«GÜLÜŞ - AZADLIQ DEMƏKDIR»
Yazar: cabbarlinergiz @ İyun 7, 2008 11:09
«...Əgər insanın ürəyini öyrənmək istəyirsinizsə, susduğu, danışdığı, ağladığı, hətta yüksək ideyalardan həyacanlandığı məqamlardan daşının, yaxşı olardı,
ona güləndə baxın, güləndə...»
Bu sözləri Dostoyevski yazıb. Buna alternativ fikirlər də ola bilər. Məsələn, «bir insanın gerçək simasını görmək istəyirsinizsə, ona qəzəbləndiyi məqamda, digərinin ağladığı - deməli, acizləşdiyi zəiflədiyi və səmimiyyətinin ən yüksək həddinə qalxdığı məqamda baxın» söyləmək mümkündür. Yəni digər halların da insanın ürəyini öyrənmək üçün yaradığı istisna deyil və deməli, mübahisə etməyin yeri var. Amma gülüşün mahiyyətini açmağa çalışan bir tədqiqatçının «Azərbaycan komediyasının poetikası» haqqında danışarkən bu fikrə istinad etməsi və onu davam etdirməsi çox təbiidir: «... doğrudan da gülüş bir varlıq kimi insanın bütün mahiyyətini, bütün həyatı boyu uğraşdığı acılı-şirinli, min bir çeşidli hadisələri, zamanın sonsuz hərəkətinə paralel baş verən çevrilmələri bir andaca bir nöqtəyə cəmləyib ifadə edə bilir».
Kitabın ilk səhifələrində irəli sürülən bu fikirlərin (həm də təkcə bunların deyil) nə dərəcədə həqiqət olduğu, nə dərəcədə isbat edildiyi marağındasınızsa, deyim ki: söhbət AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, tənqidçi Cavanşir Yusiflinin «Azərbaycan komediyasının poetikası» monoqrafiyasından gedir və kitab haqqında bir qədər detallı danışmağa çalışacağıq.
***
«Elm» nəşriyyatında çap olunan monoqrafiya bir tədqiqat işidir, bu üzdən də mütəxəssislər üçün maraq doğuracağı şəksizdir. Amma kitabın əsas özəlliyi həm də ondadır ki, komediyadan və bütünlüklə gülüşdən bəhs edir. Deməli, gülüşün Azərbaycan ədəbiyyatındakı yeri, inkişafı və ümumiyyətlə, nə demək olduğunu anlamaq istəyən sıravi oxucunun belə maraq dairəsində ola bilər. Xüsusilə də o səbəbdən ki, Azərbaycan komediyasına dünya ədəbiyyatı, mədəniyyəti və fəlsəfəsi kontekstində yanaşılıb və bu müqayisə maraqlı nəticələrə gətirib çıxarıb.
Ümumiyyətlə, monoqrafiyada tədqiqatçının qarşısına qoyduğu məqsədlərə çatdığı və araşdırdığı məsələnin dərinliyinə enə bildiyi haqda dəlil-sübutları gətirməmişdən əvvəl bir məqama toxunmağı lazım bilirik...
***
İnsanı ağlatmaq, insanı kədərləndirmək çox asan işdir - hər kəsin içinin, dünyasının gizli bir köşəsində olsa da, mütləq və mütləq yaşanan kədər var... Amma güldürmək?! Çox çətin! Birinin gülməli saydığı, uğunduğu bir nəsnəyə başqa birinin dodağının belə qaçmaması mümkündür. Ona görə də istər gülüşü, istər komediyanı tədqiq edən tədqiqatçının işi çox müşküldür. Və bunun öhdəsindən gəlmək istəyənin ilk işi Gülüşün özünü duymaq, anlamaq, hiss etmək və yalnız bundan sonra sahib olduğu biliklərə güvənərək onu tədqiq etməkdir. Həmçinin gülüşü yaradanla onun öz dünyası - psixologiyası arasında təzadların mövcud olması kimi faktların çoxluğu da işin mürəkkəbliyinə və çətinliyinə dəlalət edir. Yəqin ki, tədqiqatçı C.Yusiflinin bu məsələyə toxunmadan keçə bilməməsi də təsadüf deyil: «Vaxtilə Volter yazırdı ki, gülüşün metafizik axtarışına dünyanın ən kədərli adamı çıxa bilər. Fikir vermisinizsə, şux zarafatları ilə məşhur olan insanların gözdən uzaq bir tənhalıq adası olur, həmən adada o zarafatcıl adamlar dərd çəkirlər!»
***
Azərbaycan komediyasının və ümumilikdə komediyanın poetikasından, komediya mətnlərinin səciyyəvi xüsusiyyətlərindən, komik obrazların strukturundan, mənşəyindən və s. danışmamışdan əvvəl tədqiqatçı ilk olaraq Gülüş və onun səciyyəsini aydınlaşdırmağa çalışıb.
«İnsan əlbəttə, təklikdə də gülə bilər, ancaq səsinə səs verən olmaz. Gülüş həmişə ünsiyyət situasiyaları ilə əlaqəlidir, harda qırıqlıq (kommunikasiya xətlərinin!) anlaşılmazlıq, düşmənçlik varsa, gülüş ora tələsir, nüfuz elədiyi qapalı dünyaların daxilində calaşdırıcı, «dalğatutan» rolunu oynadığı üçün gülüş açıq sistemlər təklif edir. Bu mənada bədii əsərdə gülüş hadisəsini kommunikasiya aktı kimi götürmək olar. Adətən gülüşü danışıq prosesindəki dialoqlarla müqayisə edirlər. Burada bir fərq var ki, dialoqda insan diqqətini bir qayda olaraq onu narahat edən problemlər üzərinə cəmləşdirir və dialoq vasitəsi ilə necə deyərlər, öz təfəkkürünü açıqlayır, bu və ya digər münasibəti ifadə etməyə xidmət edir... Kommunikasiya aktı kimi gülüşün təkamülünü folklordan tutmuş bitkin yazılı ədəbi nümunələrədək nəzərdən keçirmək olar» yazan tədqiqatçı monoqrafiyada elə bunu da edir (hərçənd ki, «gülüşün anlaşılmazlıq və düşmənçilik olan yerə tələsməsi» fikri mübahisəlidir). Yəni folklordan tutmuş yazılı nümunələrədək gülüşün keçdiyi yolu təqib edir. Və bu zaman Baxtinin fikrinə istinad edir («Janr indiki zamanıyla yaşayır, ancaq öz keçmişini, öz başlanğıcını həmişə xatırlayır. Janr - yaradıcılıq yaddaşının ədəbi inkişaf prosesində izlənməsidir. Məhz buna görə də, bu inkişafın fasiləsizlik və vəhdətini təmin edə bilir») və komediyanın bir janr kimi formalaşma prosesini araşdırmağa çalışır.
***
Cavanşir Yusifli müqayisə aparır. Şifahi dildə yaranan və gülüşü yaşadan (gülüşü doğuran desək, daha doğrudur) lətifələrlə yazılı mətn - komediya arasında: «Lətifədə yazı «bicliyi» yoxdur. Əvvəlcədən heç nə qurulmur. Lətifə danışıla-danışıla «mövqesizləşir», ibrətli olmağa can atan situasiyalar «sümükləşir». Lətifədə primitiv şəkildə oyun və oyunbazlıq elementləri güclüdür, daha doğrusu, oyunsuz lətifəni təsəvvür eləmək qeyri-mümkündür. ...Nəzərə almaq lazımdır ki, gülüşdə oyun (ümumiyyətlə, bədii əsərdə) həmişə məna ilə oyundur. Heç zaman qaydasız oyun olmur. Lətifədə oyun elə qurulur ki, heç vaxt qalmaqal düşmür, şifahi mətndə sanki bu dünyanın bütün olar-olmazının, bütün rəsmiyyət və ciddiliyinin üstündən qalın bir xətt çəkilir. Sözün gülləsi insana dəyir və gülə-gülə yerə düşür».
Gülüşün şifahi ədəbiyyatdan - lətifələrdən başlanan yolu haqqında danışan tədqiqatçı yazılı ədəbiyyata keçidlə bağlı onun əldə etdiyi yeni məziyyətləri də diqqətdən kənar qoymur. Məsələn, «Avamlığı avamlıqla ifşa etmək xalq gülüşünün məhək daşıdır» deyilir. Amma yazılı ədəbiyyatda - komediyada bu «məhək daşı» öz təbiətini, strükturunu dəyişməli olur. «Təbii ki, zaman keçdikcə gülüş lətifə mətnlərindən yazılı ədəbiyyata adladıqca komik obraz da öz növbəsində daxili-struktur modifikasiyaya uğrayır. Hər zaman çərəyində deyək ki, ayrıca bir komediya ustasında komik effekt yaratmağın ümumi cəhətləri ilə yanaşı özünəxas məziyyətləri də meydana çıxır».
Və bu cür mülahizələrdə təkcə gülüşün yazılı mətnə keçidi yox, həm də yazılı mətndə xalqın genetik yaddaşı, keçmişi, təfəkkürü ilə bağlı izlər tapılır, göstərilir. Bu zaman müəllif artıq deyilmiş fikirlərə qarşı çıxır. Məsələn, komediyalarla bağlı demək olar ki, indiyə qədər bir çox tədqiqatçıların işlətdiyi «orta əsrlər müsəlman zehniyyəti» anlayışı bu monoqrafiyada öz təsdiqini tapmır: «Məstəli şah müəyyən dövrlə, şəraitlə əlaqədər olaraq adamların fətəkküründə qeyri-adi təzahürlərə qarşı yaranan kortəbii və kütləvi inamdan məharətlə istifadə edib öz oyununu qurur. Ancaq bu fırıldaqçılığın, bəzi tədqiqatçıların yekdilliliklə qeyd etdikləri kimi «orta əsrlər müsəlman zehniyyəti» ilə heç bir əlaqəsi yoxdur. Demək lazımdır ki, dərvişlik, cadugərlik və başqa hadisələrin xalq təfəkküründə, xalq düşüncəsində dərin kökləri var. Müxtəlif xalqların etnoqrafiyası ilə məşğul olan alimlərin şəhadətinə görə bir vaxtlar ictimai fikri hərəkətə gətirən cadugərliyə inam hissi heç də orta əsrlərin məhsulu olmayıb, ictimai məişətdə hökmran olan təsəvvürlərin yenidən dirilməsi ilə əlaqədar idi».
Bundan başqa, proses bir qədər də irəli gedir, bir qədər də dərin qatlara təzahür edir. Yəni təkcə şifahi ədəbiyyatdan yazılı ədəbiyyata adlayan gülüşün keçdiyi yol, onun yazılı mətndə xalq təfəkkürü ilə bağlılığı deyil, həm də fərqli komediya ustalarının yaratdıqları əsərlərdə olan genetika və mənşə baxımından oxşarlıq araşdırılır: «Sənətkar yaratdığı hər bir komik obrazla öz fəlsəfəsinin, dünyagörüşünün və bədii təfəkkürünün əsas cəhətlərini meydana qoyur. Ona görə də bu cəhət ayrı-ayrı komediya ustalarında fərdi və fərqli biçimlərdə meydana çıxır. M.F.Axundovla N. B.Vəzirovun poetik sistemləri genetika, mənşə baxımından nə qədər yaxın olsa da, onların komik obrazları daxili struktur baxımından bir o qədər də fərqli və rəngarəngdir».
***
Tənqidçinin dissertasiya üzərində iş prosesi zamanı ikinci yolu - (birinci yol dissertasiyanı ayrı-ayrı komediya ustalarının poetikaları (Axndovun poetikası, Vəzirovun poetikası və s.) əsasında qurmaq idi) janr poetikasının kateqoriyalarını əsas olaraq götürməsi və təhlillərdə dünya dramaturgiyası və nəzəri-estetik fikrinin materiallarını əhatələməyə çalışması gülüşün inkişaf prosesini anlamağa imkan və şərait yaradır.
«Bizə elə gəlir ki, gülüşə münasibətdə yanaşma metodunun özünü köklü sürətdə dəyişmək lazımdır» yazan Cavanşir Yusifli elə tədqiqat işi boyu «hansı metoddan istifadə etmək gərəkdir?» sualını cavablandırmağa çalışıb: «Bizim gəldiyimiz nəticənin mahiyyəti ondan ibarətdir ki, komediya mətnində təsbitlənən və özündə müəllifin bədii dünyagörüşününün mürəkkəb sistemini ehtiva edən gülüş bütün ümumi cəhətləri ilə bərabər hər bir dövrdə, hər bir konkret əsərdə müəllifin bədii-fəlsəfi konsepsiyasından asılı olaraq fərdi səciyyəyə malikdir. Bu mənada gülüşün bu funksiyasını götürüb bütün komediya mətnlərinə tətbiq etmək səhv nəticələrə gətirib çıxara bilər. Bu hal, bizim fikrimizcə gülüş haqqında yazılan əksər araşdırmalarda mövcuddur. Gülüş haqqında ən müxtəlif nəzəriyyələri komediya mətninə necə gəldi yox, bədii mətnin məntiqindən çıxış edib tətbiq etmək lazımdır».
Onun axtarışında gülüşün fəlsəfəsini açmaq, onun tərifini vermək kimi cəhdlər də var: «...Gülüş hadisəsindəki sərhəd ölümlə həyatın sərhəddidir. Ölüm həmişə gülüşün əhatəsində olur. Həyat ölümdən doğur». Və bu fəlsəfi düşüncə, yeganə nəticə deyil. Məsələn, komediyanın nə olduğu belə izah edilir: «Komediyada elə şeylər danışılır ki, az qalır ki, «bu lap yuxuda ola bilərdi!» deyəsən. Çünki komediyada da (ümumilikdə isə bədii əsərdə) yuxuda da real aləmlə irreal, utopik gerçəkliyin sərhəddi cızılır, insan özünü başqa bir yerdə yox, məhz o sərhəddə hiss edir. Mirzə Cəlilin «Ölülər» komediyasında real gerçəkliklə bədii gerçəklik arasındakı əlaqə ilk baxışdan heç də aldadıcı deyil. Əslində isə əsərdəki hər bir obraz konkret sosial gerçəklikdəki obyektin tərs üzüdür. Artıq burada ritualdakı gülüşün tərs üzü var. «Ölü dirilər» sadəcə olaraq ölüb dirilməyə layiq deyillər. Burada da ölüm hadisəsi oynanılır, amma bu, çox dəhşətli, usandırıcı bir oyundur. Oyunun öz qaydaları var. «Ölülər»də yalançı ölüm yox, həqiqi ölüm oynanılır».
İnsanı «real aləmlə irreal aləm arasındakı sərhəddə» hiss etməyə vadar edən komediya haqqında danışan tədqiqatçı monoqrafiyada lətifələrimizdən tutmuş «yazı bicliyinin» (C.Yusifli - red.) istifadə edildiyi məşhur «Ölülər», «Müsyö Jordan və Dərviş Məstəli şah», «Yağışdan çıxdıq, yağmura düşdük», «Dəli yığıncağı», «Danabaş kəndinin məktəbi» və s... komediyalarına qədər bir çox mətnləri təhlilə cəlb edilib. Təkcə komediyaların strukturu, komik obrazların strukturu deyil, kompozisiya və janr, süjet-fabula-kompazisiya münasibətləri, komediyada hərəkət və konfliktin tarixi, zamana münasibəti və s. məsələlər də araşdırılıb.
Amma bütün monoqrafiya boyu gülüşlə bağlı söylənilən fikirlərin, mülahizələrin çoxluğu ilkin mərhələdə bir qədər çaşqınlıq yaratsa da, nəticə etibarilə son mərtəbəyə aparan pillələr rolunu oynaya bilir. Son mərtəbədə nə durur? Hansı fikir dayanır?
«Gülüşdə gülməyin özündəki kimi sonsuza çatmaq meyli (ehtirası deyilsəydi, daha yaxşı olardı) var.... Gülüş, hər şeydən öncə demokratizmi sevir, gülüş-azadlıq, sərbəstlik deməkdir».
***
Əsas detallardan biri... Tədqiqatçı dəfələrlə təhlil edilmiş, haqqında elmi işlər, məqalələr yazılmış komediyalara fərqli prizmadan yanaşmağa çalışıb.
Məsələn, məşhur Kefli İskəndər haqqında gəlinən nəticəyə nəzər salaq: «İsgəndər sosial semiotikanı bir sistem kimi vurub dağıdır, harda nəyi eləmək olmazsa, məhz onu edir. Hələ bu, harasıdır, elə bil qəsdən ona İskəndər adı seçilib. Böyük fatehin gördüyü işlərə bax! - əsəri oxuyan, yaxud tamaşasına baxan heç kəsin ağlına gəlməz bu sözlər. Əslində, məlum şəxs adının mətndənkənar böyk semantik potensiyası görünməz tellərlə mətndaxili nüanslarla birləşir, söz və sintaktik formalarda yuvalanan ironiyanı birə yüz gücləndirir. Ancaq konkret şəxsə - İskəndərə qarşı yox, dünyanın, gərdişin real durumuna, düzüm və qaydalarına, bir sözlə, mənalı görünən mənasızlığına, puçluğuna qarşı! Ayrı-ayrı mətndaxili strukturlar da məhz bu məqsədə xidmət edir. Həm müəllim, həm də İskəndər eyni sintaksis formanı, qəlibi işlədir, əlbəttə, ayrı-ayrı mövqelərdən: məgər Mirzə Cəlal görmür ki... Ancaq görməyən təkcə Mirzə Cəlal deyil. Əsərdəki dialoqlar sanki şərti dialoqlardır, yəni söhbət getsə də, İskəndərin sözü onsuz da heç kəsi tutmur və heç kəsə çatmır».
Bu cür fikirlər təkcə «Ölülər» deyil, bir çox komediyalar və qəhrəmanlar haqqında söylənilir...
***
Yuxarıda qeyd etdiyimiz kimi, C.Yusifli hər an müxtəlif dünya alimlərinin, filosoflarının, tədqiqatçılarının fikirlərindən sitat gətirməklə öz düşüncələrinə həm dayaq axtarır, həm də onları əsaslandırır: «Həyat bütövlükdə faciədir, ancaq onun gündəlik detalları dərindən-dərinə komizmlə aşılanıb» (Şopenhauer) fikrini xatırladan tənqidçi «Şopenhauer komizmin metafizik nəzəriyyəsini yaradıb. Bu kədərli filosofun fikrincə, gülüş mövcudluğun özünün əsasıdır. Dünya yaranışından elə xəlq olunub ki, gülüşsüz keçinmək olmaz» deyir. Yəni məşhur filosofun sözlərini təsdiqləyir. Amma başqa bir məqamda, başqa fikirlərin ardınca düşüb gedilən yol məqsədlimi, məqsədsizmi yuxarıda deyilənlə təzad təşkil edən və tamamilə fərqli əhval-ruhiyyəyə kökləyən düşüncələrə gətirib çıxarır: «Komediya janrı öyrədir ki, həyat ekzistensial, metafizik suallarla doludur və o suallara qəti cavab tapmaq, sadəcə, mümkün deyil... Komediya bu mətləbi açıqlayıb ortaya qoymaq üçün həyatın dibinə enir, lap elə insanı iyrəndirmək, bezdirmək dərəcəsində olan hadisələri hamıya seçib göstərir ki, hər kəs dünyanın zahiri cazibəsinə uymasın. Yəni əslində çox ali mənası olan dünya, həyat boş və puç şeylərlə doludur»...
Bəlkə də burada təzad axtarmağın özü yanlışdır. Çünki gülüşün həm Bu, həm də O ola bilməsi elə də imkansız deyil. Yəni tədqiqatçı demişkən: «gülüşlə faciə bir-birinə əks qütblər deyil, yaranışları ilə bir-birinin içindən keçib gedən hadisələrdir».
***
Əlbəttə, tədqiqat işində maraqlı olan əsas cəhət qarşıya qoyulan məqsədə nə dərəcədə nail olunması ilə bağlıdır. C.Yusifli «Belə bir faktı da araşdırmağa dəyər ki, gülüş haqqında yaranan nəzəriyyələrin özləri də son nöqtədə bir məcraya gəlməyə meylli deyillər. Onların arasında birləşdirici bağ, ümumi bir körpü tapmaq çətindir. Niyə? Ona görə ki, bu nəzəriyyələrin hamısında hər şeydən öncə daha çox gülüşün bir təzahür forması araşdırılır və bu mülahizə əsas tutularaq bütün gülüş aləmi barədə söz deyilir» deyərək, həm də ittiham edir. «Gülüş haqqında nəzəriyyələrin bir məcraya meylli olmadıqlarına» görə. Elə bu səbəbdən də, monoqrafiyada gülüşün təkamül prosesi izlənilib, onun arxaik təfəkkürdə, nağıl və lətifələrdə, yazılı ədəbiyyatda öyrənilməsinə çalışılıb və buna nail olunub.
Mənbə: Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008



maraqli idi sagolun eziyyete gore
Sentyabr 25, 2008 10:43