Vidadi Babanlının «Gizlinlər», Sabir Rüstəmxanlının «Atamın ruhu» və s. əsərlərin adlarını qeyd etmək olar.
O ki qaldı üçüncü bölgüdə olan və özünün qloballaşma meyli ilə fərqlənən, tarixin çərçivələrini aşmağa və dağıtmağa maraqla yazılmış nümunələrə - bu sırada daha çox Məqsəd Nurun, Rafiq Tağının və Elçin Hüseynbəylinin əsərlərini xatırlada biləcəyik.
***
Birinci bölgü haqqında danışarkən yaxın tarixi - daha doğrusu, müasir dövrü, 1988-ci ildən - Azadlıq hərəkatının başlanmasından sonra baş verən hadisələri əks etdirən əsərlər barədə söz açılacaq. Bu sırada ötən illərin ən çox mübahisəyə səbəb olan əsərlərindən biri «Kənd nəsri»nin (Soljenitsının Rasputin haqqında ifadəsi!!!) görkəmli nümayəndəsi Əkrəm Əylislinin «Ətirşah Masan»nıdır. Bu əsərlə Əkrəm Əylislinin tamamilə fərqli dil və təfəkkür tərzi, fərqli dünyaya baxış, fərqli bir sistem ortaya qoyduğunu deməyəcəyik. Bu, həmin Əkrəm Əylislidir. Sadəcə, üslubuna bir qədər əlavələr etmiş, yaşadığı dövrü yaradıcılığına gətirmiş və həyata münasibətinə müəyyən korrektələr etmiş, bir də müasir ədəbiyyatın (ötən əsrin 70-80-ci illərində dünyada başlayan bir prosesin) gətirdiyi postmodern təfəkkür tərzinin təsirinə müəyyən qədər özünü aludə etmiş Əkrəm Əylislidir (xüsusilə də rus postmodernizmindən gələn qaba ifadələr, erotik təsvirlər, və s.-nin çoxluğu müşahidə olunur). Əsərin zəif və ya güclü olması haqqında fərqli mülahizələr səsləndirilsə də, hər halda, «Ətirşah Masan» bu yazıçının yaradıcılığının yeni mərhələsi kimi həmişə araşdıralacaq. İlk növbədə, ona görə ki, arada müəyyən fasilə var. İkinci ona görə ki, əsər Əkrəm Əylisli yaradıcılığında müasir Azərbaycan cəmiyyətində baş verən müəyyən proseslərin (Afaq Məsudda, Aqil Abbasda bu daha tez və uğurlu baş verdi - ola bilər bu məqamda nəsil və yaş foktoru, hadisələrə tez və çox düşünmədən «reaksiya vermək» bacarığı vacib rol oynayır) təzahürünü təqdim etdi.
Əsər ayrı-ayrı talelərin fonunda olsa da birbaşa prosesin özündən danışır. Cəmiyyət, cəmiyyətin nümayəndələri və Azərbaycan adlı məkanda yaşayan İnsanın ətrafında baş verənlərə ümumiləşmiş münasibəti, təfəkkürü ortadadır. Həmçinin bu əsərdə bir qədər kobud, bir qədər pozğunlaşmış, bir qədər cızığından çıxmış, içində hər şeyə inamı itirmiş bir cəmiyyətin nümayəndəsinin keçmişi də var. O keçmişdə taleyi başqalarının əlində olan qəhrəman (Masanın simasında) bu köləliyə və qulluğa baxmayaraq, içindəki qalib gəlmək, azad olmaq istəyi ilə Özünü (təbii ki, arzularını, mənini, genini) qorumağı bacarır. Hardasa taleyinə qalib gəlir də. Simvolik obraz - Ətirşah isə qorunması vacib olan idealların ifadəçisi, simvoludur. Masanın azadlıq verdiyi (bu azadlığı həm də zaman, dövr, proses bağışlamışdı) və cəmiyyətin söz, danışıq, təfəkkür azadlığını əldə etmiş nümayəndəsi olan Sülü isə əksinə, fərqli düşüncə sahibidir. O, gözlənilməz olduğu qədər də xaotik olan bir hərəkata qoşulub gedən yeni nəslin nümayəndələrinin ümumiləşdirilmiş obrazıdır (mərkəzdə bu proses yetişsə və bir çoxlarının daxilində illərlə inkişaf edərək pik həddinə çatsa da, azadlıq və meydan hərəkatına kor-koranə, düşünmədən qatılanların da sayı kifayət qədər idi - xysusilə də əyalətlərdə). Ə.Əylislinin bu əsərində qarşıya qoyulmuş məqsədə tam nail olunmasa da, təsvir edilən dövrün xaotik mənzərəsinin ümumi görüntüsü bütünlüklə cızılıb (S.Alışarlının «Maestro» əsərinin uğuru da ilk növbədə bununla bağlıdır). Nəticə isə belədir: Masanın illər uzunu saf və təmiz saxladığı Ətirşahlı bağ - ideal və istək məskəni sonda Sülünün, yeni nəslin çirkab içində çabalayan çaşqın nümayəndəsinin əlinə düşür. Elə bir insanın ki, bu bağla nə edəcəyini, bu bağdan nə istədiyini və ümumiyyətlə, seçdiyi yolun hara aparacağını heç özü də dəqiq bilmir. Bir sözlə, son nəticənin nə ola biləcəyi haqda yalnız fərziyə irəli sürmək mümkündür. Bu hələ ki naməlum bir sonluqdur. \Onu da qeyd edək ki, müasir tənqiddə əsərin sonluğu ilə bağlı fərqli mülahizələr səsləndi. Xüsusilə də ikinci hissədə - sonluqda bitkinlik olmadığı əsas gətirildi. Bizim fikrimizcə isə bu natamamlıq əslində, prosesin - reallığın diktəsidir və elə diktə olduğu üçün təbiidir. Çünki haqqında danışılan proses əslində, hələ də tamamlanmayıb. O siyasi oyunların da davamı olacaq, o çirkab içində çabalamaların da…
Əsərdə postmodern təsirin mövcudluğunu dedik. Əylisli yeni nəslin bir çox nümayəndəsi kimi postmodern ironiya ilə yanaşı bu təfəkkür tərzinin bir istiqamətini - ifadə, təsvir, proses açıqlığını ortaya qoyub. Eyni zamanda, kütləvi xaosun təsviri də əsərdə kifayət qədərdir. Kənd cavanlarının seksual həyatı ilə bağlı verdiyi açıqlamalar (həm də bütün çılpaqlığı ilə), Sülünün həyatı və hərəkətlərinin ikrah doğuran təsviri Əkrəm Əylislinin öz üslubuna etdiyi əlavələrdir. Əvvəlki əsərlərində buna bənzər müəyyən ifadələr olsa da (amma həddindən artıq yumşaq formada), bu, kənd insanının danışıq və təfəkkür tərzini göstərməyə xidmət edirdi. Bu dəfə isə yox. Adi bir qızın deputat olmasına qədər inkişaf etdirilən süjet xətti (yəqin ki, heç kəs üçün sirr deyil ki, bu həm də həmin rejim dövründə təsadüfi təyinatların olmasına işarə idi) realizmlə postmodernizm arasında keçid təəssüratı yaradır. Əylislinin nəsrinə əlavə etdiyi bir xüsusiyyət də kəndə məhəbbətin kənddən qaçışla əvəzlənməsidir. Saflığın iyrənc siyasi oyunlarla, sadəliyin hiylə ilə, təmizliyin iyrəncliklə əvəz edildiyi kimi. Reallığı təsvir edən, real insanların adlarını çəkən yazıçı fərqli yolla - yəni real insanların ümumi obrazlarını qeyri-dəqiq adlarla adlandırmaqla hərəkət edib (fikrimizcə, müəyyən detallar verilməyə bilərdi - xüsusilə Elçibəylə bağlı adlandırma. Hər halda, müəllifin kənarda qalmasına baxmayaraq, bu adlandırma cəmiyyətlə bərabər onun öz münasibəti kimi qəbul edilir). Bu artıq ədəbi priyomdur. Amma bununla belə, oxucu ümumiləşdirilmiş obrazların hər birində ən azı üç-dörd siyasətçinin simasını, xarakterini görə bilir. Müasir nəsrin diqqəti çəkən xüsusiyyətlərindən biri də elə budur - real prototiplə, real siyasi gedişatla əlaqə. Bu əlaqəni bir çox əsərlərdə («Maestro», «Ağ qoç, qara qoç». «Azadlıq», «Qiyamçı», «Rübabə Sultanım», «Yalqız» və s.) görə bilərik.
Bəzi çatışmazlıqlarına baxmayaraq (əsərin strukturunda natamamlıq, xarakterlərin yarımçıqlığı, bitkinlikdən uzaq qalması və s.) əsər hər kəsin xatırladığı kimi, ədəbi prosesi hərəkətə gətirən ilk nümunələrdən oldu. Və postmodern düşüncə tərzinin müəyyən xüsusiyyətlərini mənimsədiyi, özündə ifadə etdiyi üçün (xüsusilə də realist nəsrin nümayəndələrindən birinin yaradıcılığına aid bir nümunədə) maraqlı idi.
***
Beş il ərzində yazılan romanlardan biri haqqında söz açdıq. Amma araşdırmanı davam etdirərək ədəbi prosesin ümumi mənzərəsində rolu olan bir əsəri də qeyd etməliyik. Bu da Səfər Alışarlının «Maestro» romanıdır.
Yuxarıda artıq yazdığımız kimi, cəmiyyətdə ötən əsrin sonlarında baş verən hadisələrə hesablanmış əsərlər bu əsrin əvvəllərində daha çox meydana gəldi. Azərbaycan tarixində həddindən artıq qarışıq, dinamik və əhəmiyyətli dövr olan bir zamanı araşdırmaq meyli, siyasi proseslər haqqında fikir söyləmək, onların bədii təsvirini yaratmaq istəyi təbiidir.
Amma konkret tarixi dövr və konkret tarixi hadisələrlə bağlı meydana çıxan əsərlərin hər biri kimi, XX1 əsrin əvvəllərində yaranan nəsr əsərləri də bir sualın ortaya çıxmasına səbəb oldu. «Nəsrin tarixə münasibəti necə olmalıdır - birbaşamı, yoxsa???» Yəni nasirin tarixi prosesləri olduğu kimi, olduğuna yaxın şəkildə, yoxsa öz yozumunda təsvir etməli olması müzakirə mövzusu olaraq qaldı.
Bu suala XX1 əsrin əvvəllərində yaranan əsərlər əsasında birmənalı olaraq «olduğu kimi», yaxud da «olduğuna yaxın şəkildə» cavabları verilə bilər.
Amma… Hər zamanlar üçün aktual olan «yazıçı müdaxiləsi» və «yazıçı yozumu» bu dövrdə yaradılan nəsr əsərlərindən kənarda qalmadı.
Haqqında danışacağımız «Maestro» romanı belə əsərlər sırasındadır. Yəni ümumiləşdirmə apararkən «müəlliflərin bəzən mövqeyi, hətta siyasi mövqeyi belə müasir nəsrimizdə hiss olundu» fikrini bir daha xatırlatmağın yeri var.
Amma əsər təkcə tarixin yeni mərhələsinə münasibəti və dövrün bədii təsviri baxımından maraqlı deyil. «Maestro»da olan bir sıra sənətkarlıq xüsusiyyətləri, yazı üslubu, maraqlı sintez cəhdləri diqqətəlayiqdir.
Məsələn, əsər haqqında daha konkret fikirlər söyləməmişdən əvvəl bir şeyi qeyd edə bilərik: roman janrının son illər qazandığı xüsusiyyətlərdən biri xüsusilə diqqəti \cəlb edir. Bu da incəsənətin digər sahələrindən - teatrdan, kinematoqrafdan, musiqidən, fəlsəfədən - mənimsənilən, özününküləşdirilən detallardır. Məsələn, musiqinin mətnə müdaxiləsi - həm də poetik metafora şəklində müdaxiləsi romanda açıq-aydın hiss olunur. Xüsusilə də uğurlu alındığı üçün. Və bu tamamilə fərqli bədii nəticələrin meydana çıxmasına səbəb olub\. «Maestro» öz polifonik ifadəsi ilə yeni nəsrimizdə əhəmiyyətli nümunələrdən biri hesab oluna bilər.
***
Qeyd etdiyimiz kimi, əsər ötən əsrin sonlarında baş verən hadisələrin təsiri ilə yazılıb (və bir xatırlatma da edək: biz hələ ki, birinci bölümdə ümumiləşdirdiyimiz əsərlər haqqında danışırıq). Əsərdə konkret olaraq Gəncə qiyamı, həmin dövrdə baş verən hakimiyyət dəyişikliyi və dövlət başçılarının (hər ikisinin) konkret situasiyalarda atdıqları addımlardan söhbət gedir. Amma bir maestronun taleyi fonunda. Hər şey bu tale fonunda təqdim olunur («Ətirşah Masan»da olduğu kimi). Yaradıcılığı, qəribəliyi, musiqi duyumu, istedadı ilə bir yataqxana otağına sığışan, əslində ruhən bu otaqdakı «darlıqdan» çox-çox yüksəklərdə olan, dünyanı öz musiqisi və musiqiyə olan sevgisi ilə dəyişə bilməyən, içindəki sevgini misqal-misqal öldürmək məcburiyyətində qalan qəhrəmandan söhbət gedir. Təbii ki, burada həm konkret tarixi proseslərin, həm də cəmiyyətin səlahiyyət və idarə etmək hüququna malik olan təbəqəsinin təsiri danılmazdır. O qəhrəman millətin tarixində baş verən əhəmiyyətli hadisələrin burulğanındadır. Ağıl, məntiq və hissi ilə «Yox!!!» deyə-deyə hadisələrin iştirakçısına çevrilib (real proseslərin iştirakçısı, yaxud da heç olmasa müşahidəçisi olan insanlar bu cür qəhrəman prototiplərinin cəmiyyətdə az olmadığını təsdiqləyə bilərlər).
Musiqi ilə tanışlığa zurna ilə başlayıb saksafonla davam etdirən, özü də gözləmədiyi halda dövlət xadiminə çevrilən, necə olduğunu dərk etməyə macal tapmamış siyasi oyunların mərkəzində duran, qalxan, sonra qalxdığı mərtəbədən yenidən aşağı - qaçqınlarla, köçkünlərlə dolu olduğu üçün daha pis vəziyyətdə olan yataqxanaya qadyıdan bir insanın yüksəlişi ilə enişi arasında çox az məsafə durur. O dövrdə bir çoxlarının taleyində olduğu kimi… Yəni bu obraz real həyatın bədii ədəbiyyatda çox dolğun bir ifadəçisinə, təmsilçisinə çevrilə bilib.
Ümumiləşdirilmiş sənətkar, millətçi, ziyalı obrazı elə bir insandır ki, rəhm edib otağına aldığı qaçqın qocanın bütün sərvətinə - qızıllarına sahib ola biləcəy halda, onu qaçqınlara xərclənməsi üçün dövlətə təhvil verir. Elə bir insandır ki, iş, ev… əldə etmək naminə özü üçün kimlərəsə ağız açmadığı halda, bunu bir qaçqının dəfni üçün edir. Hakimiyyət dəyişikliyi zamanı ölkəni qoyub qaçan bir dövlətin rəhbərinin və bir insanın yaşadığı sarsıntını görmək, ona acı həqiqəti söyləmək və özünə haqq qazandırması (heç olmasa!!!) üçün ona şans vermək xatirinə risqə gedir. İnsanlara son sözünü demək üçün ona (eks prezidentə) imkan yaratmağa çalışır. Təbii ki, sadaladıqlarım bir təqdimatda verilən, amma hələ çox yozumu ola biləcək hadislərlə bağlıdır.
Bu məqamda onu da qeyd edək ki, nəsrimizin ötən əsrin son illərində və haqqında danışdığımız dövrdə əldə etdiyi xüsusiyyət - xarakter kasadlığı bu əsərdə yoxdur. Yəni müəllif əsərinin baş qəhrəmanına çevirdiyi İnsanı - xarakteri yarada bilib. Bütün cizgiləri, müsbət-mənfi çalarları, zəif-güclü tərəfləri ilə birlikdə. Və romanın əsas fərqləndirici, müasir prosesdə əhəmiyyətli edən cəhətlərindən biri də budur.
Əsərin tarixin bu dönəminin şahidi olan biri tərəfindən yazılması da maraq doğuran nüanslardandır.
Təbii ki, bədii nümunənin daşıdığı siyasi və tarixi əhmiyyətdən əvvəl onun bədii məziyyətləri, üslubu, təhkiyəsi, dili haqqında danışmaq istərdik. Bu cəhətdən «Maestro» romanı xüsusi dəyərə malikdir. Məsələn, dəqiq duyum (xüsusilə musiqi duyumu, polifonik təsvir diqqəti çəkir) haqqında danışa bilərik. Bu əsəri oxuyanda müəllifin yazdığı predmetə dərindən və savadlı bələdliliyinin intuitiv duyumla mükəmməl şəkildə üst-üstə düşdüyünün şahidi oluruq. O duyumu ifadə zamanı müəllifin fikirlərində olan konkretlik, həssaslıq və ifadə bacarığı çox maraqlıdır.
«Hələlik tar qabağa düşüb gedirdi, tar getmirdi, tar tarixi və müəllifi bəlli olmayan, amma hər xanası zərgər dəqiqliyi ilə qoyulmuş o mürəkkəb «Şur» ahənginin tellərini min illik məsafədən asanlıqla qopara-qopara, onu öz pərdələrinin arasından keçirib, ana quş balasını yemləyən kimi kamançanın ağzına qoyurdu, acgöz kamança tarın sərrast dimdiyi altında tələsirdi, aramsız verilən bu yem tikələrini ləzzətlə həzm eləyə-eləyə hərdən sanki alüdəçilik nəşəsində başını tardan da yuxarı qaldırmaq istəyəndə, tar növbəti parçanı ustalıqla xırdalayıb, hər dəfə qavalın son xəbərdarlıq dınqıltısı ilə onu yenidən öz həddinə enməyə, verilmiş yeni tikəni axırıncı zərrəsinə qədər çeynəməyə məcbur edirdi».
Bunu sadəcə, musiqi duyumu adlandırmaq düzgün deyil. Müəllifin əsərin qəhrəmanı ilə birlikdə səs çalarına, adi insanların əhəmiyyət vermədən üstündən keçə bildiyi ştrixlərə necə dəqiq yanaşması oxucuda maraqlı təəssürat oyadır: «Səslər soyuq yazın təkəmseyrək quşları kimi tamam yad bir uçuşla, yavaş-yavaş qayıtmağa başlayanda xeyli müddət qonmağa yer axtarmalı oldular». Maestronun özündən gedib sonra özünə gəldiyi məqamı (!!!) təsvir etmək üçün bundan dəqiq vasitə seçmək olmazdı. Konkret, təsirli və bütünlükdə özündən getmiş insanın ovqatı, hissləri, ayılan zaman hiss edə biləcəkləri və duyumu ilə üst-üstə düşən təsvir: «Qulaqları açıldı. Otaq, komendant, qadın və tanış yataqxana həyatının bütün səsləri onun yenidən açılmış qulaqlarından donquldana-donquldana keçib, hərəsi öz əvvəlki, tozlu-torpaqlı yerində oturdu».
Onu da deyək ki, adətən bütün əsərlərdə - istər nəsr, istərsə də poeziya nümunələrində - əhəmiyyətli saydığımız xüsusiyyətin, yəni poetik detallı təsvirin Səfər Alışarlı yaradıcılığında olması (həm də təsadüfən deyil), tez-tez mətn daxilində dəqiq ifadələr şəklində baş qaldırması diqqətimizi çəkdi. Yəni bu yazıçının yaradıcılığında sözün poetik çalarından istifadə etmək bacarığı özünü göstərir. O ifadələr təsvir edilən bütün proseslərin görüntüsü, üzdə olan təəssüratı və yozum həyacanı arasında özünü təqdim edə, diqqətə çatdıra bilir. Özü də gözlənilmədən: «Qağayılar konservatoriya dəhlizindəki vokalçılar kimi qışqırışırdılar». Və ya «hətta gözlərinin nazik sürməsi də başına atdığı böyük, yun şarfın kölgəsindən çıxıb rəhmətlik Aşıq Ələsgərə təptəzə bir iltümatum göndərdi» kimi ifadələr şəklində.
***
Əsər siyasətə maraq göstərməsə də, cəmiyyətdə gedən proseslərə qoşulmaq, axından ayrı üzməmək məcburiyyətində qalan insanın (əslində, insanların) faciəsini əks etdirmək baxımından da maraqlıdır. «Nə vaxtsa o da bu məsələlər haqqında düşünmüşdü, hətta Lvovda millətçi musiqiçilərlə də bir müddət oturub-durmuşdu. Bütün cəlbediciliyinə baxmayaraq, ideya musiqini üstələyə bilməmişdi, ona elə gəlmişdi ki, bir-birinə tamam zidd olan bu iki anlayışı qətiyyən yaxınlaşdırmaq olmaz, çünki birinci nə qədər konkret, sərt və dəqiq sərhədlidirsə, ikinci ondan da artıq ümumi, yumşaq və əhatəsizdir».
Bu, o proseslərin mərkəzinə düşmüş və istər-istəməz axınla üzməyə məcbur qalmış bir qəhrəmanın düşüncələri və dərk etdikləridir. Amma dərk hələ heç işin yarısı da deyil. Çünki cəmiyyətin və insanın həqiqət axtarışı, onu tapmaq istəyi də mövcuddur. O bu istəkdən özünü sapındıra bilmir. Baxmayaraq ki, «həqiqət yaxşı olduğu qədər də təhlükəli şeydir, xüsusilə bizim diyarlarda onu həddindən çox axtaran adamlara birtəhər baxırlar»,- deyə fikirləşir.
Əsərin qəhrəmanı başqasının təkidi ilə olsa da anlayır ki, «Həyat hər yerdə eynidir - Amerikada da, Moskvada da, burada da. Hələ üzü mağaradan bəri insana nə lazımdır? Qarnını doyurmaq, gecə başını qoyub yatmağa yer tapmaq, bir də əyləncə. Həyatın formulası budur».
Amma öz həyatı, öz mənəviyyatı ilə cəmiyyətin yaşam tərzi arasında uyğunlaşma tapmayan insan yalnız məntiqi, ağlı və həqiqətin harda, nədə olduğunu dərk etmək bacarığı ilə də yaşaya bilməz. Əsərdə hər addımda bu fikir diqqətə çatdırılır və sübut edilir. Yəni insanın psixologiyasına müdaxilə, onun hansısa hadisələrlə üz-üzə durduqda ata biləcəyi addımları araşdıma - bütün bunlar müəllifin yozumunda maraqlı nəticələrə gətirib çıxarır və ən əsası təbiiliyi, reallığı ilə diqqəti çəkir.
Yuxarıda qeyd etdiyimiz kimi, müasir tariximizlə bağlı yazılmış bu əsərlərin hər birində konkret tarixi şəxsiyyətlərə maraq, onların psixologiyasını, şəxsiyyətini, konkret situasiyalarda atdığı addımların məntiqi izahını vermək istəyi mövcuddur. Bu müasir nəsrin daha bir xüsusiyyətidir\ - ölkə başçılarının mürəkkəb xarakterini yaratmaq, portretlərini cızmaq. Müasir nəsrdə son illərdə buna tez-tez rast gəlinir. Xüsusilə də əsər müasir tarixlə, azadlıq hərəkatı və bu hərəkatdan sonra baş verənlərlə bağlıdırsa. Sadəcə, yazıçıların yanaşmalarında fərq mövcuddur. Məsələn, digər yazıçılardan (Afaq Məsud, Pərviz…) fərqli olaraq, Səfər Alışarlının liderlərin psixologiyasına enmək istəyinin lap yaxınlığında onlardan birinə (Əbülfəz Elçibəyə) haqq qazandırmaq istəyi, anlatmağa çalışmaq məqsədi durur.
Və ya… əsərdə onların hər ikisinin adı hər addımbaşı çəkilməsə də, istər Əbülfəz Elçibəyin, istərsə də general kimi təqdim edilmiş Heydər Əliyevin simasını görmək çətin deyil: «Çox vaxt özündən qoca və yaşlı adamların əhatəsində işləməyə, oturmağa, hətta dincəlməyə alışmış general, indi yaxın silahdaşlarının gəncliyindən qorxurdu. Onların bütün çıxışları generalın çoxdan yadırğadığı taktik və leksik səhvlərlə dolu idi».
Yazıçının bəzi məqamlarda incəliklərə getmək, bu qəliz xarakteri açmaq istəyi real nəticələr verir: «Onların hamısı bura meydan mitinqlərindəki çarpışmalardan və dağlarda indi də dinc oturmayan düşmənlə döyüşlərdən gəlib çıxmışdılar. Qəribədir ki, onlar generalın əlli illik yorulmaz fəaliyyətlə qurduqlarını yıxa-yıxa, faktiki olaraq generalla, onun yaydığı ideologiya ilə döyüşə-döyüşə gəlib bura çıxmışdılar. Onların dostları arasında generala keçmiş fəaliyyətinə görə nifrət edənlər də vardı: general təsadüfi görüşlərdə bunu ani baxışla görür, fərqinə varmır, ancaq hakimiyyətinin ən ucqar nöqtələrini də onlardan məharətlə qoruya bilirdi. Bununla belə, hərdən general ətrafdakıların cavanlığına, onların azadlığına, təcrübəsizliyinə, sadəlöhvlüyünə qibtə etməyə bilmirdi».
Yazıçıların (eyni zamanda da Səfər Alışarlının) lider və rəhbər xarakterinə göstərdiyi bu maraq təbiidir. Bu maraq ümumiyyətlə, bütün ədəbiyyatlarda və tarixin bütün dönəmlərində olub. Bizdə isə onun ilk nümunələri yeni-yeni yaranır. Hər halda, əsarət, ideologiyanın təsiri, qul kimi yaşamaq məcburiyyəti buna mane olmaya bilməzdi.
Bu əsərdə də müəllif obyekt seçdiyi şəxsiyyətin gücünü, xarakterini göstərmək üçün fərqli yollara əl atır (və artıq bayaq qeyd etdiyimiz kimi, hətta ən adi, sayca çox az olan detallarla xarakterlərin yaradılmasına, onlar haqqında təsəvvür formalaşdırılmasına müvəffəq olur): «Gecə ərzində vurduğu telefon zənglərini general fenendeskop kimi ölkə kürəyinin ən müxtəlif nöqtələrinə qoya-qoya, bütövlükdə məmləkətin səhhətini öyrənməyə çalışmışdı və palata sanitarlığından səhiyyə naziri vəzifəsinə qədər bütün təbabət pillələrini keçmiş təcrübəli loğman inancı ilə o nəticəyə gəlmişdi ki, hər cür terapevtik müalicə mənasızdır: amputasiya, amputasiya, amputasiya!»
Əsərdə birinin hakimiyyətə gəlişi və bunun üçün oynanılan siyasi oyun, digərinin isə gedişinin məntiqi izahını vermək istəyi var və bu, təəssüf ki (həm də qanunauyğun olduğu üçün gözlənilən nəticədir) haqq qazandırılmasına bənzəyir: «İlk günlər prezident öz ölümünü yekunlaşmaqda olan qiyamın vaxtında yatırılması kimi, təsəvvür eləyə bilmirdi. Ona elə gəlirdi kui, bu, yuxusuz gecələrin yorğunluğundandır və əgər o nə vaxtsa, adi günlərdə olduğu kimi, nisbətən dinc əsəblə, aydın başla bu haqda düşünsə, vəziyyətdən çıxış yolu tapa bilər. Amma indi iqamətgahda hara tərpənməsindən, kimə nə deməsindən, hələ də məişət səviyyəli məhdud, mənasız gedişlərin köməkçilər və mühafizəçilər tərəfindən dərhal yerinə yetirilməsindən asılı olmayaraq, prezident nəzəri baxımdan qiyamın sonuna qoymağa öz ölümündən başqa bir məntiqi nöqtə tapa bilmirdi. Ölüm onun prezident kimi heç bir həzz almağa macal tapmadığı, əksinə, son bir il ərzində pəncərədən daima ağrılı müharibə qayğısı ilə baxdığı gözəl şəhərin hansısa qaranlıq küncündə ləyaqətsiz adamlar tərəfindən bişirilirdi».
Prezidentin dili ilə onun hərəkətlərinə haqq qazandırmağa çalışmasından aydın görünür ki, müəllif situasiyadan və öz hisslərindən kənarda qalmaq uğrunda az qala özü ilə döyüşür. Bir tərəfdə hadisələri obyektiv təsvir istəyi, digər tərəfdə anlamaq istəyi durur. Hər halda, prezident obrazının dilindən verilən sözlər buna sübutdur: «Niyə belə qəddarlıq edirsən? - nəhayət, prezident inlədi - sən musiqiçisən. Haradandır bu qədər qəddarlıq səndə? Mən ölkədən qaçmıram, mən sadəcə, yerimi dəyişirəm. Paytaxtda qalmağım bütün hallarda, məni öldürsələr də, öldürə bilməsələr də, vətəndaş müharibəsinə gətirib çıxaracaq. Buna yol vermək olmaz. Çünki ondan sonra bu ölkənin tikəsi də ələ gəlməyəcək».
O, prezidenti ağrı ilə danışdıra bilir: «Sizin fikrinizcə, həyat öz ictimai-siyasi, bioloji qanunlarına yox, sənətin janr qanunlarına tabe olmalıdı, kulminasiya, nə bilim, final-filan, hamısı mütləq, öz yerində olmalıdı. Həyat finalı bəzən hadisənin kulminasiyasından da qabaq yazır» (ümumiyyətlə, «Maestro» dərk edilmiş həqiqətlərin və hədəfə vurulmuş bu cür ifadələrin bolluğu ilə də yadda qalır).
Amma istənilən halda, bu cür detallı təsvir əsərdə üç insan xarakterinin - üç obrazın yaradılmasına səbəb olub.
Ümumiyyətlə, seçdiyi qəhrəmanların ruhi-psixoloji vəziyyətini təsvir etmək üçün bu cür uğurlu təsvir vasitələrilə zəngin olan roman dili və təhkiyəsi ilə də seçilir (nəzərə alsaq ki, müasir Azərbaycan nəsrinin ən böyük problemlərindən biri məhz dillə bağlıdlır). Bir çox yeni nəsr nümayəndələrinin dilində qırıqlıq, sintaksis sındırmalar və s. tez-tez müşahidə edildiyindən, bu əsər səlist və təmiz təhkiyəsi ilə seçilir. Amma onda çatışmazlıqlar, qüsurlar da var. Məsələn, «Eşşək» bölümü bizim nəzərimizcə artıq görünür. Hər halda, bu, struktura, quruluşa mənasız əlavə, yapma təsir bağışlayır. Amma bununla elə, «Vəziyyət həqiqətən də istedadsız bəstəkarın son dərəcə pintiliklə yazdığı musiqi əsərinə oxşayırdı» kimi dəqiq ifadələrlə zəngin olan və sonu nədənsə qeyri-müəyyənliklə bitən əsəri yeni əsrimizin ən maraqlı nəsr nümunələrindən biri adlandırmaq olar. Artıq haqqında yuxarıda danışdığımız «Ətirşah Masan» romanı kimi bu əsərin sonundakı qeyri-müəyyənliyin də təsadüf olmadığını düşünürük. Əslində, bu, yazıçı yozumunda və etirafında baş verən hadisələrin yekunlaşmadığı, hələ ki davam etdiyi, o tarixi proseslərin məntiqi yekununun vurulmadığı kimi real və obyektiv səbəblərlə bağlı ola bilər. Daha dəqiq desək, bu səbəblərin ifadəsinə xidmət edir.
(DAVAMI VAR)


