Reklam verin!

ŞEİRLƏRİ RUHU KİMİ GƏZƏN TOFİQ ABDİN

Yazar: cabbarlinergiz @ İyun 9, 2008 13:29


İfadə etmək istədiyinlə ifadə etdiyin arasında fərqin mövcudluğu yaradıcı insanı həmişə sarsıdır. Hətta bu sarsıntı yazıçının dazilində dəhşətli bir kinin , qəzəbin yaranmasına da səbəb ola bilər.. Bu, insanın öz ilhamına, həmin anda, həmin məqamda tuta bilmədiyi kosmik enerciyə və ya Tanrının bəndəsinə müvəqqəti olaraq borc verdiyi yaradıcılıq qüdrətinə (adlandırmalar fərqli olsa da, məğz eynidir), deməli, həm də Tanrıya ünvanladığı etiraza, üsyan çevrilir. Çünki demək istədiyinlə dediyinin arasında fərqin verdiyi acı insanın özünə xəyanətinin verdiyi acı qədər ağır, dəhşətlidi. Bir sözlə, demək istədiyini deyə bilməmək yaradıcı insanın faciəsidi…
Amma bundan daha artıq olan bir faciə var - demək və anlatmaq istədiklərinin dərk olunmaması və ya yetərincə anlaşılmaması… Bunun yaratdığı gərginlik daha böyük… məncə, bu ağrını. Bu acını hər bir yaradıcı şəxs həyatında heç olmasa, bir neçə dəfə hiss edir.
«Məni niyə anlamırlar?» sualı «vacib deyil anlasınlar, özüm üçün yazıram» cavabının qarşısında belə, öz məyusluğunu və acizliyini gizlədə bilməz… Dərk edilməmək (istər yaradıcılıq mənasında, istərsə də gerçəklikdə) böyük Dərddir… Demək istədiyini doğru ifadə edə bilməməkdən daha böyük dərd… Çünki demək istədiyinlə dediyin arasındakı uçurumu, lağımı, boşluğu (bunun böyüklüyü və dərinliyi artıq istedad və zəhmət məsələsidir) nə zamansa keçə bilərsən… Nə zamansa dediklərini demək istədiyin mərtəbəyə çatdıra bilərsən… Bu, mümkündür. Digər uçurumu keçmək isə… Bəlkə də mümkün olacaq… Amma bu, müəyyən vaxt, müəyyən zamandan sonra səni anlasalar da, İtirlmiş dərk məqamını heç nə qaytarmayacaq… Dərka olunduğunun sevincini yaşamaq həsrətiylə gözləyən bir ürək üçün bu, artıq mənasız və əhəmiyyətsiz reallığa çevriləcək. Halbuki bir vaxtlar «olum məsələsi» qədər əhəmiyyətli idi…



***
«Mənim demək istədiyim mənanı tuta bilmirlər»… Bu kəlməni haqqında söz açacağım şairin dilindən dəfələrlə eşitmişəm… Ağrı dolu, yanğı dolu, əzab dolu bir etiraf… düzdür, o bunu publisistik məqalələri haqqında söyləyib… Amma nə fərqi?
Danışığında. Rəftarında, təfəkküründə, hətta yazılarında belə, bir müddət yaşadığı osmanlı mühitinin izləri olan bu yazarla bağlı (o, məni şəxsiyyəti yaradıcılığa bağlamaq məcburiyyətində qoyan çox azsaylı şairlərdən biridir) nə vaxtsa yazmaq istəmişdim. Amma… ammasını çox sadə bir izahla anladacağam… Bu, yaradıcılıqdır. Beyninə, ruhuna, dünyana düşən kiçicik bir toxumun nə zaman cücərti verəcəyi səndən asılı deyil. Zamanında da ola bilər, uzun müddət özünü gözlətməyi də bacarar… Bax, buy azı uzun müddət özünü gözlətdi. Amma hər dəfə olduğu kimi, bu istəyi də bir an, cəmi bircə məqam reallaşdıra bildi. «Bərk tut əlimdən, itərəm!»… «Ulduz»da çap olunan bu köhnə şeir (1972-ci ildə yazılıb) yaddaşımda ilişib qalmış digər misraları oyatmağa, silkələməyə başladı (bu adla, bu imza ilə bağlı beynimdə çox misraların ilişib qaldığını desəm, yalan olar. Amma miqdar heç vaxt mənim üçün xüsusi əhəmiyyət kəsb etməyib). Təbii ki, həmin anda yaşadığım ovqatın da öz rolu vardı…
ya bu qadınların haqqında
oxuduqlarım yalandır,
ya da mən heç tanıya bilmədim
qadınları?!
Beləliklə.. qadınları tanıya bilmədiyindən şikayətlənən şair haqqında bir yazı ortaya çıxdı…

***

O hərdən insanları tanıya bilməməkdən də şikayət edir. Amma insanlarla - xüsusilə də gənclərlə ünsiyyətdə olmaqdan xüsusi zövq alan biridi. Bəlkə təbiəti, rəftarı, görünüşündəki gənclik təəssüratı da bununla bağlıdır…
Onun bu etirafı da daxil olmaqla müəyyən misralarınınyaddaşımda ilişib qalmasının səbəbi var. Onu da deyim ki, bu səbəb təkcə şeirlə bağlı deyil, həm də xarakterm məsələsidir. Yəni həmin misraların hər biri mənim üçün haqqında danışdığım şairin müəyyən xüsusiyyətini, portretinin müəyyən cizgilərini cızıb - Onu mənə tanıdıb.
Başqa bir səbəb isə şeirlərin özündə görməli olacaqsınız. Yəni bu şeirlərin bəzisinin kədəri, bəzisinin səmimiyyəti, bəzisinin «göz yaşı», bəzisinin də «cığallığı» (müəllif kimi) yaddaşımda qalmasına səbəb olub. Təbii ki, bir də qəribliyi…
Bax, haqqında danışdığım şairin yaradıcılığında qəriblik çoxdur…
bütün yolların sonunda
bir qürbət varsa,
ayrılıq varsa,
nəyə dəyər
əski qürbəti yenilərə daşımaq?
yenidən yaşamaq
bu əski qürbəti…
yenidən təzələmək?
Bu, təkcə vətəndən uzaqda yaşanan qəriblik deyil. İnsanın öz içində yaşadığı qürbət daha dəhşətli olur. Xüsusilə də o qürbəti qürbət ölkəyə daşımaq məcburiyyətində qalırsansa…
Bəli, bütün yolların - hətta insanın öz dünyasına, öz daxilinə aparan yolların belə, sonunda bir qürbət yaşayır. O qürbətlə birlikdə də hansı ölkəyə gedirsənsə, get, yenə də ruhun sakitləşməyəcək, için rahatlamayacaq. Mən onun qürbət şeirlərində - hətta qürbətkəlməsinin çəkilmədiyi parçalarda belə, onunla birlikdə ola bilmişəm. Məsələn, Boğazda… Bilmirəm, bu parçanı oxuyarkən duyduqlarımı siz də keçirə biləcəksinizmi? Amma mən onunla birlikdə ağlayan yatışın səsini eşitmişəm. Onunla birlikdə həmin hüzn, nisgil, kədər dolu anları yaşaya bilmişəm… (Eqoistlik kimi qiymətləndirməyin, yəqin ki, burada mənim də fantaziyamız öz rolu var).
İstanbulda yağış yağır
Gəmiylə Boğazdan keçirəm
yağış dənələri
balıq pulları kimi…
sular sanki çiçək açmış.
İstanbulda yağış yağır
suların yuxusu qaçmış.
İstanbulda yağış yağır -
«bir qız öpüşündən yumşaq».
İstanbulda yağış yağır
Hardasa boğulacaq bir uşaq.
İstanbulda yağış yağır
Orda havalar necədir?
İstanbulda yağış yağır
İçimdə qürbət dərinləşir
- bir il…
Bəlkə də buy azı ovqatla bağlı olmasaydı, pozulan ritmdən, artıq çıxan hecalardan, və s. və s. danışa bilərdim. Amma yox… Mən ovqatı pozmadan deyim: hiss etdinizmi? «Yuxusu qaçan suların» yaratdığı təəssüratı, «balıq pullarına» bənzəyən yağış damcılarını, «çiçək açan suları» və təbii ki, bütün bu mənzərəyə tamaşa edə-edə qəriblik çəkən şair obrazını…
Onu da deym ki, hətta qürbətdə olmasa belə, bu mənzərənin təsviri insanın öz içində uyuyan qürbəti silkələyib oyadır, onun varlığını, mövcudluğunu dönə-dönə xatırladır…
sən qəribliyin rəngini bilirsənmi
bilirsənmi
qərib üçün günəş doğmur
səhər açılmır qəriblikdə
axşam düşmür qəriblikdə
zaman səssiz
bilirsənmi bunu
qəriblikdə qərib olmayanlar
hardan bilsin
qəribliyin nə rəngdə olduğunu?
Qəribliyin rəngini sözə gətirməsə də, dadını yaşada, dadızdıra bilən bu şairin qərib obrazını yəqin ki, misraları, bir də mən «yarada» bildik. Boğaza tamaşa edən bu təxmini obrazın tam təəssüratı yaranmadısa da, portretin digər cizgilərinə  - əsas konturlarına keçək.
bu xalq müdrikləri sevdi
bir də müdrükcəsinə qırıldadanları
ğu xalq sevə bilmədi
ağıllı, canlı adamları.
Bəli, etiraz və çılğınlıq onun portretinin heç də az əhəmiyyət daşımayan cizgilərindən biridir. Hər zaman öz yazıları ilə cəmiyyətin, ədəbi mühitin mərkəzində olan, hətta «ədəbi məişətdə» olan müəyyən faktları yaradıcılığa gətirib ictimaiyyətə çatdırmağı sevən bu adam çılğındı. O, «ağıllı, canlı adamların» sevinməməsindən həmişə çılğınlıqla danışır. Bu, onun ağrılı yeridi.
nihal adsızı tutdulart
türklüyü sevdiyindən
nəcib fazili tutdular
içkini sevdiyindən
və Allahı tanıdığından
bəlkə də…
mən oralara getdim
və oralarda öyrəndim bütün bunları
bəlkə elə əsl yaşam həqiqəti budur
o zaman qoyur mən də danışım
O, bu «danışmaq istəyi»nin gətirə biləcəklərini anlayır. Amma bununla belə, «qoyun mən də danışım» tələbindən və təbii ki, həm də danışmağından əl çəkmir. Təbii ki, burada patriotcasına pafoslu çıxışlardan getmir. Amma özü müəyyən məqamlarda «cığallıq» edib «ədəbi mətbəxdə»  olanları yaradıcılığa gətirsə də, başqasının haqqının tapdanmasına soyuqqanlılıqla baxa bilmir.
Ona görə də onun özünü «Məmləkətin dərdi» adlandırması təsadüf deiyl (yeri gəlmişkən, bu, mənim ən çox sevdiyim misralardan biridir).

istəmirəm mənim acılarım
bu canım məmləkətə yazılsın
Al götür məni sürücü
Bu məmləkətin BİR DƏRDİ azalsın.

Deməli, belə… Çılğın, qərib, emosional və gənc görünüşlü şair portretimiz hazırdır. Bu məqamda əsas məsələyə - əsas ştrixə adlayaq… Onun sevgisinə və çılğınlığına. Bayaq cığallıqdan danışdıq. Onu da deyim ki, bu «yaradıcılıq cığallığı» onun sevgisində də mövcuddur. Yəni biz portretin cizgilərinin birindən danışırıq.
Bir dəfə Pikasso haqqında yazdığım «Qadın düşkünü» məqaləsini oxuyub mənə «kişilərə bu qədər nifrət etmək olar?» sualını ünvanlamışdı. Sonra sevgi azadlığından və həyatın müxtəlif anlarında sevginin gələ biləcəyindən danışmışdı. «Məgər 60 yaşım var deyə, sevə bilmərəm?»
İnsanların duyğularından daha artıq maraqlı olan, bilirsinizmi, nədir? Cəmiyyətin qəribə qarşıladığı duyğuya haqq qazandırmaq forması… Bunun üçün quraşdırdığı, ixtira etdiyi «priyomlar». Bu «priyom» haqqında düşünərkən, yadıma R.Ö-nə ünvanlanan bir şeir düşdü:
sən də bütün qadınlar kimisən
qorxaq, çəkingən
mən də bütün kişilər kimi
səndən fədakarlıq istəyirəm.
bu ikisinin arasında  
həmişə itki var
bilirsən
bilirəm
o zaman
nədən oxuyaq bu köhnə romanı
belə romanların
milyonlarcadır oxuyanı
yenicə adamlıqdan çıxmışdıq
istəmirəm sənin Adam olmağını
istəmirəm mənim Adam olmağımı
Burada ən çox xoşuma gələn bir etiraf oldu - «Mən də bütün kişilər kimi səndən fədakarlıq istəyirəm» etirafı… Təbii ki, bir də qadına ünvanlanmış son təsəlli və «haqqazandırma» - «İstəmirəm sənin Adam olmağını»… Cığallıq deyil məgər?
Və ya «Keçmişdən gələn qonağa» müraciət edən şairin «fikir döngələrinə» baxın:
İllərin o tayından gələn…
Bizimlə yaşaya da bilərsən
etiraz etmərik
həyat yoldaşım, mən
«Ancaq icazə al
beşikdəki körpədən»
mən həqiqəti sevirəm. Ona görə də bu ştrixi qeyd etməsəydim, portret tam və canlı alınmazdı. Deyilmiş misra sitat kimi çəkilsə də, onun portretimizlə ruh və düşüncə yaxınlığı tamamilə yerinə düşür.
Amma bu son deyil. Həmin obrazın - mənim yaratdığım, sizin isə təsəvvür etdiyiniz obrazın alt qatında daha bir keyfiyyət gizlənib. Şux, zarafatcıl, «cığal» görüntünün gizlətdiyi kədər:
bu daş dünən Güzgüdəki adi bir daşdı
indi nədən başdaşı deyirik ona
insan nə qərib
mütləq bir ad uydurur tardığına…
Bu kədər həmişə duyulmasa, həmişə hiss edilməsə də, öz narahatlığını hərdənbir biruzə verib «burdayam» deyir. Bir də mənə elə gəlir ki, buş air bəzən publisistikaya çevirdiyi, ötürdüyü, bəzən elə ədəbi mühitdə danışıqlarına keçirdiyi fikirləri sonna qədər deməyib. Deyə bilməyib. Çünki onun hələ də «vərəm cücərtisi» kimi içində yaşatdığı misralar var:
İçimdəki şeirlər
vərəm cücərtiləri
məni yeyir, kimə nə?
Yazılmayan şeirlər
yığılmaqda içimin
kimsəsiz aləminə…
Mənim ölümüm heç nə,
İçimdəki şeirlər ruhum kimi gəzəcək
Məndən sonra görəsən
mənim ağrılarıma
onlar necə dözəcək?





1

Səlam!
Ankarada yaşayan bir Təbriz qızıyam.Sizi iki blogla tanış etmək fikrindəyəm.Biri mənim öz blogım,biri isə bax bu:
http://ovshar.azeriblog.com/
Hörmətlə.....Sara

İyun 9, 2008 17:46


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha