Reklam verin!

CAVANŞİR YUSİFLİ: YENİ NƏSİL TƏNQİDÇİSİ

Yazar: cabbarlinergiz @ İyun 7, 2008 11:03

Tənqidçi Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı» kitabı onun ədəbi bioqrafiyasında göstərici  addımlardan biri olmaqla bir sıra məqam və cəhətləri ilə diqqəti çəkir. Nərgiz Cabbarlının tənqidi mətninin özünəməxsus təhkiyə strategiyası mövcuddur. Bu mətnin ekspozisiya hissəsi qısadır, mətləbə keçid - mətləbə köklənmək cəhdinin xarakteri ilə reallaşır və «vaxt itirmədən» baş tutur. Bu strategiya bəzən onun yazdığı mətnin spesefik leksikonuna da təsirsiz qalmır, terminologiya aparatı sıfır həddinə qədər aradan qalxır, ünsiyyət, kommunikasiya təşəbbüsü aktuallaşır. Nərgiz bütün məqalələrində yazdığı mətləblə özü arasında dialoq qurmağa çalışır, müəyyən məqamlarda buna nail olur, o, bəhs etdiyi yeni nəslin  yaaradıcılığından ümumən danışmağı xoşlamır, hər passajda xeyli hadisə sırasını  ixtisara salır, bütün diqqətini yalnız spesefik cəhətlərin və ayrıntıların  üzərində qurmağa çalışır. O, janr, növ, şəkil... haqqında bu qəliblərin içinə oturulan nümunələr haqqında özünəməxsus mövqe seçərək  bəhs edə bilir. Bu məqalələrin bir neçəsini müəyyən ardıcıllıqla izlədikdə görmək olar ki,  tənqidçi üçün əsas olan predmetlə müəyyən məsafənin qorunub saxlanmasıdır. Söhbət şeirdən gedirsə müəllif bu şeiri formalaşdıran bütün estetik  ərazini, müəlliflərin fərqli və dözümlü sifət cizgilərini təkcə küll halında deyil, həm də bir-birləri ilə qarşılıqlı təmasda götürür. Nərgiz hər bir müşahidəsində, məqalə və tədqiqatında əsasən iki göstəricini qabardır, birincisi, istər poeziya, istərsə də nəsr nümunəsindən danışdıqda çalışır ki,  təhlillərdə təfəkkürün, araşdırmanın hərəkəti hiss edilsin, əsasən leksikonda əyaniləşən , guya nə isə aydınlaşdırmağa, kəşf etməyə... yönələn, əslində isə fikir dolaşıqlığından başqa bir şeyə yaramayan «oyun ərazisinə» girmir.


Yeri düşmüşkən deyim ki, bu hal - hadisə və faktlardan, mövcud vəziyyətdən öz xeyrinə yararlanma  məqsədi daşıyan «ədəbi oyunlar» artıq qlobal xarakter daşıyır, müəyyən məqamlarda ədəbi prosesin özünü əvəz edir, bu o deməkdir ki, yaxud da bu ona bənzəyir ki, həkim... xəstənin mərəzini aradan qaldırmaq əvəzinə onu daha da dərinləşdirir, xəstə ilə oyun qurur, ətrafındakı gic adamlara, komplekslərin içində itən xəstələrə aramsız «məktublar» göndərir, bu eynən kompüterdəki «spy-casus» proqramına bənzəyir. «Casus» mesajı elə bir struktura malikdir ki, bir elementin «xəstə hüceyrələrini» dərman adıyla, guya müalicə edirmiş kimi, çox asanlıqla digərlərinə göçürür və dünya... dağılır.

Nərgiz mətndə düşüncə yönünün hiss edilməsi naminə təkcə faktları sadalamır, təsdiq və təsbit etmir,  bu mətnlərin böyür-başındakı donmuş hərəkətləri canlandırır, münasibət və əlaqələri bir-birlərinə qoşur və nəticələri mühakimələr arasındakı batini əlaqələrin avtomatik üzə çıxmasının ixtiyarına verir. Nərgiz yazır: «...tutaq ki, 70-ci illərin diqqətində olan dünya obyekti bu dəfə küll halında ölüm obyekti ilə əvəz edildi. Daha sonra bu öz yerini tanrı və duaya ötürdü. Həmçinin poeziyanın qara notlara köklənməsi prosesi gücləndi. «Söz oyunu» adı altında qəbul etdiyimiz təzad assosiasiyasının yaradılmasına xüsusi marağın meydana gəlməsi müasir poeziyanın ən başlıca xüsuiyyətinə çevrildi. «Zövq vermək» xüsusiyyəti müasir şeirdə «düşündürmək», «məntiqi oynatmaq», «fikri dolaşdırmaq» xüsusiyyətləri ilə əvəz edildi. Poeziyada fəlsəfə ən başlıca keyfiyyət kimi qabardıldı və poetik təfəkkürün «sadə orijinallığı» «orijinal qəlizliklə» əvəz edildi. Həmçinin yeni nəsil poeziyasında poetik təfəkkürü vizual və virtual təsir «uçurumuna» uğratmaq, forma yeniliyi əldə etmək üçün eksperimentlərin tətbiqinə çalışmaq, müasir rus və keçmiş sovet məkanından olan bir çox ölkə ədəbiyyatlarının maraq göstərdiyi «poeziyada pornoqrafiya elementlərinin»  az da olsa göstərmək kimi meyllər oldu...».

Bunlar şübhəsiz ki, faktlar və müvafiq ədəbi hadisələr arasındakı məntiqi bağlılıqların təsiridir. Nərgiz bu mətnin dərinliyindən üzə çıxardığı məntiqi ümumi şəkildə, necə gəldi tətbiq etmir, əksinə, bədii mətn yarada bilən hər bir yaradıcının fərqli cəhətlərini qabardır. Məsələn, «Salamın yaradıcılığının ikinci etapı məhz konstruksiya üzərində qərar tutan poeziyadır və müəllifin bəzən müsahibələrində etdiyi «mən şeiri qələmlə yox, pozanla yazıram» etirafı poeziyayla bağlı həqiqətin təsdiqi, yaradıcılıq prosesinin təsviri olmaqla yanaşı, həm də hissin təsvirindən məntiqin təsvirinə adlayan poetik təfəkkür haqqında söylənən həqiqətdir».

Bu, mətnin içində haqqında söz açılan müəllifin sitatı nə qədər cazibədar olsa da, sadəcə söz oyunudur, fikir oynadıqca, bu - etiraf deyil, əksinə, etirafdan qaçmağa, fikir dolaşdırmağa xidmət edir. Tənqidçi doğru qeyd edir ki, Salam hissin təsvirindən məntiqin təsvirinə adlayır... Dar məkan və ani zaman çərçivəsində yerləşən fikrin rəsmini çəkir, bu «dar macalda» göy qurşağı yaradır, ulduzların düzülüşünü dəyişdirir, «dünyanı sahmana salmaq» istəyir, ancaq yenə də bütün enerjisini toplayıb, vəziyyəti olduğu kimi, rəngsiz, qatışıqsız göstərmək istəyir.

Nərgiz ardıcıl şəkildə nəsrdən yazan bir tənqidçidir. Fikir və mülahizələrində sərbəstdir, hətta bəzi məqamlarda bədii məntlə «çox açıq mövqe» münasibətlərinə girir, mətnin təhlilinə yaxınlaşmaq istərkən ondan uzaqlaşır. Nərgizin bir tənqidçi kimi özümlü xüsusiyyəti onun mətnə, fakta və hadisəyə real münasibəti ilə ölçülür. O, bəziləri kimi mətn ətrafında müəyyən «təəssürat təpələri» yaradıb, onların birindən digərinə adlamaqla uzun havalara bənzəyən  «uzun mətnlər» yaratmır, əksinə, gücünü sərf edib düşüncəsini ortaya qoyur, faktlar və haisələr, onların əlaqələri üstündə mühakimələr yürüdür. Nərgiz, bu mənada müasir tənqidi başına alan qüsurlardan uzaqdır. Nədir bu qüsurlar? Sadəcə, uzunçuluq, özünü göstərmək mərəzinin təsiri altında iki cümləlik fikri şit seriallara bənzəyən formada davam etdirmək, mətləbi uzadıb sözü dəyərdən salmaq... Axı idman növü kimi qılınc oynatmanın primitiv şərtlərindən biri də odur ki, qılıncı yerindən qaldırmağa gücün çatsın, sonra, onu sadəcə düz tuta biləsən.

Nəsrin araşdırılmasına həsr etdiyi məqalələrdə qabarıq cəhət fakturanın izlənməsinin ardıcıllığıdır, o, dəbi prosesin heç bir faktından sərf-nəzər etmir, ilk baxışdan elə bir təəssürat yaranır ki, məqsəd sadəcə ədəbi prosesdə baş verən olayları müəyyən ardıcıllıqla nəql etməkdir, ancaq bu ardıcıl təhkiyə davam etdikcə konkret mətləblərin ətrafında ciddi söhbət və polemika havası yaranır. Bizim fikrimizcə, tənqidi məqalənin canlı özəyi budur - bəhs etdiyi mətnlər ətrafında polemika, diskussiya çevrəsi yaratmaq. Hadisənin bəzən «laqeyd» mövqedən şərhi, faktların mətn boyu «ixtiyari səpələnməsi» tənqidçiyə digər tənqid mətnləri ilə real  «bəhsləşmə» havası yaradır, ədəbi prosesin eyni hadisələrinə münasibətlər arasındakı fərq prosesin özünün nə qədər saxta, nə qədər fəsadlı olduğunu üzə çıxarır. Ancaq birbaşa yox - məhz «son dərəcədə laqeyd münasibət» və rakursdan baxmaqla...

 

«525-ci qəzet», 23 may, 2007-ci il




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha