KƏNARA ATILMIŞ DOSTOYEVSKİ VƏ YA YEDDİ RƏNG
Yazar: cabbarlinergiz @ İyun 4, 2008 10:07
«Qız musiqinin şəklini çəkirdi - diqqətlə baxsanız, görərsiniz»
«Nekroloq»dan
Həyatda hər şeyin şəklini çəkmək olar. Hətta gözlə görülməyənin də... Lap elə musiqini götürək... SƏS gözə görünməsə də, onu gördüyünü iddia edən nə qədər adam var... Deməli, çəkmək olar...
Hansı formada?! Vacib deyil ki, portret olsun. Amma... portret də ola bilər. Baxır fantaziyana... bacarığına... Məsələn, biri musiqinin portretini Tanrı simalı (!!!) çəkər, biri gözəl bir qadına bənzədər, başqa biri də beynindəki, düşüncəsindəki - bir də gözlərinin qarşısındakı mücərrəd görüntünü SƏS yerinə tabloya - deməli, həm də insanlara sırıyar. Sonra da deyər ki, yaradıcılıq Azaddır, bu mücərrədliyin içindən konkret bir görüntü tapıb çıxara, quraşdıra bilmirsənsə, hörmətli tamaşaçı, deməli, sənin GÖRMƏK QABİLİYYƏTİN və yaxud da DÜŞÜNMƏK BACARIĞIN yoxdur!!! Kimin həddi var bu sözün qarşısında söz deyə... Heç kimin!!! Çünki kimsə özünü qabiliyyətsiz və düşüncəsiz kimi qələmə vermək istəməz...
İndi - bu məqamda mənim də (yaza-yaza gözümün qarşısında konkret yazıçı simasını təsəvvür etsəm də) təqdim edəcəyim portretin (musiqinin deyil ha, canlı insanın!!!) görüntüsü çox mücərrəd alına bilər. Lap SƏS kimi... Hətta bu SƏS kimlərisə çaşdıra, qorxuda da bilər.
Səbəbini əvvəlcədən deyim. «Ölüm», «Dünya», «Tanrı», «Xalq», «Həqiqət», «Qəbir» kimi ayrı-ayrı sözlərin (bu onun çox işlətdiyi sözlərdir - mənim yox) yaratdığı dəhşətli effekt qaçılmazdır. Yəni bu sözlər həm də portretə vurulacaq cizgilər olduğundan, gərək gözünüzün önündə əzabdan yığılmış bir sifət canlansın. Lap bu yazıçının əsərlərindəki əzablı sifətlərə bənzər...
Ona görə də mən bu qatı rəngləri bir qədər yumşaltmağa və qarışdırmağa çalışaraq görüntünü öz ixtiyarınıza buraxacağam. Özünüz təsəvvür edin. Və nəzərə alın ki, bu görüntüdə təkcə bu yazıçının dünyaya və reallığa münasibəti yox, həm də dünyanın və reallığın yazıçıya münasibəti (təsiri) duyulacaq ...
***
Gözümün qarşısında kənara tullanmış Dostoyevski, qulağımda isə «Dar köynəy»in qəhrəmanı Reyhana ünvanlanan «Oxuma, südün kəsilər» sədası... Vallah-billah, ədəbiyyatın elə nümunələri var ki, onların oxunuşu sözün həqiqi mənasında qadağan edilə bilər və buna görə kimisə qınamaq düzgün deyil... Söhbət əsl və ağır həqiqətlərdən danışan kitablardan gedir... Əsl həqiqətlər əsl gücü və iradəsi olanlara deyilməlidir. Başqa sözlə, həqiqəti söyləyərkən onu dinləyənin dözüm və iradəsi yoxlanılmalıdır. «Acı həqiqət şirin yalandan yaxşıdır» deyib, onu hər yetənin sifətinə çırpmazlar...
Bu yazıçının son kitabı da bu cür həqiqətlərlə doludur. Onun bir araya gətirib, birdən-birə insanların dözümünü və iradəsini yoxlamadan canlarına yeritmək istədiyi həqiqətlərlə... Onu ittiham etmək olar... Həqiqətləri söyləmək üçün qəbirləri yerindən oynatdığına, qəbirləri dilə gətirdiyinə, heykəlləri mitinqə çağırdığına, Xalqı ölməyə, can verməyə vadar etdiyinə, kef çəkən insanların taleyindən birdən-birə «hopp!!!» edib əlillərin, qaçqınların, öz-özünə danışan insanların həyatına keçməyə çalışdığına və göz açmağa macal vermədən oxucunu arxasınca bu tullanışa vadar etdiyinə görə... Bir də... Bir də bu qədər həqiqəti bir yerə yığdıqdan sonra onların hamısının bir yerdə inandırıcı olmadığının fərqinə vararaq soyuqqanlı bir laqeydliliklə «İstəyirsiniz inanın, istəmirsiniz yox!» nidasını hər addımbaşı gözümüzə sapladığına görə... Yazıçı da bu qədər acımasız olarmı?! Olmaz! Olmamalıdır da!!! Amma yox. Doğru cavab budur: Olar! Olmalıdır da!!!
Deməli, 1. Acımasız...
Yazıçı həyatda hər şeyin tərifini verəndir. Yazıçı üçün həyatda hər şeyin bir səbəbi və bir nəticəsi var. O da bütün bunların - Yuxu, Ölüm, Tanrı, Sevgi... Doğuluş... - tərifini verməyə çalışıb. Amma verdiyi təriflərdə, vurduğu rənglərdə ürəkaçan nəsə tapmaq çətindir. Hətta sevgidə də: «İnsan gözünü ilk dəfə açıb kimləri görürsə, onları daha çox sevir. Bəlkə də insanın ilk məhəbbəti də elə budu»....
Çünki onun nəzərində ilk sevgi də doğuluşla, deməli, həm də ölümlə bağlıdır: «Bəlkə də qadın güzgüdə qaşı ilə gözünün arasına baxıb ölümünü görmək, ölümünü tanımaq istəyirdi və ölümü ilə bətnindəki balasının - ağrısının arasında bir oxşarlıq, doğmalıq tapmaq istəyirdi, güzgülənəsi deyildi ki»...
Çünki onun üçün həyatda hər şey doğuluşdan sona qədər oyundur - adi oyun: «Uşaqlar oynayanda dünyanın özü də qol açıb oynayırdı. Dünya da qol açıb oynayanda uşaqların başının üstündə fırlanan başdaşları göylərin dibsizliyinə çəkilirdi, uşaqlar oynayıb qurtarana qədər gözləyirdi - uşaqlar isə ölənə qədər oynayırdılar»...
Ölənə qədər oynamaqmı?!. Məgər biz hamımız bununla məşğul deyilik?!... Bir-birimizdən istedadımızın azlığı-çoxluğu ilə fərqlənən pis-yaxşı oyunçularıq. Məgər bunu bizə «fəlsəfi geyimdə» xatırlatmağa ehtiyac varmı? Var! - deyərdim. Amma ardınca «Bəlkə yox?!» deyə soruşmaqdan özümü saxlamazdım. Bəlkə həmişə romantik rəng verməyə çalışdığımız, yalnız «yuxun şirin olsun»la gözəlləşdirmək istədiyimiz gecəyə «Qarasan!» demək qəddarlığın bir növüdür?!
«Yuxu və gecə bir-birinə oxşayır - ikisi də bir yerdə ölümə oxşayır». Bəlkə də hə, bəlkə də yox!!! Dəqiq olanı isə budur:
2.Qəddarlıq!
«Qadın bu dəfə də Allahı çağırdı. Gəlib çıxan olmadı. Qadının səsi, çığırtısı insan səsinə, insan çığırtısına oxşamırdı. Bu səs ağrı ilə ölümün arasında sıxılandan sonra yerdə nə qalmışdısa, o idi ki, qarımışların hamısını birdən diksindirdi»...
Sonra... Bu yazıçı «Səsin gəlsin dünya» dedi...
Sonra məsləhət gördü: «Dünyadan küsmə, dünya sənin qardaşındı. Adam da qardaşından küsər?»
Sonra da öz sualına özü cavab verdi: «Mən dünyadan küsməmişəm, Allahdan küsmüşəm»...
Haqqı vardımı?! Yazıçının hər şeyə haqqı çatır. Yazıçı olduğu üçün?! Bəlkə də hə!!! Bəlkə də yox!!!
3.Küsəyənlik
Dünyadan, Allahdan, özündən küsə-küsə hara qədər gedə bilərsən ki?! Həqiqətin sərhəddlərinə qədərmi?! Əgər həqiqət varsa... Var... Amma, yenə də hər şey görmək bacarığından asılıdır... Çünki həqiqət də SƏS kimidir - gözlə görülmür... Və yenə də hər şey qalır yazıçının göstərmək bacarığına... Bu yazıçı onu mücərrəd göstərir... Sanki o həm var, həm də yox. Niyə? Özündən soruşun. Mən isə yalnız bunu deyə biləcəm. Onun yaratdığı Həqiqət də, Xalq da, Fərd də, Qadın da, Kişi də, Həkim də, Xəstə də bir mücərrədlik içində azıb qalıb... Onları tapan olacaqmı?! Xilas edən tapılacaqmı?! Bəlkə də hə.... Bəlkə də yox... Ya qismət...
4. Mücərrədlik
«Yazaram ki, bu xalq ona görə öldü ki, nə torpağının, nə özünün, nə də sözünün sahibi ola bilmədi. Yazaram ki, başı tarix boyu bəlalar çəkən, onun-bunun qapazaltısı olan bu xalq haqlı olaraq tarixi boyu ilk dəfə ağıllı hərəkət etdi: belə yaşamaqdansa ölməyi üstün tutdu... Bu xalqın cənazəsi Cıdır düzündə qoyulacaq - mərhumla hər gecə düşmənlər yatandan sonra, gecə saat on ikidən səhərə yaxın saat dördə qədər vidalaşmaq olar, kimin kişiliyi çatır, getsin vidalaşsın»...
Dedi və yazdı. «Nekroloq»da... İroniya ilə... Ələ sala-sala... Kinayə ilə.... Kimə ünvanlanmışdı bu kinayə?! Xalqa?! Hə... Deməli, həm də xalqın bir nümayəndəsi olan yazıçıya?! Əlbəttə!!!
5.Sarkazm...
Həqiqət budur: Bu yazıçı üçün qəbrin də anası olur («Nekroloq»).... Bu yazıçı üçün insan beyni də hava kimi açılıb-tutula bilir... Təbii ki, bu günün reallığında...
Bu yazıçının gördüyü həqiqətin içində qəbir daşları da hərəkətə gəlib həkim qəbuluna gedə, hətta şikayət də edə bilərlər: «Əsas narahatlığımız odur ki, biz yatan yerlərin üstündə yadellilər gəzir»...
Bu yazıçının qorxusu yoxdur: «Allah dağına baxıb qar verdiyi kimi, xalqın da üzünə baxıb rəng verir, görünür, sənin üzünə qara rəng daha çox yaraşır»... Bu yazıçı «yaz gələr, yonca bitər» ifadəsini xalqa ünvanlayıb ittiham edilməkdən qorxmur... Bəs xalq necə?! Hə... Bunu hələlik özünüzdən soruşun. Deməli:
6. Qorxusuzluq
«Xalq o qədər zəifləmişdi ki, qalmışdı o dünya ilə bu dünya arasında». Amma tək xalq idimi zəifləyən?! O dünya ilə bu dünya arasında çabalayan?! Yox, xalqın heykəlləri, məsələn elə xəcalətindən başını aşağı dikmiş Füzulisi də bu gündə idi...
Baxmayaraq ki, bu yazıçı qürurla «Əyiləndə millət bu cür əyilməlidir - bir allahın, bir də sözün qarşısında» yazırdı... Amma bunu yaza-yaza heykəlləri mitinqə yığıb gətirməyi, birini heykəlin qoynunda intihar etdirməyi də xəcalətin bir bəlirtisi idi... Milli xəcalətin!!!
Bir də... Qorxunun... «Qorxuram gözümün işığı tükənə, yuxarı baxanda Allahı da başımın üstündə görə bilməyəm»...
Təzaddı, eləmi?! Amma bütün yazıçılar təzadlıdırlar... Bütün insanlar kimi...
7. Qorxu.
Bu da son... Yeddi xüsusiyyəti - yeddi rəngi təsadüf saymayın. Siz saysanız da, o saymayacaq. Bir də yazdığı «Nekroloq» bunun nə demək olduğunu biləcək... Söhbət kimdən gedirdi?! Bunun üçün bir az da aşağı düşün... Lap az...
R.S. Söhbət yazıçı Seyran Səxavətdən gedirdi
Mənbə: Nərgiz CABBARLI, «Yeni nəsil ədəbiyyatı-2», «Qanun» nəşriyyatı, 2008



bazen bir güzel yazi,hikaye,siir,resim ya da her hangi bir anlatim insanin düsüncelerini cogaltiyor ve hayata bakisacisini degistirebiliyor nisbeten..sizi blogunuz gayet hos ve güzel olmus..
tebrik ederim
sevgilerimle
y.. icik Almanya
İyun 7, 2008 13:39