ÖN SÖZ əvəzi DÜŞÜNCƏLƏR
Yazar: cabbarlinergiz @ İyun 3, 2008 14:11
Yenə də görüşünə gəlmişəm!
Ön Söz yerinə kiçik bir məqaləni - «Düşüncələr»i diqqətinizə təqdim edəcəm. Niyə məhz bu yazını seçdim? Yəqin oxuduqdan sonra bu sual sizi də düşündürər. Cavabını mən verim ki, özünüzü çox yormayasınız. Məncə, bu yazı başqalarının müəllif haqqında anlada biləcəklərindən daha çox Söz deməyi bacarar. Hər halda, mən belə düşündüm.
***
Harada çalışdımsa, harada oldumsa, Sözlə işlədim - sözün hər mənasında. İstər qəzet olsun, istər jurnal… Və hər zaman qarşılaşdığım çətinliklərin, üzləşdiyim problemlərin içindən çıxmaq üçün Sözə doğru getdim. Getdim, amma bəzən onun nə dərəcədə gücsüz olduğunu anladım. O Hər Yerdə və Hər Adamla ünsiyyətdə işə yaramaya bilər. Bunu Onu gözdən salmaq üçün demirəm. Sadəcə, elə beləcə, ağrısını yaşadığım üçün deyirəm. Amma onu da deyim ki, Adilər içində bəzən gücsüz olan Sözün Dünyasında yaşamaq daha gözəl! Ona doğru qaçmaq daha düzgün. Hər halda, Onun sərhədsizliyinin içində səni xilas edəcək, səni qoruyacaq, səni yaşadacaq, səni həyata bağlayacaq Enerji çoxdur. Mən bunu çoxdan anladım…
Həyatda hər mövcudluğun altında bir etiraz, bir qarşıdurma gizlənir. Etiraz edə-edə dünyaya gəlir, etiraz edə-edə yaşayır, etiraz edə-edə köçürük. Həyatda yaşadığım ən böyük etiraz haqsızlığa, ədalətsizliyə qarşı olub… Ağrısını daddığım bu etirazın səbəbi - anladığım və dəyişə bilmədiyim bir həqiqətlə bağlıdır...
Bu cəmiyyətdə mübarizə aparmağı bacarmaq və istədiyin nəticəni əldə etmək üçün Kişi doğulmaq gərəkdir. O zaman, Xanım olduğun üçün cəmiyyətin sənə qarşı yararlana bildiyi metodlar yararsızlaşacaq, gücdən düşəcək... O zaman ən azından, qüvvələrin bərabərliyi yaranacaq və... O zaman ən azından Sözün, Qələmin, Kəlamın mübarizəyə gücü çatmadığı (və ya kimlərinsə QALINLIĞINDAN işə yaramadığı) məqamlarda kiminsə köməyinə möhtac olmadan CAVAB verə biləcəksən...
Bunu deməklə tək özümün yox, bizim ədəbiyyatımızda olan bir çox Xanımların arzusunu ifadə etmiş olaram.. Çünki Ədəbiyyatda olmasa belə, onun işləndiyi məkanlarda bəzən fiziki Gücə ehtiyac duyulur. Daha doğrusu, mən bunu duyuram…
***
Hər dəfə Özümdən ayrılıb başımı qaldıranda güclü qadın obrazı oynamağa çalışan nə qədər qadın görürəm... Görürəm, dəhşətə gəlirəm, təəssüflənirəm... Ətrafım belələri ilə doludur...
Amma məni dəhşətə gətirən odur ki, onlar haqqında sadəlöhvcəsinə «kişi kimi qadındır» deyənlər tapılır... Nəinki tapılır, hətta çoxalır...
Kişilər belə onlardan çəkinməyə, ehtiyat etməyə adət edirlər!!! (Nə gözəl?!)
Amma heç kəs açıq gözlə baxıb görə, fərqində ola bilmir ki, o güclü qadın simasının altında əslində, nə cür zərif, hardasa qorxaq, hardasa küskün, hardasa incə duyğulu İnsan gizlənir... Nə vaxtsa gizləndiyi yerdən onu tapıb çıxara biləcək birini gözləyən və «Gizlənqaç» oynayan uşaq kimi...
Bu obraz səhər işə - cəmiyyət arasına gedərkən geyindiyin, axşam isə evə - Özünə qayıdarkən soyunduğun paltar kimidir... Geyinməyə bilməzsən... Heç olmasa Özünü qorumaq üçün!!! Sən buna məcbursan! Olduğun, yaşadığın cəmiyyətin təzyiqi buna vadar edir… O olmasa təzyiq səni məhv edər... Soyunmaya da bilməzsən - çünki O gerçək Sən deyil… O geyimdə qala-qala boğula bilərsən… Bizim ədəbiyyatın da belə simaları var… Adlarını çəkə də bilərdim, amma nə hacət? O qədər azdılar ki, görməmək, seçməmək olmur.
***
Hər işdə bir xeyir var - məsələyə bu cür yanaşmaq yaxşıdır. Belə olduqda ən pis vəziyyəti də öz xeyrinə işlədə bilərsən. Məsələn, mən etirazdan yaranan bütün enerjimi Sözə yönəltməyi öyrəndim. Mən bunu bacarmış biriyəm. Çünki Söz yeganə məkandır ki, orada kimdənsə güclü, kimdənsə istedadlı olduğunu başqalarının köməyi olmadan da sübut edə bilirsən. Söz yeganə məkandır ki, orada kiminsə Əlinin başının üstündə olmasına ehtiyac duymur, özün özünlə, Sözünlə qalmağı bacarır və Gücün çatdığı, Səmimiyyətin yetdiyi qədər istədiklərini söyləyə bilirsən. Mən Ədəbiyyatı həm də buna görə sevdim. Hərçənd ki, burada da Sözün qarşısını almaq istəyənlər olur. Amma bu məkanda Sənin Öz yerin var. Kimsənin ala bilməyəcəyi yerin. Tək sənin yox, Burada hər kəsin öz yeri var - pis, yaxşı. Ən əsası isə odur ki, Burada Qazandığını dana da bilməzlər, ala da... Axı qələm (oxu: Söz) başqa şeylərdən fərqli olaraq əldən alına bilmir - onu ya özün atmalısan, ya da onu sənə Verən almalıdır. Bunun üçünsə çox böyük günah işləmiş olmalısan. Məsələn?! Məsələn, Sözə xəyanət kimi… Məsələn, Özünə xəyanət kimi… Allah qorusun!!!
22 sentyabr, 2007-ci il
Nərgiz, yaxşı eləyib bloq yaratmısan. Səni təbrik edirəm. Kitabını da oxudum. Evdə qızım da oxuyur.
İyun 3, 2008 15:47
Salam Nərqiz xanım
AzəriBloga xoş gəlmisniz və blogınız üçün sizə təbriklər.
Sizin digər maraqlı yazılarınızı səbrsizliklə gözleyirik.
Uğurlar
İyun 3, 2008 23:16
http://reshaiq.azeriblog.com/2008/06/05/internetde-rast-geldiyim-gozel-bir-meqale-dushunceler
İyun 5, 2008 8:28



Nərgiz xanım salam. Sizin bu hekayəni oxudum. Çox bəyəndim. Bu məqalə mənim lap ürəyimdən xəbər verdi. Əgər icazə versəydiniz müəllif hüquqları qorunmaq şərtilə bu məqaləni şəxsi blogumda çap edərdim. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun.
Ən xoş arzularla:
Rəşaiq M.Bayramov
www.reshaiq.azeriblog.com
www.sahile.azeriblog.com
www.qobustanliyam.azeriblog.com
bloglarının müəllifi.
Telefon: 050 232 09 60
İyun 3, 2008 14:46