Reklam verin!

ƏDƏBİYYATDA «SƏHNƏARXASI»

Yazar: cabbarlinergiz @ İyun 4, 2008 10:15

Şou bazarında onun yeri varmı?!

 

Hər İncə Sənətin mütləq və mütləq «səhnəarxası» yaşamı var (təkcə sənətinmi?!). Və orada nələr baş verdiyi, hansı qarşıdurmalar, hansı intriqalar, hansı umu-küsülər, hətta illərlə sürən düşmənçiliklər yaşandığı insanlar üçün maraqlıdır. Hər zaman belə olub, indi də belədir. Bu maraqdan isə sözün yaxşı və pis mənasında yararlanmaq mümkündür. Təbii ki, yararlanmanın əleyhinə deyilik, çünki o bir çox hallarda müsbət nəticə verə bilər. Məsələn, bir məşhurun, bir sənət adamının, yazıçının, rəssamın (və daha kimlərin…) həyatının, şəxsiyyətinin, xarakterinin açılması üçün şərait yaradan «səhnəarxası» xırdaca detal bəs edir ki, onun bütün yaradıcılığını, daha geniş mənada isə Sənətini oxucuya, tamaşaçıya, dinləyiciyə təqdim edəsən. Daha dəqiq desək, oxucunun, tamaşaçının diqqətini, marağını bu istiqamətə çəkə və beləliklə də, bir çox mənada (istər maarifləndirmə, istər maraqlandırma, dünyagörüşü artırma və s.) qazanc əldə edəsən.  Yəni bir güllə ilə iki, bəlkə də daha artıq dovşan vurmaq olar. Amma bir şərtlə. Bu cür detallardan professonallıqla istifadə etməlisən. Çünki belə «səhnəarxası» detallar ziyan da gətirə bilir. Məsələn, onların vasitəsilə milyonların çözə bilmədiyi sirr olan bir Yazıçını (Rəssamı, Aktyoru…) çözmək, xarakterini aydınlatmaqla yanaşı, onun yaranmış obrazını, şəxsiyyətini (müəyyən hallarda hətta yaradıcılığını da) yerlərdən-yerlərə vurmaq da mümkündür. Yəni bu o qədər incəlik və professionallıq tələb edən məqamdır ki, hansı məqsədlər üçün istifadə edilməsi, hansı istiqamətə yönəldilməsi istifadə edənin vicdanına qalır və an\caq ondan asılıdır.

Söhbəti dağa-arana «sürmədən» mətləbə keçək və ondan başlayaq ki, bu gün sənətin də, mədəniyyətin də (qeyri-sənətlərin də) «səhnəarxası» yaşamı bütün çılpaqlığı ilə SƏHNƏDƏDİR. Bu çılpaqlığın hansı həddə qədər enə biləcəyini düşünmək belə insanı qorxudur. Amma daha qorxulu olan budur ki, o «səhnəarxası» dünya nəinki efirə - kütləyə çılpaqlıqla təqdim olunur, hətta təzə ştrixlərlə «zəngin» yeni «səhnəarxaları» yaradılır. Özü də süni şəkildə (Bu fikrin birbaşa mədəniyyətimiz və şou-biznesimizə aidiyyatı olduğu üzərində dayanmayacağıq, artıq söhbətdir).


Gündəmdə olmaq üçün bir-birinə söyən, bir-birini təhqir edən İncə Sənət adamlarını (onları belə adlandıran mən deyiləm!) «professionallar» «şou» şəklində kütləyə sırıyırlar (Əlbəttə, ekran qarşısında oturub bu quramalara osmanlılar \sayaq «yeməzlər» deyənlərin olduğuna da əminəm. Amma həqiqət həqiqətdir ki, məhz bu verilişlərin reytinqi yüksəkdir, tələbat da onlaradır). Kütlənin də, onun zövqünü formalaşdıran Efirin də bu vəziyyəti hər kəsə aydındır. 

Amma məni narahat edən təkcə (qarşısıalınmaz olan) bu cəhət deyil. Son zamanlar şou bazarına ədəbiyyatın girməsi, ya da daha dəqiq desək, kimlərinsə ədəbiyyatı bu bazara salmaq cəhdlərinin meydana gəlməsidi. Yox, yox!!! Yanlış anlamayın, mən ədəbiyyatda şou ola biləcək, şou yarada biləcək «səhnəarxası»nın mövcüdluğunu inkar etmirəm. Vallah, billah, o mühitdə də, o mühitin insanlarında da, ədəbiyyata zərrə qədər dəxli olmasa da ədəbiyyata və mühitə pərçim olmağı bacaranlarda da o qədər şouluq material var ki, deməklə qurtarmaz.

Elə daxili qarşıdurmalar, bir-birinə güllə atacaq qədər bir-birinə nifrət etmələr, tərəflərə parçalanmalar və s. əsl şou materialıdır. Hətta buna onlarla veriliş, onlarla söhbət, onlarla tok-şou həsr etmək olar.

Amma sual olunur: o görünməzi görünən etmək bu qədərmi vacibdir? Müasir oxucunun, tamaşaçının tələbi budurmu? Əlbəttə, siz də etiraf edin ki, maraqlı suallardır. Amma daha maraqlı olanı (şəxsən mənim üçün) kimlərinsə o görünməzdən nə üçün istifadə etmək fikrinə düşməsi ilə bağlıdır. Nədir səbəb - Ədəbiyyatı və yazıçını gözdən salmaq, yoxsa əksinə, ədəbiyyata marağın itdiyi bir cəmiyyətdə o marağı yenidən bərpa etmək, yaratmaq??? Bəlkə məhz bu yolla özünə, öz verilişinə, öz kanalına, öz yaradıcılığına diqqət çəkmək?! Variantları artırmaq da olar, Amma sadaladıqlarım arasında ikinci variantın ağlabatan olmadığını söyləyə bilərik. Səbəbi haqda bir qədər sonra… Hələliksə real olan, dəqiq olan bir detalın üzərində dayanaq.

Daynaq ki, bu (yəni təqdim olunan görüntü), bütün mühit və bütün ədəbi aləmin gerçək görüntüsü deyil. Bunu təqdim edən də, təqdimata yardımçı olanlar da, tamaşaçı qismində qalan mühitin və ədəbiyyatın nümayəndələri də gözəl bilirlər. Bilirlər ki, təqdim olunanlar sadəcə, mühitdə baş verənlərdən - «səhnəarxası»ndan götürülmüş xırdaca detallardır. Artıq illərdir kimlərsə tərəfindən şişirdilən, ucuz «şou-ulduzcuqlar» kimi qalmaqalla, söyüşlə gündəmdə olmağı seçən «yazarcıqlarla» bağlı (ancaq onlarlamı!!!) xırdaca detallar…Və ədəbiyyatın bu tərəfinin, ədəbi mühitin bu Çirkin, amma xırda «səhnəarxası» detallarının gerçəklik kimi təqdim olunması necə narahatlıq doğurmaya bilər ki? Və ya efirə baxıb gerçəyin (deməli, həm də yazıçı, şair adlandırılacaq qədər əsl istedadın) kimdə, harda olduğunu bilənlər mizan-tərəzinin pozulduğu belə verilişləri necə sakit qarşılaya bilir?

Axı Ədəbiyyata nə dərəcədə dəxli olub-olmdığı belə mübahisəli olan insanlarla ədəbiyyata aidiyyatı olanlar bir səhnədə, bir arenada qarşı-qarşıya gətirilir. Amma dəhşətlisi bu deyil. Faciə ondadır ki, qələm adamları nəinki qarşı-qarşıya gətirilir, hətta onlara bir-birinə söymək və qarşılıqlı təhqir üçün şərait yaraıdılır. Halbuki mübarizənin, qarşıdurmanın, intriqanın, nifrətin səbəbi hansısa estetik dəyərlər, fərqli estetik baxışlar deyil. Bir-birini didəcək qədər aqressiv olan qələm adamlarının bölüşə bilmədiyi başqa şeylər var. Söhbət Molla Nəsrəddin demişkən, «yorğan davası» ilə bağlıdır. Daha dəqiq desək, şəxsi münasibətlərlə…  

Bədbəxt tamaşaçı! Yəqin ki, onsuz da az oxuyan və ya heç oxumayan müasir tamaşaçı «əşşi, müasir ədəbiyyat budursa, elə əcəb edib oxumuram» deyərək, özünə haqq qazandırır. Düz də edir! Mən də olsam, bir-birini didəcək qədər aqressiv olan bu yığnağın yaratdığını oxumaq istəməzdim. Halbuki ədəbiyyatdan bixəbər müasir oxucudan fərqli olaraq mənim bu cür verilişlərdə efirə çıxan qələm adamları arasında oxuduğum, sevdiyim yazarlar var.

Bu məqamda «bir-birini söyənlər də, təhqir edənlər də öz mədəniyyətlərini, öz etik səviyyələrini nümayiş etdirirlər» deyənlər əlbəttə ki, haqlıdırlar. Elə verilişi hazırlayarkən yəqin ki, məhz bu fikirə tutunanlar da.  Nə deyim, vallah?! «Hər kəs öz həqiqətində haqlıdır», - deyə düşündüyümdən onlara da haqq qazandıra bilərəm.

Amma ədəbiyyatın belə şoulaşmasına dözmək çətindir. Xüsusilə də bu şounun artıq mətbuatdan - bir az qapalı məkandan televiziyaya - daha geniş məkana adlaması dözülməzdir.

Və belə getsə, artıq onillərdir diqqətini, marağını, həvəsini itirdiyimiz oxucunu «dağlar arxasına» atmış olacağıq. O oxucu isə bilməyəcək ki, ona yazıçı kimi təqdim olunanların əksəriyyəti sənəti, yaratdıqları ilə diqqəti çəkə bilməyən, elə bu səbəbdən də ekran həsrətlisi, televiziya yanğılısı olanlardır.  Ona «tuzaq» quranlar isə «yazıçıların» bu tanınmaq, məşhur olmaq yanğısından yararlanan professionallardı.

O professionallar məqsədlərinə çatırlar. Əldə etdiklərini edirlər. Oxucu (tamaşaçı) bunu bilməyəcək. Yoxsa biləcək?! 



1

Səlam!
Mən Təbrizliyəm.İndi Ankarada yaşayıram.Təbrizdə Fizuli adına Rza Əfşar əlilə böyük addımlar atılıb.Sizi bu haqda yazdığımız blogı görməyə çağırıram
Hörmətlə....Sara

İyun 4, 2008 10:17

2
fərzın yazıb:

salam
man farzin urmu da yaşıram sizin weblog dan xoşom galdı smile

İyun 6, 2008 16:57


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha